Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5687/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindəki polietilen yeşiklərin götürülməsi və torpaq sahəsinin istifadə və sahibliyə verilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın 2 əsası var: 1) iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilib; 2) iddia ərizəsindəki ikinci tələb üzrə Cavabdeh hansı səbəbdən cavabdeh qismində göstərildiyi məhkəməyə aydın deyil. Hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin (MPM) 259.0.12-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilməli, qərardad ləğv olunmalı və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qərardadın 1-ci əsası ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 149.3-cü maddəsinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin maddədə işlədilən “bağlı olan” ifadəsi tələblər arasında hüquqi əhəmiyyət daşıyan bağlılığı nəzərdə tutur. Əgər iddia ərizəsində bir neçə tələb arasında bağlılıq hüquqi əhəmiyyət daşımrsa, tələblər bir iddia ərizəsində birləşdirilə bilməz. Hazırkı iddia ərizəsindəki tələblər bir-biri ilə bağlıdır. Belə ki, 1-ci tələb (torpaq sahəsindəki polietilen yeşiklərin götürülməsi tələbi) 2-ci tələblə (torpaq sahəsinin istifadə və sahibliyə verilməsi tələbi ilə) bir iddia ərizəsində ona görə birləşdirilib ki, torpaq sahəsindəki polietilen yeşiklərin mövcudluğu torpaq sahəsinə sahiblik etməyə və ondan istifadə etməyə mane olur. Bundan başqa, əgər belə hesab olunsa ki, həmin tələblər bir-biri ilə bağlı deyil, bu hal məhkəməyə əsas vermir ki, MPM-in 259.0.12-ci maddəsini tətbiq etməklə iddia ərizəsini baxılmamış saxlasın. Belə iddia ərizəsi icraata qəbul edilənə qədər 152.1.7-ci maddəyə əsasən geri qaytara bilər. İddia ərizəsi icraata qəbul edildikdən sonra 259.0.12-ci maddə tətbiq edilə bilməz. Çünki həmin maddədə elə nöqsanlar nəzərdə tutulur ki, onların mövcudluğu işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törətsin. Tələblərin bir-biri ilə bağlı olmaması işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törətmir. Əgər məhkəmə tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, 169.1-ci maddəyə əsasən tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Qərardadın 2-ci əsası ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsindəki ikinci tələb üzrə Cavabdeh hansı səbəbdən cavabdeh qismində göstərildiyinin məhkəməyə aydın olmaması məhkəməyə əsas vermir ki, MPM-in 259.0.12-ci maddəsini tətbiq etməklə iddia ərizəsini baxılmamış saxlasın, çünki belə hal həmin maddədə nəzərdə tutulmayıb. Əgər məhkəmə hesab edirsə ki, Cavabdeh iddia ərizəsindəki ikinci tələbə cavab verməli olan şəxs deyil, bu tələbin rədd edilməsi barədə qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5687/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5687/2023
08.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver