Məhkəmə qərarları › İş №2(103)-5668/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5668/2022

17.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5668/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “övladları ilə birlikdə evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(001)-2534/2022 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, həmin ünvanda pasport qeydiyyatında olan azyaşlı övladları xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə ünvan 4ə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü il tarixdə yetkinlik yaşına çatmadığından cavabdehlə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, toydan sonra cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayondakı iki otaqlı mənzilinə gəlin gəlmiş, bir il altı ay həmin mənzildə yaşadıqdan sonra, həmin mənzil satılmışdır. Satılmış mənzilin pulunun bir hissəsinə ünvan 1 ünvanda 3 otaqlı fərdi yaşayış evi alınmış, həmin evdə əlavələr edərək ailənin büdcəsi hesabına əlavə bir otaq və digər tikililər inşa etdirmişlər. Ondan başqa ailədə hamı həmin evə pasport qeydiyyatına alınmışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X1 doğulmuşdur. xx.xx.2011-ci il tarixdə o, cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə birgə nikahdan doğulan uşaqlarının üçü də ünvan 2 ünvanda qeydiyyatdadırlar. Cavabdeh spirtli içki aludəçisi olmaqla ailəyə, uşaqlarına maddi və mənəvi cəhətdən kömək etmir, uşaqlarının təlim-tərbiyəsi ilə, fiziki sağlamlığı ilə məşğul olmur. Cavabdehin daimi iş yeri yoxdur, hərdən fərdi əməklə məşğul olaraq qazandığı pul vəsaitinə spirtli içkilər alıb içməklə, ailə üzvləri arasında insan ləyaqətini alçaldan söyüşlər etməklə öz uşaqlarını və həyat yoldaşını vaxtaşırı təhqir etməklə yaşadıqları mənzildən qovur, bir neçə gün anasının evində yaşadıqdan sonra cavabdeh onu uşaqları ilə birlikdə mənzilə gətirmişdir. Ailənin maddi cəhətdən dolanışığı üçün pul vəsaitini o, qazanır. Yaşadıqları ev dörd otaqlıdır, evdə yalnız onun ailə üzvləri yaşayır, onun ailə üzvlərinə məxsus əşyalar yerləşir. Onun baldızı və 2 uşağı da həmin evdə qeydiyyatda olmasına baxmayaraq, özlərinə məxsus mənzildə yaşayırlar. Hal-hazırda o, övladları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır, Cavabdeh 4 otaqlı evdə təktənha yaşayır, uşaqların saxlanmasına köməklik göstərmir. Ona məxsus 18 il bundan əvvəl valideynləri tərəfindən ona verilən cehiz əşyaları müxtəlif mebellər, yataq dəstləri və məişət əşyaları həmin evdə yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh qeyd edilən ünvandan ona cehiz verilən mebelləri söküb onun anasına məxsus evin həyətinə gətirib tökmüşdür. O, uzun illər övladları üçün toplayıb gizlətdiyi 3275 manat pulunu da cavabdeh götürmüşdür. Həmin ev onun cavabdehlə birgə nikahı dövründə alındığından, həmin evdə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına yenidənqurma və təmir işləri aparıldığından, o, övladları ilə birlikdə 2021-ci ilin sentyabrınadək ailəsi ilə birlikdə həmin evdə yaşadığından onun da övladları ilə bu evdə yaşamaq hüququ vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(001)- 2534/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı övladları - xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi, korpus 22, 83 saylı evə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Mübahisəli ev mərhum anası tərəfindən 2006-cı ildə əldə edilmişdir. Onunla iddiaçı isə 2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı nikahın pozulmasına qədər qeyd olunan ünvandan köçüb getmişdir. İddiaçı mübahisəli evdən istifadəyə dair onun mülkiyyətçisi olmuş anası ilə heç bir notarial müqavilə bağlamamışdır, onun ailə üvzü və ya qohumu deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər 2004-cü il tarixdə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 doğulmuşdur. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ 730109 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh Maiş oğlu ilə X4 xx.xx.2011-ci il tarixində nikaha daxil olmuş, bu barədə nikah akt qeydləri kitabında 472 nömrəli akt qeydi tərtib olunmuş, nikahdan sonra arvada Sadıxova soyadı verilmişdir. ünvan 3 83 saylı ev ünvanı üzrə vətəndaşların qeydiyyatı üçün 2006-cı il tarixli ev kitabının surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında X2, Cavabdeh Maiş oğlu, Nümayəndə, X9, X10 qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ 795799 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.2016-cı il tarixində ölmuş, bu barədə akt qeydləri kitabında 306 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.1974-cü il təvəllüdlü Nümayəndə, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2003-cü il təvəllüdlü X11 Bakı şəhəri ünvan 2-də qeydiyyatdadırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, özbaşına tikili olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi, korpus 22, 83 saylı evdə iddiaçı 2006-cı ildən ailəsi, həmin vaxt əri və bir övladı ilə yaşamağa başlamış, daha sonra tərəflərin bu ünvanda daha iki övladları anadan olmuş, tərəflərin birgə nikahlarından olan 3 övladları bu ünvana qeydiyyata alınmışdır. İddiaçı uşaqları ilə birlikdə 2021-ci ilin sentyabr ayınadək həmin ünvanda yaşamışdır. Mübahisəli ev özbaşına tikilidir. Hazırda iddiaçı övladları ilə birlikdə cavabdehin istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi, korpus 22, 83 saylı mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, qızı İddiaçı 15 yaşında Cavabdeh ilə faktiki nikaha daxil olmuş, birgə nikahlarından 3 uşaqları vardır. Nikaha daxil olandan sonra qızı əri ilə Rusiyaya getmiş, lakin hamilə olduğundan qaynanasının evinə qayıtmışdır. Lakin Qasımın anasının evində tələbə kirayəçilər yaşadığından o, məcbur olub hamilə qızını öz evinə aparmışdır. Birinci uşaq anadan olandan sonra Qasım Rusiyadan qayıtmış, öz evlərini satıb 2006-cı ildə ünvan 5 ünvanında olan özbaşına tikilini almışdır. Sonra bu evdə 1 otaq, dəhliz, mətbəx, hamam, ayaqyolu, eyvan tikilmiş, bu ünvanda Aynurun daha iki övladı anadan olmuşdur. Aynurun baldızı həmin həyətdə tikdirdiyi evi sataraq başqa ünvanda olan ərinə məxsus mənzildə ailəsi ilə birlikdə yaşayır. Qasım spirtli içkilərə aludə olduğundan, evinə kənar şəxsləri gətirib içki məclisləri təşkil etdiyindən, Aynur etirazını bildirdiyindən, Qasım Aynuru evdən qovmuşdur. 2021-ci ilin sentyabr ayından Aynur övladları ilə onun mənzilində yaşayır, Qasım ailəsini yaşadığı evə buraxmır. Qasım Aynurun yataq mebeli dəstini 2021ci il dekabr ayında gətirib onun həyətnə yığmışdır. Həmin mebelin içində olan pulu götürüb qaytarmamışdır. Məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, iddiaçı özünün və övladlarının yeganə yaşayış sahəsi olan ünvan 6 ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladları ilə birlikdə yaşadığından, cavabdehlə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına bu evdə tikinti işləri apardığından, cavabdehin etirazında istinad olunan hallar iddiaçının və övladlarının həmin tikiliyə köçürülməmələri üçün əsas olmadığından iddia ərizəsi təmin edilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bununla belə, Kollegiya qeyd edir ki, mübahisəli tikili iddiaçının yaşayış yeri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, müəyyən edilir ki, iddiaçı cavabdeh ilə ailə qurmuş, cavabdehlə aralarında mübahisə yarananadək övladları ilə birlikdə mübahisəli mənzildə yaşamış, birgə vəsait hesabına əlavə tikililər inşa etmişlər. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2534/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar