Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5667/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə Açar sözlər: mənzilə köçürülmə X1 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3957/2025 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X14 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli orderə əsasən Bakı şəhəri, Əhmədli qəsəbəsi, məhəllə 2942, 29 saylı evin, 103 saylı mənzili ailə üzvləri ilə (X3, Cavabdeh, X4) birlikdə X5 istifadəsinə verilmişdir. Sonradan həmin mənzilin ünvanı dəyişmiş və nəticədə Bakı şəhəri, General Şıxlinski küçəsində yerləşən 40 sayı evin, 103 saylı bu mənzili üzərində X5 mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış, bununla bağlı sonuncuya Bakı şəhər İcra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Qeydiyyat vəsiqəsi verilmişdir. X9 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bundan sonra həmin mənzil üzərində onun oğlu, Cavabdeh (bundan sonra cavabdeh) mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mənzil hazırda da mülkiyyətindədir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin mənzildə pasport qeydiyyatındadırlar.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, qeydiyyatda olduqları ünvan 2 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.
3. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, onlar ailə üzvləri ilə birlikdə Bakı şəhər, Xətai rayon, G.Şıxlinski küçəsi, ev 40, mənzil 103 unvana 1992-ci ildə pasport qeydiyatında olmuşdurlar. Keçmiş mülkiyyətçi öldüyü üçün onun oğlu Cavabdeh digər vərəsələrin icazəsi olmadan vərəsəliyi qəbul edərək, həmin mənzillə bağlı öz adına çıxarış almışdır. Cavabdeh Bakı şəhər, Xətai rayon, G.Şıxlinski küçəsində yerləşən 40 saylı evin, 103 saylı mənzilini adına keçirdikdən sonra məhkəmədə iddia qaldıraraq onların mənzildən pasport qeydiyyatından çıxarılması barədə tələb irəli sürmüşdür.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3957/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. (hakim X6)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçılar cavabdehin ailə üzvü olmamaqla həmin mənzildə qeydiyyatda olsalar da, onların mübahisəli mənzilə dair istifadə hüququ yaranmadığından və cavabdeh həmin mənzilin mülkiyyətçisi olduğundan, iddia tələbi əsaslı deyil.
6. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumunları iddiaçıların özünə aid edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 159-cu, 164-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini Mənzil Məcəlləsinin 30-cu və Mülki Məcəllənin 228-ci maddələrinə istinad edərək iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, o, 1992-ci ildən mübahisəli mənzildə pasport qeydiyyatındadır. Bundan əvvəl də həmin mənzildə yaşamışdır. 1992-ci ildə nikaha daxil olduqdan sonra da həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamağa davam etmiş, 1995-ci ilə kimi həyat yoldaşı Rusiya Federasiyasına gedib-gəlmiş, 1995-ci ildən etibarən isə onlarla birlikdə həmin mənzildə qalmışdır. 2011-ci ilə kimi mübahisəli ünvanda daimi yaşamışlar, həmin tarixdən sonra qaynının köməkliyi ilə başda fərdi yaşayış evi inşa edərək, həmin evə köçmüşlər. Lakin mütəmadi olaraq mübahisəli mənzilə getmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı1 əvvəllər həmin mənzildə yaşamış, atasının qohumu Nazimlə nikaha daxil olduqdan sonra isə atası Xıdır onlar üçün Bakı şəhərinin Sabunçu rayonunda ayrıca ev alaraq, onları həmin evə yerləşdirmişdir. İddiaçının uşaqları da həmin evdə doğulmuş və orada məktəbə getmişdilər. İddiaçı 1993cü ildən mübahisəli mənzildə yaşamır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin mövqeyinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən digər iddiaçılar məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə kollegiyası işə həmin iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; 53-cü maddəsinin ikinci hissəsinə əsasən həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar; 53-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 53-cü maddənin dördüncü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir; 54-cü maddəsinin ikinci hissəsinə əsasən həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir; 54-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə yalnız İddiaçı1 tərəfindən mübahisələndirildiyindən, qətnamə yalnız ona aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi və prossesual hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməyərək, öz mövqeyini düzgün əsaslandırmamışdır. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, mübahisəli mənzil xx.xx.1978-ci il tarixli order əsasında ailə üzvləri ilə birlikdə (X3, Cavabdeh, X4) cavabdehin atası X7 verilmişdir. İddiaçı1 (bundan sonra iddiaçı) X5 nəvəsidir. İddiaçı icarədarı babası olan mübahisəli mənzildə yaşamış və həmin mənzildə onunla birgə təssərrüfat aparmışdır. Həmin mənzilə dair X5 mülkiyyət hüququ 2004-cü il tarixdə qeydiyyata alınmış, onun xx.xx.2008-ci il tarixdə ölümündən sonra isə mənzil 2023cü ildə cavabdehin, yəni iddiaçının dayısının mülkiyyətinə keçmişdir və hazırda da sonuncunun mülkiyyətindədir.
24. Bu baxımdan həmin mənzildən istifadə edilməsi ilə bağlı iddiaçı ilə cavabdehin atası arasında münasibətlər xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.
25. Bununla belə, məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzilə köçürülməsi məsələsinə qiymət verməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinin araşdırılmasının zəruriliyini, habelə mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 2009-cu ildən əvvəl yaranmasını və bu baxımdan hazırki mübahisənin xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, icarədar X5 razılığı ilə həmin mənzilə köçürülərək, orada yaşayan iddiaçının mənzildən istifadə hüququ yaranmışdır.
26. İddiaçı 1993-cü ildə nikaha daxil olmuşdur. Cavabdeh də iddiaçının nikaha daxil olduqdan sonra mübahisəli mənzili daimi əsaslarla tərk etdiyini və iddiaçının onun atası Xıdır tərəfindən onlar üçün Bakı şəhəri Sabunçu rayonu ərazisində aldığı evə köçərək ailəsi (digər iddiaçılar) ilə birlikdə həmin evdə yaşadığını, başqa sözlə, 1993-cü ildən mənzildə yaşamadığını bildirir.
27. İddiaçı 1993-cü ildə deyil, 2011-ci ildən başqa ünvanda yaşadığını bildirir. Lakin bu halı sübuta yetirə bilmir. Verilən suallardan iddiaçının uşaqlarının da Sabunçu rayonunda yerləşən orta məktəbdə oxuduqları müəyyən edilir. Bütün bunlar öz növbəsində iddiaçının nikaha daxil olduqdan sonra (1993-cü ildə) həmin mənzili özünə məxsus bütün əşyalarla birlikdə daimi əsaslarla tərk etdiyini və daimi əsaslarla yaşamaq üçün başqa ünvana köçdüyünü təsdiq edir. Başqa sözlə, iddiaçının uzun illərdir ki, mübahisəli mənzildə yaşamaması onun başqa yaşayış sahəsi əldə etməsi, bu mənzildən yaşayış sahəsi kimi istifadə edilməsinə hər hansı ehtiyacının qalmaması ilə bağlı olmuşdur. Bununla da iddiaçı hüquqi nəticə etibarı ilə həmin mənzilə olan istifadə hüququnu itirmişdir. Bu hadisənin 1993-cü ildə deyil, 2011-ci ildə baş verməsi, habelə iddiaçının atasının 2004-cü ildə həmin mənzilə mülkiyyət hüququ əldə etməsi də iddiaçıya münasibətdə hər hansı başqa hüquqi nəticələrə səbəb olmur. Qeyd edilənlər iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 mübahisəli mənzilə münasibətdə istifadə hüququnun yaranmasına, lakin sonradan onun həmin hüququnu itirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi, hüquqi nəticə etibarı ilə səhv olaraq ümumiyyətlə bu iddiaçının həmin mənzil üzərində istifadə hüququnun olmaması qənaətinə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan - “İddiaçı1 mənzilə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi” hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3957/2025 saylı qətnaməsi yoxlanılan - “İddiaçı1 mənzilə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.