Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5683/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi hüququnun DƏMX-nə həvalə edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1618/2022 saylı 16 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 24 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixdə imzalanmış əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də qeydiyyatçı menecer vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçının adına aktiv əmək müqaviləsinin olması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh MMC-nin ünvanına (ünvan 1b göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə gösterilən halın yerində araşdırılması mümkün olmamışdır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda məlum edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, MMC ilə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və həmin tarixdən etibarən o, adıçəkilən şirkətdə qeydiyyatçı menecer vəzifəsi üzrə işləməyə başlamışdır. Cari pandemiya başlandıqdan sonra onlar bir müddət işə çıxmamış və elə bir müddət sonra da şirkət fəaliyyət göstərdiyi ofisi mülkiyyətçiyə təhvil vermişdir. Daha sonra isə şirkətin təsisçisi və direktoru Oman Sultanlığı vətəndaşı X3 Abdullah Hassan ilə heç bir əlaqə saxlamaq mümkün olmamışdır. Hazırda şəxsin yeri qeyri-müəyyəndir, polis axtarışındadır. Müvafiq şirkətlə bağlanmış əmək müqaviləsinin elektron informasiya sistemində hələ də qüvvədə olması onun üçün yeni iş yeri ilə əmək müqaviləsi bağlamağına mane olduğundan o, artıq bir neçə aydır ki, faktiki işsizdir. Heç bir yerdə əsas iş yeri üzrə rəsmi qaydada əmək müqaviləsi bağlaya bilmir, çünki, cavabdehlə aktiv əmək müqaviləsi sistemdə görünür.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 may 2022-ci il tarixli 2(005)-1618/2022 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin Cavabdeh MMC-yə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmışdır. Daha sonra isə İddiaçı həmin işdən çıxmışdır. Lakin İddiaçı adı elektron informasiya sistemində hələ də Cavabdeh MMC-nin işçisi kimi qalmaqdadır. Cavabdeh şirkət isə hazırda fəaliyyətini dayandırdığından iddiaçının cavabdeh cəmiyyətə etdiyi müraciətləri cavabsız qalmışdır. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsini tapmaqda çətinlik yaranıb. İddia ərizəsi qismən əsaslıdır, belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli, lakin əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi X2 Xidmətinə deyil, Cavabdeh MMC-yə həvalə edilməlidir .
7. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 5-1, 7.2, 7.2-1, 9, 12, 49-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun qismən - əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməsi hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apelyasiya şikayətində göstərilmişdir ki, əmək müqaviləsinin xitamı barədə bildiriş elektron məhkəmə informasiya sisteminə MMC tərəfindən daxil edilməsi mümkün olmadığı üçün o, məhkəməyə müraciət etmiş, məhkəmə isə bildirişin elektron informasiya sisteminə daxil edilməsini bu hərəkəti həyata keçirmək imkanı olmayan hüquqi şəxsə həvalə etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Həmçinin qeyd etdilər ki, şikayətdə «iddia tam təmin olunsun» dedikdə, yalnız iddianın ikinci hissəsini nəzərdə tutmuşlar, iddianın birinci hissəsi “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə» olsa da, məhkəmə «əmək müqaviləsinə xitam verilməsi» barədə qətnamə qəbul etmişdir ki, bu da onları qane edir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
13. Maddə 3.5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd;
14. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır;
15. Maddə 12.1 “h” bəndi. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir
16. Maddə 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Qətnamədən yalnız iddiaçı apelyasiya şikayəti verərək, qətnaməni qismən - əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin Cavabdeh MMC-yə həvalə edilməsi hissəsində mübahisələndirmişdir. Hazırda apelyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir.
24. İddiaçının adı elektron informasiya sistemində Cavabdeh MMC-nin işçisi kimi qalır. Cavabdeh şirkət isə hazırda fəaliyyətini dayandırdığından iddiaçının cəmiyyətə etdiyi müraciətləri cavabsız qalmışdır. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsini tapmaqda çətinlik yaranmışdır.
25. Elektron informasiya sistemində cavabdeh MMC ilə aktiv əmək müqaviləsi olduğu üçün, iddiaçı digər hər hansı bir iş yeri üzrə rəsmi əmək müqaviləsi bağlaya bilmir.
26. İddiaçı bununla bağlı X2 Xidmətinə müraciət etsə də, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsinin səlahiyyətləri xaricində olması və bu barədə işəgötürənə müraciət edilməli olması bildirilmiş, eyni zamanda göstərilmişdir ki, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir.
27. İddiaçı da qeyd olunanlara istinadən hazırki iddia tələbini qaldırmışdır.
28. İşin müəyyən edilmiş hallarından aşkar şəkildə görünür ki, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsinin işəgötürən tərəfindən icra edilməsi mümkün deyildir.
29. İddiaçının adına elektron informasiya sistemində aktiv əmək müqaviləsi olduğu üçün digər iş yeri üzrə əmək müqaviləsi bağlaması da mümkün olmur.
30. Məhkəmə göstərilənləri nəzərə almayaraq, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyini cavabdeh MMC-yə həvalə etmişdir. Belə olan halda məsələnin başqa həlli yolu olmadığı üçün əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir.
31. Beləliklə, apelyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən hissədə qətnamə ləğv edilməklə, iddia tələbi təmin edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1618/2022 saylı iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən (əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməsi) hissədə ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.