Məhkəmə qərarları › İş №2(103)-566/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-566/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-566/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin ünvan 1 ünvanındakı evdən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan ünvan 1 ünvanından evdən cavabdehin çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4404/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh İddiaçı keçmiş gəlinidir.

2. İddiaçı mülkiyyətində ümumi sahəsi 79.6 kv.m olan 414 saylı ev vardır.

3. Cavabdeh iddiaçının mülkiyyətində olan evin yerləşdiyi həyətdəki özbaşına tikilidə gəlin köçdüyü vaxtdan yaşayır.

4. İddiaçı mülkiyyətində olan 414 saylı evdən cavabdehin çıxarılmasını xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 2, korpus 71, ev 414 iddiaçının mülkiyyətindədir. Həmin evdə iddiaçı və ailə üzvləri (əri, oğu və qızı) birlikdə yaşayırlar. Oğlu ailə qurduqdan sonra onun arvadı (cavabdeh) də həmin evə gəlin gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə oğlu ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Eyni zamanda, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində sözügedən evdən istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırsa da, iddiası təmin edilməmişdir. Cavabdeh artıq onun gəlini deyil, cavabdehin ərizədə göstərilən evdə yaşaması mübahisələrə və ailədaxili münaqişələrə səbəb olmaqla, həmçinin iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. İddiaçı cavabdehin bu evdən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddiası təmin edilməmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4404/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin ünvan 1 ünvanındakı evdən çıxarılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanındakı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilən hallarına görə cavabdehin sözügedən evdə hər hansı hüquqi əsas olmadan yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh ünvan 1 ünvanındakı evdən çıxarılmalıdır.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə, Mülki Məcəlləsinin 152.1, 152.5ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-4404/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən və iş materiallarında olan MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında, 0,0111 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evi 11 noyabr 2011-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022ci il tarixli, 2(001)-6229/2022 saylı qətnaməsindən görünür ki, Nümayəndə ilə Cavabdeh 16 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 16 avqust 2007-ci il təvəllüdlü X4 və19 mart 2012-ci il təvəllüdlü X2 adlı uşaqlar vardır. Həmin qətnamə ilə Nümayəndə ilə Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Nümayəndə hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Hazırki şikayətə əlavə olunmuş arayışdan görünür ki, 16 avqust 2007-ci il təvəllüdlü X4 və 19 mart 2012-ci il təvəllüdlü X2 adlı uşaqlar ünvan 4 ünvanında qeydiyyatdadırlar. İddiaçının nümayəndəsi qismində iştirak edən keçmiş əri Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh yaşadığı evin ünvanının 414A olduğunu bildirsə də, belə ünvan yoxdur. Hər iki evin ünvanı 414-dür. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 73, ev 414 ünvanında olan fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin ünvanda isə iddiaçının nümayəndəsinin izahatına əsasən iki fərdi yaşayış evi vardır. Həmin ünvanda iki evin olmasını həm də hazırki şikayətə əlavə olunan qeydiyyat barədə arayışlar da sübut edir. İş materiallarında olan çıxarışa baxdıqda isə müəyyən olunur ki, həmin çıxarışda yalnız bir fərdi yaşayış evi barədə məlumat vardır. Belə olduğu təqdirdə iddiaçının ünvan 4 ünvanında olan fərdi yaşayış evinə subyektiv hüququnun olmaması müəyyən edilir və həmin tikilinin daha sonra tikilməsi və daşınmaz əmlakın dövlət qeydiyyatdan keçirilməməsi aşkar olunur. Bundan əlavə, onların birgə nikahdan olan 16 avqust 2007-ci il təvəllüdlü X4 və 19 mart 2012-ci il təvəllüdlü X2 uşaqlar ünvan 4 ünvanında olan fərdi yaşayış evində qeydiyyatdadırlar. Məhkəmə qətnaməsi əsasında onlar onun himayəsində saxlanılır. Bundan başqa onun uşaqlarla qalmağa heç bir yeri yoxdur. Nikah rəsmiləşdirildikdən həmin fərdi yaşayış evinə gəlin köçüb. İddia üzrə təmin edilən fərdi yaşayış evində o və uşaqları faktiki cəhətdən yaşamır. Belə ki, ünvan 4 ünvanında olan fərdi yaşayış evində o və uşaqlar ilə birlikdə faktiki yaşayır. Belə olan halda qətnamənin icrasında çətinlik törədəcəyi və icra olunmayacağı şübhə doğurmur. Bu hal da məlumdur ki, iddiaçı iddia tələbində fərdi yaşayış evinin ünvanını qəsdən ünvan 5ə şəxsin subyektiv hüquq məsələsini ortaya çıxarmasın və nəticədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməsin. Lakin hazırki vəziyyətdə isə həmin qətnamənin icra edilməsi mümkün olmayacaqdır. Bundan əlavə, bir ünvanda iki evin olması iş materiallarından və iddiaçının nümayəndəsinin izahatdan görsənir ki, bu da həmin evlərin yalnız birinin dövlət qeydiyyatından keçirilməsi çıxarış ilə təsdiq olunur. Başqa sözlə, bir ünvana yalnız bir fərdi yaşayış evi aid edilə bilər. İkinci fərdi yaşayış evinin mütləq ayrıca ünvanı olmalı və həmin ünvan əsasında isə dövlət qeydiyyatından keçirilməklə çıxarış ilə təmin edilməlidir. Lakin məhkəmə araşdırmasında ikinci fərdi yaşayış evinin aşkara çıxarılması, həmin fərdi yaşayış evinə iddiaçının subyektiv hüququnun olmaması və qətnamənin icra olunmaması müəyyən olunsa da məhkəmə bu xüsusata diqqət yetirməmişdir. Görsənir ki, məhkəmə qəbul etdiyi qətnamənin icra olunmasında maraqlı olmamaqla tərəflər arasında mübahisənin həll olunmasını çalışmamışdır. Bundan əlavə, məhkəmə ünvan reyestrinin aşkara çıxarılması üçün sorğu göndərməli, ünvana baxış keçirməli olduğu halda bunu etməmişdir. Əksinə icra olunmayan qətnamə qəbul edilməklə münaqişənin alovlanmasına rəvac vermişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçının onun faktiki yaşadığı fərdi yaşayış evinə mülkiyyət hüququnun olub-olmamasını müəyyən etməmiş, subyektiv hüququ məsələsini həll etməmiş, hazırda mübahisəli ünvana baxış keçirməmiş, həmin ünvanda məhz iki fərdi yaşayış evinin mövcud olmasını aşkar etməmiş, ünvanlar barədə sorğu göndərməmiş və digər pozuntular əsasında məhkəmə qətnaməsi qəbul etmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onun etirazı ondan ibarətdir ki, mübahisəli evə baxış keçirilmədən və əsassız olaraq rayon məhkəməsi tərəfindən qərar qəbul edilib. Ev barəsində sorğu verilməli idi, sorğu verilmədən qərar qəbul edilib. Həmçinin, 2 azyaşlı uşağı var, onlarla birlikdə getməyə yeri də yoxdur. Onun etirazı həmçinin, 2 uşaqla getməyə heç bir yerinin olmamasına görədir. Dövlət 18 yaşına qədər uşaqları himayəsində saxlayır. O ev istəmir, mülk davası da etmir. 18 yaşına qədər qızları həmin evdə yaşasın,18 yaşdan sonra yazılı şəkildə də yaza bilər ki, öz iradəsi ilə evdən çıxırlar. Azyaşlı uşaqlarla küçədə qalmaq istəmir. Böyük qızının 16, kiçik qızının 11 yaşı var. Həmçinin, o heç kimi heç vaxt təhqir etməyib. Onun atasının evi yoxdur. Qardaşının evi var və anası da qardaşı ilə bərabər yaşayır. Atası boşanma ərəfəsində dünyasını dəyişib. O, ev istəmir. Cavabdeh uşaqların onsuz qalmasını istəyir. Qız uşaqlarını tək qoya bilməz. Cavabdeh xəstə olduğunu və uşaqlara baxa bilməyəcəyini də deyir, uşaqlara o zaman kim baxacaq. Rayon məhkəməsində cavabdehin oğlunun evlənmək istədiyini bildirib, qızları da böyük olduğundan başqa bir insanın yanında yaşamaq istəmirlər. Ana üçün öz övladının yanında qalmaq daha rahatdır, həm də uşaqları da onun yanında qalmaq istəmir. Uşaqlar da orada onsuz yaşamaq istəmirlər. Həm ev məktəbə yaxındır, həm də böyük qızı universitetə hazırlaşır. Uşaqlarının travma ilə o evdən çıxmasını istəmir. O həyətdən başqa, onların başqa həyətdə kirayəyə verdikləri iki otaqlı ev var, oradan onlara yaşamaq üçün ev verə bilər. Onun evinin içində mətbəxi də yoxdur, cavabdehə maneəçiliyi yoxdur. O, cavabdehi heç vaxt təhqir etməyib və ona heç bir maneəçiliyi yoxdur. Məhkəmədən 2 uşağını da nəzərə almasını xahiş edir. 2006-cı ildə o evə gəlin köçüb və o vaxt ev mülkiyyətdə idi. Həyətdə iki ev var.Uşaqların adına arayış var və o arayışda ev 414 A adlandırılıb. Fərdi yaşayış evlərində hər evə 1 ad verilir. Yoldaşı boşanacağını da bilirdi. İddiaçı hər dəfə evə gələrək yoldaşının paltarlarını aparırırdı. Yoldaşına dekabr ayında boşanacağını demişdi. Qaynananın evinə köçməyib. Bir həyətdə iki mənzil var, ona görə o birinci instansiya məhkəməsinin o evə baxış keçirməməsinə etiraz bildirib. Həyətdəki evlərdən birinin sənədi var, digərinin yoxdur. O, qeydiyyatı olmayan evdə yaşamaq istəyir, çünki uşaqlarının ikisi də orada qeydiyyatdadır. Ev nikah dövründə tikilməyib. Ev tikili idi, amma təmiri sonradan oldu. Torpaq cavabdehin adına idi, amma torpağın üzərində olan evin çıxarışı yox idi. 2022-ci ilin sentyabr ayında boşanıb. O bilir ki, barışsalar da, sonra yenə problem yaşayacaq. Onun problemi təkcə yoldaşı ilə deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hakim İlkin Əliyevin sədrliyi ilə işə baxılarkən o qaldığı evin çıxarışını istədikdə evin çıxarışı olmadığından çıxarışı məhkəməyə təqdim edə bilmədilər. O evə gəlin köçüb. İddiaçı evi özü tikdiyini deməsinə baxmayaraq oğlu ilə nişanlı olduğu 3 il müddətində nişanlısı həmişə bütün maaşının evin təmiri üçün xərclədiyini bildirirdi. Mənzillərin 414 və 414 A nömrəli olmasını Daxili İşlər Nazirliyinin arayışı əsasında müəyyən edib. Onlar yaşadığı evin indi də çıxarışı və texniki pasportu yoxdur. Evin çertiyojunda hətta, onların evi qonşu olaraq göstərilib. Çıxarışlı evin texniki pasportunun olub-olmamasını dəqiqliklə deyə bilmir. Həmin ev özbaşına tikili sayılır. O nalayiq sözlər deməyib. Ev sahibi cavabdeh olduğuna görə onun sənədində 414, uşaqların sənədində fərqli nömrə yazılmasının səbəbini iddiaçı bilər. O, Daxili İşlər Nazirliyinin ona təqdim etdiyi sənədi təqdim edib.

14. Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçının mülkiyyətində olan torpaqda 3 ev var və hazırda bir evdə yaşamırlar, ayrı evdə yaşayırlar. Cavabdehin yaşadığı evə aid iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Bu torpaq sahəsinin iddiaçının olmasını fərz etsələr belə özbaşına tikili olduğuna görə qanun çərçivəsində iddiaçının hüququ tanındıqdan sonra həmin evə iddiaçı mülkiyyət hüququ əldə edə bilər. Həmin evə iddiaçının mülkiyyət hüququ olmadığına görə o evdən kimisə çıxartmağı qanuni deyil. Bundan başqa cavabdehin iki azyaşlı uşağı var.

15. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdeh bir həyətdə 2 evin olduğunu desə də, o evin ikisinin bir sənədi var. Evin biri iki otaqlı,digəri üç otaqlıdır.İki otaqlı evdə o yaşayır,üç otaqlı evi də oğlu Vüqara verib. O, ağır xəstədir. Cavabdeh nikahın pozulması üçün gizlin ərizə yazanda yoldaşının və ev sahibinin xəbəri olması üçün məlumat verməli idi. O, evi onlara yaşamaq üçün verib, boşanmaq üçün verməyib. Əgər cavabdeh onun ailəsini bəyənməyərək gizlincə boşanmaq üçün ərizə veribsə, gəlin onunla necə yaşaya bilər. O, açıq ürək əməliyyatı olunub, insult keçirib. Onunla bir həyətdə yaşaya bilməz. Cavabdehə onun həyətində yer yoxdur, çünki ondan narahat olur. Cavabdeh onu təhqir edir,nalayiq sözlər işlədir. Heç cür onunla bir həyətdə yaşaya bilməz. Evi min cür əziyyətə qatlaşaraq tikib. Cavabdeh bacarardı, yaşayardı. Onu qovmayıb, döyməyib. Cavabdeh kimin sözü ilə ərizə yazıbsa gedib onun evində dövlət tərəfindən müəyyən olunmuş alimenti alaraq yaşasın.Cavabdeh onun həyətində onunla birlikdə heç cür yaşaya bilməz. Ev onundur, evi zavodlarda, sexlərdə işləyərək tikdirib. Onun cavabdehə veriləcək evi yoxdur. Cavabdeh onu və yoldaşını təhqir edir. Evdə subay qızı var, ona yaraşmayan sözlər deyir, cavabdehə qulaq asaraq hər gün orada yaşaya bilməz. Nəvələrini saxlamağa yeri yoxdursa, nəvələrini evdə qoyub getsin. Nə vaxt saxlamağa yer taparsa, uşaqlarını gəlib aparar.Uşaqları saxlamağa yeri olmayan və 16 yaşında qızı olan ana boşanmazdı. 3 ay uşaqları onlardan ayırmışdı, amma o, 3 ayda onların ərzağını öz pensiyası ilə almışdı. Cavabdehin etdiyi səhvlərə görə onun həyətində, onun mülkindən ona pay yoxdur. O birisi evin də,digər evində çıxarışı olmasa da, torpaq, mülk onun adınadır və bir həyətdədir. Uşaqların yaşaması üçün cavabdehin anasının,qardaşının və atasının da evi var. Cavabdeh boşanma ərizəsini verəndə uşaqları harada saxlayacağını fikirləşməli idi. Ev cavabdeh-gəlin gəlməmişdən qabaq tikilib.Ev onun tərəfindən tikilib. 2 ildir ki,əziyyət çəkir. O rahat yaşamaq. Ev onundur və nə qədər əziyyət çəkərək tikib. Cavabdeh uşaqları harada saxlayacağını boşanma ərizəsi verməmişdən əvvəl düşünməli idi. Cavabdehə ev düşmür. 1 həyətdə 2 ev var, birində o, digərində onlar yaşayır. Onların mənzili 2 mərtəbəli, onun evi isə birmərtəbəlidir. İkimərtəbəli ev sənədsizdir. Cavabdehə sənədsiz evi təmir ediblər və o evə köçüb. O əziyyət çəkib ev tikib və cavabdehin o evdə yaşamasını da istəmir. Cavabdeh boşananda azyaşlı uşaqlarının olduğunu fikirləşməli idi. O. onu təhqir edib. Onunla bir həyətdə yaşaya bilməz. Evin sanuzeli də birdir. Cavabdeh evə köçəndə sənədi olmayan evə gəlin köçüb, orada yaşayıb. Onların sənədində 414, uşaqların sənədində fərqli rəqəm yazılmasının səbəbini bilmir. 414 nömrəli ev yoxdur,411 nömrəli ev onun yaşadığı evdir. Onun bir sənədli bir evi var. Sonradan nömrələri dəyişdirdilər,ola bilsin ki, o vaxt nəysə səhvlik olub. Onların yaşadığı evdə sənəd var, cavabdehin yaşadığı evdə sənəd olmayıb.

16. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, nikah vaxtı da, boşanma müddətində də cavabdeh evdə yaşamağa iddia tələbi qaldırmışdı, amma onların heç biri təmin edilmədi. Ünvan olaraq evlər eyni ünvandadır, bir ev 414, digəri 414 A olduğunu hansı əsasla dediyini bilmir. Onlar boşanandan bəri onu və uşaqları evdən çıxarmayıb. Mülkiyyətdə çıxarış var. Orada sənəd olaraq dəyişdirilib. Onların adına qeydiyyat 1990-cı illərdə olub. Çıxarış 2011-ci ildə yenilənib. Yenilənə qədər çıxarış da var idi. Köhnə çıxarış yoxdur, dəyişdirilib. Onlara kirayə ev də tuta bilər, amma cavabdehlə bir həyətdə yaşaya bilməz. O qızını çıxartmır, o cavabdehi mənzildən çıxarır. 2006-cı ildən qabaq onların çıxarışı olub. Çıxarışlı evin texniki pasportu da var.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

22. Belə ki, İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1-dən cavabdehin çıxarılmasını xahiş etmişdir.

23. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanındakı ümumi sahəsi 79.6 kv.m olan 414 saylı ev mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

24. Çıxarışdan həmçinin o da müəyyən edilir ki, evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması zamanı tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə təsdiq olundu ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 73 ünvanında yerləşən torpaq sahəsində 414 nömrəli ev ilə yanaşı özbaşına tikili də mövcuddur. Sözügedən tikili ilə bağlı hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh ailə qurduqda özbaşına tikiliyə gəlin köçmüş və orada yaşayır. Dövlət qeydiyyatına alınmış evdə isə iddiaçı yaşayır.

26. Göründüyü kimi, iddiaçının tələbi mülkiyyətində olan evdən cavabdehin çıxarılmasıdır. Lakin cavabdeh həmin evdə yaşamır. Belə olan halda iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

27. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 -dən çıxarılması barədə tələbi təmin edilməməlidir.

28. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4404/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 -dən çıxarılması barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli manat) manat İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar