Məhkəmə qərarları › İş №2(103)-5665/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5665/2022

25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5665/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi ərizə tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndəiştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(001)- 2341/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi xx.xx.1992-ci il tarixdə doldurulduğu qeyd edilən əmək kitabçası xx.xx.1992-ci il tarixdə edilmiş aşağıdakı məzmunlu qeydlə başlayır: «məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Şuşa şəhəri 4 saylı orta məktəbdən Bakı şəhərində fəaliyyət göstərən Şuşa şəhəri 2 saylı orta məktəbə dəyişilərək ixtisası üzrə müəllimə təyin edilsin». xx.xx.1997-ci il tarixdə əmək kitabçasında aşağıdakı məzmunlu qeyd edilmişdir: «Şuşa şəhəri 4 saylı orta məktəbin müəllimi kimi onun pedaqoji stajı xx.xx.1979-cu ildən xx.xx.1992-ci ilə kimi 13 il hesablansın».

2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/315 saylı cavab məktubunda göstərilir ki, «keçmiş Dağlıq Qarabağ və ətraf rayonların (o cümlədən Şuşa şəhəri) Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtı ilə işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sorğuda qeyd edilən inzibati ərazi vahidi çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri barədə hər hansı məlumat yoxdur».

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubunda göstərilmişdir ki, «xx.xx.2021-ci il tarixli müraciətinizə əsasən yaşa görə əmək pensiyanızın yenidən hesablanması zamanı məlum olmuşdur ki, 1979-cu il tarixindən 1992-ci il tarixinədək əmək fəaliyyəti illəriniz əmək kitabçanızın surətində qeyd olunmadığı halda sığorta stajınıza daxil edildiyindən əmək pensiyanızın artıq ödənildiyi aşkarlanmışdır. Nəticədə sizə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 425,72 manat artıq ödəmə müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarı ilə sizə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və xx.xx.2021-ci il tarixli ərizənizə əsasən yaşa görə əmək pensiyanızın məbləği təqdim etdiyiniz sənədlər əsasında yenidən hesablanmışdır».

4. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, xx.xx.1979-cu ildən Şuşa şəhərinin 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və ərizəçi də həmin tarixdən eyni məktəbdə coğrafiya müəllimi kimi işləməyə başlamışdır. Onlar Şuşa şəhərinin 4 saylı orta məktəbində 1992-ci ilədək işləmiş, şəhər işğal olunandan sonra isə fəaliyyətlərini Bakı şəhərində yerləşən məktəbdə davam etdirmişlər. Qeyd olunanlar ona məxsus əmək kitabçasında mövcud olan qeydlərlə də təsdiq olunur.

5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, xx.xx.1974-cü ildən Şuşa şəhərinin 4 saylı orta məktəbində ibtidai sinif müəlliməsi kimi əmək fəaliyyətinə başlamış, ərizəçi isə həmin məktəbə xx.xx.1979-cu il tarixdə coğrafiya müəllimi olaraq gəlmişdir. Onlar Şuşa şəhərinin 4 saylı orta məktəbində 1992-ci ilədək işləmiş, şəhər işğal olunandan sonra isə fəaliyyətlərini Bakı şəhərində yerləşən məktəbdə davam etdirmişlər. Qeyd olunanlar ona məxsus əmək kitabçasında mövcud olan qeydlərlə də təsdiq olunur.

6. Apellyasiya baxışı zamanı ərizəçinin təqdim etdiyi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 iyul 2017-ci il tarixli, 2(003)-3302/2017 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X1 1974-cü ildən xx.xx.1992-ci ilədək Şuşa şəhərində yerləşən 4 saylı orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1979-cu il tarixdən 01 sentyabr 1992-ci il tarixədək Şuşa şəhəri 4 saylı orta məktəbdə müəllimə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ərizə tələbi belə əsaslandırılmışdır ki, ərizəçi 1957-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşa rayonu işğal olunana qədər Şuşa şəhərində öz evində yaşamışdır. Ərizəçi 01 sentyabr 1979-cu ildən 01 sentyabr 1992-ci ilin may ayına kimi Şuşa şəhəri 4 saylı orta məktəbdə coğrafiya müəlliməsi kimi çalışmışdır. 1992-ci ildə Şuşa şəhəri erməni quldurları tərəfindən işğal edilərkən ərizəçinin bütün əmlakı, əmək fəaliyyəti ilə bağlı bütün sənədləri (əmək kitabçası) evində qalaraq məhv olmuşdur. Həmin vaxtlar ərizəçi ilə birlikdə 4 saylı orta məktəbdə müəllimə işləmiş X4 və X3 akt tərtib edərək həqiqətən ərizəçinin 1979-1992-ci illərdə Şuşa şəhəri 4 saylı orta məktəbdə müəllimə işləməyini təsdiq etmişlər. xx.xx.2021-ci il tarixdə ərizəçiyə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı məlum olmuşdur ki, 1979-cu ildən 1992-ci il tarixədək əmək fəaliyyəti illəri ərizəçinin əmək kitabçasının surətində qeyd olunmadığı üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 425,72 manat artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ərizəçi onun 01 sentyabr 1979-cu il tarixdən 01 sentyabr 1992-ci il tarixədək Şuşa şəhəri 4 saylı orta məktəbdə müəllimə işləməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(001)-2341/2022 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) ərizə təmin edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, şahidlər birinci instansiya məhkəməsinin iclasında ifadə versələr də, lakin onların iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədləri mövcud olmamışdır. Nəticədə işin faktiki hallarının birincisi instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmadığını qeyd etmək olar.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

15. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir.

16. “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Qeyd edilməlidir ki, xüsusi icraat işlərinə mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Bu kateqoriyadan olan işlərə baxılarkən məhkəmələr tərəfindən maraqlı şəxslərin dairəsinin müəyyən edilərək onların işə cəlb edilməsi xüsusilə vacibdir. Hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar məsələlərin məhkəmələr tərəfindən obyektiv araşdırılması, ərizəçinin müvafiq hüquqi nəticənin əldə olunması üçün irəli sürdüyü bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi iş üzrə qəbul edilmiş məhkəmə aktlarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğu baxımından xüsusilə vacibdir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yəni, məhkəmə ərizəçinin tələbini təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə müvafiq hüquqi qiymət verərək ərizənin təmin olunub-olunmaması nəticəsinə gəlməlidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, xüsusi icraat qaydasında ərizəçinin hər hansı müəssisə, idarə və ya təşkilatda işləyib-işləməməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilərkən, eyni zamanda ərizəçinin pensiya hüququna malik olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi istisna edilir. Belə ki, ərizəçinin hər hansı müəssisədə işləməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair məhkəmə qətnaməsi onun pensiya hüququnun əldə edilməsi üçün kifayət edən əmək (sosial) stajının olub-olmaması məsələsinin həll edilməsini ehtiva etmir. Belə yanaşma xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən Mülki Prosessual Məcəllənin müvafiq normalarından irəli gəlir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

20. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

21. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

22. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

23. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Maraqlı şəxs tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilərək onun ləğv edilməsi və ərizənin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Maraqlı şəxsin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz, çünki onların ərizəçi ilə eyni dövrdə eyni iş yerində əmək fəaliyyəti göstərmələrinə dair sübutlar təqdim olunmamışdır.

30. Kollegiya qeyd edir ki, maraqlı şəxsin bu dəlili əsassızdır. Belə ki, şahidlərin əmək kitabçalarında onların ərizəçi ilə eyni dövrdə, eyni iş yerində əmək fəaliyyəti barədə müvafiq qeydlər aparılmışdır. Bununla yanaşı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 iyul 2017-ci il tarixli, 2(003)-3302/2017 saylı qətnaməsi ilə hazırkı iş üzrə şahid qismində dindirilmiş X1 1974-cü ildən xx.xx.1992-ci ilədək Şuşa şəhərində yerləşən 4 saylı orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət olunmuşdur.

31. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2341/2022 saylı iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar