Məhkəmə qərarları › İş №2(103)-5663/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5663/2025

12.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5663/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 Xidməti və “Dövlət Mülki Aviasiya Agentliyi” PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və s.”) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3422/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əlavə və dəyişiklik barədə elektron əmək müqaviləsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC/"xxxx" Sərnişin Aviasiya Şirkəti/Uçuşların İstehsalı İdarəsi/Uçuş xidmətinə Embraer-190 HG-nin ikinci pilotu vəzifəsinə təyin edilmişdir.

2. Həmin müqavilənin 9.5.8-ci bəndinə görə Uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi və ya qüvvəsinin dayandırılması və ya uçuş işinə yararsız olduğu haqqında müvafiq Tibbi komissiyanın rəyinin olması əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdikləri hallardır.

3. Cavabdeh "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 122/ş nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədinin (uçuş heyəti şəhadətnaməsinin) qüvvəsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Uçuş heyəti şəhadətnaməsinin qüvvəsinin bərpasını təmin etmək üçün İddiaçı müvafiq təlimlərə cəlb edilsə də təlimlərin nəticələri uğurlu olmamış, habelə o, Cəmiyyət tərəfindən təyin olunan bəzi təlimlərdə iştirakdan imtina etmişdir. Buna görə də İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilməsi, İddiaçı əmək müqaviləsinə xitam verildiyi gün son haqq hesabının ödənilməsi Maliyyə və Mühasibat uçotu idarəsinə həvalə edilməsi, İnsan resursları idarəsinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinin işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməsinin və ya kağız daşıyıcıda ona təqdim edilməsinin təmin edilməsi əmr edilmişdir.

4. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00254 nömrəli arayışdan görünür ki, iddiaçı İMS-də iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci, 10 manat kargüzarlıq xərci ödənilmişdir.

5. Bakı 3 saylı Mediasiya Təşkilatının mediatoru X6 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş arayışdan görünür ki, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın üçüncü bəndində xx.xx.2025-ci il tarix yazılmalı olduğu halda texniki səhv olaraq xx.xx.2025-ci il tarix qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə xitam verilməsinə dair cavabdeh tərəfindən 18 fevral 2025-ci il tarixdə verilmiş 122/ş saylı Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə (işə) bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2010-cu ildə Milli Aviasiya Akademiyasını bitirmiş, 2010-2011-ci illərdə hərbi xidmətdə olmuşdur. 2011-2013-cü illər ərzində Zabrat aeroportunda 155 saat uçuş təlimi keçmiş, təlimlərdə olduğu müddətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Administrasiyasında 14 ATPL imtahanlarını verərək 2013-cü ildə CPL pilot şəhadətnaməsinə yiyələnmişdir. 3. İddiaçı Azərbaycan Milli Aviasiya Akademiyasında ali təhsil alaraq “mühəndis-təyyarəçi, hava gəmilərinin uçuş istismarı” ixtisası üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 23 may 2017-ci il tarixdən müddətsiz Əmək müqaviləsi (kontraktı) bağlamış, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq (Müqavilənin 2.1 və 2.2-ci bəndləri) 3 ay sınaq müddəti ilə əmək fəaliyyətinə başlamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Sərnişin Aviasiya Şirkətinin Heyətin Hazırlığı İdarəsinin Embraer170/190 hava gəmisinin stajçı pilotu kimi işimi davam etdirmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsində və “Beynəlxalq Aviasiya haqqında” Qanuna uyğun olaraq “Əmək müqaviləsi” üzrə işçinin funksiyalarını tamamilə, qüsursuz yerinə yetirmişdir. Ümumi olaraq 1919 saat 55 dəqiqə uçuş saatı var. İşlədiyi müddət ərzində heç bir təhlükəsizlik qaydalarını pozmayıb, sərnişinlərin təhlükəliliyinə heç bir şərait yaratmamışdır. Heyyətdə olan bütün Embraer 170/190 təyyarəsinin kapitanları ilə uçuşlar yerinə yetirmişdir. Uçduğu uçuş müddətində onların heç biri iddiaçı haqqında mənfi rəy bildirməyib. Şəxsi işi yoxlanılıb. Heç bir qüsur tapılmayıb. İldə iki dəfə tələb olunan uçuş təlim simulyatorunda imtahanlar vermişdir. Altı dəfə Fransa, bir dəfə Hollandiya, bir dəfə Rusiya Federasiyasında və bir dəfə Türkiyə Respublikasında təlimdə olmuşdur. Uçduğu təyyarə tipləri Cessna-172S, Atr-72, Diamond-20, Diamond-42, Piper-28, Embraer-170, Embraer-190. Hər il keçirilən təlimlərdə iştirak edib, bütün imtahanları yüksək nəticə ilə vermişdir. Flyco onlayn imtahanlarından ildə iki dəfə uğurla keçmişdir. 17 oktyabr 2018-ci il tarixdə yeni, müddətsiz “Əmək müqaviləsi” bağlanmış, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Sərnişin Aviasiya Şirkətinin Heyətin Hazırlığı İdarəsinin Embraer 170/190 hava gəmisinin 2- ci pilotu vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində müqavilə üzrə nəzərdə tutulmuş tədristəlimlərdə iştirak etmiş, xx.xx.2018-ci il tarixli “Əmək müqaviləsi”nə dəyişiklik edilmiş (Müqavilənin 8.2 bəndinə 12 yarım bəndlə əlavələr edilmişdir), əlavədə həmçinin, Cəmiyyətin xx.xx.2021-ci il tarixli 374 saylı Əmri ilə "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Uçuş xidmətinin Embraer 170/190 hava gəmisinin 2-ci pilotu İddiaçı oluna xx.xx.2022-ci il tarixdən etibarən təsbit olunmuş 6800 manat əmək haqqı təyin edilməsi əks olunmuşdur. Əmək müqaviləsi üzrə işçinin funksiyalarını layiqincə yerinə yetirdiyi nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yeni işəgötürəni (Nümayəndə) ilə müddətsiz “Əmək müaviləsi” bağlanmış, 09 yanvar 2024-cü il tarixdən Uçuşların İstehsalı İdarəsinin Uçuş xidmətinin Embraer-190 HG-nin ikinci pilotu vəzifəsində hesab olunmağı, aylıq əmək haqqının 1207 manat ödənilməsi (Əmək müqaviləsinə əlavə, Müqavilənin 8.2-ci maddəsi) təsdiq edilmişdir. Xidmətdə olduğu müddət ərzində müqavilə və əlavə olunmuş digər şərtləri yerinə yetirdiyi halda, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ilin sonu və 2025-ci ilin fevral ayında bir neçə dəfə iddiaçıya könüllü olaraq ərizə yazıb (öz xahişi ilə) işdən çıxmağı təkid etmiş, əks təqdirdə ixtisas üzrə digər iş yerlərində işləyə bilməyəcəyini bildirmişdir. İddiaçı bu halla razılaşmadığı üçün, 18 fevral 2025-ci il tarixdə Cəmiyyət rəhbərliyinin 122/ş saylı Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal olaraq uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlər ləğv edildikdə və ya qüvvəsi dayandırıldıqda və ya uçuş işinın yararsız olduğu haqqında Tibbi komissiyanın rəyi olduğu əsası ilə) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrdən çıxarış İnsan Resursları İdarəsi İR əməliyyatları şəbəsində xx.xx.2025-ci il tarixdə iddiaçıya təqdim edilsə də, Əmrin tam mətni, əmək kitabçası və digər haqq-hesab sənədləri (ödənclər) bu günədək ona verilməmişdir. Etirazını təkrar olaraq bildirsə də, nəticəsi olmamışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı işsiz qalmaqla bərabər, aylıq əmək haqqından da məhrum olmuşdur. Həmin gündən hazıradək mənəvi cəhətdən sarsılmış, maddi çətinliklərlə üzləşmiş, dolayısı yollarla təzyiqlərə məruz qalmışdır. “Əmək müqaviləsi”ndə (Müqavilənin 3.1-3.1.21-ci bəndləri) göstərilən işçinin funksiyalarına layiqincə əməl etməyinə baxmayaraq, barəsində verilmiş Əmri əsassız hesab edir. Mübahisənin qarşılıqlı anlaşma qaydasında həlli mümkün olmadığından, xx.xx.2025-ci il tarixdə Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişdir. Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi tərəfindən müraciət qeydiyyata alınmış və iddiaçıya xx.xx.2025 və xx.xx.2025- ci il tarixlərdə bildirilmişdir ki, “qanunvericilikdə nəzərdə tutulmuş müddətə müraciətə baxılıb cavabı ünvanınıza göndəriləcəkdir”. DƏMX-i 05 may 2025-ci il tarixli 3-17-5/2-M-40769/2025 saylı cavabla bildirilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Əmək Müfəttişliyi Bakı şəhər İdarəsinə müvafiq sənədlər təqdim edildiyi təqdirdə müraciətinizə baxılaraq cavab veriləcəkdir. Bununla yanaşı, Xidmət nümayəndəsi cavabı iddiaçıya təqdim etdiyi zaman, “Cəmiyyət bizə sənəd təqdim etmir, məhkəməyə müraciət et, məhkəmədə bizim nümayəndə də iştirak edəcəkdir” demişdir. Təəssüf olsun ki, hazırkı iddianı məhkəməyə təqdim etdiyi günədək DƏMX tərəfindən əlavə məlumat verilməmişdir. Bundan sonra əmək mübahisələrinin məhkəməyədək həlli baxımından, 07 may 2025-ci il tarixdə aidiyyəti üzrə Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh Cəmiyyət Mediasiya prosesində iştirak etmədiyindən, məcbur olub hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edir. Aldığı ali təhsilə uyğun eyni sistemdə qüsursuz işlədiyinə baxmayaraq Cəmiyyət rəhbərliyinin iddiaçı barəsində verdiyi Əmr qanuna ziddir. Çünki, onun qüsursuz xidməti əmək fəaliyyəti Cəmiyyət tərəfindən nəzərə alınmamış, müqavilə şərtlərinə əməl etməyinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi əsasları üzrə gəlinmiş nəticə qəbul edilməzdir və qərəzli xarakter daşıyır. İddiaçı hesab edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə işdən kənarlaşdırılmağı, onunla müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi rəhbərlik tərəfindən Əmək qanunvericiliyinin pozulması sayılr. Müqavilənin 9.5.2-ci bəndinə müvafiq olaraq səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduqda əsası göstərilmişdir. İddiaçı Cəmiyyətdə xidmət etdiyi müddət ərzində Tibbi komissiyanın rəyi ilə həmişə sağlam hesab edilmiş və bu barədə rəylər verilmişdir. Bu əsasla onunla bağanmış Müqaviləyə birtərəfli qaydada xitam verilə bilməz. Barəsində verilmiş xx.xx.2025-ci il tarixli 122/ş saylı Əmrin tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal olaraq uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlər ləğv edildikdə və ya qüvvəsi dayandırıldıqda əsası isə, tərəfimizdən Əmək müqaviləsinə edilmiş əlavələrdə əks olunmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdehlə aramızda bağlanmış Müqaviləyə əsasən əmək fəaliyyətinin davam etdirilməsi həmin əsasla Əmək müqaviləsinə xitam verilməsi halı təkzib olunur. Digər baxımdan, cavabdehin mənə qarşı tutduğu mövqe qərəzli omaqla bərabər, həm də ayrıseçkilik etmək baxımndan da qəbul edilməzdir. İddiaçı hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əməl edilməməklə cavabdeh tərəfindən onun barəsində verilmiş Əmr məhkəmə qaydasında ləğv edilməli, iddiaçının əvvəlki pilot vəzifəsinə bərpa olunmağı barədə qərar qəbul edilməlidir.

8. Cavabdeh "xxxx" QSC məhkəməyə ərizə təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin (elektron müqavilə) 9-cu bəndində əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin əsaslardan biri kimi “uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlər ləğv edildikdə və ya qüvvəsi dayandırıldıqda və ya uçuş işinə yararsız olduğu haqqında müvafiq tibbi komissiyanın rəyi olduqda” (əmək müqaviləsinin 9.5.8-ci bəndi) şərti müəyyən edilmişdir. Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 124-1- 7/3677-22 nömrəli məktubunda bildirilir ki, Beynəlxalq Mülki Aviasiya Agentliyi aparılmış audit yoxlamasının nəticəsinə uyğun olaraq DMAA-nın xx.xx.2022-ci il tarixli 81 nömrəli əmri ilə 134 pilotun mülki aviasiya pilotunun şəhadətnamələrinin hüquqi qüvvəsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Bu barədə İddiaçı məxsus kommersiya pilotunun şəhadətnaməsinə əlavədə “suspended” dayandırılıb qeydi yazılmışıdır. Uçuş işinin həyata keçirilməsinə buraxılmaq üçün müvafiq sənədlərin yenilənməsi, bunun üçün lazımlı təlimlərdə iştirak üçün cavabdeh tərəfindən iddiaçı ilə dəfələrlə əlaqə saxlansa da onun tərəfindən müvafiq addımlar atılmamışdır. Bununla da işəgötürənin əmək müqaviləsinin 9.5.8-ci bəndində göstərilən əsasla (uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlər ləğv edildikdə və ya qüvvəsini dayandırdıqda) əmək müqaviləsinə xitam vermək hüququ yaranmışdır. İşəgötürən tərəfindən əmək müqaviləsinin 9.5.8-ci bəndinə istinad etməklə həmin müqaviləyə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinin və 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinin tələblərinə uyğundur.

10. Cavabdeh "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti ötürüldüyü üçün İddiaçı iddia tələbinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməklə “əmrin ləğv edilməsi və s.” iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı “iddia tələbinin dəqiqləşdirməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə xitam verilməsinə dair cavabdeh tərəfindən 18 fevral 2025-ci il tarixdə verilmiş 122/ş saylı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəyə (işə) bərpa olunması, onun məhkəməyə müraciət etdiyi günədək maddi ziyan olaraq 136.679 manat məbləğində düzgün hesablanmamış əmək haqqı və son haqq-hesabın, 18.217 manat məbləğində ödənilməyən ezamiyyə xərclərinin və 20000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinin “əmək haqqı, son haqq-hesab və ezamiyyə xərclərinin ödənilməsi” hissəsi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3422/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Günay Abidova) ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə çəkilmiş mediasiya xərcinin İddiaçı aid edilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 68, 75, 290, 296, 297, 300, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.3, 32.4.2, 32.1.9, 35.1, 35.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 80, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq iddiaçı qeyd etmişdir ki, 18 fevral 2025-ci il tarixdə Cəmiyyət rəhbərliyinin 122/ş saylı Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndedən sənədlər ləğv edildikdə və ya qüvvəsi dayandırıldıqda və ya uçuş işinın yararsız olduğu haqqında Tibbi komissiyanın rəyi olduğu əsası ilə) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrdən digər haqq-hesab sənədləri (ödənclər) bu günədək verilməmişdir. Etirazını təkrar olaraq bildirsə də, nəticəsi olmamışdır. Cavabdehin hərəkətləri nəticəsində işsiz qalmaqla bərabər, aylıq əmək haqqından qalmışdır. Mübahisənin qarşılıqlı anlaşma qaydasında həlli mümkün olmadığından, xx.xx.2025-ci il tarixdə Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqana, Azərbaycan Respublikası ƏMDX-nə müraciəti qeydiyyata alınmış və ona xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə bildirilmişdir ki, “qanunvericilikdə nəzərdə tutulmuş müddətə müraciətə baxılıb cavabı ünvanınıza göndəriləcəkdir”. Təəssüf olsun ki məhkəməyədək baxımından, 23 aprel 2025-ci il tarixdə aidiyyəti üzrə Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh Cəmiyyət Mediasiya prosesində iştirak etmədiyindən, məcbur olub hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Əmr qanuna ziddir.. Çünki, qüsursuz xidməti əmək fəaliyyəti Cəmiyyət tərəfindən nəzərə alınmamış, müqavilə şərtlərinə əməl etməyinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi əsasları üzrə kənarlaşdırılmağı, müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi rəhbərlik tərəfindən Əmək qanunvericiliyinin pozulması sayılır. Belə ki, Müqavilənin 9-cu bəndinin şərtləri daxilində Əmək Məcəlləsinə müvafiq olaraq səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduqda əsası göstərilmişdir. Müqaviləyə birtərəfli qaydada xitam verilə bilməz. Barəsində verilmiş xx.xx.2025-ci il tarixli 122/ş saylı Əmrin tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal olaraq uçuş işinin həyata keçirilməsinə buraxılma əlavələrdə əks olunmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdehlə bağlanmış Müqaviləyə əsasən əmək fəaliyyətinin davam etdirilməsi həmin əsasla Əmək müqaviləsinə xitam verilməsi halı təkzib olunur. Əmək qanunvericiliyinin tələblərinə əməl edilməməklə cavabdeh tərəfindən barəsində verilmiş Əmr məhkəmə qaydasında ləğv edilməli, əvvəlki pilot vəzifəsinə bərpa olunmağı barədə qərar qəbul edilməlidir. Məhkəmə hazırlıq iclaslarının keçirilməsi zamanı cavabdehə əmək haqqı barədə çıxarışların təqdim edilməsini bildirmiş, cavabdeh həmin çıxarışları təqdim etdikdən sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Tələbinin məhkəmə tərəfindən aşağıdakı qaydada nəzərə alınmasını xahiş etmişdir: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə xitam verilməsinə dair cavabdeh tərəfindən 18 fevral 2025-ci il tarixdə verilmiş 122/Ş saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə (işə) bərpa və son haqq-hesabın, 18.217 manat məbləğində ödənilməyən ezamiyyə xərclərinin və 20000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 2(006)-3422/2025 saylı qətnaməsi ilə ilkin iddia tələbləri təmin edilməmişdir (hakim Günay Abidova). Cəmiyyət tərəfindən ona qarşı təzyiqin, ayrı-seçkiliyin edilməsi mülki iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunmasına baxmayaraq, İddiaçı “nəzərdə tutulmuş təlimlərdə iştirak etməkdən imtina etmişdir” faktını gündəmə gətirmiş, işdən azad edilmənin əsas səbəbləri göstərilmədən cavabdeh əmr verməklə əmək münasibətləri iştirakçılarının bərabərliyi prinsipini pozmuş, məhkəmə də bu halların araşdırılmasını aparmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə işdən kənarlaşdırılmağı, müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi rəhbərlik tərəfindən Əmək qanunvericiliyinin pozulması sayılır. Belə ki, Müqavilənin 9-cu bəndinin şərtləri daxilində Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla bağlanmış Əmək müqaviləsinə xitam verilə bilər. Müqavilənin 9.5.2-ci bəndinə müvafiq olaraq səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduqda əsası göstərilmişdir. Cavabdeh Əmək Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozmaqla, xx.xx.2024-cü il tarixli müddətsiz bağlanmış əmək müqaviləsinə, həmin tarixədək əmək müqaviləsinə edilmiş əlavələri nəzərə almadan, əmək müqqaviləsində tərəflərin nəzərdə tutuduğu hallara istinad edərək xx.xx.2025-ci il tarixli 122/ş saylı Əmri verməklə qanunvericiliyin tələblərini pozmuşdur. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir (tələbində göstərilmişdir). İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu maddənin 3-cü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər və hərəkətlər başa düşülməlidir. Məhkəmə təqdim etdiyi sənədlər əsasında araşdırma aparsaydı, sadalanan səbəbləri açıq-aşkar görərdi və yaxud görmüşsə də, dolatyı yollarla mənəvi ziyanın ödənilməsi hallarını maddi ziyan tələbindən ayıraraq işə bərpa ilə birlikdə baxıb qiymətləndirməklə səhvə yol vermişdir. Belə ki, iş materiallarına əlavə etdiyi sənədlərdə, təlim zamanı Zabrat hava limanında baş vermiş aviaqəza, bu yönümdə keçirilmiş toplantılarda susmağı, toplantıdan çıxarılmağı, aldığı xəsarətlər, Türkiyə Respublikasında keçdiyi təlimlər, ünvanına göndərilmiş təhqiredici və təhdidedici mesajlar, xx.xx.2024-cü il tarixdə baş vermiş aviaqəza nəticəsində dünyasını dəyişmiş ekipaj üzvləri ilə birlikdə xx.xx.2025-ci il tarixdə 2-ci pilot kimi yeni uçus reysinə təyin olunmağı və digər hallar birbaşa mənəvi ziyanın dəyməsi kimi qiymətləndirilməlidir.... Məhkəmə hər bir halda mənəvi ziyana qətnaməsində qiymət verirsə, ziyanla əlaqədar iddia müddətinin ötürülməməsi anlamına gəlinir. Kağız daşıyıcıda olan, lakin EMİS-də yerləşdirilməyən sənədlərə, sübutlara məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Mahiyyəti üzrə işə baxılması hallarında isə məhkəmə səhvə yol vermişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddi hüquq normasına əsasən, işçinin hüququnun pozulmasının aşkar edildiyi günişçiyə müvafiq əmrin (sərəncamın,qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə məlumatlandırildığı (elektron poçt, SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, xx.xx.2024-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “e” bəndi ilə xitam verilməsinə dair cavabdeh tərəfindən 18 fevral 2025-ci il tarixdə verilmiş 122/Ş saylı əmrin ləğv edilməsi, ƏM-nin 296.3-cü maddəsində göstərilən şərtlərin hamısının olması şərtləndirilməmiş, onlardan birinin olması yetərli hesab olunmuşdur. Əmək kitabçasının işçiyə təqdim edilməməsi, əmək haqqının məhkəmə proseslərinin gedişində ödənilməsi halları üzə çıxdığından, son haqqhesabın, ezamiyyə xərclərinin düzgün ödənilməməsi faktı ilə üzləşən məhkəmə tələblərin ayrılmasına dair manevr edərək qərardad qəbul etmişdir ki, bu qərardaddan da şikayət vermə nəzərdə tutulmamışdır. Hesab edir ki, bu normada göstərilən sənədlər işçi işdən çıxdığı gün mütləq ona təqdim edilməlidir. Nə qədər ki, əmək kitabçası bu günə qədər ona təqdim edilməmiş, əmək haqqı ödənişi davam edirsə, hüququnun pozulduğu günün müəyyən edilməsi düzgün aşkarlanmamışdır. Məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi səbəbi ilə tələbinin təmin edilməməsi əsassızdır, verilmiş əmr ləğv edilməli, işinə bərpa olunmalıdır. Qanunun 3.2-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28 və 29 maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Tərəf olaraq cavabdehə qanunun tələbi nəzərə alınmaqla mediasiya prosesi barədə təklif vermiş, cavabdeh sessiyada iştirak etməmiş, aralarında saziş bağlanmamış, mediasiya prosesi davam etdirilməmişdir. Mediasiya prosesinə qədər Əmək Müfəttişliyi Xidmətinə Cəmiyyətdə baş verən əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması və işinə bərpa olunmağı üçün müvafiq köməkliyin göstərilməsi barədə müraciət etsə də, nəticəsi olmamış, mənə DƏMX-i bilərəkdən hüquqlarını izah etməmiş, heç bir tədbir görməmiş, müraciətinə belə cavab verməmişdir. Məhkəmə, məhz bu səbəbdən də, fərdi əmək mübahisəsi olaraq məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi halı və mahiyyəti üzrə araşdırma aparmaması səbəbi ilə iddianı təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidməti və “Dövlət Mülki Aviasiya Agentliyi” PHŞ-nin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

21. 68.2 “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır.

22. 75-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: - “d” bəndi. bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

23. 75-ci maddəsinin 3-cü hissəsinə əsasən tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.

24. 75-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.

25. 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

26. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

27. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

28. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

29. 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

30. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

31. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

32. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

33. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3422/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək münasibətləri davam edən müddətdə müxtəlif vaxtlarda əmək müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixli əlavə və dəyişiklik barədə elektron əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin 9.5.8-ci bəndinə əsasən Uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi və ya qüvvəsinin dayandırılması və ya uçuş işinə yararsız olduğu haqqında müvafiq Tibbi komissiyanın rəyinin olması əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdikləri hallardır.

44. İşin mübahisəsiz halıdır ki, Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, 81 nömrəli əmri ilə həmin tarixdən etibarən əlavələrdə adları göstərilən mülki aviasiya müəssisələrinin aviasiya personalına məxsus şəhadətnamələrin qüvvəsinin müvəqqəti olaraq dayandırılması və onların əslinin 26 avqust 2022-ci il tarixdən gec olmayaraq Dövlət Mülki Aviasiya Agentliyinə təhvil verilməsi əmr edilmişdir. Əlavənin 109cu sırasında İddiaçı qeyd edilmişdir.

45. Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən "xxxx" QSC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Mülki Aviasiya Agentliyi insan amili ilə bağlı uçuşların təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı təhlükənin baş verə biləcəyinin qarşısını almaq məqsədilə auditdən dərhal sonra müvafiq qabaqlayıcı tədbirlərə başlamış və görülmüş ilkin zəruri tədbirlərlə yanaşı “instrumental uçuş” təlimlərinin Azərbaycan Respublikasının qoşulduğu Çikaqo Konvensiyasının 1 saylı Əlavəsində müəyyən edilmiş tələblərə uyğun olaraq təşkili məqsədilə Agentliyin 10 iyun 2022-ci il tarixli 65 nömrəli və 25 avqust 2022-ci il tarixli 81 nömrəli əmrləri ilə 134 pilotun Mülki aviasiya pilotu şəhadətnamələrinin hüquqi qüvvəsi dayandırılmışdır. Sözügedən şəhadətnamələrin hüquqi qüvvəsinin bərpası məsələsinə müəyyən edilmiş müvafiq tədbirlərin icrasından sonra baxıla bilməsi qeyd olunmuşdur.

46. Cavabdeh "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 122/ş nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsinin 9.5.8-ci bəndinə istinad edilmişdir.

47. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış iddiaçıya xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, iddiaçı daha sonra xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə cavabdehə təklif gödərmişdir. xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı almış və xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

48. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında əmək münasibətlərinin olması və iddiaçının Mülki aviasiya pilotu şəhadətnaməsinin hüquqi qüvvəsini dayandırması işin mübahisəsiz halıdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi də Mülki aviasiya pilotu şəhadətnaməsinin hüquqi qüvvəsinin bərpa edilməməsidir. İddiaçı bunun cavabdehin təqsiri səbəbindən olduğunu şifahi qeyd etsə də, mötəbər sübutlar təqdim etməmişdir.

49. Kollegiya qeyd edir ki, müvafiq şəhadətnamənin hüquqi qüvvəsi cavabdehdən aslı olmayan səbəblərdən - Dövlət Mülki Aviasiya Agentliyinin əmri ilə dayandırılmışdır. Belə əmrin verilməsində məqsəd insan amili ilə bağlı uçuşların təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı təhlükənin baş verə biləcəyinin qarşısını almaq olmuşdur. Həmin şəhadətnamənin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir.

50. Tərəflər arasında bağlanmış müqavilənin 9.5.8-ci bəndinə görə Uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi və ya qüvvəsinin dayandırılması və ya uçuş işinə yararsız olduğu haqqında müvafiq Tibbi komissiyanın rəyinin olması əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdikləri hallardır. Həmin müqavilənin 9.5.8-ci bəndi əmək məcəlləsinin əsas prinsiplərinə zidd olmamaqla əmək şəraiti təhlükəli olan müəssisələrdə həmin şərtlərin razılaşdırılması işçi və işəgötürənlərin, eyni zamanda üçüncü şəxslərin hüquq və mənafeləri baxımından çox əhəmiyyətlidir.

51. Kollegiya şikayətin “iddia müddətinin ötürülməsi əsası ilə tələbinin təmin edilməməsi” dəlilinə münasibətdə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin “əmrin ləğvi və işə bərpa” hissəsinə münasibətdə iddia müddəti tətbiq etməkdə məhkəmə haqlı olmuşdur. Hazırkı iş üzrə iddiaçı iddia müddətinin ötürülmədiyini hesab edir. Buna görə də iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə ərizə təqdim etməmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışı əldə etmiş (iddia ərizəsində qeyd edilmişdir) və hüquqlarının pozulduğunu bilmişdir. İddiaçı bu barədə X7 xidmətinə müraciət etsə də, məhkəməyə müraciət etmək üçün mediasiya təşkilatına və ya mediatora müraciət etməmişdir. İddiaçı qanunla müəyyən edilmiş (Əmək Məcəlləsi 296-cı maddəsinin 2-ci hissəsi) 1 aylıq iddia müddətini ötürdükdən sonra mediasiya təklifi göndərmiş və iddia müddətini ötürmüşdür.

52. Qanunverici “hüququnun pozulmasını aşkar etdiyi günü” işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün olaraq təsbit etsə də həmin normaya formal yanaşılmamalı, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə məlumat (əmrin əsası, qısa məzmunu, tarixi və nömrəsi) yerləşdirilmiş, əmrdən çıxarış təqdim edilmiş, artıq işə getmədiyi üçün işdən çıxarıldığını bildiyi mübahisəsiz olan işçinin, sözügedən sənədləri əldə etmək üçün ağlabatan müddət ərzində təşəbbüs göstərməməsi “hüququnun pozulmasını aşkar etdiyi gün”ün müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir.

53. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

54. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında ƏMin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün ƏM həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

55. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı”işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal iddımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

56. Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı”iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

57. Kollegiya iddia tələbinin və apellyasiya şikayətinin “məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının və mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddiaçının işə bərpa tələbi təmin edilmədiyi üçün dolayısı ilə məcburi iş buraxma dövrü də olmamışdır ki, iddianı bu hissədə təmin etməməkdə məhkəmə düzgün nəticəyə gəlmişdir. Mənəvi ziyanın ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, mənəvi ziyan şəxsin hüquqlarının pozulmasının nəticəsidir. Yəni şəxsin hüquqları qanunsuz və əsssız pozulmalıdır ki, onun zərərvurandan vurulmuş mənəvi ziyanın kompensasiyasını tələb etmək hüququ yaransın. Hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehin onun hüquqlarını pozması sübut edilmədiyindən, işəgötürənin (cavabdehin) təqsirli hərəkətləri müəyyən edilmədiyindən, cavabdehin hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi ziyana məruz qalması sübuta yetirilmədiyindən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla şikayətin təmin edilməsinə dair əsasların mövcud olmadığını hesab edir.

58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

59. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

60. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

61. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmənin iddia təmin edilmədiyinə görə iş üzrə çəkilmiş mediasiya xərclərinin iddiaçıya aid edilməsinə dair gəldiyi nəticə əsaslıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3422/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar