Məhkəmə qərarları › İş №2(103)-5673/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5673/2021

02.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5673/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən və onun üzərində olan bağ evindən məcburi çıxarılaraq boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3088/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən və onun üzərində olan bağ evindən məcburi çıxarılaraq boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3088/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən və onun üzərində olan bağ evindən məcburi çıxarılaraq boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh1 şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin 10.11.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında onlar tərəf kimi iştirak etmişlər və tərəflər kimi heç bir ilk və qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması barədə ərizə verməmişlər. Lakin buna baxmayaraq məhkəmə öz qərardadında göstərmişdir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Eləcə də məhkəmənin qərardadından göründüyü kimi, məhkəmə iclasında tərəflərindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, qarşılıqlı iddia ərizəsi ilk iddia ilə birlikdə baxılması üçün icraata qəbul edilmiş, lakin sözügedən qərardadda qarşılıqlı iddia ərizəsinə dair heç bir hal göstərilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3088/2020 saylı 05 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, məhkəmə tərkibinə edilmiş etirazı araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 28.07.2016-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Qeyd etmək lazımdır ki, şərh olunan maddə ilə iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizənin baxılmamış saxlanılmasının əsası kimi nəzərdə tutur. Ona görə də ərizənin bu əsasla baxılmamış saxlanılması üçün zəruri olan 3 şərtin mövcud olması vacibdir: -İddiaçı məhkəmənin birinci inclasına gəlməməli; -Cavabdeh işə mahiyyəti üzrə baxılmasının tələb etməməli; -Tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilməlidir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin hazırlıq və baxış iclasları keçirilmiş, baxış iclasında tərəflərin izahatları alınmış, sorğu verilmiş, daha sonra məhkəmənin baxış iclasları dəfələrlə təxirə salınmışdır. Bundan sonra birinci instansiya məhkəməsi 10.11.2020-ci il tarixli baxış iclasında cavabdehlərin iştirakı ilə iddia ərizəsini baxılmamış saxlamışdır. Bundan əlavə məhkəmənin 24.09.2020-ci il tarixli iclası keçirilmədən məhkəmənin baxış iclası 07.10.2020-ci il tarixə təxirə salınmışdır. Belə ki, 24.09.2020-ci il tarixli məhkəmənin baxış iclasının protokolu iş materiallarında müəyyən edilmir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3088/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadında olan yanlışlıqları aradan qaldırsa da, iş üzrə icraatın baxılmamış saxlanılmasının əsasını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 259.0.7-cı maddəsinə dəyişdirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən, istinad etməli olduğu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələblərini də pozulmuş, iddia tələbinə mahiyyəti üzrə baxılarkən tərəflər əvvəlki məhkəmə iclaslarında iştirak etməsini, sonuncu iclasda cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qeyd olunan hallar isə ərizənin baxılmamış saxlanılması üçün əsas hesab oluna bilməz. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, apelyator şikayətində onun qarşılıqı iddia əriəsinə qiymət verilmədiyinə istinad etsə, iş materiallarında hər-hansı qarşılıqlı iddia ərizəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3088/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 21, 22, 365 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3088/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İşə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar