Məhkəmə qərarları › İş №2(103)-5667/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5667/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5667/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, İddiaçı və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona olan borclarının ödənilməsi məqsədi ilə (36.000+5.000=) 41.000 manat və avtomobilin təmiri üçün tələb olunan pul vəsaitinin – 8.750 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında dostluq münasibətləri olmuşdur. 2017-ci ildə Cavabdeh2 iddiaçıya Cavabdeh1 iş təklifi barədə məlumat vermiş və bildirmişdir ki, Cavabdeh1 tanışı olan və “xxxxx” Şirkətində işləyən Cəlal adlı şəxs təklif edir ki, onlar, həmin Şirkət tərəfindən hərraca münasib aşağı qiymətə çıxarılmış 2002-2003-cü il buraxılışlı avtomobillərdən bir neçəsini alsınlar. İddiaçı təklif ilə razılaşaraq Cavabdeh1 ilə Şirkətinin həyətindəki avtomobillərə baxmış və almaq üçün 16 ədəd avtomobili seçmişdir. İddiaçı avtomobilləri almaq üçün Dövlət Gömrük Komitəsinin Avtoterminal Birliyinin bank hesabına 60.500 manat ödəməli idi. Dövlət Gömrük Komitəsinin Xosrov adlı işçisi iddiaçıya avtomobillərin siyahısını göstərmiş və siyahıda iddiaçının seçdiyi avtomobillərin olduğunu bildirmişdir. İddiaçı, həmin siyahını imzalamış və öz vəsaiti hesabına, X1 bank hesabına 8 ədəd avtomobilə aid ödənişi öz adından, qalan 8 ədəd avtomobilin ödənişini isə Cavabdeh2 adından, ümumilikdə 60.500 manat məbləğində pulu ödəmişdir. Bir neçə aydan sonra, iddiaçıya xəbər verilmişdir ki, avtomobilləri götürə bilər. Təxliyə nəqliyyat vasitəsi ilə avtomobilləri “xxxxx” Şirkətindən götürəndə, iddiaçıya məlum olmuşdur ki, ona, seçdiyi avtomobilləri deyil, başqa və təmirsiz avtomobilləri veriblər, baxmayarq ki, Cavabdeh1 söz vermişdir ki, iddiaçıya seçdiyi avtomobillər veriləcək. Başqa çıxış yolu olmadığına görə, iddiaçı Şirkət tərəfindən verilən avtomobillər təhvil almışdır. Bundan sonra, yəni 2018-ci ilin sonunda cavabdehlər onun yanına gələrək, daha yaxşı vəziyyətdə olan 32 ədəd avtomobilin siyahısını ona göstərmiş, avtomobillərin alınması üçün 160.000-170.000 manat pula ehtiyaclarının olmasını bildirmişlər. Bu işdə cavabdehlərə köməklik etməsi üçün iddiaçı və Cavabdeh1 Dövlət Gömrük Komitəsinin Avtoterminal Birliyində çalışan Murad adlı vəzifəli şəxsin qayınatası olan, Bakı Dövlət Universitetinin dosenti Eldar müəllimlə görüşmüş və Eldar müəllimin razılığı ilə, sonuncunun adından, Murada müraciət etmiş və müəyyən danışıqlar aparmışlar. Söhbət zamanı belə razılığa gəlmişlər ki, 32 ədəd avtomobilin hərracdan alınması üçün 160.000 manatı 3 aya hissə-hissə ödəyə bilərlər. Bundan sonra iddiaçı 10.000 manatı dostu Nazimdən borca alaraq, üstünə də 46.500 manat pul qoyaraq, ümumilikdə 56.500 manatı Cavabdeh1 vermişdir ki, avtomobillərin alınması üçün ilkin məbləğ kimi Murada versin. Həmçinin, Cavabdeh1 iddiaçıya bildirmişdir ki, işlərinin tez alınması və avtomobillərin hərracdan onlara satılması üçün Murada 1 ədəd “Toyota Prado” markalı avtomobil bağışlamaq lazımdır. İddiaçı bu təklif ilə razılaşmışdır. Daha sonra Cavabdeh1 iddiaçıya demişdir ki, 56.500 manatı Murada çatdırıb və 1 ay müddətinə avtomobillər onlara təhvil verəcəklər. Şərtləşdirilmiş zaman keçsə də avtomobillər iddiaçıya təhvil verilməmiş və iddiaçı bununla əlaqədar Muradla görüşmüş və Murad iddiaçıya bildirmişdir ki, Cavabdeh1 ona nə avtomobil, nə də pul verməyib, ümumiyyətlə onunla Cavabdeh1 arasında bu barədə söhbət olmayıb. Bu söhbətdən sonra iddiaçıya bəlli olmuşdur ki, cavabdehlər onu aldadıb, pulunu mənimsəmişlər. Odur ki, xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdehlər ilə görüşmüş və 56.500 manat məbləğində pulunun qaytarılmasını cavabdehlərdən tələb etmişdir. Söhbətlər zamanı iddiaçıya məlum olmuşdur ki, cavabdehlərin Murada verilməsini bildirdikləri “Toyota Prado” markalı avtomobil cavabdehlər tərəfindən Şahin adlı maşın alverçisinə Cavabdeh1 sonuncuya olan 10.000 manat məbləğində borcunun əvəzinə verilmiş, Şahin isə avtomobili 19.500 manata Fatmai kəndində yaşayan şəxsə satmışdır. Bundan başqa iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 adına rəsmiləşdirilmiş 5 ədəd avtomobili cavabdehlər xx.xx.2019cu il tarixdə dostları Nazim Dadaşovun adına keçirmişlər. Görüş zamanı cavabdehlər iddiaçıya yazılı iltizam vermişlər ki, onların iddiaçıya 56.500 manat borcları var. Bundan sonra cavabdehlər iddiaçıya 25.000 manatı qaytarmış, qalan 31.500 manatı isə qaytarmamışlar. xx.xx.2019-cu il tarixdə iddiaçı şikayət ərizəsi ilə Yasamal Rayon Prokurorluğuna müraciət etmiş və onun ərizəsi araşdırılması üçün 28-ci Polis Bölməsinə göndərilmişdir. Polis Bölməsində aparılmış araşdırma zamanı cavabdehlər iddiaçıya 31.500 manat məbləğində borclarının qaldığını etiraf etmişlər. İddia ərizəsində daha sonra qeyd edilir ki, iddiaçı ilə cavabdehlərin arasında olmuş razılaşmaya əsasən avtomobillərin satışından əldə olunan qazancdan cavabdehlərə 50% miqdarında pul verməli idi. Avtomobillərin 9 ədədi satılıb, 7 ədədi qalır. Cavabdehlər avtomobillərin alınması üçün iddiaçıya əvəzi ödənilmədən köməklik edəcəklərinə dair hər hansı bir öhdəlik götürməmiş və iddiaçının qarşısında belə öhdəlikləri olmamışdır. İddiaçı avtomobillərin satışından əldə olunacaq qazancdan cavabdehlərə pul verməli idi. Lakin cavabdehlər öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçının onlara hər hansı öhdəliyi yaranmayıb. Bundan başqa, Cavabdeh2 iddiaçıdan 5.000 manat məbləğində pulu borc almışdır. Həmçinin yuxarıda qeyd edilən avtomobillərin içində “Mitsubishi Pajero” markalı **- LL-*** dövlət qeydiyyat nişanlı avtomobil var idi. Avtomobil təmirsiz vəziyyətdə idi. Təmirə 9.000 manata qədər xərc lazım idi. Cavabdeh1 avtomobili ucuz qiymətə Şahin adlı şəxsə satmışdır. Lakin sonradan məlum olmuşdur ki, Şahin həmin avtomobili elə öz qiymətinə almışdır. Cavabdeh1 iddiaya qarşı etirazı ondan ibarət olmuşdur ki, o, qardaşı (cavabdeh) Cavabdeh2 və iddiaçı ilə birlikdə “xxxxx” Şirkətinə məxsus olan 2002-2003-cü il buraxılışlı avtomaşınları hərrac yolu ilə ucuz qiymətə almağa razılaşmışlar. 16 ədəd maşın seçmişlər və hərracdan xx.xx.2018-ci il tarixdə Rövşən və iddiaçı hər biri 8 avtomobil almışlar. Rövşən 8 avtomobil üçün 27.000 manat pul ödəmişdir. Rövşənin ödədiyi vəsait özlərinə məxsus olmuşdur. Hərə öz avtomobillərinin pulunu ödəmişdir. Avtomobilləri Rövşənin və iddiaçının adına sənədləşdirəndən sonra Rövşənin adına olan 3 avtomobili və iddiaçının adına olan 5 avtomobili satmışlar. Həmin avtomobillərdən 3 ədəd avtobusu 39.000 manata, 1 ədəd “Toyota Prado”nu 16.500 manata, 1 ədəd pikapı 8.000 manata, 1 ədəd “Mitsubishi Pajero”nu 9.500 manata, 1 ədəd “Toyota Prado”nu 8.000 manata, “X2”nı 16.500 manata olmaqla satmışlar və ümumilikdə 97.500 manat vəsait əldə etmişlər. Bütün vəsait iddiaçıda olmuşdur. 1 ədəd avtomobilin təmiri ilə birlikdə dəyəri 6.000 manat təşkil edir. Satılmış 8 avtomobilin dəyərini təşkil edən 48.000 manat 97.500 manatdan çıxılandan sonra, yerdə qalan 49.500 manat qazanc iki yerə bölünməli, 24.750 manat ona və Rövşənə, qalan 24.750 manat isə iddiaçıya çatmalı idi. O, iddiaçıdan öz ehtiyacları üçün hissə-hissə 31.500 manat pul almışdır. 25.000 manat isə ikinci dəfə alacaqları avtomobil üçün alınmışdır. İddiaçıdan aldıqları 25.000 manatı xx.xx.2019-cu il tarixdə qaytarmış, 31.500 manat isə qalmışdır. İddiaçı avtomobillərin satışından onlara hər hansı bir məbləğdə vəsait ödəməmişdir. İddiaçı borcu qaytarmalarının təminatı kimi oyun quraraq Rövşənin adına olan beş avtomobili dostu Nazimin adına keçirtmişdir ki, pulunu qaytarandan sonra avtomobilləri onlara geri qaytarsın. Həmin vaxt onların iddiaçıya həqiqətən 56.500 manat məbləğində borcları yarandığına görə çarəsiz qalaraq iddiaçının təklifinə razılaşmışlar. 56.500 manatın 25.000 manatı ikinci dəfə alınmalı avtomobillər üçün iddiaçının onlara verdiyi vəsait, qalan 31.500 manatı isə birinci dəfə alınan avtomobillərin satışından hissə-hissə iddiaçıdan aldığı məbləğdir. Onlar xx.xx.2019-cu il tarixdə iddiaçıya 56.500 manat borcları olması və bu borcu xx.xx.2019-cu il tarixə kimi iddiaçıya qaytarmağı öhdələrinə götürmələrinə dair qəbz yazmışlar. Həmin qəbzi o, Rövşən, Nazim və iddiaçı imzalamışlar. xx.xx.2019-cu il tarixdə onlar iddiaçıya 25.000 manat pul qaytarmışlar və beş avtomobildən ikisini onun adına qaytarması tələb etmişlər ki, həmin iki avtomobili sataraq iddiaçıya qalan 31.500 manat borcu da qaytarsınlar və bundan sonra iddiaçı dostu olan Nazimin adında olan üç avtomobili də Rövşənin adına geri qaytarsın. Lakin iddiaçı bu təklif ilə razılaşmamış və 31.500 manat tam ödəniləndən sonra ona məxsus beş avtomobilin hamısını geri qaytaracağını bildirmişdir. Bundan sonra onlar anlamışlar ki, iddiaçı onları aldatmış və avtomobilləri ələ keçirməklə yanaşı, 8 aydan artıq müddətdə avtomobillərin alınması və sənədəşdirilməsi üçün onların çəkdiyi əziyyətin qarşılığında ona və Rövşənə pul vermək niyyətində deyil. Bu səbəbdən qalan 31.500 manatı iddiaçıya ödəməmişlər. Hazırda, o, və Rövşən iddiaçıya 31.500 manat məbləğində borclarının olmasını etiraf edirlər, lakin iddiaçı onları aldadaraq Nazimin adına sənədləşdirdiyi beş ədəd avtomobili geri qaytardığı təqdirdə, 31.500 manat borcu iddiaçıya ödəməyə razıdırlar. 31.500 manatdan əlavə onların iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Digər Cavabdeh2 iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, o və qardaşı Babək iddiaçıya 31.500 manat məbləğində borclarının olmasını danmırlar, lakin iddiaçı onları aldadaraq dostu Nazimin adına sənədləşdirdiyi beş ədəd avtomobili geri qaytarmalıdır. Bu təqdirdə, onlar 31.500 manat məbləğində borcu iddiaçıya ödəməyə razıdırlar. Qeyd edilən məbləğdən başqa onların iddiaçıya başqa borcları yoxdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi, 31.500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsinin əsaslandığı iltizam həqiqəti əks etdirmir, hədə-qorxu, təzyiq altında yazılmışdır. Onlar bu qəbzi çarəsiz qalaraq iddiaçının təzyiqi altında imzalamışlar. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia tələbinə qarşı vermiş olduqları etirazların məzmununa uyğun izahat verdi. Cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etmədi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia qismən təmin edilsə və iddianın bir qismi təmin edilməsə də, İddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, onlar iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirirlər. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirlən hissəsinin əsaslılığını yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, iddiaçı avtomobil ticarəti ilə məşğul olmaq üçün cavabdehlərlə razılaşmışdır. Sonuncu dəfə iddiaçı cavabdehlərə 56.500 manat məbləğində pul vermişdir. Cavabdehlər həmin məbləğin müqabilində görüləcək işdən əldə olunacaq gəlirdən yarısını iddiaçıya verəcəyini öhdələrinə götürmüşlər. Lakin aralarında olan razılığa baxmayaraq, cavabdehlər iddiaçı qarşısında üzərilərinə götürdükləri öhdəliyi icra etməmişlər. Cavabdehlər bu halı mübahisələndirmirlər. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi ondan ibarətdir ki, cavabdehlər öhdəliyi icra etmədikləri üçün onların iddiaçıya 31.500 manat məbləğində borcları yaranmışdır. Cavabdehlər bu halı da mübahisələndirmirlər, lakin bildirirlər ki, iddiaçı dostu Nazimin adına sənədləşdirdiyi beş ədəd avtomobili geri qaytardığı halda onlar 31.500 manat məbləğində borcu iddiaçıya ödəyəcəklər. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli ilə və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən müzakirə edilən tələbin həllinə yanaşdıqda müəyyən edilir ki, tələb əsaslıdır və Rayon Məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşdur. Cavabdehlərin irəli sürdükləri şərtə, yəni “iddiaçı dostu Nazimin adına sənədləşdirdiyi beş ədəd avtomobili geri qaytardığı halda onlar 31.500 manat məbləğində borcu iddiaçıya ödəyəcəklər” şərtinə gəldikdə isə Məhkəmə bildirir ki, bu şərt yuxarıda qeyd edilən tələbin rədd edilməsi üçün əsaslı deyil. Əgər cavabdehlərin həmin 5 avtomobillə bağlı iddiaçıya qarşı tələbləri varsa onda onlar iddiaçıya qarşı müvafiq iddia tələbi ilə müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidirlər. Cavabdehlər apellyasiya şikayətində həmçinin qeyd edirlər ki, onların iddiaçıya verdikləri və Rayon Məhkəməsinin əsaslandığı iltizam həqiqəti əks etdirmir. Çünki onlar həmin iltizamı hədə-qorxu, təzyiq altında yazmışlar. Məhkəmə cavabdehlərin bu dəlillərini əsaslı saymır. Belə ki, həmin iltizamda qeyd edilən xüsusatlar cavabdehlərin Rayon Məhkəməsinə verdikləri izahatlarında da öz əksini tapmışdır. Beləliklə də, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar