Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5680/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı “əmək haqqının ödənilməsi barədə” iddiası Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməyib. İddiaçı qətnamədən narazı qalıb və apellyasiya şikayəti vermək qərarına gəlib. O, xx.xx.2023-cü ildə vəsatətlə Nəsimi RM-nə müraciət edərək xahiş edib ki, dövlət hesabına vəkillə təmin edilsin. Vəsatət onunla əsaslandırılıb ki, apellyasiya şikayətinin elektron qaydada verilməsi tələb olunur, iddiaçı təqaüdçüdür, maddi və texniki imkanları məhduddur, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkillə təmin edilməsinə ehtiyac var. Nəsimi RM-nin xx.xx.2023-cü il tarixli qəradadı ilə qərara alınıb ki, vəsatət baxılmadan geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslər dövlət hesabına vəkillə təmin oluna oluna bilər, iddiaçı qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün vəkillə təmin edilməsini tələb edib, qanunvericiliyə görə bu halda vəkilin prosesdə iştirakı məcburi deyil. İddiaçı şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin və dövlət hesabına vəkillə təmin edilmə barədə vəsatət təmin olunsun. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı vəsatətini Mülki-Prosessual Məcəlləyə edilmiş, vəkilin prosesdə dövlət hesabına iştirakına dair əlavə və dəyişikliklərlə əsaslandırır. Lakin iddiaçının nəzərdə tutduğu norma - Mülki-Prosessual Məcəllənin 67-1-ci maddəsi xx.xx.2023-cü il tarixli Qanunla həmin Məcəlləyə əlavə edilib və xx.xx.2023-cü ildə dərc edilməklə qüvvəyə minib. Vəsatət isə bundan əvvəl - xx.xx.2023-cü ildə verib. O cümlədən həmin vəsatət üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilən zaman - xx.xx.2023-cü ildə 67-1-ci maddənin Mülki-Prosessual Məcəlləyə əlavə edilməsi barədə Qanun hələ qəbul edilməmişdi. Hələ qəbul edilməmiş qanun məhkəmələr tərəfindən tətbiq edə bilməz. Qərardadın qəbul edildiyi zaman məhkəmənin belə vəsatəti həll etmək – təmin və ya rədd etmək səlahiyyəti olmayıb. Ona görə də vəsatətin baxılmadan geri qaytarılması barədə qərardadın qəbulu Mülki-Prosessual Məcəllənin 67-ci maddəsinin göstərişinə uyğun olub. Aşağı məhkəmənin qərardadının qanuniliyi yuxarı məhkəmədə yoxlanılarkən qərardadın qəbul edildiyi zaman qüvvədə olan qanunların göstərişi əsas götürülür. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Həmin qərardad qəbul edilikdən sonra Mülki-Prosessual Məcəlləyə 67-1-ci maddə əlavə edilib. İddiaçı bu maddənin tələblərinə əməl etməklə dövlət hesabına vəkillə təmin edilməsi üçün yenidən məhkəməyə müraciət edə bilər. Belə ki, 67-1.2-ci maddəyə görə, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Həmin maddədə daha sonra qeyd olunub ki, bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, maddədə “məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır” məzmunlu göstəriş qeyd olunub. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5680/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5680/2023
08.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver