Məhkəmə qərarları › İş №2(103)-5660/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5660/2023

06.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5660/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi, həmin ödənişlərin gecikdirilməsinə görə ödəncin verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMCnin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsi, həmin ödənişlərin gecikdirilməsinə görə ödəncin verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb olunub. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, xx.xx.2022-ci ildən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1 faiz ödənc hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilsin, habelə mənəvi zərərin əvəzi kimi 200 manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Tərəflərin arasında əmək münasibəti olub, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək cavabdeh təşkilatda dəzgahçı vəzifəsində işləyib, əmək müqaviləsi cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/713 nömrəli rəyinə görə, cavabdehin iddiaçının qarşısında xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat icra edilməmiş pul öhdəliyi var. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi, 135-ci maddəsinin 2-ci hissəsi, 156-cı maddəsinin 1-ci hissəsi və 172-ci maddəsinin 5-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddiaçı iddia müddətini ötürməyib. Belə ki, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilib, hazırkı iddia isə 2 ay 16 gün sonra - xx.xx.2022-ci ildə verilib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar