Məhkəmə qərarları › İş №2(103)-5677/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5677/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5677/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-61/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona xx xxxxxxxx 2015-ci ildən etibarən ödəmədiyi 76.345,50 manat pula görə bank faizləri kimi 32.217,80 manat, onun həmin məbləği əsassız özündə saxlayaraq törətdiyi mülki hüquq pozuntusuna görə ona vurulan ziyan kimi 76.345,50 manat və ödədiyi dövlət rüsumuna görə 30 manat, cəmi 108.721(yüz səksən min yeddi yüz iyirmi bir) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-61/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı onun mülkiyyətində olmuş Xətai rayonu, R.Bağırov küçəsindəki 25 saylı ünvanda yerləşən mağazanın satılmasından əldə edilmiş 349.730 manat puldan ödənilməmiş 162.000 manat pulun tələbinə dair iddia qismən təmin edilərək, 49730 manatın cavabdehdən tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MİMK-nin xx xxxxx 2009-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi dəyişdirilmiş,həmin mağazanın alqı-satqısından əldə edilmiş 162.000 mnat pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxxxxxxx 2009-cu il tarixli qərarı ilə Bakı Apellyaisya Məhkəməsinin MİMK-nin xx xxxxx 2009-cu il tarixli qətnaməsi ləğv edilib iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasya Məhkəməsinin MİMK-nin xx xxxxxx 2009-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi tam təmin edilərək, xx xxxxxx 2007-ci il AN-1-0134595 nömrəli daşınmaz əmlakın aılqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu,R.Bağırov küçəsindəki 25 saylı ünvanda yerləşən mağazanın satılmasından əldə edilmiş 349.730 manat puldan ödənilməmiş 162.000 manat pulun cavabdehdən tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxxx 2010-cu il tarixli qərarı ilə Bakı Apellyasya Məhkəməsinin MİMK-nin xx xxxxxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən kassasiya şikayəti təmin edilmədən saxlanmışdır. Cavabdeh həmin pulu xx.xx.2007-ci il tarixdən ona ödəməli olduğu halda, həmin pulu ödəməmişdir və hazırda da qətnamənin icrasından qəsdən yayınmaq istəyir. Bununla əlaqədar 2015-ci ildə məhkəməyə müraciət edərək ödənilməli olan pul vəsaitinin indeksləşdirilməsini xahiş etmiş və Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qərardadı ilə həmin məbləğdən ona ödənilməli olan 81000 manatı indeksləşdirilərək Cavabdeh əlavə olaraq 11664 manatın tutulması barədə qərardad qəbul edilmişdir.Həmin qərardad ayrıca olaraq icraya yönəldilmişdir. Lakin indiyə kimi həmin məbləğ də ona ödənilməmişdir və ümumi borc üzrə hissəhissə cəmi 16.318,50 manat (on altı min üç yüz on səkkiz manat əlli qəpik) pul ödənilmişdir. Ona ödəməli olduğu 11664 manatı da əlavə etsə və indiyə qədər ödənilmiş 16.318,50 manatı ümumi məbləğdən çıxsa (81000 + 11664=92664), (92664- 16.318,50=76345,50) indiyə qədər ödənilməmiş 76.345.50 manat pul vəsaiti qalır. xx xxxxxxxx 2015-ci il tarixli qərardadın qəbul edildiyi tarixdən sonrakı dövr üçün ona ödənilməli olan hissə-hissə ödənilmiş məbləğlər çıxıldıqdan sonra qalan 76.345,50 manat pula görə cavabdeh tərəfindən qanunla müəyyən edilmiş bank faizləri, onun həmin pullarını qanunsuz saxlamaqla əlaqədar vurulmuş ziyana və həmin pulların cavabdehin təqsiri üzündən onda olmaması ilə əlaqədar əldən çıxmış fayda da hesablanaraq məhkəmə qaydasında tutularaq ona ödənilməli idi. Lakin, yuxarıda qeyd edildiyi kimi əsassız olaraq iddia tələbi təmin edilməmişdir. Qətnamədə iddianın təmin edilməməsini əsaslandırmaq üçün qeyd edilir ki,iddiaçı cavabdehin qanuni əsas və ya müqavilə əsası olmadan onunhesabına varlanmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Qətnamədə iddianın təmin edilməməsi üçün istinad edilmiş bu arqument tamamilə əsassızdır, belə ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə və cavabdehin ona məhkəmə qətnaməsi əsasında ödəməli olduğu 81.000 manat pulu ödəməkdən qəsdən boyun qaçırması ilə əlaqədar məhkum olunmasına dair Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə tam sübuta yetirilmişdir. Onun 81.000 manat pulunu ödəməyərək uzun müddət özündə saxlayan cavabdeh qanunsuz və əsassız gəlir əldə edərək varlanmamışdırmı? Əgər cavabdeh onun külli miqdarda pulunu özündə saxlayıb varlanmamışdrısa, hansı pulun hesabına tikdirdiyi yeni tikilidə ona sənədsiz mənzil təkilf edirdi? Cavabdehin məhkəmədə bildirdikləri də onu göstərir ki, onun pulunun hesabina hündürmərtəbəli yaşayış binası tikdirir. Əgər həmin binanın tikintisində onun pul vəsaitindən istifadə etməmişdirsə, hansı vəsait hesabına həmin yaşayış binasını tikdirməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etmişdirmi? Əlbəttə ki, xeyr!Çünki iş materiallarında bu barədə heç bir sənəd və sübut yoxdur. Cavabdehin məhkəmədə ona borcun əvəzinə 80.000 manat pul və Babək prospektində 240 kv.m-lik iki mərtəbəli evi təklif etməsi barədə bildirdikləri tamamilə ağ yalan və böhtandır. Çünki,əgər doğrudan da ona 80.000 manat pul təklif edirdisə, ancaq psixi xəstə, dəli olmalıdı ki, həmin pulu qəbul etməsin, ikincisi əgər o, dediyi kimi 80.000 manat pulu qəbul etməmişdisə, onda həmin pulu cavabdeh icra şöbəsinin depozit hesabına köçürərək icra işinə xitam verdirə bilərdi. Bunu etmədiyi üçün ona 80.000 manat təklif etməsinin yalan və böhtan olduğu tam sübut olunur. Babək prospektində 240 kv.m- lik iki mərtəbəli evi təklif etməsi barədə məlumatı isə qətnamədən sonra bilmiş, bu da ağ yalandan başqa bir şey deyildir. Cavabdeh yalnız borcun əvəzinə heç bir çıxarışı və qanuni sənədi olmayan tikintisi başa çatmamış yeni tikilidə iki otaqlı mənzil təklif etmişdir ki, həmin təklifi də real qəbul etməmiş, mənzilin çıxarışı olsa, buna inanıb qəbul edər, əks təqdirdə həmin mənzil doğrudan da ona məxsusdursa, eyni qaydada başqa şəxsə satıb onun pulunu ödəsin. Əlinə əsli olmayan bir kağız alıb o qədər pulu bağışlaya bilməz. Cavabeh ona yalnız qanuni sənədi olmayan tikintisi başa çatmamış yeni tikilidə iki otaqlı mənzil təklif etmişdir ki, təbii olaraq, gələcəkdə həmin mənzilin başqasına məxsus olması səbəbindən məhkəmələrdə sürünməkdən qorxduğu üçün borcun müqabilində bunu qəbul edə bilməzdi. Əgər cavabdeh borcun əvəzinə qanuni sənədi(çıxarışı) olan hər hansı bir əmlak təklif etsə idi şübhəsiz ki, borcun əvəzinə qəbul edərdi və hazırda da belə təklifi qəbul etməyə hazırdı. Buna görə də, cavabdehin məhkəmədə ona pul və ya hər hansı bir əmlak təklif etməsi barədə bildirdikləri yalandan başqa bir şey deyildir. Bu yalnız borcu ödəməyə cəhd etmək görüntüsü yaratmaq üçün bildirilən sözlərdir. Buna görə də, qətnamədə cavabdehin guya daşınmaz əmlak təklif etməsi, onun isə bunu qəbul etməməyinin qeyd olunması da tamamilə əsassızdır, bu fikir yalnız cavabdehin məhkəmədə heç bir əsasla və sübutla təsdiq olunmayan yalanlarına əsaslanmışdır. Məhkəmə baxışı zamanı məhkəmənin təşəbbüsü ilə məhkəmə mühasibatlıq ekspertiası təyin edimişdir və məhkəməyə daixl olmuş xx xxxx 2019-cu il tarixli ekspert rəyinə görə xx xxxxxxxx 2015-ci il tarixdən sonrakı müddət ərzində Cavabdeh tərəfindən iddiaçının xeyrinə 81.000 manat pul öhdəliyini icra edilməməsinə görə faiz borcu 28591,88 manat təşkil edir. Qətnamədə iş üzrə mötəbər sübut olan həmin ekspert rəyi qeyd edilsə də, nə üçün sübut kimi nəzərə alınmaması barədə bir kəlmə də qeyd olunmamışdır. Bu isə məhkəmə tərəfindən sübutlara düzgün qiymət veriləməməsini, iddiaya obyektiv və tərəfsiz baxmamasını sübut edir. Apellyasiya şikayətində istinad olunanlardan görünür ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 bildirdi ki, apellyasiya şikayətində göstərilənləri təsdiq və müdafiə edir. Ona görə məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya mütəmadi ödənişlər edilərək, artıq 16.318,50 manat pul vəsaiti ödənilmişdir, Bundan əlavə mülki işdə olan protokollardakı tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlarla təsdiq edilir ki, cavabdeh tərəfindən borcun müqabilində iddiaçıya daşınmaz əmlak təklif olunmuş, iddiaçı qəbul etməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya borclu olduğu pul hesabına hər hansı faydanın əldə edilməsini təsdiq edən sübutlar mülki işdə mövcud deyil. Eynilə iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3780/2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı əvvəllər də Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-5073/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə tutulması qət edilmiş 162000 manat məbləğində ödənilməli olan pul məbləğinə faizlərin, əsassız varlanma məbləğinin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair Cavabdeh qarşı iddia qaldırmış, iddiası təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması, yaxud qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına varlanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir... Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır... Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, .... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir... Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə yoxlanılmalı, digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, işdən görünür ki, məhkəmə qətnaməsinə əsasən 162.000 manatın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçının hazırki iddiası isə həmin qətnamə ilə qət olunan məbləğin xx xxxxxxxx 2015-ci ildən etibarən ödənilməyən 76.345,50 manat hissəsinə görə bank faizləri kimi 32.217,80 manat və həmin məbləğin əsassız saxlanmasına görə vurulan ziyan kimi 76.345,50 manatın cavabdehdən alınması ilə bağlıdır. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi anlaşılandır. Belə ki, məhkəmə aktı ilə qət olunan məbləği tam olaraq indiyə kimi ala bilməmişdir. Düzdü, bununla əlaqədar, həm iddia ərizəsi ilə əvvəllər məhkəməyə müraciət edərək ödənilməmiş borcla əlaqədar faizlərin,əsassız varlanma məbləğinin və əldən çıxmış faydanın odənilməsini tələb etmiş, ancaq iddiası təmin edilməmiş, lakin pul məbləğlərinin indeksasiyasına dair ərizə ilə də məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilərək cavabdehdən əlavə olaraq 11664 manatın alınması barədə qərardad qəbul edilmiş və həmin qərardad ayrıca olaraq icraya yönəldilmişdir. Bununla yanaşı, cavabdeh qeyd olunan qətnamənin icra edilməməsi ilə əlaqədar həm inzibati, həmdə cinayət məsuliyyətinə cəlb olunmuş, hal-hazırda da cəza çəkir. Əlbətdə ki, hazırki iddianın təmin olunması o vaxt ədalətli olardı ki, cavabdeh icra sənədi üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırsın, icra sənədinin icra olunması ilə əlaqədar hər hansı bir maneələr yaratsın, yəni qətnamənin icrasını təmin edəcək real pul vəsaiti olduğu halda, bunu ödəməsin. Lakin işdən cavabdehin bu yaxud icra sənədinin icrasına mane ola biləcək hər hansı bir digər hallara yol verməsi görünmür. Buna görə də, hazırki iddianın təmin edilməsi cavabdehin onsuz da real pul vəsaitini ödəmək iqtidarında olmayan vəziyyətini bir qədər də ağırlaşmasına səbəb ola bilər. Çünki, cavabdehin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Lakin buda o demək deyil ki, cavabdeh də bu vəziyyətdən sui-istifadə edərək dövlətin adından çıxarılmış məhkəmə qərarını qərəzli olaraq uzun illər ərzində icra etməsin. Bu hal şəxslərin məhkəmə hakimiyyətinə inamını, güvənini azaltmaqla arzuolunmaz vəziyyətə gətirib çıxara bilər. Göstərilənlərlə yanaşı, iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlaması, onun qaytarılmasından boyun qaçırması, eləcə də pul vəsaitindən qanunsuz istifadə etmə nəticəsində faydalanmasına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, eləcə də vurulmuş ziyana görə mülki hüquqi məsuliyyət daşıması üçün qeyd olunan hallar və real ziyan vurulması iddiaçı tərəfindən sübuta yetirilməlidir. Lakin iddiaçı bu halları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-61/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi, iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar