Məhkəmə qərarları › İş №2(103)-5678/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5678/2020

11.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5678/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş günlərinə görə orta əmək haqqının hesablanaraq ona ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(011)-2066/2020 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş günlərinə görə orta əmək haqqının hesablanaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Xətai rayon Bələdiyyəsində işinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və buraxılmış iş günlərinə (aylarına) görə orta əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2066/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Nüriddin qızının əmək müqaviləsinə xitam verilməsinə dair Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmri ləğv edilmiş,İddiaçı Nüriddin qızı ilə Xətai rayon Xətai Bələdiyyəsi arasında bağlanmış 30/k saylı, xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsi və onun şərtləri qüvvədə saxlanılmaqla İddiaçı Nüriddin qızının katibə vəzifəsinə (və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa edilməsi və ona xx.xx.2020-ci il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xidmət haqqına görə vəkilə ödənilmiş 120 manat pul vəsaiti cavabdeh Xətai rayon Xətai Bələdiyyəsindən tutularaq İddiaçı Nürəddin qızına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsində katibə vəzifəsinə işə qəbul edilmiş, İddiaçı xx.xx.2020ci il tarixli ərizəsi ilə işdən azad olmasını xahiş etmiş, Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 30/k saylı əmri ilə İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən tutuduğu (katibə vəzifəsindən) vəzifədən azad edilmişdir. Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı işdən çıxarıldıqdan, əmək müqaviləsinin müddətinin bitməsindən sonra, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsinə müraciət edərək ərizəsinin etibarsız hesab edilməsini bildirmişdir. İddiaçı qohumu (qardaşının qaynatası (qudaları) X9 xx xxxx 2016-ci il tarixdən Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsinin sədri seçilmişdir. 2020-ci ilin yanvar ayından Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsinin sədri X1 sonra X3 müavini vəzifəsinə seçilmişdir. “Bələdiyyə qulluğu haqqında” qanunun 5-3-cü maddəsinə əsasən bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda həmin şəxslər bələdiyyə qulluğuna qəbul edilə bilməzlər. İddiaçı qohumu X10 Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsinin sədri vəzifəsindən azad edilən andan “Bələdiyyə qulluğu haqqında”qanuna görə bələdiyyənin sədr müavini qohumu olduğundan işləyə bilməyəcəyini anlayıb, işdən azad edilməsi barədə ərizə verərək xx.xx.2020-ci il tarixdən işə çıxmamışdır. Bakı şəhəri Xətai rayonu. Xətai Bələdiyyəsi İddiaçı işdən azad edilməsinə dair əmr verdikdən sonra onun tutduğu katibə vəzifəsi ixtisar edilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Buna görə İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinin (işdən azad olmasına dair ərizəsinin etibarsız hesab edilməsinə dair) hüquqi qüvvəsi yoxdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyatorun şikayəti qətnamənin ləğvinə və iddianın rədd olunmasına yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki,Xətai rayon Xətai Bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli, 30/k saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Nurəddin qızı xx xxxxxx 2017-ci il tarixdən ƏM-nin 51-ci maddəsinə əsasən 3 aylıq sınaq müddətinə katibə vəzifəsinə işə qəbul edilmiş, əmək haqqının ştat cədvəlinə uyğun olaraq xx xxxxxx 2017-ci il tarixdən hesablanması əmr edilmişdir.Xətai rayon Xətai Bələdiyyəsinin sədri X10 ilə İddiaçı Nurəddin qızı arasında bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, işçi Xətai Bələdiyyəsində katibə vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi 12 ay müddətinə bağlanmışdır.Xətai rayon Xətai Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 05/k saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, Xətai Bələdiyyəsinin katibəsi ƏM-nin 69- cu maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Xətai rayon Xətai Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik xx xxxxxx 2017-ci il tarixli xxxxxxx000101 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. "Sistemə daxil edildiyi tarix: xx.xx.2019”. İddiaçı xx.xx.2020-ci ildə tutduğu vəzifədən azad olunması barədə ərizə ilə Xətai rayon Bələdiyyəsinə müraciət etmişdir. İddiaçı aid ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə işdən azad olunması barədə ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 01/27 saylı məktub ilə İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizəsinə baxılmış, xx xxxxxx 2020-ci il tarixli işdən azad olunmaq üçün yazdığı ərizəyə əsasən ƏM-nin 69-cu maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdən 05/K saylı əmrlə tutduğu vəzifədən azad olunması onun diqqətinə çatdırılmış, ayrıca olaraq onun əmək müqaviləsinin xx xxxxxx 2020-ci il tarixdə müddətinin bitdiyi qeyd edilmişdir.Xətai rayon Xətai Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş ümumi iclasının 02 saylı protokolu ilə X7 Aparatı işçilərinin 2020-ci il üzrə ştat cədvəlinə xx xxxxxx 2020-ci il tarixdən dəyişiklik edilməsi, ştat vahidinin sayı 51 nəfər olmaqla, aylıq əmək haqqı fondunun 17810 manat həcmində təsdiq edilməsi qərara alınmışdır.X7 Aparatı işçilərinin 2020-ci il üzrə Ştat cədvəlinə əsasən, həmin idarədə katibə vəzifəsi ştat cədvəlində nəzərdə tutulmamışdır.Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Universiteti tərəfindən verilmiş diplomun surətindən görünür ki, İddiaçı Nürəddin qızı həmin universitetin ibtidai təhsilin pedaqogikası və metodikası ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 69-cü maddəsinin birinci bəndində əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin ikinci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Üçüncü bəndə əsasən işçi yaşa, əlilliyə görə təqaüdəçıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Dördüncü bəndə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Beşinci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyənedilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.Altıncı bəndinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. Yeddinci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunmasıüçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmışəmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Xətai rayon Xətai Bələdiyyəsində katibə vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə yazılı ərizə verilmək əsası ilə Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edilməklə xitam verilmişdir. Lakin, İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Xətai rayon Xətai Bələdiyyəsinə ünvanlanmış işdən azad olunma barədə ərizə iddiaçının öz şəxsi iradəsi ilə deyil, cavabdeh təşkilatın təkidi ilə yazılmışdır. Bundan başqa, iddiaçı onunla yeni müqavilə bağlanmayacağına əmin olduqdan sonra xəbərdarlıq müddəti bitənədək verdiyi ərizənin etibarsız sayılması ilə bağlı ərizə ilə işəgötürənə müraciət etsə də, cavabdeh təşkilat həmin ərizəni qəbul etməmiş, iddiaçı həmin ərizəni poçt vasitəsilə göndərmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin dördüncü və beşinci bəndlərində nəzərdə tutulmuş qadağalar İşəgötürən tərəfindən nəzərə alınmalı olduğu halda nəzərə alınmamış, xəbərdarlıq müddəti bitənədək həmin maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətnin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri onun subyektiv fikrinə əsaslanır və formal xarakter daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2066/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar