Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5687/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əbdülqasım qızının Cavabdeh İlqar oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5687/2024 (Açar sözlər: uşağın himayədə saxlanması, alimentin təyin edilməsi və digər xərclərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Əbdülqasım qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Əbdülqasım qızının Cavabdeh qarşı “uşağın himayədə saxlanması, alimentin təyin edilməsi və digər xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2531/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanması,alimentin təyin edilməsi və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi onunla qalması və saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən onun xeyrinə qazancının və başqa gəlirlərinin 1⁄4 hissəsi miqdarında alimentin (qazancı və başqa gəlirləri yaşayış minimumundan az təşkil etdiyi halda alimentin hər ay sabit pul məbləğində 235 manat miqdarında), 200 manat repetitor xərcinin və 150 manat müalicə xərclərinin, ödənilmiş 100,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Buna baxmayaraq nikahın pozulması ilə əlaqədar həll edilməli məsələlər, uşağın kimin himayəsində saxlanılması, alimentin tutulması qətnamə ilə həll edilməmişdir. Belə ki, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü oğlu X5 anadan olmuşdur. Uşağın xərclərini özü çəkir. Cavabdeh 2023-cü ilin dekabr ayından uşağın qeydinə ümumiyyətlə qalmır, uşağın böyüməsi üçün ona 1 qəpik də olsun, maddi dəstək olmur. Bəzi vaxtlar kartına az pul köçürsə də, bir neçə aydır ki, bunu da etmir. Çarəsiz vəziyyətdə qalır, bu xərcləri qarşılaya bilmir. Çünki uşağı təkbaşına böyütmək bir qadın olaraq onun üçün ağırdır. Uşağının müəllim xərci, xəstələnəndə həkim, xəstəxana, dava-dərman xərcləri, geyim xərclərinin öhdəsindən gəlməyi çox çətindir. Bununla yanaşı mənzilin kommunal xərc, uşağın repetitor xərci çəkir, işıq, qaz, su üçün, ödənişlər edir. Bunların heç birində cavabdeh ona kömək etmir. Çarəsiz durumda olduğu üçün məcburiyyət qarşısında hazırkı ərizəni vermişdir. Halbuki cavabdeh Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin sanitar bölməsinin rəisi vəzifəsində işləyir və yüksək əmək haqqı alır. Onun bir neçə evi, yüksək həyat tərzi var. Uşağın himayəsində qalması, aliment tutulması ilə əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə mediasiya təklifi vermişdir. Daha sonra 16 saylı X1 üçün müraciət etmişdir. Oradan xx.xx.2024-cü il tarixli arayış verilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi onunla qalması, saxlanılması üçün hər ay xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən onun xeyrinə qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, 200 manat repetitor xərcinin və 150 manat müalicə xərclərinin, ödənilmiş 100,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2531/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən Cavabdeh qazancının (gəlirinin) 1/4-i miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100,4 (bir yüz manat qırx qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 100.2 və 100.3cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.5, 4.6, 124.1, 234.2.1, maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin alimentin 09 aprel 2024-cü il tarixdən, yəni iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən etibarən tutulması ilə bağlı gəldiyi nəticə uşaqların üstün mənafeyi və maraqları baxımından tamamilə qanunsuzdur. Belə ki, işin məhkəmə iclasında tədqiq olunmuş sübutlarla da öz təsdiqini tapan mühüm halı ondan ibarətdir ki, cavabdeh iddiaçının bütün təkliflərinə və gördüyü tədbirlərə baxmayaraq, cidd-cəhdlə uşaqların saxlanılmasında iştirak etməkdən yayınmışdır. Nəticə etibarilə bu dövrdə uşaqların müəyyən maddi ehtiyacları meydana çıxmışdır. İddiaçı isə bu ehtiyacların qarşılanmasının təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə heç bir əsasa istinad etmədən, görülən tədbirləri və uşaqların üstün mənafeyini, maddi və sair ehtiyaclarını nəzərə almadan alimentin tutulduğu tarixlə bağlı ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti ilə bağlı mediasiya təklifinin göndərilməsi AR Mülki-Prosessual Məcəlləsinin 4.5 və 4.6-cı maddələrinə müvafiq olaraq həmin prosedurun məcburiliyindən irəli gəlir. İddiaçının cavabdehi aliment ödənişlərinə cəlb etmək üçün könüllü təklifini özündə ehtiva etmir. Lakin məhkəmə iş üçün əhəmiyyət kəsb edən mühüm xüsusatları nəzərə almamış və düzgün qiymətləndirməmişdir. Həmçinin, cavabdehin uşaqların təhsil həyatında eləcə də, onların zəruri tibbi ehtiyaclarını qarşılamağda da iştirakdan yayındığını nəzərə alaraq, bu prosesə cəlb edilməsi üçün adekvat kompensasiya məbləğini məhkəmədən tələb edildiyi halda, məhkəmə iddia tələbinə bu hissədə aidiyyatı münasibəti göstərməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya baxışı zamanı iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
11. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
12. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
13. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
14. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
15. Maddə 100.3 Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisənin əhatə etdiyi dövrdə qüvvədə olan redaksiyası)
16. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
17. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
18. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
19. Maddə 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (mübahisənin əhatə etdiyi dövrdə qüvvədə olan redaksiyası)
20. Maddə 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə qətnamə yalnız iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulma tarixi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verərək alimentin tutulma tarixinin başlanğıcının müəyyənləşdirilməsində düzgün qənaətə gəlməmişdir.
29. Kollegiya hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən tutulmalı olan aliment birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi kimi xx.xx.2024-cü il tarixdən deyil, xx.xx.2023-cü il tarixdən, yəni iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi tarixdən hesablanmalıdır.
30. Belə ki, hazırda qeyd olunan iddiaya hüquqi qiymət verilməsi üçün Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddələri, o cümlədən “Mediasiya haqqında” Qanunun müvafiq müddəaları nəzərdən keçirilməlidir.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarının tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Alimentin həmin vaxtdan əvvəlki dövr üçün də verilməsinə o halda yol verilir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görsün, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı müəyyən olunsun.
32. İş materiallarından görünür ki, iddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixdə uşaqların ana ilə qalmaları, aliment tələbi və uşağın xaricə çıxarılması ilə bağlı qanunvericiliyin tələblərinə görə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsi üçün cavabdehə bununla bağlı təklif göndərmişdir.
33. “Mediasiya haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir.
34. Göründüyü kimi cavabdehə artıq xx.xx.2023-cü il tarixdə iddiaçının alimentin ödənilməsi tələbi ilə bağlı niyyəti məlum olmuş, lakin mediasiya sessiyasında və ondan sonrakı məhkəmə proseslərində tələbin qəbul edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etməsi səbəbindən alimentin tutulmasının həmin tarixdən başlanmalı olduğunu qeyd etsə də, məhkəmədən öncə artıq mediasiya prosesi barədə təklifin göndərilməsini iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş “aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi” kimi qiymətləndirməmiş və bununla da yanlış nəticəyə gəlmişdir.
35. Kollegiya həm mülki prosessual qanunvericiliyin, həm də “Mediasiya haqqında” qanunun tələblərini nəzərə alaraq hesab edir ki, alimentin tutulmasına dair mediasiya təklifinin göndərilməsi qanunvericiliyin göstərişlərinə əməl olunaraq ailə mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasının keçirilməsinin məcburiliyin təmin edilməsi üçün iddiaçının yerinə yetirməli olduğu prossedur olmuş və prossedurun nəticəsində artıq cavabdeh ona qarşı olan tələbdən xəbərdar olsa da, alimentin ödənilməsindən boyun qaçırmağa davam etmişdir.
36. Bu fakt da onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsində qeyd olunan hallar, yəni aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən etibarən öz əksini tapdığından, aliment ödənişlərinin tutulmağa başladığı müddət də məhz həmin tarixdən hesablanmalıdır. İddiaçı isə xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin əlavə xərclər hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmə mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Belə ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
39. Qeyd edilməlidir ki, valideynlər uşaqların saxlanmasında bərabər hüquq və öhdəliklərə malikdirlər və bu yükün xüsusilə bir valideynin üzərinə qoyulması yolverilməzdir Hazırki işin hallarından da göründüyü kimi uşağın ananın yanında saxlanması müəyyən olunmuş və cavabdehdən bunun üçün müəyyən miqdarda alimentin tutulması qət edilmişdir. İddiaçını öz tələbində göstərdiyi digər xərclər qanunvericiliklə göstərilən hər hansı müstəsna hallardan yaranmamaqla uşağın təhsil və inkişafında sadəcə əlavə ünsürlərdən törəmişdir. Bundan əlavə cavabdehin artıq həmin xərclər də daxil olmaqla öhdəliyi alimentin ödənilməsi ilə ehtiva olunmuşdur.
40. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti göstərilən hissədə əsassız olmaqla təmin edilməməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulma tarixi hissəsində dəyişdirilməli, şikayət mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
43. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
47. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2531/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - alimentin tutulma tarixinin müəyyən olunması hissəsində dəyişdirilsin. xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh qazancının (gəlirinin) 1/4-i miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova