Məhkəmə qərarları › İş №2(103)-567/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-567/2021

12.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-567/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı Calal qızı, Cavabdeh2alı Kəmaləddin oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Calal qızının cavabdehlər X4 və Cavabdeh2alı Kəmaləddin oğluna qarşı “pozulmuş sanitar qaydalarının düzəldilməsinə və özbaşına inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, əvvəlki vəziyyətə qaytarılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-132/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Calal qızı cavabdehlər X7 və Cavabdeh2alı Kəmaləddin oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə X6 məxsus olan və hazırda X1 yaşayan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli «D» yaşayış sahəsi, ev 26 mənzil 111-də mənzilin sanitar qaydalarının dəyişdirilməsinə, yataq otağının 60 sm qabağa çəkilmiş divarının, mətbəx otağı ilə yataq otağının yerinin dəyişdirilməsinə, əlavə inşa edilmiş balkon və özbaşına olaraq tikililərin cavabdehlərin hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və ona dəymiş maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 3000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 26 mənzil 113 mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin 111 saylı mənzilinin mülkiyyət sahibi X7 olsa da, orada Cavabdeh2alı Kəmaləddin oğlu yaşayır. Cavabdehlər tərəfindən özbaşına olaraq mənzilin strukturu dəyişdirilərək, yataq otağı 60 sm qabağa çəkilmiş, mətbəx otağı ilə yataq otağının yeri dəyişdirilmiş, əlavə olaraq texniki pasportla uyğun gəlməyən balkonun tikintisi qanunsuz olaraq aparılmışdır. Mətbəx əlavə olaraq inşa edilmiş balkona çıxardılmışdır. Həmin balkon ona məxsus olan mənzilin yataq otağının alt hisəssinə düşür. Dəhlizin girişində sütun sayılan yataq otağının divarı sökülüb qabağa çəkilməsi onun mənzilində çatların əmələ gəlməsinə, mətbəxə quraşdırılan “kombi”nin tüstü bacası yataq otağının pəncərəsinin altında yerləşdirildiyindən zərərli qazların yaşadığı mənzilə dolmasına gətirib çıxarır. Əlavə inşa edilmiş balkona cavabdehlər tərəfindən kombi, qaz yerləşdirilmiş və həmin qaz sisteminin balkonda olması onun həyatı üçün çox təhlükəlidir, uşaqların və onun dəfələrlə boğulmasına gətirib çıxarmışdır. Həmin tikilinin sökülməsi və mənzilin texniki pasporta uyğun olması barədə tərəfindən şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayraq, heç bir nəticəsi olmamışdır. Bununla bağlı tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edilmiş, İcra Hakimiyyətinin xx xxxx 2017-ci il tarixli M-l 12-071 saylı, xx xxxx 2017-ci il tarixli M-15-069 və xx xxxxxx 2017-ci il tarixli M-l 12/5-071/5 saylı məktubuna əsasən cavabdehlərin mənzildə sanitar qaydalarının pozularaq, binanın layihəsində özbaşına dəyişiklik aparıldığını, yataq otağı ilə mətbəxin yerinin dəyişdirildiyini bayır divarın 60 sm qabağa çəkildiyini və mətbəxə quraşdırılan “kombi”nin tüstü bacasının yataq otağının qonşunun pəncərəsinin altında yerləşdirildiyindən zərərli qazların üst mərtəbədəki qonşuya dolduğu müəyyən edilməsi qeyd olunmuşdur. Kombinin tüstü bacasının uşaqların yataq otağının pəncərəsinin altında olması, hamam və tualetin hava təmizləyici borusuna qoşulması nəticəsində evinə dolan qaz, üfunət, xörək iyi, təmizləyici ətirlərin iyi onun və övladlarının sağlamlığında ciddi problemlər yaratmış, onda ürək çatışmamazlığı, ürəyində maye və digər ürək xəstəlikləri yaranmış və dəfələrlə zəhərlənmələri olmuşdur. Evdəki qaz iyini yox etmək üçün pəncərələri məcburən səhərə kimi açıq qoyur və bu da övladlarında və özündə ciddi soyuq dəymələrin yaranmasına gətirib çıxarmışdır. Kiçik oğlunun ağ ciyərində problemlər əmələ gəlmiş və bu hadisələrdən sonra oğlu allergiya xəstəliyinə düçar olmuşdur. İddiaçı evini təmizləmək, havalandırıb iyi evdən dəf etmək üçün dəfələrlə işdən qalıb evdə oturmuşdur. Bu da onun maddi ziyan çəkməsinə səbəb olmuşdur. Evinə dolan iy, həmçinin də əsəblərinin pozulması onların yuxu sistemini məhv etmişdir. Hər gecə saat 12-dən sonra yataq otağının altında qanunsuz tikilən balkonun seyf qapısının çırpılaraq açılıb-bağlanması onu qorxudur və yatmağa imkan vermir. Daha sonra balkonda səhər saat 7- yə qədər kombiyə nəsə quraşdırır və qonaq otağına plintusun altından kəskin qoxular qalxmağa başlayır. Bu da onlarda baş gicəllənmələr, ürək bulantıları yaradır. Bundan başqa uşaqlarına və ona dəfələrlə təcili tibbi yardım gəlmişdir. Xəstəliklərini müalicə etmək üçün mütəmadi olaraq həkimə gedərək müalicələr almışlar. Bundan başqa bütün bu hadisələr və onlara qarşı olunan haqsızlıqlar, hüquqlarının kobud şəkildə tapdalanması onun və övladlarının əsəb və sarsıntı yaşamasına səbəb olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 132/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini, həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 265.4-cü maddəsinin tələblərinə əməl edərək, cinayət işi başlamaqla əlaqədar olaraq, xüsusi Qərarlar qəbul edərək, aidiyyatı Prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır, prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 5950/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-132/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 6461/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-5950/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 729/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-132/2019 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3374/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-729/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Hazırkı iş üzrə maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinə görə cavabdeh Şəmmədov Mehman Həmid oğlunun hüquqi varisi kimi Sərvəliyev Xəqani Mustafa oğlu işə cəlb edilməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələblərinə zidd olaraq bunu etməmiş və nəticədə əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etmədən düzgün hüquqi nəticəyə gəlməmişdir”. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh X7 prosessual hüquq varisi X4 ilə əvəz edilmişdir, belə ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 26 saylı binanın 111-ci mənzilini X.Sərvəliyev əldə etmişdir və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən mənzil hazırda sonuncunun mülkiyyətindədir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 26 mənzil 113 mülkiyyət hüququ ilə İddiaçı Calal qızına məxsusdur. Həmin binanın 111-ci mənzilini isə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 əldə etmiş və mənzil hazırda sonuncunun mülkiyyətindədir. İddiaçı 111 saylı mənzilin daxili konstruksiyasında dəyişikliklər edilməsi, əlavə tikililərin inşa edilməsi, mövcud tikililərin təyinatının dəyişdirilməsi və əlavə avadanlıqlar (“Kombi” aparatı) quraşdırılması nəticəsində onun mülkiyyətində olan mənzilə zərər vurulmasını, mənzilinə dəm qazlarının və iy-qoxunun daxil olmasını əsas gətirərək, mənzilin ilkin vəziyyətə gətirilməsini, həmçinin ona vurulmuş maddi və mənəvi zərəri tələb edir. Birinci instansiya məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə ilkin məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Mərkəzin 11438 saylı xx.xx.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli «D» yaşayış sahəsində yerləşən 26 saylı evin 111 saylı mənzilinə Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli texniki pasportun göstəriciləri ilə baxış zamanı aşkar olunmuş faktiki vəziyyət müqayisəli təhlil olunduqda müəyyən edilmişdir ki, 111 saylı mənzilin texniki pasport göstəricilərindən kənara çıxmaqla sahəsi 12,11 kv.m. olan 8 saylı yaşayış otağının divarı 0,60 m dəhlizə tərəfə genişləndirilmiş, sahəsi 9,3 kv.m. olan texniki pasportda mətbəx kimi göstərilən 3 saylı otağın təyinatı dəyişdirilərək faktiki olaraq, yaşayış otağı kimi istifadə olunur, sahəsi 9,3 kv.m. olan texniki pasportda yaşayış otağı kimi göstərilən 7 saylı otaq faktiki olaraq, mətbəxt kimi istifadə olunur, həmin otaq isə sahəsi 3,8 kv.m. olan balkonun arasında olan divarın faktiki olaraq sökülmüş, həmin otağın texniki pasportda göstərilən dəhlizə tərəf olan divarının 0,75 m içəriyə tərəf yeri dəyişdirilmiş, binanın girişinin üst hissəsində texniki pasportda öz əksini tapmayan sahəsi 3,0 kv.m (1.2x2.5m) olan əlavə balkon inşa edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli «D» yaşayış sahəsində yerləşən 26 saylı evin 111 saylı mənzilində müəyyən edilmiş, texniki pasportun göstəricilərindən kənara çıxmaqla aparılmış söküntü, yerdəyişmə və əlavə sahələrin tikilib quraşdırılması nəticəsində 113 saylı mənzilin sakinlərinin yaşayış şəraitinə hər hansı maneənin (iy, qoxu, titrəmə və s.) törətməsinin müəyyən edilməsi tikinti-texniki ekspertizasının həll etdiyi məsələlərin dairəsinə aid olmadığı üçün bu suallar üzrə tədqiqat aparılmamışdır. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Mərkəzinin xx.xx.2019-cu il tarixli 31464 saylı rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsində yerləşən 26 saylı evin 111 saylı mənzili üzrə aparılmış yuxarıda göstərilən söküntü və yenidənqurma işlərinin, həmin mənzil üzrə tərtib edilmiş texniki pasportun göstəricilərinə uyğun olmadığı müəyyən edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsində yerləşən 26 saylı evin 113 saylı mənzili (hamam və sanitar qovşağı istisna olunmaqla) tamamilə təmirsiz vəziyyətdə olduğundan ilkin təmirdən qalan sahələr isə istismar nəticəsində köhnəldiyindən, həmin mənzilə alt mərtəbədəki 111 saylı mənzildə aparılan işlər zamanı hər hansı ziyan dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan mənzillərin 9 mərtəbəli binanın ayrı-ayrı, yəni 2-ci və 3-cü mərtəbəsində yerləşdiyini, həmin mənzillər ayrı-ayrı pilləkən meydançasından giriş-çıxış qapıları olduğunu, eləcə də, 111 saylı mənzildə aparılan söküntü və yenidənqurma işləri zamanı 113 saylı mənzilə müdaxilə olmadığını nəzərə alaraq 111 saylı mənzildə aparılan söküntü və yenidənqurma işlərinin tikinti texniki cəhətdən 113 saylı mənzildən istifadə edilməsinə hər hansı maneə yaratması müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi DYNŞ-nin arayışından müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı Calal qızı tərəfindən Fövqəladə Hallar nazirliyinə ünvanlanmış və baxılması üçün X11 Xidmətindən 4-cü ərazi X11 İdarəsinə daxil olmuş xx.xx.2018-ci il tarixli M-0152 saylı müraciət tərəflərindən müvafiq qaydada araşdırılmışdır. Müraciətdə vətəndaş 111 saylı mənzildə kombi istifadə edilən zaman onun mənzilinə dəm qazı dolduğunu bildirmişdir. Əməkdaşlar tərəfindən yuxarıda qeyd olunan binanın 111 və 113 saylı mənzillərində yanğın texniki müayinə keçirilərək xx.xx.2018-ci il tarixli 31/04756 nömrəli akt tərtib edilmişdir. Müayinə zamanı müraciətdə qeyd olunan fakt öz əksini tapmamışdır. Belə ki, 111 saylı mənzilin kombisi istifadəyə salınmışdır. Bu zaman şikayətçinin mənzilində heç bir dəm qazı iyi hiss edilməmiş, binanın tüstü bacasının işlək vəziyyətdə olduğuda müəyyən edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli 37/M-00176 nömrəli məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsi məhkəmə ekspertiza rəylərini mötəbər sübutlar kimi qəbul edərək qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 26 saylı evin 111 saylı mənzili üzrə aparılmış yuxarıda göstərilən söküntü və yenidənqurma işlərinin, həmin mənzil üzrə tərtib edilmiş texniki pasportun göstəricilərinə uyğun olmadığı müəyyən edilsə belə, bu halların baş verməsi iddiaçının mənzilinə hər hansısa maddi ziyanın vurmasına səbəb olmamışdır. İddiaçı ona vurulmuş maddi və mənəvi ziyana dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, aparılmış ekspertiza tədqiqatları nəticəsində 111 saylı mənzildə rekonstruksiya işləri aparılmaqla müəyyən dəyişikliklər edildiyi müəyyən edilmişdir. 111 saylı mənzildə görülmüş təmir-yenidənqurma işləri nəticəsində dayaq divarlarının götürülüb-götürülməməsini, götürülmüşdürsə bunun binanın (o cümlədən 113 saylı mənzilin) təhlükəsizliyinə xələl gətirib-gətirməməsini, həmçinin 111 saylı mənzildə quraşdırılmış kombi qurğusunun (o cümlədən yenidən qurulmuş tüstü bacalarının (əgər belələri varsa)) işləməsi zamanı 113 saylı mənzilə hər hansı qoxunun və tüstünün daxil olmasının mümkün olub-olmamasını, habelə ümumi baxış zamanı 111 saylı mənzildə aparılmış təmiş-yenidənqurma işləri nəticəsində 113 saylı mənzildən normal istifadə üçün hər hansı maneənin mövcud olub-olmamasını müəyyən etmək məqsədilə Kollegiyanın xx.xx.2020-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinin və X11 Xidmətinin mütəxəsisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 111 və 113 saylı mənzillərdə arakəsmə divarları və pəncərə altı hissələri sökülmüşdür. 111 saylı mənzildə aparılmış təmir-yenidənqurma işləri 113 saylı mənzilin normal istifadəsinə maneə törətmir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X11 Xidmətinin xx.xx.2020-ci il tarixli xx/xx-06925 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 26 saylı evin 111 və 113-cü mənzillərində yanğın-texniki müayinə keçirilmiş, müayinə zamanı binanın 111-ci mənzilində quraşdırılmış kombi qurğusundan istifadə olunan zaman 113-cü mənzilə tüstünün və hər hansı qoxunun daxil olması faktı aşkar olunmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/410 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisi A.U.Vahidin mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 111 və 113 saylı mənzillərdə arakəsmə divarları və pəncərə altı hissələri sökülmüşdür. 111 saylı mənzildə aparılmış təmir-yenidənqurma işləri 113 saylı mənzilin normal istifadəsinə maneə törətmir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X11 Xidmətinin məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 26 saylı evin 111 və 113-cü mənzillərində yanğın-texniki müayinə keçirilmiş, müayinə zamanı binanın 111-ci mənzilində quraşdırılmış kombi qurğusundan istifadə olunan zaman 113-cü mənzilə tüstünün və hər hansı qoxunun daxil olması faktı aşkar olunmamışdır. Göründüyü kimi cavabdehlərə məxsus 111 saylı mənzildə aparılmış təmiryenidənqurma işlərinin iddiaçının mənzilindən normal istifadəsinə maneə törətmədiyi müəyyən edilmiş, həmçinin 111-ci mənzilində quraşdırılmış kombi qurğusundan istifadə olunan zaman 113-cü mənzilə tüstünün və hər hansı qoxunun daxil olması faktı aşkar olunmamışdır. İddiaçının iddia etdiyi hallar öz təsdiqini tapmamış, cavabdehin mənzilində aparılmış yenidənqurma işləri nəticəsində ona ziyan vurulması, bunun nəticəsində mənəvi zərərə məruz qalması kimi hallar sübuta yetirilməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-132/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı Calal qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı Calal qızından tutularaq “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına (VÖEN:**********, H/h: AZ08AZFİ38060AZ**********006, “xxxx” ASC-nin Sahil filialı, KOD: 501305; VÖEN:**********; M/h:AZ81NABZ********************; SWİFT: AZFİAZ22) köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar