Məhkəmə qərarları › İş №2(103)-5687/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5687/2021

21.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5687/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, hüquqi xidmət xərcinin və dövlət rüsumunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2284/2021 nömrəli saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 08.01.2021-ci il tarixli Əmri ləğv edilərək İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında direktor vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, 300 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı X3 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instasniya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; cavabdeh arasında bağlanmış 18 may 2017-ci il tarixli 42 saylı Əmək müqaviləsİ ilə cavabdeh tərəfindən iddiaçı, "xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının direktoru vəzifəsinə işə qəbul edilmişdir (iş.səh.28), 08 yanvar 2021-ci il tarixli AS-k-21/08 saylı Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmrlə iddiaçı ilə bağlanmış 18.05.2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin "a" bəndində sadalanan hal) 08 yanvar 2021-ci il tarixdə xitam verilmişdir (səh.68), 30 dekabr 2020-ci il tarixli AS-K-20/236 saylı "Filial və nümayəndəliklərin fəaliyyətinin yoxlanılması ilə bağlı" Əmrdən görünür ki, 06 yanvar 2021ci il tarixdə Sumqayıt filialının əməkdaşlarının əmək müqavilələrinin şərtlərinə əməl etmə vəziyyətinin, həmçinin filiala təhkim edilmiş inventarların mövcudluğunun və sazlığının yoxlanılmasının həyata keçirilməsinə dair əmr verilmişdir (səh.81), 06 yanvar 2021-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında aparılmış yoxlamanın nəticələri barədə Aktdan müəyyən olunur ki, 06 yanvar 2021-ci il tarixdə saat 09:30-da iş günü olmasına baxmayaraq filialın giriş qapısının bağlı olduğu, filial direktorunun və filialın digər əməkdaşlarının Cəmiyyətin hər hansı səlahiyyətli şəxsinə məlumat vermədən və hər hansı üzrlü səbəb olmadan işə gəlmədiyi, filial direktoru İddiaçı sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 14 dekabr 2020-18 yanvar 2021-ci il tarixləri arasında ona aid məlumatlar icaze.e-gov.az portalına daxil edildiyi, yəni işə gəlməli olduğu halda heç bir üzürlü səbəb olmadan yoxlamanın keçirildiyi 06 yanvar 2021-ci il tarixdə iş vaxtı ərzində iş yerinə gəlməməsi müəyyən edilmişdir. İddiaçıla istifadəsində olan mobil nömrələrlə müxtəlif vaxtlarda və müddətlərdə telefon vasitəsi ilə əlaqə saxlanılaraq filialın iş vaxtı olduğundan iş yerinə gəlməsi, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi bildirilsə də, o, bundan hər hansı üzürlü səbəb olmadan imtina edərək boyun qaçırmış, işə gəlməyəcəyini bildirmiş və iş vaxtının sonuna qədər iş yerinə gəlməmişdir. İddiaçı 06 yanvar 2021-ci il heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmiş, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir (səh.82). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2284/2021 nömrəli saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı, cavabdeh tərəfindən tərtib edilmiş 06 yanvar 2021-ci il tarixli aktda qeyd olunanları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia ərizəsində aktda göstərilənlərin əksi əsaslandırılmamışdır. Əksinə cavabdeh tərəfindən iddiaçının işdən azad olunmasına dair əmrin verilməsinə əsas olan bütün subutlar məhkəməyə təqdim edilmiş, həmin sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının 06 yanvar 2021ci il tarixdə iş günü olmasına baxmayaraq, iş gününün sonuna qədər işə gəlməmiş, hətta bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb olmadan imtina etmiş, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bununla da iddiaçı tərəfindən əmək vəzifələri kobud şəkildə pozulmuşdur.Eyni zamanda, iddiaçının övladının sağlamlıq imkanlarının məhdud olması ilə bağlı gətirdiyi dəlilini məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən əsassız hesab edir. Belə ki, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən onun övladının sağlamlıq imkanlarının məhdud olması barədə cavabdehə məlumat verilməməsi, cavabdehin bu haldan məlumatının olmaması müəyyən edilmişdir. Habelə, iddiaçı tərəfindən həmin məlumatın cavabdehə verilməsi barədə də hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, apelyasiya şikayətinin təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2284/2021 saylı 12.03.202l-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələblərinin təmin edilməsi, Cavabdeh “xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08.01.202l-ci il tarixli Əmri ləğv edilərək İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında direktor vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, 300 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumunun Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-nin 385.1.1, 386; Əmək Məcəllənin 70, 72, 7 l, 79, 186, 187, 188, 189, 287, 288-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndində İşəgötürənə “öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olduğunu bildirməyən işçilərin əmək müqaviləsinə” həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsinə icazə verən bir tənzimləmə mövcud deyil. Onda sual olunur ki, Məhkəmə, Qanunla ona verilməyən bu səlahiyyəti haradan əldə edir ki, “öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olduğunu bildirməyən işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edən İşəgötürənin Əmrini qanuni hesab edir. Bu qəbul edilməzdir. İkincisi, Məhkəmə qətnamədə deyir ki, “məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən onun övladının sağlamlıq imkanlarının məhdud olması barədə cavabdehə məlumat verilməməsi, cavabdehin bu haldan məlumatının olmaması müəyyən edilmişdir. Habelə, iddiaçı tərəfindən həmin məlumatın cavabdehə verilməsi barədə də hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir”. Məhkəmə, məhkəmə tədqiqatı zamanı Cavabdehdən soruşmadı ki, Siz əmək müqaviləsi bağlayarkən bəzi işçilərin Əmək Məcəlləsinə görə üstün hüquqlara malik olub olmadığını, yəni müharibə veteranı olmasını, şahid ailəsi üzvi olmasını, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olub olmadığını soruşmuşunuz mu? Və İddiaçıdan hansı cavabı alımsınız? Təbii ki, Məhkəmə belə bir sualı Cavabdehə ünvanlanmadı. Bununla birlikdə həmin sualı İddiaçı tərəf Cavabdehə ünvanlasa da Cavabdeh bu vəzifəsini icra etdiyinə dair, yəni iddiaçının “öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək ailə üzvü olub olmadığını” soruşduğuna dair əsalı sübutu Məhkəməyə təqdim edə bilmədi. Bununla Cavabdeh-İşəgötürənin əmək müqaviləsi bağlanarkən və daha sonra Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin b) bəndini pozduğu faktı öz təsdiqini tapır. Belə ki həmin normada deylir ki, “işəgötürən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməldir”. İşəgötürənin vəzifələrindən biri də bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələbləri ilə işçilərin üstün hüquqlarının olub olduğunu öyrənməyə çalışmaqdır ki, həmin üstün hüquqları olan işlərin digərlərdən ayrıd edərək onlar barəsində Əmək Məcəlləsinin tələblərini düzgün tətbiq edə bilsin.Məlum olduğu kimi, İşəgötürən, İddiaçının “öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək ailə üzvü olub olmadığını” öyrənməyə səy belə göstərilməyib. Belə biri durumda Məhkəmənin öz qətnaməsində “məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən onun övladının sağlamlıq imkanlarının məhdud olması barədə cavabdehə məlumat verilməməsi, cavabdehin bu haldan məlumatının olmaması müəyyən edilmişdir. Habelə, iddiaçı tərəfindən həmin məlumatın cavabdehə verilməsi barədə də hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir” - deməsi qanunvericilik ilə Cavabdeh- İşəgötürənin üzərinə düşən sübut etmə vəzifəsinin onun üzərindən alınaraq İddiaçı-İşçinin üzərinə qoyulmasıdır. Bu qəbul edilməzdir. “məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən onun övladının sağlamlıq imkanlarının məhdud olması barədə cavabdehə məlumat verilməməsi, cavabdehin bu haldan məlumatının olmaması müəyyən edilmişdir”. Məhkəmənin bu yanaşması qəbul edilməzdir. Belə ki, onlar dəfələr ilə iclas vaxtı bildiriblər ki, biz bu məlumatı Cavabdehə bildirmişlər. Lakin Cavabdeh həmin məlumata önəm belə verməyib. Qaldı ki, halhazırkı vəziyyətdə Cavabdehin həmin məlumatın verimlədiyinə istinad etməsi tamamilə özünü müdafiə xarakterlidir. Bu da reallıqdır ki, Cavabdeh həmin məlumatın verildiyni təsdiq edən sənədi dosyemdən kənarlaşdırıb deyə bilər ki, həmin məlumat verilməyib. Yəni Məhkəmənin bu yanaşması Cavabdeh-İşəgötürənlər tərəfindən rahatlıqla sui-istifadə oluna bilən bir yanaşmadır. Ona görə də qəbul edilməzdir.Məhkəmənin, İddiaçının 06 yanvar 2021-ci il tarixdə bütün iş günü işdə olmadığına dair yanaşması səhvdir və qəbul edilməzdir. Bu durum Məhkəmənin işi təfsilatlı, obyektiv araşdırmadığını sübut edir.Belə ki, Məhkəmə qətnamədə deyir ki, “iddiaçı, cavabdeh tərəfindən tərtib edilmiş 06 yanvar 2021ci il tarixli aktda qeyd olunanları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia ərizəsində aktda göstərilənlərin əksi əsaslandırılmamışdır”.Əvvəla həmin aktdan İddiaçı tərəfin 12 mart 2021-ci il tarixli Məhkəmə iclası vaxtı məlumatı olub və həmin gün Məhkəmə qətnaməsi elan edilib. Dolayısı ilə Məhkəmənin, “İddiaçının iddia ərizəsində bu aktda göstərilənlərin əksi əsaslandırılmamış olmasına” dair iradı, mühakimə olunmadan cəzanın verilməsidir. Bu qəbul ediməzdir. Bununla birlikdə həmin aktda yazılanların tamamilə yalan olduğunu iclas vaxtı İddiaçı tərəf Məhkəməyə bildirdi və əsaslandırdı. İclasın video görüntülərindən bunu rahatlıq ilə görmək olar.İkincisi, həmin aktı imzalayan şəxslər İddiaçı ilə mübahisəyə girən, onu Sumqayıt Filial müdirliyi vəzifəsindən kənarlaşdırmağa çalışan Cavabdeh Şirkətin yeni rəhbərliyinin sadiq işçiləridir. Heç bir obyektiv adamın həmin aktda imzası yoxdur. Heç hal şahidinin belə imzası yoxdur. Dolayı ilə belə bir akt görsən tək başına başqa bir sübut olmadan İddiaçının 06 yanvar 2021-ci il tarixində işdə olmadığna dair yetərli sübut hesab edilə bilər mi? Hesab edirlər ki, edilə bilməz. Çünki bu sübutu məhkəmə mübahisəsi zamanı cavabdeh tərəfindən özünü müdafiə xarakterli olaraq, tək tərəfli olaraq istehsal edilə bilər. Belə bir sübuta əsaslanaraq İddiaçının 06 yanvar 2021-ci il tarixində (pandemiya səbəbi ilə sərt karantin rejimin olduğu bir tarixdə) bütün günü işdə olmadığını qəbul etmək yanlışdır, ədalətsizdir.Üçüncüsü, həmin tarixdə İddiaçı işdə olub və o hətta Cavabdeh üçün sığorta məhsulu da satıb, ona pul da qazandırıb. Lakin hal hazırda Cavabdehin sistemi İddiaçıya bağlı olduğu (sistemə girişi cavabdeh bağlayıb) üçün həmin sənədi oradan ala bilmirlər. Bu səbəblə Məhkəmədən 12 mart 2021-ci il tarixli iclas vaxtı xahiş ediblər ki, həmin sənədin Məhkəməyə təqdim edilməsi cavabdehdən tələb olunsun (bunu iclasın video görüntüləri də sübut edir). Lakin məhkəmə bu şifahi Vəsatətə əhəmiyyət vermədi.Məhz 06.01.2021-ci il tarixində (çərşənbə günü) X5, X6, X9 ilə bağlanan sığorta müqavilələri də bunu sübut edir. Sistemə girişimiz 08.01.2021-ci il tarixindən bizə bağlı olduğu üçün həmin sığorta müqavilələrinin surətini sistemdən çıxardıb Rayon Məhkəməsinə təqdim edə bilməyiblər. Həmin vətəndaşları isə tapa bilmədikləri üçün onlardan alıb Rayon Məhkəməsinə həmin sənədləri verə bilməyiblər. Bu səbəblə Rayon məhkəməsindən xahiş ediblər ki, həmin müqavilələrin cavabdeh tərəfindən məhkəməyə təqdim olunması təmin edilsin. Lakin məhkəmə bu Vəsatətləri təmin etmədi. Bu səbəblə xahiş ediblər ki, Cavabdehə sorğu göndərilərək X5, X7, X9 ilə bağlanan sığorta müqavilələrinin məhkəməyə təqdim edilməsi təmin edilsin. Məhz bu müqavilələr İddiaçının 06.01.2021 -ci il tarixində (çərşənbə günü) işdə olduğunu təsdiq edir. Cavabdeh İşəgötürən, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbini də pozmuşdur. Belə ki, həmin normaya görə, “İşəgötürən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, işçinin əmək kitabçasını və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”. Qanunun bu İmpcrativ tələbini Cavabdeh kobud şəkildə pozsa da Məhkəmə buna heç bir əhəmiyyət vermədi . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 2017-ci ilin may ayından orada işlədiyini, işlədiyi müddət ərzində onun barəsində heç bir nöqsanla bağlı xəbərdarlıq olmadığını, 2020-ci ilin mart ayında pandemiya şəraiti ilə bağlı bir çox iş yeri kimi online rejimdə işləməyə başladığını, bu zaman onun satışlarında azalma baş verdiyini, həmin vaxt ona işdən zəng olunaraq ya ərizə yazaraq işdən çıxmalı olduğunu, ya da əmək haqqının azaldılacağının bildirildiyini, bu təkliflə razılaşmadığını, 06.01.2021-ci il tarixində işdə olduğunu, işçisi Sonanın xəstə olduğu halda məcburi olaraq işə çıxardığını, öhdəliyində 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud uşağının olduğunu, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işçinin öhdəliyində 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud uşağı olduğu halda əmək müqaviləsinin bir tərəfli qaydada pozulmasına yol verilmədiyini, həmkarların üzvü olması barədə məlumatının olmadığını, onu işdən azad edərək həmin maddənin şirkət tərəfindən pozulduğunu, işdən çıxarılması barədə xəbərdar edilmədiyini, işdən çıxarılmasını portala baxan zaman müəyyən etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndi ilə xitam verildiyini, 06.01.2021-ci il tarixində işdə olmadığını, həmin gün iddiaçı və Ağabalıyeva Sonanın Sumqayıt filialında işdə olmaqları barədə telefonla məlumat verdiklərini, 06.01.2020-ci il tarixində işdə olmaması ilə bağlı 07.01.2021-cil il tarixində akt tərtib edildiyini və 08.01.2021-ci il tarixində işdən azad edilməsi barədə əmr verildiyini, Sonanın xəstə olmasını təsdiq edın sübutun olmadığını, iddiaçının 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud uşağı olması barədə sənədi işə qəbul edən zaman təqdim etmədiyini, həmkarlar ittifaqının olması barədə məlumatının olmadığını, olsa da mühasibat sənədlərinə əsasən iddiaçı tərəfindən üzv haqqı ödənilmədiyini və deməli həmkarlar ittifaqının üzvü olmadığını təsdiq edir, izahatın alınması üçün iddiaçını tapa bilmədiklərini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 11, 68, 70-ci maddəsinin “ç” bəndi, 71, 72 maddəsinin “a” bəndi, 76, 79, 80, 83, 84, 89, 182-184, 186-190; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın istinad etdiyi əsaslar düzgün olmadığından apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2284/2021 nömrəli saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olan halları cavabdeh sübuta yetirməli və bu zaman işçinin işə gəlməməsi səbəblərinin araşdırılması, ondan izahatın alınması və bütün iş günü işdə olmamasının səbəblərinin müəyyən edilməsi işəgötürənin vəzifəsidir. Əmək qanunvericiliyinə görə: “İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.” Bu vəzifələrin yerinə yetirilməsinə rəğmən iddiaçının bir gün 06.01.2021-ci il tarixdə tam iş günü olmaması barədə 07.01.2021-ci il tarixdə tərtib edilmiş yeganə sübutu mövcuddur ki, aktın məzmunundan da iş yerinin tam iş günü müşahidə edilməsi və aktın növbəti gün tərtib edilməsi, onun tərtib edilmə şəraiti, vəziyyəti və zamanı baxımından mötəbərliyi müəyyən edilmir. Bundan əlavə, şəxsin bir gün - yəni 07.01.2021-ci il tarixdə işdə omamasının rəhbərliyə məlum olduğu zaman ertəsi gün onun işdən azad edilməsi barədə əmrin imzalanması, əmək mübahisəsinin səbəblərinin başqa mətləblər zəminində baş verdiyinə işarə edir (bu səbəblər qismən – planın yerinə yetirilməməsi ilə izah edilsə də əmrin verilməsi bu əsasla verilmədiyindən məhkəmə icraatında müzakirə edilmir). Bundan əlavə, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatların verilməməsi və ya şəxsin bu təşkilatda üzv olmaması cavabdeh tərəfindən şübhələrdən kənar sübutetmə yükünə əsasən iddiaçının xeyrinə təfsir edilməlidir. İddiaçının öhdəliyində 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud uşağı olduğundan (iş səh.16-17) xəbərdar olmaması barədə cavabdehin dəlillərini də kollegiya əsassıız hesab edir. Belə ki, şəxsin əmək müqaviləsinə xitam verilməmişdən öncə işəgötürən tərəfindən araşdırmanın aparılmaması bu yolverilməz halın mövcudluğuna rəvac vermişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 300cü maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etmədiyindən və əsassız əmr verdiyindən, apellyasiya şikayəti və iddia tələbi təmin edilməli, müqavilə üzrə (iş səh.85) 300 manat hüquqi xidmət xərci də cavavbdehdən iddiaçının xeyrinə tutulmalı, nəzərədə tutulmadığından dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərci ödəyən şəxslərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2284/2021 nömrəli saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddiası təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 08 yanvar 2021-ci il tarixli AS-k-21/08 saylı Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmri ləğv edilərək İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında direktor vəzifəsinə işə bərpa edilsin, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, 300 (üç yüz) manat hüquqi xidmət xərci cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar