Məhkəmə qərarları › İş №2(103)-5668/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5668/2024

02.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5668/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5668/2024 (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, cavabdehin nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2965/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Abbasova (Quluyeva) Xavər Akif qızı 30 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 23 fevral 2016-cı il təvəllüdlü X5 və 12 fevral 2011-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur.

2. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(002)969/2023 nömrəli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuş, 2 azyaşlı uşağın Xavər Quliyevanın yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin hər ay tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

3. Tərəflərin yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Qurd qapısı massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri Laçın rayonundan məcburi köçkün düşməklə Bakı şəhəri Qaradağ rayonu Qurd qapısı massivi deyilən ərazidə sənədsiz fərdi ev tikməklə orada yaşamışlar. 2010-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qurd qapısı massivində yerləşən Laçınkənd deyilən ərazidə sənədsiz fərdi yaşayış evi tikməklə orada yaşamışlar. Həmin evdə yaşayarkən 2 uşaqları olmuşdur. Buna şahidləri də vardır. Həmin şahidlərin şəxsiyyət vəsiqələrinin surətini və onlar tərəfindən imzalanmış aktı sənədlərə əlavə edir. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da, sonradan pozulmuşdur. Bu səbəbdən də, cavabdehin iddia tələbinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və hər iki uşaqları cavabdehin himayəsində saxlanılmaqla ondan cavabdehin xeyrinə hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat aliment tutulması qət edilmişdir. Münasibətləri pozulduğundan cavabdeh onu birgə nikah dövründə tikdirdikləri evə buraxmır. Başqa yaşayış yeri olmadığından qohum-əqrabanın evlərində yaşamalı olur. Bu da onların haqlı olaraq narazılığına səbəb olur. Kifayət qədər də yüksək məbləğdə aliment ödədiyindən kirayə qalmaq imkanı da yoxdur. Qeyd etdiyi hallar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-969/2023 saylı qətnaməsində də öz əksini tapmışdır. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etmişdir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2965/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmədə müəyyən edildi ki, iddiaçının köçürülməsini tələb etdiyi tikili üzərində mülkiyyət və istifadə hüquqları yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivi deyilən ərazidə özbaşına inşa edilən həmin tikili 3 otaqlı olub, sürüşmə ərazisində yerləşir. Məhkəmədə həmçinin müəyyən edildi kı, iddiaçı ilə cavabdehin şəxsi münasibətləri qeyri qənaətbəxşdir. Onlar münaqişəli ailə kimi hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmışlar. Cavabdeh bir neçə dəfə iddiaçının ona qarşı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh iddiaçıdan qorxduğuna görə bir müddətdir ki, həmin tikilidə yaşamır, övladları ilə birlikgə digər ünvanda- atasının evində yaşamağa məcbur olmuşdur. Cavabdehin bildirirdiyinə görə iddiaçı onu təhdid edir, qorxudur, bu səbəbdən övladları ilə birlikdə atasının evində yaşayır, iddiaçı həmin tikiliyə köçürülərsə, xoşagəlməz hallar baş verə bilər. İddiaçı iddia tələbinin əsası kimi kommunal xidmətlərlər ilə əlaqədar müqavilələrin onunla bağlanması və sayğacların onun adına olması hallarını da bildirmişdir. Məhkəmə bu dəlilləri də iddianın təmin edilməsi üçün əsas saymır. Belə ki, o, ailə başçısı olduğundan vaxtilə müqavilələr onunla bağlanmış, sayğaclar onun adına quraşdırılmışdır. Bu hallar onun özbaşına tikilidən istifadə hüququnun yaranması üçün gözlənti kimi qiymətləndirilmir. Məhkəmədə həmçinin aydın oldu ki, iddiaçının köçmək istədiyi tikili 3 otaqlı olub, qonaq otağı, 2 yataq otağı və mətbəxdən ibarətdir. Tərəflər arasında nikah pozulduğuna görə bir-birinə yad olan əks cinsli şəxslərin bir yaşayış sahəsinə məskunlaşması mənzil qanunvericiliyinin tələblərinə və əxlaq normalarına uyğun hesab edilmir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdehin arasında münaqişəli münasibət var, onlar münaqişəli ailə kimi polis orqanı tərəfindən qeydiyyata alınmışlar.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, 34-cü madəsinin İİİ və İV hissələrinə Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 21.1, 22.1,22.2, 49.2, 49.3, 51.4, 52, 58.2, 60.4,75.1, 112.1-ci və MPM-nin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının məcburi köçkün olmasını nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1828/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, yaşayış sahəsinə köçürülmə barədə iddialara baxılarkən, ilk növbədə iddiaçının köçürülməsini xahiş etdiyi yaşayış sahəsinin statusu müəyyən edilməlidir. Bu baxımdan ilk öncə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin məqsədləri baxımından mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsi maddə 12.1-12.5). Mənzil Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan şərtlər yaşayış sahəsinin fiziki baxımdan mövcudluğunu təsdiq edir. Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər. İş üzrə tərəflər mübahisəli evin özbaşına tikili olduğunu mübahisələndirmirlər. İddiaçı öz tələbinin əsası kimi kommunal xidmətlərlər ilə əlaqədar müqavilələrin onunla bağlanması və sayğacların onun adına olması hallarını da bildirmişdir. Rayon Məhkəməsi haqlı olaraq bu dəlilləri də iddianın təmin edilməsi üçün əsas saymamışdır. Belə ki, iddiaçı ailə başçısı olduğundan vaxtilə müqavilələr onunla bağlanmış, sayğaclar onun adına quraşdırılmışdır. Bu hallar onun özbaşına tikilidən istifadə hüququnun yaranması üçün gözlənti kimi qiymətləndirilə bilməz.

ç) Kassasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2688/2024 saylı qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1828/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...iddia tələbini rədd edərkən apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsaslardan biri ondan ibarətdir ki, «iddiaçının köçürülməsini tələb etdiyi tikili üzərində mülkiyyət və istifadə hüquqları yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivi deyilən ərazidə özbaşına inşa edilən həmin tikili 3 otaqlı olub, sürüşmə ərazisində yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, birgə nikah müddətində inşa edilmiş tikintinin öşbaşına olması faktı, özlüyündə həmin tikinti ilə ilə bağlı ər-arvad arasında hər hansı mübahisənin baxılmasının mümkünsüz olması anlamına gəlmir...... Baxılan işdə tərəflərin evli olduqları dövrdə mübahisəli evdə yaşadıqları mübahisələndirilmir. Bu halda iddia tələbinə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin müddəaları əsasında qiymət verilməli idi........ Lakin işin halları və məhkəmənin iddianın rədd olunması barədə gəlidiyi nəticə, iddiaçının mənzil hüquqlarının səmərəli təmin olunması barədə qənaətə gəlməyə imkan vermir... Məhkəmənin qiymət verməli hal odur ki, evdə mübahisəsiz olaraq uzun müddət ərzində iddiaçının yaşadığı vəziyyət nəyə görə dəyişmişdir və bu səbəblər iddiaçının evdən əvvəlki vəziyyətdə istifadə etməsini aradan qaldırmağa əsas verirmi?”

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2005-ci ildə Ağcabədidən gələndə həmin torpağı zəbt etmişlər. Tərəflər 2010-cu ildə nikaha girmişlər və evi də 2010-cu ildə qayınatasının köməkliyi ilə tikmişlər. Cavabdehin atası onlara qonaq gəlmiş, qıfılı dəyişmişdir. Yaşamağa yeri yoxdur. Onu tutdurmaq istəyirlər, hər dəfə evə gedəndə 102 xidmətinə yığırlar. Cavabdehin atası Yaşam fondundan ev də alıb.

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin ərazidə laçınlılar yaşayırlar. Cavabdeh laçınlı deyil. İddiaçı bu günə kimi evə daxil ola bilmir. İddiaçının cavabdehə qarşı zorakılıq etməsi öz təsdiqini tapmamışdır.

18. Məhkəmə iclasına iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, iddiaçı hər dəfə cavabdehi vurur və döyür. Əvvəl normal qaydada yaşamışlar, sonradan iddiaçı söz atmağa başlamışdır. İndi evdə heç kim yaşamır. Evi atası tikib. İddiaçı o vaxt heç işləməyib, onun atası rayondakı torpağı sataraq ev tikib.

19. Məhkəmə iclasına iştirak edən cavabdehin nümayəndəsi (atası) X6 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, evi o tikib. Özü fermer, yoldaşı müəllimə olmuş, imkanı yaxşı olmuşdur.

20. Məhkəmə iclasına iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, mübahisəli evə baxış keçirilmişdir. İddiaçı tərəf disk də təqdim etmişdir. Görünür ki, evin yanında bir ədəd də ev var. Cavabdeh öz qohumugildə qalır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

21 . Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 6.1.1. Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquq subyektlərinin bərabərliyidir.

23. Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

24. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

25. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 13.4 Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

36. Birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır.

37. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

38. Belə ki, işin müəyyən olunmuş hallarına görə tərəflər 30 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 23 fevral 2016-cı il təvəllüdlü X5 və 12 fevral 2011ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər evləndikdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı ünvanında yerləşən və özbaşına tikili olan fərdi yaşayış evində yaşamışlar. Hazırda cavabdeh iddiaçının evə daxil olmasına və orada yaşamasına imkan vermir.

39. İşə bundan öncə baxmış müvafiq instansiya məhkəmələri iddianı rədd edərkən mübahisəli evin özbaşına tikili olması və ona dair hər hansı şəxsin, o cümlədən iddiaçının hüquqlarını təsdiq edən müvafiq sənədləin olmamasına istinad etmişdir.

40. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hər hansı yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması orada yaşayan və istifadə edən şəxslərə münasibətdə Azərbaycan Respublikasının 43-cü maddəsinin tətbiqinə maneə yaratmır. Təsadüfi deyildir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində də şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq mövcud olan və istifadə edilən mübahisəli evə iddiaçının köçürülməsi tələbinin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması araşdırılmalıdır.

42. Bu məqsədlə mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır.

43. Belə ki, işin mübahisəsiz hallarıdır ki, tərəflər 30 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 23 fevral 2016-cı il təvəllüdlü X5 və 12 fevral 2011-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər evlənəndən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Göründüyü kimi mübahisəli evin başqa şəxslərə aidliyi iddia olunmamış, həmçinin evin kommunal xidmət üzrə müqavilələri iddiaçının adına olmuş, 2010-cu ildə tərəflər evləndikdən sonra onların yaşaması üçün inşa edildiyi və evli olduqları müddətdə mübahisəli evdə yaşadıqları da mübahisələndirilməmişdir.

44. Lakin istər cavabdeh tərəf öz etirazlarında, istərsə də işə bundan öncə baxan müvafiq instansiya məhkəmələrində mübahisənin əsl mahiyyətinə aidiyyatı olmasa da, sözügedən fərdi yaşayış evinin cavabdehin atası tərəfindən və onun vəsaiti hesabına tikilməsi məsələsi önə çəkilmişdir. Göstərilənlərə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən məsələ iddiaçının həmin fərdi evin tikintisinə çəkilmiş xərclərin bölünməsi və ya həmin haldan doğan sahiblik hüququnun təsbiti, həmçinin bunun kimi digər tələblər irəli sürüldüyü halda mübahisə mövzusu ola bilər və həmin halların araşdırılması işin həllinə təsir göstərə bilərdi. Lakin indiki halda iddiaçının tələbi mübahisəli fərdi yaşayış evinə köçürülmə hüququ ilə bağlı olduğundan göstərilən arqumentlər hazırki işin həlli üçün hansısa əhəmiyyət kəsb etmir.

45. Beləliklə, məhkəmə kollegiyası işin faktiki halları və bu münasibətləri tənzimləyən normalar baxımından (analogiya üzrə Mənzil və Mülki Məcəllə) belə nəticəyə gəlir ki, iddiaçı uzun müddət (15 ilə yaxın) yaşadığı mübahisəli ünvana köçürülməlidir.

46. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülməyə dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Bu səbəbdən necə ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşayır, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin evdə yaşamaq hüququ vardır.

47. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsində təsbit edilmiş qadağanedici normanı pozmuş, pozuntunun nəticələri halhazırda da davam etməkdədir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks halda pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər.

48. Bundan başqa cavabdehin tərəflər arasındakı şəxsi münasibətlərin qeyriqənaətbəxş olması, bir neçə dəfə iddiaçının ona qarşı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etməsi, iddiaçıdan qorxduğuna görə bir müddət atasının evində yaşamağa məcbur olması və nəticədə onların eyni evdə yaşamasının mümkünsüzlüyü barədə dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh iddiaçının ona qarşı zorakılıq tətbiq etməsi ilə bağlı bir neçə dəfə hüquq mühafizə oğlanlarına müraciət etmiş, lakin sonuncu orqanların qəbul etdiyi müvafiq qərarlara əsasən iddiaçının əməllərində cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir.

49. Odur ki, cavabdehin iddiaçı tərəfindən ona qarşı zorakılıq edilməsi və onların birlikdə yaşamalarının təhlükəsizlik baxımından mümkünsüz olmasına dair dəlilləri də hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.

50. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və ona münasibətdə tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət vermədiyindən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

51. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

52. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2965/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı massivində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar