Məhkəmə qərarları › İş №2(103)-5686/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5686/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5686/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi, İddiaçı Cavabdeh oğluna qarşı «istifadə hüququnun olmamasıının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı nümayəndəsi Vəkil tərəfindən Nəsimi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(006)- 3279/2021 saylı qərardadından verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «istifadə hüququnun olmamasıının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(006)-3279/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh oğluna qarşı «istifadə hüququnun olmamasıının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Hazırda İddiaçı nümayəndəsi Vəkil tərəfindən Nəsimi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(006)- 3279/2021 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, ş materiallarından müəyyən edilir ki, tərəflər 2003-cü il tarixində rəsmi nikah münasibətlərinə daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 2(006)-956/2016 saylı qətnaməsi ilə nikah münasibətlərinə xitam verilmişdir. Cavabdeh 03.05.2018-ci il tarixdə (yəni nikaha xitam verildikdən sonra) 4Ə/883 reyestr nömrəli “bağışlama müqaviləsi” ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7, 36 saylı mənzilə olan mülkiyyət payını keçmiş həyat yoldaşı İddiaçı bağışlamışdır. Bununla da cavabdehin həmin mənzilə mülkiyyətçi qismində mövcud olan istifadə hüququna da xitam verilmişdir. Cavabdehin mənzildə qeydiyyatda olması onun bu mənzildən istifadə hüququnun yaranması üçün əsas qismində çıxış etmir (Mülki Məcəllə 228.5). Həmçinin yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçərkən üçüncü şəxslərin hüquqlarından azad şəkildə keçmiş və bu cavabdehin razılığı ilə baş tutumuşdur. Həmçinin məhkəmə qeyd edir ki, cavbadeh nikaha girərkən qeyd olunan mənzil iddiaçının atasının mülkiyyətində olmuş və cavabdeh həmin ünvana gəlini köçmüşdür. Köçərkən isə mülkiyyətçi ilə istifadə hüququnun verilməsi barədə notarial qaydada razılaşmanın olmadığını müəyyən edilmişdir. Bu halın özü də cavabdehin mənzilə istifadə hüququnun olmamasını görsədir. Həmçinin Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası MülkiMəcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməkdə haqlı olmuşdur. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(006)- 3279/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar