Məhkəmə qərarları › İş №2(103)-5665/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5665/2023

28.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5665/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı iş üzrə (Açar sözlər: müavinətdən tutulmuş gəlir vergisinin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “müavinətdən tutulmuş gəlir vergisinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2093/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2006-cı il tarixdə əmək müqaviləsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə həmin idarədə böyük mühəndis vəzifəsinə keçirilmişdir.

2. xx.xx.2023-cü il tarixli, 14-2-4/3-1K-7/2023 nömrəli Əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmiş, Socar və ANQSİHİRK arasında 2020-2023-cü illər üçün X10 5.16-cı bəndinə əsasən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən İddiaçı müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən yaşa görə təqaüdə çıxan işçilərə ödənilən müavinətin 1000 (bir min) manatadək olan hissəsi gəlir vergisindən azad olduğu və bu səbəbdən orta əmək haqqının beş misli məbləğinin tamamilə gəlir vergisindən azad olmasının heç bir qanuni əsası olmadığı qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 2.374,40 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkminləşdirilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X14 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli, 57/06- 19 nömrəli birgə Əmr-Qərarında göstərilmişdir ki, “Bu əmr-qərar verildiyi tarixdən habelə 22 may 2009-cu il tarixindən etibarən qanjnvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir”. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. O dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunvericiliklə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat cürbəcür bəhanələrlə müavinəti tam şəkildə ğdəməkdən imtina etmişdir. İşdən çıxma ilə bağlı Dövlət Neft Şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir və onu da bildirmək istəyir ki, Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış və Dövlət Neft Şirkətinin bəzi İdarələri isə məhkəmə araşdırılmasını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə qaytarmışlar. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır və qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır

6. Bundan sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Geofizika və Geologiya İdarəsi ilə əmək münasibətlərində olduğu halda, iddia ərizəsində səhvən cavabdeh qismində həmin idarənin yuxarı təşkilatı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətini göstərmişdir, yəni iddia cavab verməli olmayan şəxsə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq iddia ərizəsi üzrə ilk cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir.

7. Məhkəmə həmin ərizəyə əsasən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əvəz edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar işçinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar, orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanladığı ərizəsinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra ARDNŞnin və ANQSİHİRK-nin xx.xx.2012-ci il tarixli, 81/14-29ə nömrəli birgə əmr-qərarına əsasən həmin məbləğ iddiaçıya ödənilmişdir. AR Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən yaşa görə təqaüdə çıxan işçilərə ödənilən müavinətin 1.000 (bir min) manatadək olan hissəsi gəlir vergisindən azad edilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ona ödənişin digər növünə aid olan pul vəsaiti ödənilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Repsublikası Vergi Məcəlləsinə əsasən iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin tamamilə gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. İşdənçıxma müavinətinin hüquqi mahiyyəti, onun müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işdənçıxma müavinəti işçiyə, yalnız onunla bağlanmış əmək müqaviləsi, həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin “c” və “ç” bəndlərinə və 74-cü maddəsinin “a” və “c” bəndinə əsasən, ləğv edildiyi halda, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, ödənilir. Başqa sözlə, işçinin işdənçıxma müavinətini almaq hüququ, onun işəgötürənlə olan əmək münasibətlərinə yuxarıda göstərilən əsaslarla xitam verildikdə yaranır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi, ARDNŞ-nin və ANQSİHİRK-nin sözügedən birgə əmr-qərarına əsasən, iddiaçı orta aylıq əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir, bu səbəbdən, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyqun olaraq fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. Geofizika və Geologiya İdarəsi kommersiya təşkilatı olduğu üçün işdən azad olan işçilərə ödənilmiş sözügedən orta aylıq əmək haqqının beş misli məbləğləri idarənin kommersiya fəaliyyətindən əldə olunan mənfəətdən ödənilir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2093/2023 saylı qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “müavinətdən tutulmuş gəlir vergisinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim X7).

10. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində ödənilmiş birdəfəlik müavinət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti hesab edilmədiyindən, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işçiyə işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, həmin müavinət Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4- cü maddəsinə əsasən gəlir vergisindən azad olan təminatlara şamil edilmir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş müavinətin gəlir vergisinə cəlb edilməsi qanuni və əsaslı olmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü, 77.3-cü maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə və “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, işdənçıxma ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmamalı idi. Belə ki, Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onlardan qanunsuz tutulmuş məbləğlər artıq geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi İdarələri isə məhkəmə araşdırmalarını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği sabiq işçilərə qaytarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3.7-ci maddəsinə əsasən kollektiv saziş - müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır; 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; 7.3-cü maddəsinə əsasən kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər; 69-ci maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır; 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməlidir.

24. Belə ki, cavabdeh təşkilatda işləmiş iddiaçı pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən azad edilmiş, bununla bağlı əmrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X17 Həmkarlar İttifaqı Respublikası Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən ona orta əmək haqqının 5 misli məbləğində müavinət verilməsi əmr edilmişdir. Hazırda iddiaçı ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətin tam məbləğdə ödənilməsini tələb edir.

25. Məhkəmə kollegiyası Əmək Məcəlləsinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X17 Həmkarlar İttifaqı Respublikası Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişi işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.

26. Başqa sözlə, Əmək Məcəlləsində işçilərin hüquq və təminatları ilə bağlı minimum tələblər göstərilmişdir, işəgötürən öz təşəbbüsü ilə işçilər üçün daha geniş təminatlar müəyyən edə bilər. X15 bu sahədə çalışan işçilər üçün əmək qanunvericiliyinə nisbətən daha geniş imkanlar - əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və sair nəzərdə tutur.

27. X12 əsasən iddiaçıya pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən çıxdığı halda müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi zamanı verginin tutulması heç bir halda tərəflər arasında bağlanılmış kollektiv sazişin məqsədinə uyğun gəlmir.

28. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, işəgötürənin öz təşəbbüsü ilə işçilər üçün əlavə təminatlar müəyyənləşdirildiyi halda bununla bağlı ortaya çıxa biləcək bütün vergi və sair maliyyə yükünün işçinin üzərinə qoyulması əmək qanunvericiliyinin tələblərinə və hüquqi-müəyyənlik prinsipinin hüquqi təbiətinə ziddir.

29. Digər tərəfdən, hazırki mülki işin halları baxımından işçiyə ödənilmiş müavinətdən verginin tutulması müəyyən olunduğu təqdirdə belə bu işçidən yox, həmin sazişi bağlamış, bununla bağlı maliyyə və vergi risklərini görən və bu yükü öz üzərinə götürən işəgötürəndən tutulmalı idi.

30. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2093/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı iddiası təmin edilməlidir.

31. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2093/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən ödənilmiş müavinətdən gəlir vergisi kimi tutulan 2.374,40 (iki min üç yüz yetmiş dörd manat, qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar