Məhkəmə qərarları › İş №2(103)-566/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-566/2022

26.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-566/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə İddiaçı “X2 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-30/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415125.38 m B 4477334.17 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC Suraxanı filialının AZ69AİİB******************** №li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “X2 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. 20.09.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcədə gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X2 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X2 Kompani S A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X2 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafı koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X2 Kompani S.A. şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfındən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması şirkətin qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdehlər buna əhəmiyyət verməyərək tikintini davam etdirirlər. Belə ki, Nümayəndəliyin nəzarətçiləri tərəfındən X2 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415125.38 m B 4477334.17 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Bu barədə akt tərtib olunmuş, tikilinin fotoşəkilləri çəkilmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşilir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cıhazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Beləliklə, cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənəd yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımi layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tkilidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-30/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415125.38 m B 4477334.17 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən tikili özbaşına tikinti hesab edilərək sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X2 Kompani S.A” Şirkətinin AR-kı Nümayəndəliyinin istifadəsinə qaytarılması, mübahisəli torpaq sahəsinə dair məhkəmə mühəndis-texniki ekspertizası tikinti-texniki obyektlərinin tədqiqinə dair ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin AZ 34STRE******************** №li hesabına köçürülməsi və Cavabdeh 10 (on) manat dövlət rüsumunun alınıb "xxxx" ASC Suraxanı filialının AZ69AİİB******************** №li hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarına hüquqi qiymət verən zaman iş materiallarında olan bir sıra sənədlərə, ən əsası isə qeyd edilən işin icratının dayandırılmasına əsas olmuş hallara və ən önəmlisi Ali Məhkəmənin qəbul etmiş oİduğu qərara istinad etməmiş, heç bir hüquqi qiymətləndirmə aparmamışdır. Halbuki iş materiallarından görünür ki, iddiaçı İnzibati məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinin ayrılmasına dair Suraxanı İcra Hakimiyyətinin 19.06.1993-cü il tarixli 1206 saylı Sərəncamını mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1825/2019 saylı 22.05.2019-cu il tarixli Qərarı ilə mübahisəli torpaq sahəsinin Həmzəyev Faiq Əhət oğluna ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin 19.06.1993-cü il tarixli 1206 saylı Sərəncamı qüvvədə saxlanılmışdır. Faktiki olaraq hazırki mübahisəli torpaq sahəsinin sahibi iddiaçı deyil, Həmzəyev Faiq Əhət oğludur. Belə olan halda məhkəmə iddiaçının subyektiv hüququna qiymət verməklə qeyd edilən iddianı nəinki təmin etməli, əksinə dərhal rədd etməli idi. Məhkəmə müxtəlif ekspertizalar keçirməklə torpağın yerləşmə yerini müəyyən etmiş, həmin torpaqların hazırda iddiaçıya məxsus torpaq sahələri daxilində yerləşməsini müəyyən etmişdir. Lakin bütün bu xüsusatlar həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün 1993-cü ildə səlahiyyətli qurum tərəfindən vətəndaşa ayrılmasını ləğv etmir. Əksinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, hazırki iddiaçının qeyd edilən sərəncamın ləğvinə yönəlik iddiası mümkünsüzdür və belə olan halda torpağın qanuni əsaslarla vətəndaşa ayrılması iş üzrə mübahisəsiz haldır. Məhkəmənin cavabdeh tərəfindən aparılan tikinti işlərinin qanunsuz hesab edilməsi ilə bağlı gəlmiş olduğu mövqe qüvvədə olan sərəncamla tam olaraq təkzib edilir. Belə olan halda hazırki mübahisəli tikilinin qanunsuz hesab edilməsi qeyri mümkündür. Çünki Sərəncam qüvvədədir və ləğv edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Həmzəyev Faiq Əhət oğlu izahatında bildirmişdir ki, 1985-ci ildə Toxuculuq kombinatında işləmişdir. 1992-ci ildə isə gənc ailələrə torpaq sahələrinin ayrılması barədə sərəncam qəbul edilmişdir, bundan bir il sonra isə hazırda mübahisəsi gedən torpaq sahəsi müvafiq sərəncamla onun adına ayrılmışdır. Hal-hazırda işləri ilə bağlı olaraq Bakı şəhərində ola bilmədiyindən Cavabdeh ümumilikdə onun əmlakının idarə edilməsi məqsədi ilə etibarnamə vermişdir ki, Cavabdeh da həmin etibarnaməyə əsasən mübahisəli torpaq sahəsində tikinti işlərinə başlamışdır, lakin halhazırda tikinti işləri dayandırılmışdır. Həmçinin qeyd edir ki, torpaq sahəsində indiyə qədər aparılmış tikinti işləri məhz onun vəsaiti hesabına olmuşdur. Kollegiya iş materiallarını apellyasiya şikayəti ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan “X2 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində «X2 Kompani S.A” şirkəti fəaliyyət göstərir. İş materiallarında olan “X2 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən görünür ki, X2 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415125.38 m B 4477334.17 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. İş materiallarında olan “X2 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları S.Ələkbərov, M.F.Cabbarov və A.V.Qasımov tərəfindən tərtib edilmiş 16 oktyabr 2018-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin nəzarətçiləri tərəfindən X2 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415125.38 m B 4477334.17 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən Cavabdeh tərəfindən qeyri-qanuni olaraq ev tikintisi işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh mübahisəli torpaq sahəsinə dair, nə də tikiliyə mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Bu barədə akt tərtib olunmuş, tikilinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 mart 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən elektron kadastr baza məlumatlarına əsasən koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh faktik istifadəsində olan torpaq sahəsi, iddiaçının təqdim etdiyi “X1 Company S.A.” şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” ARDNŞ ilə bağlanmış 20.09.2005-ci il tarixli Sazişə uyğun olaraq “X1 Company S.A.” şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 10/1581 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415125.38 m B 4477334.17 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi, “X1 Gompany S.A.” şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Birinci instanisya məhkəməsi işin qeyd olunan hallarına istinad etməklə iddia tələbini təmin etmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(102)-1825/2019 saylı, 22 may 2019-cu il tarixli qərarı ilə cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Həmzəyev Faiq Əhət oğlunun kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(103)-2597/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1993-cü il tarixli 1206 nömrəli sərəncamının ləğv edilməsinə dair iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı hazırki tələbində Cavabdeh tərəfindən inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415125.38 m B 4477334.17 m C koordinatlar üzrə yerləşən tikilinin sökülməsini mübahisələndirir. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi sökülməsi tələb edilən tikili hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Həmzəyev Faiq Əhət oğluna məxsus olmuşdur. Belə ki, Suraxanı RİHB-nin 19.06.1993-cü il tarixli 1206 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün Həmzəyev Faiq Əhət oğluna 1000 kv.m torpaq sahəsi ayrılmışdır, iddiaçı həmin sərəncamı mübahisələndirmiş, bu əsasla işə birinci instansiya məhkəməsində baxılarkən icraat dayandırılmış, lakin nəticə etibarı ilə qeyd olunan sərəncam öz qüvvəsində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan toppaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarana ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam verək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Eyni Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi həmin torpaq sahəsi Həmzəyev Faiq Əhət oğlunun adəna ayrıldığından həmin əmlaka dair cavabdehlik həmin şəxsə aiddir. İddiaçının hazırki halda cavabdeh qismində cəlb etdiyi Cavabdeh isə mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqları olmamışdır. Həmçinin apellyasiya baxışı zamanı Həmzəyev Faiq Əhət oğlu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və izahatında bildirdimişdir ki, torpaq sahəsi ona məxsus olmuş və orada aparılan tikinti işləri məhz onun vəsaiti hesabına və onun göstərişi ilə həyata keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona məxsus torpaq sahəsində tikililərin sökülməsini Cavabdeh qarşı iddia etsə də, həmin torpaq sahəsi hazırda qüvvədə olan Suraxanı RİHB-nin 19.06.1993-cü il tarixli 1206 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün Həmzəyev Faiq Əhət oğluna 1000 kv.m torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsində inşa edilmiş tikililərin iş üzrə cavabdehə məxsusluğu iş materialları ilə müəyyən olunmamış, bununla da iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə, səlahiyyəti olmayan cavabdehə yönəlmişdir. Azərbaycan Resrpublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğun deyildir. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, eləcə də ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-30/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X2 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı X2 Kompani S.A” Şirkətinin AR-kı Nümayəndəliyindən alınaraq Cavabdeh ödənilsin. Mübahisəli torpaq sahəsinə dair məhkəmə mühəndis-texniki ekspertizası tikintitexniki obyektlərinin tədqiqinə dair ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçı X2 Kompani S.A” Şirkətinin AR-kı Nümayəndəliyindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin AZ 34STRE******************** №li hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar