Məhkəmə qərarları › İş №2(103)-5686/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5686/2024

09.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5686/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri 28 saylı notariat ofisi işə cəlb olunmaqla) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, çıxarışın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə4 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-270/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Miras qoyan X5 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Miras qoyanın arvadı onun özündən əvvəl – xx.xx.2009-cu ildə ölmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-4231/17 nömrəli qətnaməsi ilə Cavabdeh qohumluq münasibətlərinin, yəni hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilmiş və Quliyeva (Rəhimova) Sona Kərim qızının atasının 1930-cu il təvəllüdlü X6 olması faktı müəyyən edilmişdir.

2. Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən verilmiş 17 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh atasından miras qalmış Bakı şəhəri, Y.Bədəlov küçəsi, ev 21, mənzil 1 miras əmlakdan 1/1 hissədə pay almalı olması təsdiq edilmişdir.

3. İddiaçı da mərhum X4 övladıdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 2 saylı notariat ofisində Cavabdeh adına tərtib edilmiş 2V-49 nömrəli, xx.xx.2019-cu il tarixli Vərəsəlik Şəhadətnaməsinin qanunsuz olduğuna görə etibarsız sayılması barədə qənamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras əmlakın qəbul edilməsi zamanı mərhumun başqa vərəsələrinin olub-olmaması müəyyən edilməmişdir və bu səbəbdən mərhumun digər vərəsəsi olan İddiaçı miras əmlakdan ona çatası bərabər paydan qanunsuz məhrum edilmişdir. 2 saylı notariat ofisi ləğv edildiyindən orada aparılan notariat hərəkətlərinə dair tərtib edilən sənədlər, o, cümlədən mübahisəli miras əmlak barəsində olan sənədlər Bakı şəhəri 28 saylı notariat ofisinə təhvil verilmişdir. xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılsa da, onun əmlakının qəbul edilməsinə dair vərəsələri tərəfindən notariat ofisinə hər hansı ərizə ünvanlanmamışdır. X1 ona məxsus olan daşınar və daşınmaz əmlakın vəsiyyət edilməsi barədə notarial qaydada vəsiyyətnamə tərtib etməmişdir. Beləliklə, məlum olur ki, 2 saylı Notariat ofisində mübahisəli miras əmlak barəsində açılmış vərəsəlik işinə dair sənədlər (mirasın qəbulu barədə ərizə, vərəsəlik şəhadətnaməsi) və daşınmaz əmlakın dövlət reyestr xidmətindəki qeydiyyat yazısı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması (Ədliyyə Nazirliyindən təqdim edilən rəsmi məlumatla üst-üstə düşməməsi) nəticəsində əldə edildiyi üçün məhkəmə qaydasında etibarsız hesab edilməlidir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-270/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia təmin edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı X3 mirasın qəbulundan imtinasına dair notariat qaydada təsdiq edilmiş ərizəsi yoxdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1246, 1248.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstutusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, hazırkı vərəsəlik münasibətləri Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli qərarından əvvəl yaranmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

13. İddiaçı isə apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi haqqında işə baxan məhkəməyə bildirməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarı

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

21. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinad etmişdir.

22. Sözügedən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

23. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.

24. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu qənatə gəlmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

25. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

26. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

27. İş materiallarından müəyyən olunur ki, X5 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, onun övladı Cavabdeh atasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı miras əmlak barədə susması onun mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Cavabdeh kimi iddiaçı da eyni əsaslarla mirası qəbul etmiş sayılır. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir.

28. Apellyasiya baxışı zamanı həmçinin məlum oldu ki, 2017-ci ildə cavabdeh məhkməyə müraciət edərək miras qoyanla qohumluq faktının müəyyən olunmasını xahiş etmişdir. İddiaçı həmin işdə şahid qismində ifadə vermişdir. İddiaçının verdiyi izahata əsasən o, cavabdehin həmin vaxt məhkəməyə mirası əldə etmək məqsədlə müraciət etməsindən xəbərsiz olmuşdur. Cavabdeh ona bildirmişdir ki, kommunal xərclərlə bağlı problem yarandığından qohumluq faktının müəyyən olunması zərurəti yaranmışdır.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən hallarına və eləcə də maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur.

29. Apellyasiya şikayətinin Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının hazırkı mübahisəyə düzgün tətbiq olunmaması barədəki dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, sözügedən qərarda Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın həmin qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi birbaşa göstərilmişdir. Hazırkı iş xx.xx.2023-cü il tarixdə, yəni Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarından əvvəl icraata gütürüldüyündən birinci instansiya məhkəməsi həmin qərarı mübahisəyə tətbiq etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır və qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas vermir.

31. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar