Məhkəmə qərarları › İş №2(103)-5660/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5660/2021

16.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5660/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1023/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı1 29.10.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işə bərpa edilməsi, 29.09.2020-ci il tarixdən başlayaraq onun işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərə görə cavabdehdən 100 000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № e-2(006)-1023/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 01.07.2013-cü il tarixdən etibarən işləmişdir. İlk olaraq o, "X2" şirkəti vasitəsilə "qeydiyyatçı" vəzifəsində, 30.05.2014-cü il tarixindən etibarən "xxxx" MMC vasitəsilə "inzibatçı" vəzifəsində, 14.05.2019-cu il tarixdən etibarən isə birbaşa "Cavabdeh " şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə əmək müqaviləsi (bundan sonra "Əmək müqaviləsi" adlandırılacaq) bağlamaqla "aparıcı inzibatçı" vəzifəsində işləməyə davam etmişdir. Ümumi olaraq 90 işçisi olan təzyiqli nasoslar departamentində iddiaçı yeganə inzibatçı idi. İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə 29.09.2020-ci il tarixli 101/20 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmri (bundan sonra "Xitam haqqında əmr" adlandırılacaq) əsasında eyni tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitamın əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi qeyd edilmişdir (işçilərin sayı və ya ştatların ixtisarı). Onun fikrincə, ixtisar süni xarakter daşımış, qanunveriliciyə zidd şəkildə aparılmış, ona təzyiq edilmiş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmuşdur. Cavabdehin əsl niyyəti onunla bağlanılmış əmək müqaviləsinə istənilən əsasla xitam vermək idi. Qərəzli münasibət nəticəsində işdən çıxarıldığı üçün ona mənəvi zərər vurulub. Belə ki, cavabdehin nümayəndələri tərəfindən 2020-ci ilin may ayında başlayan təzyiqlər və qanunsuz hərəkətlər nəticəsində onun psixi vəziyyəti ağırlaşmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, böyük mənəvi sarsıntı keçirmiş və tibbi yardım üçün müraciət etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək qeyd etmişdir ki, cavabdeh iddiaçının əmək müqaviləsinin ləğv edilməsi zamanı qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Cavabdeh Əmək Məcəlləsinin 11 (ə) maddəsinin ona verdiyi hüquqi imkandan istifadə edərək, 01.02.2020ci il tarixli 21/70 nömrəli daxili Əmr verərək, nümayəndəlikdə toplam 19 adda 20 ədəd iş ştatı vahidinin, o cümlədən iddiaçının çalışdığı "Aparıcı İnzibatçı" iş ştatının ixtisar edilməsi barədə qərar qəbul etmişdir. 01.02.2020-ci il tarixli Əmrdə göstərilmişdir ki, iş həcminin azalması nəticəsində əmrdə göstərilən iş ştatlarının (o cümlədən "Aparıcı İnzibatçı" iş ştatının) saxlanılmasına ehtiyac qalmamış və bu səbəbdən müəssisədə mövcud olan iş ştatlarının restrukturizasiyasını keçirmək zəruriliyi yaranmış və bu restrukturizasiya səbəbindən müəssisədə 20 iş ştatı vahidi, o cümlədən "Aparıcı İnzibatçı" iş ştatı ixtisar edilir. Belə ki, Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işəgötürən işçini rəsmi xəbərdar etməlidir. Cavabdeh də Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələb etdiyi iddiaçıya əmək müqaviləsinin Əmək Məcəlləsinin (b) maddəsinə əsasən xitam veriləcəyi barədə 01.09.2020-ci il tarixli rəsmi xəbərdarlıq göndərmişdir (surəti əlavə edilir). Həmin rəsmi xəbərdarlıq iddiaçının ev ünvanına poçt kuryeri vasitəsi ilə göndərilsə də, iddiaçı həmin rəsmi xəbərdarlığı poçt kuryerindən almaqdan imtina etmişdir. Bu faktı təsdiq etmək üçün kuryer tərəfindən 01.09.2020-ci il tarixli akt tərtib edilmişdir (aktın surəti əlavə edilir). Belə olan halda, rəsmi xəbərdarlığın surəti əlavə olaraq iddiaçıya elektron poçt vasitəsilə də göndərilmişdir (07.09.2020-ci il tarixli elektron məktubun surəti əlavə edilir). İddiaçı əlavə olaraq ona göndərilən bildirişi aldığını öz imzası ilə də təsdiq etmişdir. Beləliklə, cavabdeh Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əməl etmişdir. İddiaçı sözügedən bildirişi aldığını mübahisəndirmir. İkincisi, Əmək Məcəlləsinin 77.2-ci maddəsinə görə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Cavabdeh Əmək Məcəlləsinin bu tələbinə də əməl etmişdir. İddiaçı öz ərizəsində cavabdehin bu tələbə əməl etdiyini mübahisəndirmir. Üçüncüsü, Əmək Məcəlləsinin 77.3-cü maddəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə ləğv edilərək işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Cavabdeh Əmək Məcəlləsinin bu tələbinə də əməl etmişdir. Cavabdehin iddiaçıya ödədiyi məbləğin hesablanmasına dair elektron sənədin surəti əlavə edilir. İddiaçı öz ərizəsində cavabdehin bu tələbə əməl etdiyini mübahisəndirmir. Dördüncüsü, Əmək Məcəlləsinin 83.1 və 84.1-ci maddələrinə görə işəgötürən işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verərək Əmək Məcəlləsinin adıçəkilən maddələrinə uyğun olan 101/20 saylı 29.09.2020-ci il tarixli əmr tərtib etmişdir (surəti əlavə edilir). Həmin əmrdə cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmışdır. İddiaçı əmrin surətini aldığını mübahisəndirmir. Beşincisi, Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi elektron informasiya sistemində qeydiyyata almışdır (elektron bildiriş əlavə edilir). Altıncısı və nəhayət, cavabdeh əmək müqaviləsinin ləğv edilməsinə dair müvafiq qeydləri iddiaçının əmək kitabçasına daxil etmiş və əmək kitabçasını iddiaçıya təqdim etmişdir. İddiaçı əmək kitabçasının əslini aldığını mübahisənləndirmir. Cavabdeh iddiaçının əmək müqaviləsinə "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam vermək üçün iddiaçıya heç bir təzyiq göstərməmişdir. İddiaçı iddia edir ki, guya cavabdeh iddiaçının əmək müqaviləsinə "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam verilməsinə məcbur etmək istəmiş və iddiaçı əmək müqaviləsinə "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam verilməsinə razı olmadığı üçün cavabdeh iddiaçının əmək müqaviləsini "iş ştatının ixtisarı" əsası ilə ləğv etmişdir. Bu dəlil də tamamilə əsassızdır. Birincisi, 01.02.2020-ci il tarixli Əmrdə göstərildiyi kimi iş ştatları ixtisar olunan bütün işçilərə (o cümlədən iddiaçıya) ƏLAVƏ SEÇİM KİMİ "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam verilmə imkanı təklif edilmişdir. Həmin təklifdə işçinin "ixtisar" əsası ilə əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə işəgötürən ala biləcəyindən daha artıq əmək haqqının ödəniləcəyi nəzərdə tutulmuşdur. Təklif etmək – məcbur etmək demək deyildir. İş ştatları ixtisar olunan bütün işçilərə bu təklif edilmişdir və bütün işçilər (iddiaçı və digər bir nəfər işçi istisna olmaqla) bu təklifi qəbul etmiş və onların əmək müqavilələrinə "tərəflərin qarşılıqlı razılığı" əsası ilə xitam verilmişdir. İkincisi, "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam vermə Əmək Məcəlləsinin 75.2 (a) maddəsində əmək müqaviləsinə xitam vermənin hüquqi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, bu əsas tam hüquqi əsasdır. İddiaçının tutduğu "Aparıcı İnzibatçı" iş ştatı müəssisədə bu adda mövcud olan yeganə iş ştatı olmuşdur və bu iş ştatı tam olaraq ixtisar olunmuşdur. 01.02.2020-ci il tarixli Əmrin 1 saylı Qoşmasında müəssisənin yenilənmiş iş ştatlarının siyahısı qeyd edilmişdir. Həmin siyahıda "Aparıcı İnzibatçı" iş ştatı mövcud deyildir. Başqa sözlə, "Aparıcı İnzibatçı" iş ştatı məssisədə mövcud olan iş ştatlarının siyahısından tamamilə çıxarılaraq ixtisar edilmişdir. Belə olan halda iddiaçının "Aparıcı İnzibatçı" vəzifəsi üzrə işdə saxlanılmağa üstünlüyünün olub-olmamasının müəyyən edilməsinə heç bir gərək qalmamışdır. Belə ki, həmin vəzifə ümumiyyətlə ləğv edilmişdir. Müəyyən vəzifə üzrə işçinin işdə saxlanılmağa üstünlüyün olub-olmamasının müəyyən edilməsinin zəruriliyi o vaxt yaranır ki, əgər işəgötürən müəyyən vəzifəsi üzrə iş ştatlarının sayını azaldır və bu zaman həmin vəzifə üzrə hansı işçinin saxlanılacağını və hansı işçinin əmək müqaviləsinin veriləcəyini müəyyən etməlidir. Misal üçün, əgər müəssisədə 5 ədəd "Aparıcı İnzibatçı" iş ştatı olardısa və işəgötürən həmin iş ştatlarının sayını 5-dən 2-yə ixtisar edilməsi barədə qərar qəbul edərdirsə, onda işəgötürən 5 nəfər işçidən hansı 2 işçini işdə saxlanılmağa üstünlüyünün olub-olmamasını müəyyən etməli idi. Hazırki işdə isə müəssisədə 1 ştat vahidi "Aparıcı İnzibatçı" vəzifəsi olmuşdur və bu vəzifə tam olaraq ixtisar edilmişdir. Qanunvericilikdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən xitam verilərkən işəgötürənin işçiyə hər hansı bir boş vəzifə təklif etmək öhdəliyi nəzərdə tutulmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya müəssisədə "Alıcı" vəzifəsi boş olmuşdur və işəgötürən həmin vəzifəni ona təklif etməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş ştatının ixtisar edilməsi zamanı işçiyə hər hansı bir boş vəzifəni təklif etmək barədə işəgötürənin öhdəliyi yoxdur. İkincisi, müəssisənin yenilənmiş iş ştatları cədvəlində "Alıcı" vəzifəsi yoxdur. Üçüncüsü, hər hansı bir vakant vəzifənin yaranması o demək deyildir ki, həmin vəzifə mütləq istənilən şəxsə təklif olunmalıdır. Məlumdur ki, istənilən vəzifənin öz tələbləri vardır və işəgötürən yalnız o şəxsə boş vəzifəni təklif edir ki, əgər həmin vəzifə üzrə işçiyə tələbat vardır və əgər həmin şəxs qeyd edilən vəzifənin tələblərinə tam uyğundur. Cavabdeh iddiaçıya hər hansı bir zərər vura biləcək heç bir qanunsuz hərəkət törətməmişdir. İddiaçı iddia edir ki, guya cavabdeh ona maddi və mənəvi zərər vurmuşdur. Bu iddia əsassızdır. Birincisi, cavabdeh iddiaçının əmək müqaviləsinə tam qanuni şəkildə xitam vermişdir. İkincisi, iddiaçı məhz cavabdehin hərəkətləri nəticəsində mənəvi və maddi zərər çəkdiyini sübut edə biləcək heç bir dəlil məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı1 arasında 14 may 2019-cu ildə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 101/20 saylı, 29 sentyabr 2020-ci il tarixli əmrindən görünür ki, nümayəndəlikdə aparıcı inzibatçı vəzifəsində çalışan İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) 29 sentyabr 2020- ci ildən xitam verilmişdir. Əmrin verilməsi üçün əsas: əmək müqaviləsinə xitam verilmə barədə 01 sentyabr 2020-ci il tarixli bildiriş (həmin “iş ştatının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi” barədə bildirişdə qeyd edilir: Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində iş ştatlarının restrukturizasiyası həyata keçirilmiş və bunun nəticəsində Nümayəndəlikdə bir çox iş ştatları, o cümlədən Sizin (İddiaçı1) tutduğunuz “aparıcı inzibatçı” iş ştatı ixtisar edilmişdir. Bununla əlaqədar Sizə (İddiaçı1) bildirir ki, bu bildirişin tarixindən 4 təqvim həftəsi keçdikdən sonra Sizinlə (İddiaçı1 ilə) Nümayəndəlik arasında bağlanmış 14 may 2019-cu il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 (b) maddəsinə (iş ştatının ixtisar edilməsi) əsasən 29 sentyabr 2020-cu il tarixində xitam veriləcəkdir. Məlumat üçün bildiririk ki, Siz (İddiaçı1) xəbərdarlıq müddətinin əvəzinə Əmək Məcəlləsinin 77.4-cü maddəsinə uyğun olaraq əmək haqqının birdəfəlik ödənilməsini istəyə bilərsiniz. Bu halda nümayəndəlik Sizə (İddiaçı1) pul əvəzini ödəyib xəbərdarlıq müddətinin bitməsini gözləmədən əmək müqavilənizə dərhal xitam verəcəkdir. Əgər Siz (İddiaçı1) xəbərdarlıq müddəti əvəzinə pul əvəzinin ödənilməsini istəyirsinizsə, onda bu barədə öz yazılı razılığınızı Nümayəndəliyə təqdim edə bilərsiniz. Məlumat üçün onu da qeyd edir ki, pul əvəzinin məbləği xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır və s”. Həmin bildiriş İddiaçı1 10 sentyabr 2020-ci ildə təqdim edilmiş və İddiaçı1 bildirişin almasını öz imzası ilə təsdiq etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, baxmayaraq ki, iş üzrə məhkəmə araşdırması 2020-ci ilin noyabr ayında başlanmışdır, cvabdeh ixtisar haqqında 01 fevral 2020-ci il tarixli, 21/20 saylı ixtisar haqqında əmri yalnız 15 fevral 2021-ci il tarixdə məhkəməyə təqdim edə bilmişdir. Həmin sübut qeyri-mötəbər və ziddiyyətli idi. Cavabdeh əvvəlki iclaslarda ixtisar haqqında əmri təqdim etməkdən təkrarən imtina edərək bəyan etmişdir ki, ixtisar aparmaq işəgötürənin hüququdur və onun bu barədə əmri təqdim etmək öhdəliyi yoxdur. Yalnız iddiaçının qətiyyətli tələbləri nəticəsində məhkəmə cavabdehdən həmin əmrin təqdim edilməsini tələb etmişdir. Baxmayaraq ki, əmrin mətninə əsasən cavabdeh guya 22 ştat vahidini ixtisar etmişdir, cavabdeh yalnız iki işçi barəsində ixtisarla bağlı X1 bildirişləri təqdim edə bilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi yenilənmiş iş ştatları siyahısında qeyd edilmiş inzibati xarakterli ştatların əmək funksiyaları barədə hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Yuxarıda sadalanan faktlar 2020-ci ilin may-sentyabr dövrü ərzində cavabdehin iddiaçıya münasibətdə davranışı ilə birlikdə qiymətləndirilməlidir. Həmin dövr ərində cavabdeh israrla iddiaçıdan işdən çıxmaq haqqında cavabını dərhal verməsini tələb edirdi, faktiki mövcud olmayan əlavə dəstəyi təklif etməklə qarşılıqlı razılaşma əsasında əmək müqaviləinə xitam verməklə bağlı təzyiqlər edirdi. Bir neçə sorğuya baxmayaraq ixtisar növü barədə heç bir məlumat vermirdi və başqa vakant iş yerinə keçirilməsi ilə bağlı iddiaçının müraciətini cavabsız saxlamışdır. Bütün bu faktlar göstərir ki, ixtisar haqqında əmr qeyri-mötəbər sübutdur və istisna deyil ki, cavabdeh tərəfindən məhkəmə prosesi zamanı tərtib edilmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallarını araşdırmamışdır. İddiaçının sulları cavabsız qalmışdır: yenilənmiş iş ştatları siyahısında İnsan Qaynaqları üzrə Regional Direktor vəzifəsinin olmaması nə ilə izah oluna bilər. Nərgiz Muradova və cavabdeh arasında əmək müqaviləsi mövcuddurmu. Məhkəmə bu sualları araşdırmaq üçün lazımi səy göstərməmiş, məhkəmə baxışını bitmiş elan etmişdir. Bununla da gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. İddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 18 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 14 may 2019-cu ildə əmək müqaviləsi bağlanmış və Nümayəndəliyin 101/20 saylı, 29 sentyabr 2020-ci il tarixli əmrinə əsasən həmin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) 29 sentyabr 2020-ci ildən xitam verilmişdir. İddiaçı işdən azad olunmasını qanunsuz sayaraq məhkəmədə iddia qaldırmışdır. Onun tələbi işə bərpa, bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və bununla bağlı qənaətini əsaslandırarkən göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ştat ixtisarı əsası ilə xitam verilərkən qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. Belə ki, qanunun tələbinə əsasən işçilərin ştatları ixtisar olunarkən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi qaydada xəbərdar etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 01 sentyabr 2020-ci il tarixli “iş ştatının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi” barədə bildirişlə cavabdeh iddiaçıya əmək müqaviləsinə 29 sentyabr 2020-ci il tarixdən xitam veriləcəyini bildirmiş və 10 sentyabr 2020-ci ildə iddiaçı bildirişlə tanış olmuş və imzası ilə təsdiq etmişdir. Məhkəmə iddia tələbinin iddiaçının "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işə bərpa edilməsi, 29.09.2020-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 101/20 saylı, 29 sentyabr 2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxdur. İddia tələbi əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından, iddia tələbi məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz. Cavabdehdən vurulmuş mənəvi zərərə görə 100 000 manat zərərin əvəzinin tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu hissədə də iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını və bununla bağlı mənəvi sarsıntı keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar