Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5657/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-2576/2024 nömrəli qətnaməsindən cavabdeh Peşə Təhsili üzrə Dövlət Agentliyinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli K/M-42 nömrəli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin əmr ləğv olunsun, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdeh qətnamə ilə razıdır, iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Lakin cavabdeh iddiaçı olmadığına görə iddiadan imtina edə bilməz, ərizə isə məzmununa görə apellyasiya şikayətindən imtina sayılmır. Ona görə də işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsində işləyib. O, xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək vəzifədən azad edilməsini xahiş edib. Cavabdeh Peşə Təhsili üzrə Dövlət Agentliyi direktoru tərəfindən həmin gün verilmiş əmrlə, yəni xx.xx.2024-cü il tarixli K/M-42 nömrəli əmrlə əmr edilib ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1 gün sonrakı tarixdən - xx.xx.2024-cü ildən onun öz xahişinə əsasən xitam verilsin. Əmr verilərkən qanunvericiliyin tələbi pozulub. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Ona görə də cavabdeh əmək müqaviləsini bir aydan tez ləğv edə bilməzdi. Lakin cavabdeh həmin müddətinin bitməsini gözləmədən əmək müqaviləsinin ləğv edib. Ərizənin verilməsindən 8 gün sonra – xx.xx.2024-cü ildə iddiaçı yenidən ərizə ilə cavabdehə müraciət edərək xahiş edib ki, işdən çıxma barədə ərizəsi etibarsız hesab olunsun. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 2576/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5657/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5657/2024
11.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver