Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5683/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızınının katibliyi, Borclu Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından ərizəçi (borclu) tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra tələbkar) X2 cavabdeh (bundan sonra borclu) Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2015 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının ünvan 1 ünvanında yerləşən özbaşına tikili evə köçürülməsi qərara alınmışdır. Qeyd edilən qətnamə üzrə icra sənədi xx.xx.2019-cu il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən həmin icra sənədi üzrə icraata xx.xx.2019-cu ildə xitam verilmişdir. Tələbkar xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2015 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il icraata xitam barədə qərarı ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2015 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraatın təzələnməsi və yenidən icraya yönəldilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2019 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə ərizəçi (borclu) tərəfindən qərardaddan verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş icra işindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədi xx xxxx 2019-cu il tarixli məktubla icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru Aydın Vəliyev tərəfindən xx xxxx 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildirişlə bərabər borcluya göndərilmişdir. xx xxxx 2019-cu il tarixli aktda icra məmurları Aydın Vəliyevin və Vüsal Umarovun iştirakları ilə İddiaçı ünvan 1A ünvanında yerləşən tikili evə köçürülməsi, mənzilin giriş qapısının açarının tələbkara təhvil verilməsi qeyd edilmişdir. İcra sənədində qeyd olunan tələb xx xxxx 2019-cu il tarixli akta əsasən, borclu tərəfindən tam şəkildə icra olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aydın Vəliyevin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi, icra sənədi icra edilərək, tələbkar mənzilə köçürülsə də, sonradan borclu Cavabdeh tərəfindən tələbkarın həmin evdə yaşamasına maneçilik törədilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunın müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru, tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən, tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Həmin Qanunun 73.4-cü maddəsinə əsasən, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Həmin Qanunun 73.5-ci maddəsinə əsasən, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırlması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məslələrə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı, “29” Noyabr 2011-ci il tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Məhkəmələrində X1 Təlimatın 147-ci bəndinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün indekslər müəyyən edilir ki, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat 8 indeksi ilə qeyd edilir (147.8). Bu halda aydın olur ki, rayon məhkəməsi icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan tələbkarın şikayəti ilə bağlı hazırkı icraatı “8” indeksi ilə aparmalı olduğu halda, mülki iş üzrə icraatın davamı kimi aparmış və yuxarıda qeyd edilən təlimatın tələblərini pozmuşdur. Bununla belə, Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan aktı yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Eyni zamanda, Kollegiya bildirir ki, rayon məhkəməsi icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan tələbkarın şikayəti ilə bağlı hazırkı icraatın “8” indeksi ilə qeydiyyatının aparılmasını təmin edilməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Mülki iş rayon məhkəməsinə qaytarıldıqdan sonra icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan tələbkarın şikayəti ilə bağlı hazırkı icraatın mülki icraatdan ayrılaraq “8” indeksi ilə qeydiyyatının aparılması təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-5683/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5683/2020
19.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver