Məhkəmə qərarları › İş №2(103)-5677/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5677/2022

05.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5677/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-382/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh onun xeyrinə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzilinin təmirinə sərf edilən 35000 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-382/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzidə aparılan təmir işlərinə görə 21800 manat, mənzildə quraşdırılan məişət avadanlıqlarınını hazırkı dövr üçün bazar dəyəri olan 11000 manat olmaqla, cəmi 32800 (otuz iki min səkkiz yüz) manat məbləğində pul tutulması, Cavabdeh dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutularaq İddiaçı, qiymətləndirmə xərci olan 500 manatın isə cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi qiyabi qətnamənin ləğvinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini, işə baxılmanın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Daha sonra həmin qərardaddan cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 şikayət verərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadının ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-382/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizənin təmin edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 382/2021 saylı qərardadından cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 382/2021 saylı qərardadından verilmiş şikayətə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadına əsasən şikayətin geri qaytarılması qərara alınmışdır (hakim: Tural Məmmədov). Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5677/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə işə şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və onun nümayəndəsi Y.Azaryayev şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədn saxlanılmasını xahiş etdilər. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu bütün məhkəmələrdə olduğu kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində də mülki məhkəmə icraatı üzrə verilən bütün şikayətlər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Lakin hazırkı iş üzrə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət yalnız kağız daşıyıcıda verilmiş, elektron qaydada məhkəməyə göndərilməmişdir. Üstəlik, şikayət verilərkən apellyasiya şikayətinin məzmununu müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbləri də nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10- 1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-363-cü maddələrində müəyyən edilmiş əsaslar qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı olsa da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllədə qərardaddan şikayətin geri qaytarılmasını tənzimləyən norma olmadığından anoloji münasibətləri (apellyasiya şikayətinin geri qaytarılması) tənzimləyən norma tətbiq edilməlidir. Bununla da cavabdehin nümayəndəsi (vəkili) qərardaddan şikayəti həm qanunla müəyyən edilmiş məzmuna (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş), həm də qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-382/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar