Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5675/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-492/1993 nömrəli, 01 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Binəqədi Rayon Məhkəməsinin icraatına olmuş 2-492/1993 nömrəli mülki işin bərpa edilməsinə və həmin iş üzrə məhkəmənin qəbul etdiyi 2-492 nömrəli, xx.xx.1993-cü il tarixli qətnaməsinin icraya yönəldilməsi üçün icra vərəqəsi verilməsi barədə qərar qəbul edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Əliyeva Dilarə Səttar qızının vəkili və nümayəndəsi Salmanlı Mirkəbir Əliheydər oğlu vəsatətlə məhkəməyə müraciət edərək iddiaçılar Q.V.Əliyevanın, D.İddiaçıanın və M.İddiaçıanın cavabdeh İddiaçı qarşı kompensasiya verilmədən mənzilə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsini bildirib iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-492/1993 nömrəli, 01 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı Binəqədi Rayon Məhkəməsinin icraatına olmuş 2-492/1993 nömrəli mülki işin bərpa edilməsinə və həmin iş üzrə məhkəmənin qəbul etdiyi 2-492 nömrəli, xx.xx.1993-cü il tarixli qətnaməsinin icraya yönəldilməsinə dair ərizəsi ilə bağlı icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Əliyeva Qalina Vasilyevnanın, Əliyeva Mehriban Səttar qızının və Əliyeva Dilarə Səttar qızının cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair 2(001)-5018/2023 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması qərar alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-492/1993 nömrəli, 11 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətinin təmin edilməməsi, şikayətin 2- 492/1993 nömrəli iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-492/1993 nömrəli, 11 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Qanunvericiliyin qeyd edilən normasının məzmunuma görə iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərədə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Binəqədi Rayon Məhkəməsinin icraatına olmuş 2-492/1993 nömrəli mülki işin bərpa edilməsinə və həmin iş üzrə məhkəmənin qəbul etdiyi 2-492 nömrəli, xx.xx.1993-cü il tarixli qətnaməsinin icraya yönəldilməsinə dair ərizəsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Əliyeva Qalina Vasilyevnanın, Əliyeva Mehriban Səttar qızının və Əliyeva Dilarə Səttar qızının cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair 2(001)-5018/2023 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının nəticəsindən asılı olduğundan həmin işə baxılıb həll edilməyincə hazırki işə baxmaq mümkün deyil. Ona görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ərizəyə baxılması üzrə işin icraatı dayandırılmalıdır. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-492/1993 nömrəli, 01 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-492/1993 nömrəli, 01 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5675/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5675/2023
11.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver