Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5661/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Yasamal rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5661/2025 (Açar sözlər: əldən çıxmış faydai) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Yasamal rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1019/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 fevral 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 48585.66 manat (xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı üzrə 41884.20 manat, dəymiş zərər 6701.46 manat) məbləğində vəsaitin, vəkilin göstərdiyi hüquqi yardıma görə 680 manat xidmət haqqının və 238 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-972/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilmişdir: “Cavabdeh iddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 442-ci məhəllə, ev 150B, 32 saylı mənzilə dair keçirilən hərracın nəticələrinə dair 339/22 saylı, xx.xx.2022- ci il tarixli protokol etibarsız hesab edilməklə hərracın nəticələri aradan qaldırılsın. "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli M023/08/22 saylı Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatı ləğv edilsin, həmin əmlak hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilsin və hərrac yenidən təşkil edilsin.” Cavabdeh icra işi ilə əlaqədar xx.xx.2022-ci il tarixində "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin müvafiq hesabına 41884.20 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 1019/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin “Cavabdeh ödəniş tapşırığı üzrə 41.884,20 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 1019/2025 saylı qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 662,96 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 449.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 119.1, 121.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona məxsus pul vəsaitindən faydalanması faktını sübut edə bilməmiş, bu hal iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmamışdır. Bundan əlavə, iddiaçı xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına istinad edərək sözügedən pul vəsaitinin 41.884,20 manat olduğunu bildirsə də, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə Yasamal rayon İcra şöbəsi tərəfindən məcburi icra xərcləri çıxılandan sonra qalan 37.227,88 manat məbləğində pulun cavabdehin hesabına köçürülməsi müəyyən edilir. (Qətnamə S/N 028, 31-ci bənd) Məhkəmə qərarında qeyd edir ki, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanması sübut olunmamışdır. Lakin qərarın davamında xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, məhz 37.227,88 manat məbləğində vəsaitin cavabdehin hesabına köçürüldüyü açıq şəkildə təsbit edilir. Bu fakt özü cavabdehin həmin vəsaitə faktiki sahib olduğunu və istifadə imkanına malik olduğunu göstərir. Mülki Məcəllənin 445.7-ci maddəsi kontekstində faiz hesablanması üçün əsas şərtlərdən biri qarşı tərəfin qeyri-qanuni olaraq pul vəsaitindən istifadə etməsidir. Əgər cavabdehin hesabına konkret məbləğ köçürülübsə və bu vəsait bir müddət ərzində iddiaçıdan alınıbsa, deməli, cavabdeh bu vəsaitdən istifadə etmiş və ya istifadə etmək imkanında olmuşdur. Bu da öz növbəsində "faydalanma" anlayışına daxil edilir. Nəzərə alınmalıdır ki, məcburi icra tədbirləri nəticəsində cavabdehin hesabına yönəldilmiş pul vəsaiti, onun iddiaçıya məxsus vəsait üzərində faktiki nəzarət və sərəncam hüququ qazandığını göstərir. Bu halda, cavabdehin həmin vəsaitdən istifadəsi və ya istifadə imkanı real və hüquqi nəticələr doğurmuşdur. Belə şəraitdə, pul vəsaitindən istifadə faktının mövcud olmadığını bildirmək və bunun əsasında faiz hesablanmasından imtina etmək hüquqi baxımdan əsaslı hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. İddiaçının nümayəndəsi X4 apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (mübahisənin mövcud olduğu zaman qüvvədə olan redaksiyada)
11. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər
17. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırda iddiaçı tərəfindən qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
27. Birinci instansiya məhkəməsi işin bütün mühüm hallarını aydınlaşdırmamış və iş üzrə təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.
28. İş materiallarına əsasən müəyyən olunmuş hallardan görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan cəmi 66.490,80 manat məbləğində borcu ilə bağlı iddiaçının tələbi əsasında Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2022-ci il tarixdə 8İ-5425 reyestr nömrəli icra qeydi aparılaraq ipoteka predmeti olan Yasamal rayonu, X10 küçəsi, 442-ci məhəllə, ev 150B ünvanında yerləşən 32 nömrəli mənzilə tutma yönəldilmiş, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra qeydi üzrə icraata başlanılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac nəticəsində ipoteka predmeti olan mənzil iddiaçı tərəfindən 108.375 manata əldə edilərək bu barədə 339/22 nömrəli protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından mənzilin satılmasından artıq qalan 41.884,20 manat məbləğində pulun iddiaçı tərəfindən İcra şöbəsinin depozit hesabına köçürülməsi, cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsi əsasında isə xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə Yasamal rayon İcra şöbəsi tərəfindən məcburi icra xərcləri çıxılandan sonra qalan 37.227,88 manat məbləğində pulun cavabdehin hesabına köçürülməsi müəyyən edilir. Bundan sonra Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi icraata xitam verilmişdir.
29. Bütün bunlar baş verdikdən sonra isə cavabdehin iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-972/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilərək, "xxxx" MMC-nin 339/22 saylı, xx.xx.2022-ci il tarixli protokolu etibarsız hesab edilmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, M023/08/22 saylı əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatının ləğv edilməsi, əmlakın hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi və hərracın yenidən təşkil edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materialları əsasında müəyyən edilir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair icra sənədi hazırda Yasamal rayon İcra şöbəsinin icraatındadır. İddiaçı da "xxxx" MMC 41.884.20 manat pul vəsaitinin istifadə edilə bilinməməsinə görə həmin məbləğə bank uçot dərəcəsi ilə hesablanmış faiz məbləğinin cavabdehdən tutulmasını tələb etmişdir.
30. Kollegiya ilk növbədə iddianın maddi normativ əsaslılığı aspektindən çıxış edərək qeyd edir ki, hərrac nəticəsində qalıq vəsaitin cavabdehə verilməsi və sonradan cavabdehin özünün hərrac nəticəsini mübahisələndirməsi nəticəsində həmin nəticələrin etibarsızlığı ilə vəsaitin cavabdehdə əsassız olaraq qaldığını, beləliklə, iddiaçının hazırki tələblə çıxış etməkdə haqlı olduğunu deməyə əsas verir.
31. Bundan başqa, məhkəmə kollegiyası əldən çıxmış fayda ilə bağlı faizin hesablanacağı məbləğ qismində iddia tələbindəki 41.884,20 manat deyil, 37.227,88 manat məbləğində pulun əsas götürülməsinə dair də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarındakı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə Yasamal rayon İcra şöbəsi tərəfindən məcburi icra xərcləri çıxılandan sonra qalan 37.227,88 manat məbləğində pulun cavabdehin hesabına köçürülməsi müəyyən edilir. Odur ki, hesablanacaq faiz məbləği üçün 37.227,88 manat məbləği əsas kimi qəbul edilməlidir.
32. Hazırda qiymət verilməli digər bir məsələ isə əldən çıxmış fayda kimi tutulması nəzərdə tutulan məbləğin hesablama mexanizmi və bu hesablamanın başlanğıcının düzgün müəyyənləşdirilməsindən ibarətdir.
33. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən pulun qanunsuz saxlanıldığı dövrü xx.xx.2024 – xx.xx.2024-cü il tarixi olaraq təsbit etmişdir. Kollegiya ilk növbədə həmin dövrün başlanğıcı ilə bağlı müəyyən edilən tarixlə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hərrac nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı Ali Məhkəmənin qərarının xx.xx.2024-cü il tarixdə qüvvəyə mindiyini və buna görə də hesablamanın həmin tarixdən başlamalı olduğunu bildirsə də, işin mübahisəsiz halıdır ki, həmin vəsait cavabdehin sahibliyinə xx.xx.2023-cü il tarixdə - ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən onun hesabına köçürülmənin aparıldığı tarixdə keçmişdir. Nəticə etibarilə iddiaçıya məxsus pul vəsaitinin xx.xx.2023-cü il tarixdən cavabdehin sahibliyində olması səbəbindən iddiaçı həmin vaxtdan vəsait üzrə sərəncam vermə və ondan faydalanma imkanlarından məhrum olunmuşdur.
34. Tutulmanın hesablanması ilə bağlı nəzərdə tutulan dövrün sonuna münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bununla bağlı xx.xx.2024-cü il tarixini götürsə də, bu tarixin əldə edilmə mənbəyi ilə bağlı lazımi əsaslandırma aparmamış, nəyə görə bu tarixi əsas götürdüyünü qeyd etməmişdir. Halbuki iş materiallarından göründüyü kimi iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Bu isə o deməkdir ki, hesablamanın yekunlaşacağı tarixin də məhz xx.xx.2024-cü il hesab edilməsi daha ədalətli və ağlabatandır.
35. Kollegiya tərəfindən tutulacaq məbləğin hesablanması məsələsinə qiymət verilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 9/5579 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyi daxil olmuşdur. Həmin rəydən görünür ki, 37227,88 manat məbləğində pul vəsaiti üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz 659,76 manat, illik beş faiz nəzərə alınmaqla isə 455 manat təşkil edir. O cümlədən həmin vəsait üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz 5342,98 manat, illik beş faiz nəzərə alınmaqla isə 3293,63 manat təşkil edir.
36. Yuxarıda da qeyd edildiyi kimi, kollegiyanın mövqeyinə əsasən hesablamanın başlanğıcı xx.xx.2023-cü il tarixindən əsas götürülməli olduğundan, ekspert rəyinin həmin tarix üzrə hesablaması rəhbər tutulmalıdır. Faiz nisbəti ilə bağlı isə kollegiya hesab edir ki, iddiaçı Kredit təşkilatıdır və iddia tələbi Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən əsaslı hesab olunduğundan və həmin norma məhkəməyə qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə bağlı səlahiyyət tanıdığından, hesablama nəticəsi kimi Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləği, yəni 5342,98 manat əsas götürülməlidir.
37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün hallarını lazımi qaydada araşdırmamış və bu halların hərtərəfli qiymətləndirilməsini həyata keçirməmişdir. Buna görə də iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, 5342.98 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, iddia ərizəsi üzrə iddia tələbi ümumilikdə 48585.66 manat təşkil etdiyindən və həmin tələb üçün 238 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 119 manat pulun iddianın təmin olunan hissəsinə mütənasib qaydada müvafiq olaraq 189,75 manat və 94,88 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Həmçinin, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya vəkilin göstərdiyi yardıma görə xərci təsdiq edən sübutun mövcudluğunu, o cümlədən adıçəkilən normanın tələblərini nəzərə alaraq hesab edir ki, göstərilmiş hüquqi xidmət haqqına görə xərcin 300 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
45. Bundan əlavə apelyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 119,59 manat hissəsi cavabdehdən, 30,41 manat hissəsi isə iddiaçıdan tutulmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1019/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5342,98 AZN (beş min üç yüz qırx iki manat doxsan səkkiz qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Hüquqi xidmət xərcinin 300 (üç yüz) manat hissəsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 189,75 AZN (yüz səksən doqquz manat yetmiş beş qəpik) hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun 94,88 AZN (doxsan dörd manat səksən səkkiz qəpik) məbləğində olan hissəsinin əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Apelyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatının dəyəri olan 150 AZN məbləğində pulun 119,59 AZN (yüz on doqquz manat əlli doqquz qəpik) hissəsi Cavabdeh, 30,41 AZN (otuz manat qırx bir qəpik) hissəsi isə iddiaçı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev