Məhkəmə qərarları › İş №2(103)-5660/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5660/2024

15.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5660/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə qarşı (X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə qarşı (X6 Xidməti” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4338/2024 nömrəli 08 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmək katibçasından müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin Lənkəran qrupuna qrup rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran qrupunun böyük atıcı vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçinin təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur.

2. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “İntizam tənbehinin verilməsi barədə” xx.xx.2022-ci il tarixli 26/Ş saylı əmrinə görə funksional vəzifə borcunun yerinə yetirilməsinə qeyri-ciddi münasibət bəsləyərək xidmətdə yol verdikləri nöqsana görə Lənkəran qrupunun qrup rəisi İddiaçı, qrupun böyük atıcıları X2, X3 intizam tənbehi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi, bir daha belə hallara yol verərlərsə barələrində daha ciddi tədbir görüləcəyi barədə onlara xəbərdarlıq edilməsi əmr edilmişdir.

3. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “Başqa işə keçirilmə haqqında” xx.xx.2022-ci il tarixli 64/k saylı əmri ilə İddiaçı - xx.xx.2022-ci il tarixdən bağlanmış Əmək Müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq Lənkəran qrupunun qrup rəisi vəzifəsindən həmin qrupa əməyin ödənilmə dərəcəsi 6 olmaqla böyük atıcı vəzifəsinə keçirilməsi və onunla əvvəl bağlanmış Əmək Müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

4. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “İntizam tənbehinin verilməsi barədə” xx.xx.2023-cü il tarixli 139/Ş saylı əmri ilə funksional vəzifə borcunun yerinə yetirilməsinə qeyri-ciddi münasibət bəsləyərək xidmətdə yol verdikləri nöqsana və xüsusi geyim formasının daşınması qaydalarını pozduqlarına görə Lənkəran qrupunun böyük atıcıları X4 və İddiaçı “töhmət” intizam tənbehinin verilməsi, bir daha belə hallara yol verərlərsə haqqında daha ciddi tədbirlər görüləcəyi barədə onlara xəbərdarlıq edilməsi əmr edilmişdir.

5. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizə ilə onu xx.xx.2023-cü il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin Həmkərlar İttifaqı Təşkilatının xx.xx.2023-cü il tarixli protokoluna əsasən Lənkəran qrupunun böyük atıcısı İddiaçı yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən azad olunmağa laiq olduğu, lakin ailə vəziyyətinin ağır olması və tutduğu vəzifədən azad olunması barədə yazdığı ərizəsinin nəzərə alınması qərara alınmışdır.

7. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 57/k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən İddiaçı - "xxxx" MMC-nin Lənkəran qruğunun böyük atıcısı, işçinin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixindən ləğv edilməsi, son haqq-hesab işlərinin mövcud qanunvericiliyə uyğun olaraq aparılması əmr edilmişdir. Əsas: İddiaçı ərizəsi.

8. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsi ilə xx.xx.2023-cü il tarixdə onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizəsinə baxılmış, lakin onun daha əvvəl xx.xx.2023-cü il tarixdə işdən azad olması barədə yazmış olduğu ərizəsini nəzərə alaraq müraciətinin müsbət həllinin imkan xaricində olduğu bildirilmiş, işdən azad olunması ilə əlaqədar əmək kitabçasını götürmək üçün "xxxx" MMC-yə gəlməsi xahiş edilmişdir.

10. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-nin Lənkəran qrupunda işləyib, xx.xx.2023-cü il tarixdə öz xahişi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi ləğv olunub.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin 57/K saylı əmrinin ləğv olunması, cavabdeh tərəfindən ona 30 oktyabr 2023-cü il tarixindən məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə, "xxxx" MMC-nin Lənkəran qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 02 fevral 2021-ci il tarixindən "xxxx" MMCnin Lənkəran qrupunda işləmişdir. Belə ki, cari ilin oktyabr ayının ortalarında iş yoldaşı X5 ilə işdən ayrılan zaman aralarında sözlü mübahisə baş vermişdir. Bundan təxmini 1 həftə sonra, Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Yusif Ağarzayev onu qəbuluna çağırtdırmışdır. 23 oktyabr 2023-cü il tarixində İdarəyə getmiş və rəisi görmədən, orada olan işçiləri onu "rəisin adından" məcbur etmişlər ki, işdən öz ərizəsi ilə azad edilməsi barədə müraciət yazsın, əks halda, onu işindən karyerasına mənfi təsir göstərə biləcək maddə ilə çıxaracaqlar. O da, onların dedikləri ilə razılaşıb, 23 oktyabr 2023-cü il tarixində işdən azad edilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə müraciət edərək, 30 oktyabr 2023-cü il tarixindən işdən çıxarılmasını xahiş etmişdir. Daha sonra sabahısı günü bu barədə yaxın dostuna danışmış və əmək müqaviləsinin ləğv edilməsi barədə yazdığı ərizəsinin etibarsız sayılması haqqında işəgötürənə yeni ərizə vermək qərarına gəlmişdir. Daha sonra, 26 oktyabr 2023-cü il tarixində izləmə kodu TT015592809AZ saylı olan poçt zərfi (şəkli qoşma olaraq, əlavə edilir) Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə yenidən müraciət edərək, işdən azad edilməsi barədə yazdığı ərizəsini geri götürmüşdür (qeyd: həmçinin işəgötürənin rəsmi elektron poçt ünvanına da "Elektron ünvan " eyni məktubu scan formatda göndərmişdir). Lakin, işəgötürən absurd olaraq, 30 oktyabr 2023-cü il tarixində onu qərəzli olaraq tutduğu vəzifədən azad etmiş və onun həmin ərizəsinə, yəni işdən azad edilməyi barədə yazdığı ərizəsinin etibarsız sayılması haqqında işəgötürənə verdiyi yeni ərizəsinə bugünəcən heç bir münasibət bildirməmişdir. Bundan sonra, 16 noyabr 2023-cü il tarixində pozulmuş vətəndaşlıq və konstitusion hüquqlarını bərpa etməkdən ötrü, işəgötürənə "Mediasiya Prosesinin tətbiqi barədə" təklif göndərmişdir. 10 gün müddəti bitdikdən sonra, Mediasiya üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin nəticəsiz qalmışdır. Odur ki, adiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, işdən qanunsuz olaraq azad edilmiş və işə bərpa olmalıdır. Göründüyü kimi, xəbərdarlıq müddəti, yəni, işdən azad edilməsi barədə ərizəsində göstərdiyi 30 oktyabr 2023-cü il tarixi bitmədən, 26 oktyabr 2023-cü il tarixində işəgötürənə ərizəsinin etibarsız hesab edilməsi barədə yeni ərizə vermiş, işəgötürən tərəfindən həmin vəzifəyə (peşəyə) yeni işçi təyin edilməsə də, qanunsuz olaraq onu işə bərpa etmirlər. O, ailə başçısıdır. Himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan 2 oğul övladı var. İşsizlik ona böyük çətinliklər yaradır.

13. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı 23 oktyabr 2023-cü ildə idarə rəsinin adına ərizə yazaraq 30 oktyabr 2023-cü ildən tutduğu vəzifədən öz istəyi ilə azad edilməsini xahiş etmişdir. Qeyd olunan tarixədək təhvil-təslim işlərinin ləngidilməsi səbəbindən 23 oktyabr 2023-cü il tarixində idarəsinin kadr şöbəsi tərəfindən əmr hazırlanaraq İddiaçı ərizəsində göstərdiyi tarixdən işdən azad olunmuşdur. Daha sonra İddiaçı tərəfindən 26 oktyabr 2023-cü il tarixdə idarəyə ünvanlanan, izləmə kodu TT ********* AZ saylı, etdiyi səhv və buraxdığı nöqsanlara görə üzrxahlıq etməsi və eyni zamanda 23 oktyabr tarixində yazdığı ərizənin etibarsız hesab edilməsi məzmununda yazdığı ərizəsi 30 oktyabr 2023-cü il tarixində idarəyə daxil olmuşdur. Elektron ünvana göndərdiyi eyni məzmunlu məktub da eyni tarixdə daxil olmuşdur. İddiaçı müraciətində göstərmişdir ki, qərəzli olaraq tutduğu vəzifədən azad edilib. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. Təqdim olunan sənədlər iddiaçının bu iddiasının dolğun və əsaslı olmadığını sübut edir. İddiaçı həmçinin müraciətində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixində idarəyə ünvanladığı məktuba heç bir münasibət bildirilməmişdir. Lakin, 30 oktyabr 2023-cü il tarixdə daxil olan məktubuna 31 oktyabr 2023-cü il tarixində kadrlar üzrə aparıcı mühəndis tərəfindən cavablandırılaraq İddiaçı ev ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Digər iddiada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə məhəl qoyulmaması qeyd olunur. İddiaçı işəgötürənlə müqavilə müddəti 09 noyabr 2023-cü il tarixində bitmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini pozduğuna görə müqavilə müddətinin uzadılması məqsədəuyğun hesab edilə bilməz. Belə ki, İddiaçı funksional vəzifə borcunun icrasına laqeyd, qeyri-ciddi münasibət bəslədiyinə görə 04 sentyabr 2023-cü il tarixində 139/Ş saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən “töhmət” intizam tənbehi ilə cəzalandırılmışdır. Lakin, bu cəzadan nəticə çıxarmayaraq 11 oktyabr 2023-cü il tarixində əmək funksiyasını təkrarən kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı iş yoldaşı Nurlan Kazımovla aralarında yaranmış mübahisəni qanuni yolla həll etmək əvəzinə yenidən intizamsızlığa yol verərək həmkarı ilə lüzumsuz mübahisəyə yol vermişdir. Eyni zamanda, İddiaçı istirahətdə olan 4 əməkdaşı müəssisəyə dəvət edərək vəziyyəti daha da gərginləşdirmiş, müəssisənin normal iş ahəngini, rejim qaydalarını və əmək müqaviləsi üzrə öhdəlikləri kobud şəkildə pozmuşdur. İddiaçı Nurlan Kazımovla aralarında olan mübahisənin (guya Nurlan onu rəhbərliyə satdığına görə) 2022-ci ildən bəri davam etdiyini də öz izahatında qeyd etmişdir. Qeyd olunan xüsusatları qrup rəisi Tural Ağayev və mübahisənin şahidi olmuş əməkdaşlar da verdikləri izahatlarda təsdiq etmişlər. Bundan başqa araşdırma zamanı o da məlum olmuşdur ki, böyük atıcı İddiaçı qrup rəisi işləyərkən xx.xx.2022-ci il tarixdə tabeçiliyində olan atıcılar müəssisənin daxili rejim qaydalarını pozduqlarına görə İddiaçı də daxil olmaqla İdarənin müvafiq əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadovun xx.xx.2022-ci il tarixli 08-1/643 nömrəli məktubundan qrup rəisi İddiaçı xdiməti vəzifəsinin icrasında nöqsanlara yol verdiyini qeyd edərək barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin xahiş nəzərə alınaraq, TMİ-nin xx.xx.2022-ci il tarixli 64/k əmri ilə İddiaçı tutduğu vəzifədən azad edilərək böyük atıcı vəzifəsinə keçirilmişdir. Araşdırma zamanı o da məlum olmuşdur ki, böyük atıcı İddiaçı Mühafizə və Təhlükəsizlik İdarəsinin xx.xx.2023-cü il tarixli 139/ş nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi qüvvədədir. Yuxarıda qeyd olunan fakt üzrə bütün araşdırmalar – arayışlar, izahatlar, rəylər nəticə etibarı ilə İddiaçı AR-nin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə cəzalandırılmasına əsas versə də, iddiaçının ağır ailə vəziyyəti, xahişi nəzərə alınaraq idarə rəhbərliyi tərəfindən İddiaçı hərəkətlərinə münasibət bildirməsi üçün 19 oktyabr 2023-cü il tarixində ARMSN-nin Təhlükəsizlik və Mühafizə İdarəsinin HİT-nın sədrinə təqdimat ünvanlanmışdır. Təqdimat əsasənda 23 oktyabr 2023-cü il tarixində HİT-nın iclası keçirilmişdir. İclasda baş vermiş hadisə üzrə müzakirələr aparılmış, komissiyanın bütün üzvləri İddiaçı hərəkətlərini mənfi qiymətləndirmiş və onun işdən azad olunmasını təklif emişlər. Sonra söz Lənkəran qrupun böyük atıcısı İddiaçı verilmişdir. İddiaçı çıxışında rəis vəzifəsindən çıxarılmasını səbəb kimi orada nizam-intizam yaratmaq istədiyinə görə qadın işçilərin qəzəbinə tuş gəldiyini və həyat yoldaşının orada işləməsini nəzərə alaraq səsini çıxarmadığını bildirmişdir. Son mübahisənin yaranma səbəbini isə müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışmışdır. Bundan başqa anasının xəstə olmasını nəzərə alaraq qəbahətlərinin bağışlanmasını və öz ərizəsi ilə xaric olunmağına fürsətinin verilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı xahişi səsə qoyulmuş, təşkilat üzvlərinin hamısı yetkilliklə lehinə səs vermişdir. HİT-nın qərarına əsasən, Lənkəran qrupub böyük atıcısı İddiaçı yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağa laiq olduğu, lakin ailə vəziyyətinin ağır olması və tutduğu vəzifədən azad olunması barədə yazdığı ərizəsi nəzərə alınması məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddiası əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 avqust 2024-cü il tarixli 2(001)-4338/2024 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 57/K saylı əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh Lənkəran qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin Lənkəran qrupuna qrup rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran qrupunun böyük atıcı vəzifəsinə keçirilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi ilə xx.xx.2023-cü il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, lakin daha sonra xx.xx.2023-cü il tarixdə yenidən ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdə onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizəni xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinə göndərsə də, İdarə tərəfindən ərizə nəzərə alınmamış, xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilmiş və o, vəzifəsindən azad edilmişdir. İddiaçı xx.xx.2023-cü ildə öz xahişi ilə xx.xx.2023-cü il tarixdən işdən çıxarılması barədə ərizə versə də, bundan sonra sonuncu tarixədək növbə ilə işə çıxmışdır. xx.xx.2023-cü ildə iddiaçı növbədə olmadığından poçt vasitəsi ilə ərizəsini etibarsız hesab edilməsi barədə cavabdehə ərizə ünvanlamış və cavabdeh tərəfindən həmin ərizə xx.xx.2023-cü ildə saat 12:30 radələrində gəbul olunmuşdur. Eyni zamanda əmək məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində qeyd edildiyi kimi xəbərdarlıq müddəti bitmədən işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Yəni müəyyən olunmuşdur ki, cavabdeh heç kimi həmin tarixdə həmin vəzifəyəyə işə gəbul etməmişdir. Ancaq cavabdeh həmin vəzifəyə təzəlikçə yeni işçi ilə əvəz etmişdir. Bundan əlavə Əmək məclləsinin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki halda iddiaçı ərizəsində müddət göstərmişdir, lakin buna baxmayaraq cavabdeh tərəfindən xəbərdarlıq müddəti gözlənilməli idi.

16. Məhkəmə qeyd etmişdir ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüzdür. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı və digər dolayı sübutlar obyektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının olub-olmaması müəyyən edilməlidir. Hazırki işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı məcburiyyət təsiri altında iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır.

17. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 16.1, 16.4, 45.1, 69.1, 69.3, 69.4, 69.5, 69.7, 76.1, 76.2, 300.1, 310, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, işin halları araşdırılarkən konkret olaraq müəyyən edilir ki, İddiaçı işlədiyi müddətdə dəfələrlə inzibati məsuliyyətə cəlb edilərək barəsində müxtəlif inzibati tənbeh tədbirləri tətbiq edilmiş, sonda isə o, əmək qanunvericiliyinin işçinin özünün təşəbbüsü olmadan işdən çıxarılmasının qarşısını almaq məqsədilə özü öz xahişi ilə könüllü şəkildə işdən azad olunmasını xahiş etmiş, işəgötürən də əmək qanunvericiliyinin humanizm və ədalətlilik prinsipini əsas götürərək işçinin öz xahişi ilə könüllü ərizəsi əsasında işdən çıxması xahişini nəzərə alaraq işçinin təşəbbüsünü müsbət qiymətləndirmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsinə heç bir kənar təsir və təzyiq göstərilmədən xitam verilmişdir. Bu hallar işin halları ilə sübut olunmasına baxmayaraq həmin hallar işə baxan məhkəmə tərəfindən düzgün təfsir edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

23. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

24. Maddə 68. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.

25. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.

26. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

27. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

28. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

29. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin Lənkəran qrupuna qrup rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran qrupunun böyük atıcı vəzifəsinə keçirilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi ilə xx.xx.2023-cü il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, lakin daha sonra - xx.xx.2023-cü il tarixdə yenidən ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixdə onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli əmr ilə xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilmiş və o, vəzifəsindən azad edilmişdir.

39. İddiaçı hazırda həmin əmrin ləğv edilməsini və işə bərpa edilməsini tələb etmişdir.

40. İddiaçı 23 oktyabr tarixində ərizə ilə müraciət edərək 30 oktyabr tarixində tutduğu vəzifədən azad edilməsini xahiş etsə də, 26 oktyabr tarixində ərizənin etibarsız sayılmasına dair ərizə ünvanlamış və həmin ərizə 30 oktyabr tarixində 12:30 radələrində cavabdeh tərəfindən qəbul olunmuşdur. Eyni zamanda həmin tarixdə “email” elektron poçt vasitəsi ilə də həmin ərizəni göndərmişdir.

41. Qanunvericilikdə göstərilmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.

42. İddiaçı da bu hüquqdan istifadə etmişdir.

43. Lakin işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozularaq, həmin ərizə nəzərə alınmamış və xx.xx.2023-cü il tarixli əmrlə iddiaçı ilə bağlamış müddətli əmək müqaviləsinə xitam verilmişdir.

44. Məhkəmə haqlı olaraq göstərmişdir ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüzdür. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı və digər dolayı sübutlar obyektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının olub-olmaması müəyyən edilməlidir. Hazırki işdə isə qeyd edilən hallar və iddiaçının təqdim etdiyi sübutlar müqayisəli şəkildə qiymətləndirilərək iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı məcburiyyət təsiri altında iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Göstərilən hallar iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7ci hissəsinin tələbinin pozulması ilə işdən çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, məcburiyyət təsiri altında iradəsi əleyhinə yazdığını bir daha təsdiq edir.

45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

46. Apellyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4338/2024 nömrəli iş üzrə 08 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar