Məhkəmə qərarları › İş №2(103)-5674/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5674/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5674/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Firuz Bayramov adına 22 saylı tam orta məktəbə qarşı «intizam tənbehi barədə» 12.10.2019-cu il tarixli, 424 saylı əmrin ləğv edilməsi və mənəvi ziyanın əvəzi olaraq 50000 manat pulun tutulması» tələbinə dair 2(008)-747/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri 22 nömrəli tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti 1 saylı region üzrə X1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə, cavabdeh Firuz Bayramov adına 22 saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «intizam tənbehi barədə» 12.10.2019-cu il tarixli, 424 saylı əmrin ləğv edilməsi və ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08.12.2008-ci il tarixdən Firuz Bayramov adına 22 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləmişdir. 16.10.2019-cu il tarixdə məktəbin direktoru Azər Ələkbərov onu öz otağına dəvət edərək ona şiddətli töhmət verildiyini bildirmiş, əmrin verilməsinin səbəbi isə onun guya «məktəblinin dostu» layihəsi çərçivəsində kimlərləsə kobud davranması, idman müəllimlərinə aid olan kabinetdən qovması olmuşdur. O, direktora əmrdə göstərilən halların baş vermədiyini, Əmək Məcəlləsinin tələblərinə riayət edilmədiyini, izahatının alınmadığını bildirmiş, direktor isə ona əmrin Təhsil Nazirliyinin sifarişi olduğunu demişdir. Əmr ona həmin gün təqdim edilmiş, qeyd edilən tarixədək heç vaxt intizam məsuliyyətinə məruz qalmamışdır. Eyni zamanda, məktəbin həmkarlar təşkilatı qeyd edilən məsələ ilə bağlı xəbərdar olunmamışdır. Həmçinin, ona qarşı bu cür qərəzli mövqe əvvəllər də mövcud olmuşdur. Təxminən 3 il məhkəmə mübahisələri olmuş, ona əvvəllər verilmiş intizam tənbehi barədə əmrlər, eləcə də işdən xaric olunması barədə əmr məhkəmə qətnamələri ilə ləğv edilmişdir. Hesab edir ki, hazırki əmr də həmin qərəzliliyin davamıdır, ona qarşı təxribatdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Firuz Bayramov adına 22 saylı tam orta məktəbin 12.10.2019cu il tarixli, 424 saylı əmri qanunsuz hesab edilərək ləğv edilmiş, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində pulun cavabdeh Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri 22 nömrəli tam orta məktəbin direktoru A.Ələkbərov apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın tam şəkildə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən mübahisələndirilən əmri verərkən qanunvericiliyin heç bir normasını pozmamış, əksinə olaraq qaydalara tam uyğun intizam tənbehini tətbiq etmişdir. Bundan başqa, İddiaçı intizam tənbehi konkret olaraq «Məktəblinin dostu» layihəsinin əməkdaşlarına qarşı kobud və müəllim adına yaraşmayan «Müəllimlərin etik davranış» qaydalarına zidd davranışlarına, eyni zamanda əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə verilmişdir və onun bu əməllərə yol verdiyi məhkəməyə təqdim edilmiş yazılı sübutlar (izahatlar, aktlar) tam şəkildə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra məqamları tam və hərtərəfli araşdırmamış, işlə bağlı bəzi məqamlara lazımi diqqət ayırmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qətnamə çıxarılan tarixdə iddiaçıya verilmiş intizam tənbehi artıq qüvvəsini itirmişdir. Çünki, Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətinə qüvvədə olur. Apellyator hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan ləğv olunmalıdır. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz dərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın qismən təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Firuz Bayramov adına 22 saylı tam orta məktəbin direktoru Azər Ələkbərovun 12.10.2019-cu il tarixli, 424 saylı əmrində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 13.09.2019-cu il tarixli, F-555 saylı əmrinə əsasən Firuz Bayramov adına 22 saylı tam orta məktəbdə tətbiq olunmuş «məktəblinin dostu» layihəsi çərçivəsində fəaliyyət göstərən layihə əməkdaşlarından Emil Əliyev 24.09.2019-cu il tarixdə məktəb rəhbərliyinə müraciət edərək İddiaçı onu təhqir etdiyini, kobud davranışa və fiziki zorakılığa məruz qaldığını bildirmiş, araşdırma zamanı məlum olmuşdur ki, Emil İsayev məktəbin şagirdi olan X4 Əliyevi valideynlə görüşməsi üçün məktəbin giriş hissəsinə gəlməsini xahiş etmiş, İddiaçı isə Əvəz Bağırov vasitəsilə kobud surətdə «məktəblinin dostu kimdir ki, mən onun ayağına gəlim» deyərək gəlməyəcəyini bildirmiş, müəllimin valideynə qarşı diqqətsizliyinin qarşısını almaq üçün Emil İsayev idman zalına daxil olarkən İddiaçı kobud surətdə onun əlindən tutumuş, güc tətbiq edərək «siz kimsiniz ki, mən sizə tabe olum? Bura niyə gəlmisiniz? Siz dələduzsunuz!» kimi müəllimə yaraşmayan ifadələr işlətmişdir. Həmin hadisə aktlaşdırılmış, şahidlər bunu öz izahatları ilə təsdiq etmişlər. Bundan əlavə İddiaçı «məktəblinin dostu» layihəsinin fəaliyyətinə mane olmuş, layihə əməkdaşlarının əleyhinə təbliğat aparmışdır. 09.10.2019-cu il tarixdə məktəb direktoru məsələni ümumi maraq naminə barışıqla həll etmək üçün qarşılıqlı araşdırma və əməkdaşlığa dəvət etsə də, İddiaçı rədd cavabı verərək bundan imtina etmişdir. Bunula da, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.05.2014-cü il tarixli, 600 saylı əmri ilə təsdiq edilmiş «Müəllimlərin etik davaranış qaydaları»nın, 13.09.2019-cu il tarixli, F-555 saylı əmrin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 04.10.2019-cu il tarixli F-325 saylı əmrinin, əmək qanunvericiliyinin tələblərini pozmuş və icra etməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16.07.2015-ci il tarixli, 2(008)- 5328/2015 saylı qətnaməsi ilə İddiaçı Firuz Bayramov adına 22 saylı tam orta məktəbinə qarşı «intizam tənbehinin verilməsinə dair əmrlərin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2016-cı il tarixli, 2(103)-3405/2016 saylı qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı intizam tənbehlərinin verilməsi barədə Firuz Bayramov adına 22 saylı tam orta məktəbin 13.11.2014-cü il tarixli, 64 saylı, 05.01.2015-ci il tarixli, 89 saylı və 20.02.2015-ci il tarixli, 89 saylı əmrləri qanunsuz hesab edilərək ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.11.2016-cı il tarixli 2(102)-5830/2016 saylı qərarı ilə təmin edilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13.12.2016-ci il tarixli 2(008)-193/2016 saylı qətnaməsi ilə İddiaçı Firuz Bayramov adına 22 saylı tam orta məktəbinə qarşı «07.09.2015-ci il tarixli, 111 saylı əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi təmin edilmiş, Firuz Bayramov adına 22 saylı tam orta məktəbi tərəfindən verilmiş 07.09.2015-ci il tarixli, 111 saylı əmr ləğv edilmiş, İddiaçı işə bərpa edilmiş, onun vəzifəsinə bərpa müddəti 28.08.2015-ci il tarixdən hesablanmaqla vəzifə maaşının həmin tarixdən tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2018-ci il tarixli 2(103)-279/2018 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.07.2018-ci il tarixli 2(102)-5089/2018 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Təhsil İşçiləri X3 Respublika Komitəsinin 22.11.2019-cu il tarixli məktubunda qeyd olunur ki, iddiaçı tərəfindən ünvanlanmış ərizəyə cavab olaraq Azərbaycan Təhsil İşçiləri X3 Respublika Komitəsi tərəfindən iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 286-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cü maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək daxildir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06.11.2014-cü il tarixli 1/2 Qərarı ilə təsdiq edilmiş «Müəllimlərin etik davaranış qaydaları»nın 2-ci bəndinə görə müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir: 2.1.1. Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. 2.1.2. Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 2.1.3. Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. 2.1.4. Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. 2.1.5. Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. 2.1.6. Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. 2.1.7. İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. 2.1.8. Konfidensiallıq - qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, «intizam tənbehi barədə» 12.10.2019-cu il tarixli 424 saylı əmrin qəbul edilməsi üçün əsas olmuş halları və qanuniliyini sübut etmək vəzifəsi birmənalı olaraq cavabdeh Firuz Bayramov adına 22 saylı tam orta məktəbin üzərinə düşür. Cavabdeh «intizam tənbehi barədə» 12.10.2019-cu il tarixli 424 saylı əmr qəbul edilənədək intizam tənbehi verilmiş şəxsin, yəni İddiaçı izahatının alınıb-alınmaması barədə, intizam tənbehinin verilməsi üçün əsas olmuş halları təsdiq edən şəxslərin izahatları barədə, həmçinin intizam tənbehi verilərkən İddiaçı Həmkarlar Komitəsinin iclasında iştirakı (əgər belə bir iclas keçirilibsə) barədə sübutları (sənədləri – protokol, akt və s) məhkəməyə təqdim etməli idi. Lakin cavabdeh tərəf «intizam tənbehi barədə» 12.10.2019-cu il tarixli, 424 saylı əmrin qəbul edilməsi üçün əsas olmuş halları və qanuniliyini sübut edə biləcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəməyə yalnız 30.09.2019-cu il tarixli, «məktəblinin dostu» layihəsinin əməkdaşları Gülarə Behbudova və Emil İsayevin izahatları, 08.10.2019-cu il tarixli layihə əməkdaşları Orxan Əlizadə və Emil İsayevin izahatları və 04.10.2019-cu il tarixli (04.10.2019-cu il tarixi dəyişdirilərək 04.09.2019-cu il tarixi kimi qeyd edilmişdir) şagird Əvəz Bağırovun izahatları təqdim edilmişdir ki, məhkəmə, həmin izahatların təqdim edilmə formasından intizam tənbeh verilməmişdən əvvəl yazılmasını müəyyən etmək mümkün olmadığından «əsaslı şübhədən kənar» sübutlar kimi qiymətləndirə bilmir. Halbuki, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Birinci instansiya məhkəməsi həmçinin «intizam tənbehi barədə» 12.10.2019-cu il tarixli, 424 saylı əmrin ləğv edilməsi qənaətinə gələrkən haqlı olaraq onu da nəzərə almışdır ki, cavabdeh Firuz Bayramov adına 22 saylı tam orta məktəb «intizam tənbehi barədə» əmri ümumi şəkildə əsaslandırılsa da, konkret fakta söykənməmiş, konkret hansı faktla bağlı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qeyd edilməmiş, cavabdeh tərəfindən əmrin niyə məhz qeyri-iş günü olan şənbə günü verilməsi barədə, həmçinin İddiaçı 12.10.2019-cu il tarixdə işdə olması (onun işi günü olması) barədə məhkəməyə əsaslı heç bir sənəd təqdim edilməmiş, bu əsaslandırılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi iddiaçının ona vurulmuş mənəvi ziyanla bağlı tələbini qismən təmin etmək qənaətinə gələrkən haqlı olmuşdur. Çünki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində izah edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.04.2020-ci il tarixli Qərarında müəyyən olunmuşdur ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı qismən təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Bakı şəhəri 22 nömrəli tam orta məktəbin direktoru A.Ələkbərovun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(008)- 747/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar