Məhkəmə qərarları › İş №2(103)-5671/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5671/2022

21.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5671/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5511/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı - İddiaçı azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evə köçürülməyi və iki otağından, mətbəxindən və sanitar qovşağından iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 16 aprel 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra iddiaçı qayınatasına məxsus ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evə gəlin köçmüşdür. Birgə nikahlarından üç övladları 13 yanvar 2006-cı il təvəllüdlü X4, 10 may 2009cu il təvəllüdlü X3 və 05 avqust 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçıya məxsus valideynləri tərəfindən verilmiş cehiz əmlaklarını da həmin evə cehiz olaraq aparmışdır və halhazırda cehiz əmlakları oradadır. 2005-2014-cü illər ərzində İddiaçı və övladları ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4otaqlı evdə yaşamışdır. Lakin, sonradan həmin həyətdə ikimərtəbəli fərdi yaşayış evi tikilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evinə köçərək yaşamış və onlarla birgə təsərrüfat aparmışlar. İddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdehlər iddiaçıya və uşaqlarına orda yaşamağa imkan verməmiş və onları oradan qovmuşdur. Hazırda iddiaçı övladları ilə birlikdə atasına məxsus olan evdə çox çətinliklə yaşayır. İddiaçı ünvan 1 ünvanda yerləşən yeni tikili olan ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020- ci il tarixli 2(011)- 356/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı və onun övladları-13 yanvar 2006-cı il təvəllüdlü X4, 10 may 2009-cu il təvəllüdlü X3 və 05 avqust 2013-cü il təvəllüdlü X2 ünvan 2 ünvanında yerləşən yeni tikilən ikimərtəbəli yaşayış sahəsinə (evinə) köçürülmələri qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3889/2020 saylı mülki iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(011)- 356/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1663/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3889/2020 saylı mülki iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə 2005-2014-cü illər ərzində İddiaçı və övladlarının ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evdə yaşaması faktı öz əksini tapmış və sübuta yetirilmişdir. Həmçinin 13 yanvar 2006-cı il təvəllüdlü Sadıqova Ay işə Anar qızı, 10 may 2009-cu il təvəllüdlü X3 və 05 avqust 2013-cü il təvəllüdlü X5 iddiaçı və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5511/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (Hakim: Əminə Abbasova).

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Cavabdeh2 ilə 16 aprel 2005ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra iddiaçı qayınatasına məxsus ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evə gəlin köçmüşdür. Birgə nikahlarından üç övladları 13 yanvar 2006-cı il təvəllüdlü X4, 10 may 2009cu il təvəllüdlü X3 və 05 avqust 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçıya məxsus valideynləri tərəfindən verilmiş cehiz əmlaklarını da həmin evə cehiz olaraq aparmışdır və halhazırda cehiz əmlakları oradadır. 2005-2014-cü illər ərzində İddiaçı və övladları ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evdə yaşamışdır. Lakin sonradan həmin həyətdə ikimərtəbəli fərdi yaşayış evi tikilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evinə köçərək yaşamış və onlarla birgə təsərrüfat aparmışlar. İddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdehlər iddiaçıya və uşaqlarına orda yaşamağa imkan verməmiş və onları oradan qovmuşdur. Hazırda iddiaçı övladları ilə birlikdə atasına məxsus olan evdə çox çətinliklə yaşayır. İddiaçı ünvan 1 ünvanda yerləşən yeni tikili olan ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(011)- 356/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı və onun övladları-13 yanvar 2006-cı il təvəllüdlü X4, 10 may 2009-cu il təvəllüdlü X3 və 05 avqust 2013-cü il təvəllüdlü X2 ünvan 2 ünvanında yerləşən yeni tikilən ikimərtəbəli yaşayış sahəsinə (evinə) köçürülmələri qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3889/2020 saylı mülki iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1663/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3889/2020 saylı mülki iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə 2005-2014-cü illər ərzində İddiaçı və övladlarının ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evdə yaşaması faktı öz əksini tapmış və sübuta yetirilmişdir. Həmçinin 13 yanvar 2006-cı il təvəllüdlü X4, 10 may 2009-cu il təvəllüdlü X3 və 05 avqust 2013-cü il təvəllüdlü X5 iddiaçı və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2102/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 aprel 2005-ci il tarixli nikah qeydi pozulması, birgə nikahdan olan 13 yanvar 2006-cı il təvəllüdlü X4, 10 may 2009-cu il təvəllüdlü X3 və 05 avqust 2013-cü il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh2 xx.xx.2019-cu il tarixdən başlayaraq, İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə üç uşağa görə 360 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-356/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və onun övladları 13 yanvar 2006-cı il təvəllüdlü X4, 10 may 2009-cu il təvəllüdlü X3 və 05 avqust 2013-cü il təvəllüdlü X5 Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsi, 12/1 ünvanında yerləşən yeni tikilən ikimərtəbəli yaşayış sahəsinə (evinə) köçürülməsi qət edilmişdir.

11. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3889/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsi ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1663/21 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3889/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə tərəfindən təyin edilmiş ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 4 otaqlı evin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, yaşayış evində iki otaq və kiçik mətbəxdən ibarət ayrı girişi olan bir mənzil və iki otaq və kiçik mətbəxdən ibarət ayrı girişi olan ikinci mənzil yerləşir, həyətdə bir ədəd sanitar qovşaq mövcuddur, bir mənzildə kirayəçi qalır. Apellyasiya baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

18. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

20. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

21. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Hüquqi dəyərləndirmə:

22. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh2 16 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 13 yanvar 2006-cı il təvəllüdlü X4, 10 may 2009-cu il təvəllüdlü X3 və 05 avqust 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçı ailə qurduqdan sonra qayınatasına məxsus ünvan 2 saylı evə gəlin köçmüşdür. Həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) aşkar edilməmişdir. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir.

23. Kollegiya qeyd edir ki, mübahisəyə analogiya üzrə yaşayış sahəsindən istifadə hüququ ilə bağlı qanunvericiliyin müvafiq normalarını tədbiq edilməlidir.

24. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4 və 13.5-ci maddələrinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Qanunun analogiyası üzrə hazırkı mübahisəyə tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir.

25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

26. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

27. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

28. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman mübahisələndirilən yaşayış sahəsinin yerində baxışı həyata keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi köhnə tikilidir və iddiaçının həmin yerə gəlin köçməsindən daha əvvəl tikilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı uzun müddət orada yaşasa da, həmin evdə hər hansı yaxşılaşdırma işləri aparmamışdır.

29. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına, həmçinin yerli baxışın nəticələrinə əsasən belə qənaətə gəlir ki, tərəflər arasında istifadə hüququ ilə bağlı razılaşmanın olmaması ilə yanaşı, mübahisəli tikili iddiaçının həmin evə köçməsindən daha əvvəl inşa edildiyindən və yaşadığı müddətdə iddiaçı tərəfindən həmin evdə hər hansı yaxşılaşdırma işləri aparılmadığından iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ yarana bilməz.

30. Odur ki, iddiaçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və bundan irəli gələn evə köçürülmə tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun olaraq əsassız hesab edilərək iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

31. Kollegiya eyni zamanda, iddianın İddiaçı azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 mənzilə köçürülməyi və istifadə qaydalarının müəyyən edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbinin qeyd edilən hissədə də rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

32. Belə ki, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası İddiaçı yanında qalır. Kollegiya hesab edir ki, məhkəmə qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası İddiaçı yanında qaldığından, uşaqların yaşayış yeri valideynin yaşayış yeridir.

33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

34. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdiirlmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

37. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5511/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar