Məhkəmə qərarları › İş №2(103)-5686/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5686/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5686/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-764/2025 saylı, 22 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.765 ha torpaq sahəsini 3000 manat müqabilində İddiaçı satmışdır. Sözügedən alğı-satqı müqaviləsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(005)-619/2024 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş; həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdiirlmədən saxlanılmışdır.

2. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/2458-9/2448 saylı, xx.xx.2024-cü il tarixli (2(103)-619/2024 nömrəli mülki iş üzrə) ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixli, AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1ində yerləşən 0.765 ha torpaq sahəsinin müqavilə bağlanan zaman mövcud olan bazar qiyməti təqribən 130.050,0 manat məbləğində müəyyən olunmuşdur.

3. “X3 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən Salyan rayonunda yerləşən İstixananın konstruksiyası istina olmaqla istixanada görülən işlərin, alınmış əşyaların və digər avadanlıqların ümumi xərci 108.580 manat olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alqı-satqı zamanı ödədiyi 3.000 manat, torpaq sahəsində gördüyü işlərin xərci olaraq 108.500 manat pulun, eləcə də 399 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Salyan rayon 2 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.765 ha torpaq sahəsini 3000 manat müqabilində ona satmışdır. Sonradan Cavabdeh Cəmi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(005)-619/2024 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-619/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-112/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Göründüyü kimi 3 ilə yaxın torpaq sahəsi onun mülkiyyətində olmuş və o, mülki qanunvericiliyin hər hansı müddəasını pozmaqdan torpaq sahəsindən istifadə etmişdir. Belə ki, alqı-satqı müqaviləsindən təqribən 1 ay sonra o, torpaq sahəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün müasir standartlara cavab verən böyük parnik sahəsi tikmişdir. Fəhlələr üçün yaşayış otağı inşa etdirmişdir. Parnik sahəsinə elektrik enerjisi xətti və su xətti çəkdirmişdir. Su tələbatında fasiləyə yol verilməməsi üçün böyük su anbarı tikdirmişdir. Motorlar və avadanlıqlar almışdır. Sahəyə rahat gediş-gəliş üçün yol çəkdirmişdir. Bundan başqa orada balıq yetişdirmək üçün böyük plantasiya (su hovuzu) yaratmışdır. Digər zəruri işlər görmüşdür. Bütün bu işlərə ümumilikdə 108.500 manat vəsait xərcləmişdir. İddia ərizəsində qeyd etdiyi işlərin görülməsini həmin işlərin görülməsində bilavasitə iştirak edən fəhlələr şahid qismində dindirilərkən, eləcə də ekspert rəyləri təsdiq edəcəklər. Qanunvericiliyə əsasən əgər əqd etibarsız hesab edilibsə, alıcı daşınmaz əmlakla bağlı çəkdiyi məsrəfləri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əqd etibarsız olduqda tərəflər bir-birinə gördükləri hər hansı müsbət əməliyyatlara görə təzminat ödəməlidir. Yəni, alıcı daşınmaz əmlak üzərindəki xərcləri və digər müsbət əməliyyatları əsaslandırarsa, bu xərcləri geri almaq üçün məhkəməyə müraciət edə bilər.

6. Cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında formal alqı-satqı olub, müqavilə bağlanılıb. Pul iddiaçıya məxsus deyil, yəni alqı-satqı zamanı 3.000 manat ödəniş edilməyib, cavabdeh özü 3.000 manat qoyub və hesabı bağlayıb. Tərəflər arasında məhkəmə mübahisəsi olmuş, həmin mübahisə ilə əlaqədar qəbul edilmiş məhkəmə qətnaməsində də qeyd olunur ki, mübahisəli torpağın əvəzində Zirə qəsəbəsində torpaq veriləcək. Bağlanılan alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı bütün instansiya məhkəmələrində heç vaxt mübahisəli torpaq sahəsində hər hansı bir yenidənqurma işlərinin və tikintinin həyata keçirməsini bildirməmişdir. İddiaçı tərəfindən şahid qismində dindirilən şəxsə dedikləri ilə bağlı sübutun təqdim edilməsi də təklif olunmuşdur, lakin məhkəməyə təqdim edilməmişdir. Mübahisəli parnik sahəsi alqı-satqı zamanı işlək vəziyyətdə olub, iddiaçı tərəfindən hər hansı işlər görülməyib, vəsait xərclənməyib.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, parnik ustasıdır. Ceyhunla o, 2017-ci ildən başqa bir yerdə parnik quraşdırarkən tanış olmuşlar. Parnikdə birgə işləmişlər. Ceyhun yayda ünvan 1ində 1 ha 20 sot olan yerdə parnik sahəsinin quraşdırılmasını bildirdi. Həmin torpaqda yonca var idi, tikili yox idi. Onlar torpağın parnik olan sahəsində atopleniya, ayaqyolu, suvarma üçün hovuz və başqa tikili tikmişlər. Yonca olan sahənin yanında parnik sahəsi var idi. O, orada texnik idi, ustalar da var idi. O, ora gələndə orada parnik var idi. Parnik tikili idi, amma oranı ot basmışdı. İşlərə xərc çəkilib, truba, materallar alınıb. Qiymətini bilmir, iddiaçı deyir ora 100 mindən çox xərc qoyub. İstilik sisteminin 1 qazanı-9 min manata, forsunka 6 min manata, 10-15 min manata da trubalar alınıb. Laqunda ilə truba-armatur kəsilib. Tikililərə o, nəzarət etmişdir, orada 30 hovuz tikilib, 2 maşın daş gəlib, iddiaçı pulunu özü verib təxminən 20 min manat edir. Orada təxminən 100 mindən çox pul xərclənər. Orada parnikin quru skeleti-sxemi var idi, işlənməmişdi. Onlar orada otopleniya çəkməyə 10 min manat pul almışlar. İşləri gördukcə pulu alırdılar. Ceyhun hörgü hörənə təxminən 500 manat verib. Onlar orada olanda Rəşad ora gəlməyib, pul verməyib. Pulu ancaq Ceyhun verirdi. Rəşad orada olmayıb, Ceyhun gəlib gedib, obyekti işlədib. Parniki o, işə salmışdır. Tural parnikin yiyəsi olub. O, Turalı Ceyhundan əvvəl tanıyırdı. Turalı parnikçi kimi tanıyırdı. İddiaçının yeri 1 ha 20 sot idi. Onun gördüyü yerin uzunluğu 86 kv.metr idi, 1 ha 20 sot idi, Ceyhun aldı oranı, dedi “gəl işlədək”. 2022-ci ilin yay ayları idi, Ceyhun dedi “gəl xodlayaq”. Əkin sentyabr-oktyabr ayında olur. Ceyhun orada 2024-cü ilə kimi işlədi. Parnik əkilmədi orada balıq işi görüldü. O, prorab kimi tək özü otopleniya üçün 10 min manat almışdır. Ceyhunun ona borcu yoxdur.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Rəşad onun qaynıdır. O, sənədləşmə işini Rəşadın adına etmişdir, amma bütün işləri o, özü rəsmi etmişdir. İddiaçı onlardan pul tələb edir ki, ora guya xərc çəkib. O, oranı iddaçıya verəndə suvarma sistemi var idi. İstilik sistemi çəkmişdir. Onlar özləri üçün dəyişib başqasın qoyublar. Parnikin çəkilmiş klyonkasını söküb, başqasını çəkiblər. O, parniki onlara işlək vəziyyətdə vermişdir, onlar özləri üçün dəyişiblər. Ora təxminən 3-5 min xərc çəkiblər. Parnikin istilik sistemi olub. Parnik işlək vəziyyətdə olub, 300-400 min pul qazanıblar. O, orada 16 parnikin çəkilməsinə görə pul almışdır. Onlar orada suvarma sistemini çəkmişlər. O, torpağı Zirə qəsəbəsi ilə dəyişmişdir ki, yola yaxın olsun. Lakin onu aldatmış, get gələ salmışdır.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-764/2025 saylı 22 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 3.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, cəmi 3.050 (üç min əlli) manat məbləğində pul tutulması qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən torpaq sahəsi əldə edilərkən 3.000 manat məbləğində pul ödənildiyindən və məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin pul məbləği cavabdehdən tutularaq İddiaçı verilməlidir.

11. Məhkəmə iddia tələbinin alqı-satqı zamanı ödənilmiş 3.000 manat pulun tutulması hissəsinin əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən torpaq sahəsi əldə edilərkən 3.000 manat məbləğində pul ödənildiyindən və məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin pul məbləği cavabdehdən tutularaq İddiaçı verilməlidir.

12. Məhkəmə iddia tələbinin torpaq sahəsində gördüyü işlərin xərci olaraq 108.500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi bağlanan zaman istixana işlək vəziyyətdə olmuş, istixananın istilik sistemi mövcud olmuşdur. İddiaçı tərəfindən istixana əldə edildikdən sonra istilik sistemi yenilənmiş və müvafiq pul vəsaiti xərclənmişdir. İddiaçı guya qanuni sahibliyində olan və sonradan rəsmiləşdirəcəyi Zirə qəsəbəsində yerləşən torpaq sahəsini cavabdehə satacağına dair vəd verməklə mübahisəli işlək vəziyyətdə olan istixananın alqı-satqısını həyata keçirdikdən sonra orada hər hansı yenidənqurma işlərinin həyata keçirilməsi ilə əlaqədar verdiyi vədi yerinə yetirmədiyi halda işlərin görülməsinə pul vəsaiti xərcləməsini faktiki olaraq cavabdehlə razılaşdırmamış, həmin işlərin həyata keçirilməsi öz təşəbbüsü ilə olmuş, belə olan halda çəkilən xərcin cavabdehdən tələb edilməsini məhkəmə əsaslı hesab etməmişdir.

13. Digər tərəfdən həmin müddət ərzində iddiaçı istixanadan istifadə etməklə əlaqədar müvafiq qazanc da əldə etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən istixanada görülən işlərlə bağlı cavabdehin əsassız varlanması qənaətinə də gəlinə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanılmış müqavilə şərtinin iddiaçının özü tərəfindən pozulması nəticəsində iddiaçının ziyanla bağlı tələbinin təmini üçün işin müəyyən olunmuş faktiki hallarının istinad olunan qanunun dispozitiv şərtlərinə cavab verməsi – uyğun gəlməsi müəyyən olunmur. Yəni işin qeyd edilən halında işlək vəziyyətdə olan istixanada öz təşəbbüsü ilə yenidənqurma işlərinin həyata keçirilməsinə çəkilən xərc cavabdehin əsassız varlanması kimi hesab edilə bilməz.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 337.5 və 425.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-764/2025 saylı 22 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarındakı sübutları nəzərə almamışdır. Bundan başqa, iş üzrə İddiaçı sifarişi əsasında “X3 Mərkəzi” MMC tərəfindən verilmiş qiymətləndirilmə barədə hesabatdan görünür ki, Salyan rayonunda yerləşən istixananın konstruksiyası istisna olmaqla istixanada görülən işlərin, alınmış əşyaların və digər avadanlıqların ümumi xərci 108.580 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qətnamədə bu hesabata istinad etsə də, onu mötəbər sübut kimi qiymətləndirməmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qanunvericiliyə əsasən əgər əqd etibarsız hesab edilibsə, alıcı daşınmaz əmlakla bağlı çəkdiyi məsrəfləri tələb etmək hüququna malikdir. Azərbaycan Mülki Məcəlləsinə əsasən, əqd etibarsız olduqda, tərəflər bir-birinə gördükləri hər hansı müsbət əməliyyatlara görə təzminat ödəməlidir. Yəni, alıcı daşınmaz əmlak üzərindəki xərcləri və digər müsbət əməliyyatları əsaslandırarsa, bu xərcləri geri almaq üçün məhkəməyə müraciət edə bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun iddianın təmin edilməyən hissəsindən narazı olduğu müəyyən edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilməyən hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 24.157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 25.157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 26.157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 27.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 28.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 30.1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 31.1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

32.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 33.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 34.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 36.Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

37. Baxılan işdə iddiaçı 20 may 2022-ci il tarixdə bağlanmış AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nə əsasən sahibliyinə keçmiş ünvan 1ində yerləşən 0,765 ha torpaq sahəsinin üzərində olan istixananın abadlaşdırılmasına pul xərclədiyini bildirərək çəkdiyi xərclərin əvəzinin tutulmasını tələb edir. Cavabdeh isə istixananın alqı-satqı müqaviləsi bağlanan zaman işlək vəziyyətdə olduğunu, mübahisəli əmlakda iddiaçı tərəfindən hər hansı formada yenidənqurma, tikinti və ya əsaslı abadlaşdırma işlərinin aparılmadığını əsas gətirərək iddiaya etiraz etmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallarla əsaslandırılmış iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələri və əsassız varlanma ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.

39. Belə ki, Mülki Məcəllənin həmin maddələrinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

40. Göründüyü kimi qanunverici əmlakın yaxşılaşdırılması üçün çəkilmiş məsrəflərdən fərqli olaraq, əşyaya sahiblik edən şəxsin vicdanlı və ya vicdansız sahib olmasından asılı olmayaraq, əmlak onun faktiki hakimiyyəti altında olduğu müddətdə əmlakın saxlanılması və qorunması üçün çəkilmiş zəruri məsrəflərin əvəzinin mülkiyyətçi tərəfindən həmin şəxsə qaytarılmasını ədalətli tarazlığın təmin edilməsi məqsədilə vacib hesab etmişdir.

41. Belə ki, əmlaka zərər yetirmədən ondan ayrılması mümkün olmayan, həmçinin əmlakın dəyərindən artıq olmayan yaxşılaşdırmalar üzrə çəkilmiş məsrəflərin əvəzinin ödənilməsi də tələb oluna bilər. Bu cür məsrəflərin ödənilməsi hüququ isə yalnız vicdanlı sahibə məxsusdur.

42. Şərh edilənlərdən aydın olur ki, hazırkı iddianın Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə təmin edilməsi üçün iddiaçının əşyanın onda olduğu dövrdə status baxımından vicdanlı sahib olub-olmaması, habelə cavabdehin həmin əşyanın mülkiyyətçisi olması müəyyən edilməlidir.

43. Qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5401/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı mülki iş üzrə preyudisiya əhəmiyyətinə malik olan hallardan göründüyü kimi, Cavabdeh 20 may 2022-ci il tarixdə bağlanmış AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” bağlanan zaman İddiaçı tərəfindən aldadılmışdır. Belə ki, o, Salyan rayonunun Qarabağlı kəndində yerləşən, üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsinin əvəzinə, guya qanuni sahibliyində olan, lakin reyestrdə adına qeydiyyatdan keçməyən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini verəcəyi barədə Cavabdeh yalan məlumat vermiş, bu yolla mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasına nail olmuşdur. Sonuncu da faktiki istifadəsinə verilmiş torpaq sahəsinin qohumunun adına sənədləşdirilməsi istiqamətində bir neçə dəfə müvafiq cəhdlər etmiş, lakin aldadıldığını dərk etdikdən sonra məhkəməyə müraciət etmişdir.

44. Məhkəmələr mübahisələndirilən müqavilənin formal olaraq yalan məlumatlar əsasında bağlanmasını və bunun nəticəsində etibarsız sayılmasını əsaslı hesab etmişlər ki, bu da iddiaçının müqaviləni bağlayarakən və sonradan vicdansız davranışına dəlalət edir.

45. Belə ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

46. İddiaçının sahibliyinin qanunsuz olması, habelə onun vicdansız sahib statusuna malik olması müəyyən edildiyindən qeyd edilməlidir ki, o, mülkiyyətçidən-cavabdehdən yalnız mübahisəli əmlakdan gəlirin cavabdehə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 157.6). Zəruri məsrəf dedikdə, əmlakın məhv olmaması, dəyərdən düşməməsi və ya obyektin adi istifadə üçün nəzərdə tutulmuş formada saxlanması üçün çəkilməli olan xərclər başa düşülür.

47. Beləliklə də, sözügedən normanın hazırkı mübahisəyə tətbiq edilməsinin mümkün olması üçün iddiaçının qanunsuz sahibliyindən çıxmış əmlaka tərəfindən xərc çəkildiyi, həmin xərclərin çəkilməsinin zəruri olduğu, yəni əmlakın saxlanması ilə birbaşa əlaqəli olduğunu, bunun əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonrakı dövrə təsadüf etdiyi müəyyən edilməlidir. Bu məslənin həlli də əsassız varlanma ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.

48. Əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün də məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.

49. Bununla əlaqədar nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

50. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

51. Baxılan iş üzrə yuxarıda sadalanan şərtlərin, cavabdehin iddiaçının hesabına varlanması və bunun əsassız olaraq baş verməsi hallarının mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı mübahisəli əmlaka münasibətdə vicdanlı sahib statusuna malik olmamış, habelə əmlaka sərf edildiyi iddia edilən xərclərin zəruri xarakter daşıdığını, yəni əmlakın saxlanılması və qorunması ilə birbaşa əlaqəli olduğunu, eləcə də bu xərclərin əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü dövrdən sonra çəkildiyini mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

52. İş üzrə müəyyən edilmiş faktiki halları, tərəflərin hüquqi statusunu, təqdim edilmiş sübutları və tətbiq edilən maddi hüquq normalarını məcmu şəkildə qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işdə olan sübutlara əsasən müəyyən edilmiş faktiki hallar Mülki Məcəllənin 157.6, 157.7, 1091 və 1092-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəlmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilir, mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil.

53. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-764/2025 saylı 22 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar