Məhkəmə qərarları › İş №2(103)-5671/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5671/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5671/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Cavabdeh1 nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1715/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15000 manat pul məbləği və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Cavabdeh1 (birinci tərəf) və Cavabdeh2 (ikinci tərəf) arasında bağlanan xx.xx.2019-cu il tarixli razılaşmanın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, razılaşmanın birinci bəndinə əsasən birinci tərəf “BBAqroGroup” LLC şirkətində olan 45 faiz payından və Ukrayna Respublikasından Türkiyə Respublikasına edilən ət ixracından əldə ediləcək gəlirin ona ayrılmış 13 faiz payından ikinci tərəfin xeyirinə imtina etməyi öhdəsinə götürür, gələcəkdə imtina olunan paylar ilə əlaqədar olaraq hər hansı iddia və digər tələb olmayacaq. Razılaşmanın 2-ci bəndinə əsasən, ikinci tərəf birinci tərəfin imtina etdiyi payları qəbul edir (səh.32); Cavabdeh2 iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli ödənilmiş pul vəsaitinin ərizəçi tərəfindən təhvil götürülməsi haqqında protoklun surətinə əsasən, Fəxri Babazadənin icraatında olan Cavabdeh2 ərizəsi üzrə aparılan araşdırma ilə əlaqədar olaraq Cavabdeh2 İddiaçı tərəfindən ödənilmiş 15000 manat pulu təhvil almışdır. (səh.57). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1715/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 135, 163, 166; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 77, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh2 ümumilikdə 15000 manat pul ödənmiş, həmin məbləğ sonuncu tərəfindən qəbul edilərək götürülmüşdür, bu barədə tərəflər arasında hər hansı bir razılaşma mövcud deyil. Bununla belə, cavabdehlərin 15000 manat pulun geri qaytarılması öhdəliklərinə əsas verən, o cümlədən iddiaçı tərəfindən həmin pulun ödənilməsində cavabdehlərin təqsirli və hüquqa zidd əməllərinin olmasını təsdiq edən, həmçinin iddiaçının əmlaka sahibliyindən digər formada məhrum olmasına səbəb olan hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddiaçının, 15000 manat pul məbləğini Cavabdeh1la razılaşaraq onun üçün ödəməsi barədə dəlillərinə münasibətdə hesab edir ki, bunu təsdiq edən hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır və o, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına bu halları təsdiq edəcək sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-1715/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 385, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh olan Cavabdeh1 Cavabdeh2 adlı şəxsə borclu olduğu üçün sonuncu həm Cavabdeh1, həm də ona qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şikayət Baş Mütəşəkkil Cinayətarlığa qarşı Mübarizə İdarəsinin müstəntiqi Fəxri Babazadənin icraatına verilmiş və şikayət əsasında cinayət işi açılmışdır. Açılmış cinayət işi ilə bağlı onun ölkədən getmək hüququ qanunsuz olaraq məhdudlaşdırılmışdır. Bunun nəticəsində Türkiyə Respublikasına getdiyim zaman onu hava limanında saxlamış və Baş Mütəşəkkil Cinayətarlığa qarşı Mübarizə İdarəsinə təhvil vermişlər. Onun tərəfindən vəkilnin iştirakı ilə izahat verilmiş və araşdırma zamanı məlum olmuşdur ki, şikayət Cavabdeh1 ilə Cavabdeh2 arasında yaranmış pul mübahisəsi əsasında verilmiş və onunla heç bir əlaqəsi yoxdur. Onun tərəfindən Cavabdeh1 əvəzinə 15000 manat pul ödənilmiş və ödədiyi 15000 manata dait tərtib olunmuş qəbz Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində açılmış cinayət ışınin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Qyed olunan hallar həmin qərarda öz əksini tapmışdır. Bu hadisədən sonra tərəfindən dəfələrlə cavabdehlərdən pulun qaytarılmasını tələb etsəm də, cavabdehlər hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasından yayınmış və bu istiqamətdə heç bir real addım atmamışlar. Bu səbəbdən pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdeh olan Cavabdeh2 deputatlığa namizədliyini vermişdir. Dələduzluqla məşğul olan Cavabdeh2 deputat olması qəbul olunmazdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkil X2 apellyasiya şikayətini qəbul etməyərək, cavabdehlərin birlikdə iş qurmaq istədiklərini, sonradan isə iş alınmadığı üçün Aminin öz hissəsinə aid olan payı Hümbətə satdığını, sonradan Hümbətin iddiaçı və cavabdeh barəsində Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinə şikayət etdiyini, Əsli xanımın saxlanıldığını, həmin vaxt Aminin ölkə xaricində olduğunu, Əsli xanımın Aminə zəng edərək pulu ödəmək fikrində olduğunu, iddiaçının bu pulu özü üçün ödəmək niyyətində olduğuna görə Aminin etiraz etmədiyini, Əslinin Hümbətə 15000 manat ödədiyini, indi isə pulu Amindən tələb etdiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası MM-nin 385-388, 560; MPM 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Qeyd edilməlidir ki, istinad edilən cinayət işi üzrə baş vermiş qanunsuz hərəkətlərdə cavabdehlərin mülki məsuliyyət həddinə dair dəlillər müəyyən edilməmiş və cavabdehlərin hər birinin ayrılıqda və ya müştərək cavabdehliyi barəsində əsaslandırılmış sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin ediməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1715/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar