Məhkəmə qərarları › İş №2(103)-5689/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5689/2021

22.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5689/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh Mərkəzi X8 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2838/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “işə bərpa edilmə, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 2 saylı X2 baş həkiminin 28 aprel 2017-ci il tarixli, 514 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması, 2 saylı X2 baş həkimi Cavabdeh1 qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının, həmçinin istifadə olunmamış məzuniyyət haqqlarının hesablanıb cavabdehlər tərəfindən ona ödənilməsi, ona işlədiyi müddətdə ödənilməmiş əmək haqqının cavabdehlər tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən X2 nəzdində fəaliyyət göstərən aptekdə əczaçı vəzifəsində işləmişdir. 2017-ci ilin aprel ayının 30-da hazırda 2 saylı X2 baş həkimi Cavabdeh1 onu çağıraraq aptekin bağlandığını və ona görə də onun işə gəlməməsini bildirmişdir. Daha sonra onu işə çağıracağını bildirərək ağ kağıza imza etdirmişdir. 05 may 2017-ci ildə isə baş həkim Cavabdeh1 onu çağırıb əmək kitabçasını ona təqdim etmiş və onun işdən çıxarıldığını, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və digər qurumlara müraciət edəndə bildirdilər ki, aptek bağlanıb. Halbuki, aptek bağlanmamışdı və bu günə qədər də fəaliyyət göstərir. Göründüyü kimi o, qanunsuz olaraq işdən çıxarılmış və onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əmək hüququ və yaşamaq hüququ pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2838/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı işə bərpa edilmə, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2838/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv olunmalı, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin ləğv edilməsidir. Bu əsasla əmək müqaviləsi ləğv edilərkən işçilər üçün əlavə təminatlar nəzərdə tutulmuşdur. Ştat ixtisarı dedikdə müəyyən olunmuş vəzifə üzrə bir, yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. Bir qayda olaraq, işçilərinin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Məhkəmə nəzərə almamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və onun ailə üzvlərinin yaşaması üçün gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati və sərəncamverici səlahiyyətlərə malik olur. Hazırki işdən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi təşəbbüsü işəgötürən tərəfindən olmuşdur ki, onun qanunsuz əmrləri tərəfindən mübahisələndirilir. İş materiallarından göründüyü kimi, “əmək müqaviləsinin ləğv edilməsi qaydası” nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq normalarına düzgün riayət olunmamış, cavabdeh tərəfindən əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin əsaslarından bəhs edən müvafiq normaya formal cəhətdən, aldatma yolu ilə istinad edilmişdir. İddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2838/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh1 tərəfindən qanun pozuntularına yol verildiyi üçün onun haqqında xüsusi qərar qəbul olunaraq, Azərbaycan Respublika Prokurorluğuna göndərilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili X6 apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikyətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2838/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında cavabdeh Mərkəzi X8 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2838/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh X10 Xəstəxanası tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır, həmçinin iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi və Mülki Məcəllənin 372-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, AZ-İ seriyalı, 008335 nömrəli 12 iyul 1997-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, Nəzərova (Vəliyeva) Kübrə Nafil qızı 31 iyul 1998-ci il tarixli, 234 saylı əmrlə X4 işə qəbul edilmiş, 28 aprel 2017-ci il tarixli, 514 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərək, işdən azad edilmişdir. (İş.v.4-5). İş materiallarında olan, Mərkəzi X8 baş həkimi tərəfindən həmin xəstəxanada əczaçı işləyən İddiaçı edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin və onun tabeliyində olan tibb müəssisələrinin təsərrüfat hesablı idarəetməyə keçməsi ilə əlaqədar, strukturda islahatlar aparılmışdır. Bunun da nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən İddiaçı xəbərdar edilmişdir ki, məşğul etdiyi ştat vahidi 01 may 2017-ci il tarixindən ixtisar ediləcəkdir. Qeyd edilən xəbərdarlıq 01 mart 2017-ci il tarixdə İddiaçı tərəfindən imza edilməklə qəbul edilmişdir. (İş.v. 16). İş materiallarında olan, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin Mərkəzi X8 28 aprel 2017-ci il tarixli, 514 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı – Aptekin əczaçısına ştatların ixtisarı ilə əlaqədar 1 aylıq orta əmək haqqı məbləğində işdən çıxarma müavinatı ödəməklə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 01 may 2017-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Məzuniyyət kompensasiya düşür 01 yanvar 2017-ci il tarixdən - 30 aprel 2017ci il tarixə = 4 ay= 10 təqvim günü. Əsas: ştat cədvəli və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 77-ci maddəsinin 3-cü bəndi. (İş.v. 17). İş materiallarında olan, işçilərin təyin edilmə və yerdəyişməsi barədə hesabat dəftərinin surətindən görünür ki, İddiaçı 28 aprel 2017-ci il tarixdə imza etməklə 28 aprel 2017-ci il tarixli, 514 nömrəli əmrin surətini X10 Xəstəxanasından qəbul etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən ( mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, cavabdeh X5 tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iddiaçı Mərkəzi X8 31 iyul 1998-ci il tarixli əmri ilə həmin xəstəxananın aptekində əczaçı vəzifəsinə işə qəbul edilmiş, 01 mart 2017-ci il tarixdə iddiaçı işlədiyi ştat vahidinin 01 may 2017-ci il tarixindən ixtisar edilməsi barədə cavabdeh tərəfindən xəbərdar edilərək, Mərkəzi X8 28 aprel 2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən işdən azad edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin “Mərkəzi X8 28 aprel 2017-ci il tarixli, 514 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması” hissəsinin əsassız olduğundan təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsi törəmə tələbdir və əmək qanunvericiliyin istinad edilən normasına əsasən bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Buna görə birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini bu hissədə də təmin etməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin “istifadə olunmamış məzuniyyət haqqlarının hesablanıb cavabdehlər tərəfindən ona ödənilməsi, habelə ona işlədiyi müddətdə ödənilməmiş əmək haqqının cavabdehlər tərəfindən ona ödənilməsi” hissələri ilə əlaqədar isə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən istifadə olunmamış məzuniyyət haqqının ödənilməməsini, habelə iki ay xəstəxananın qəbul şöbəsində (resepşn) işlədiyi müddətdə əmək haqqının da ödənilməməsini bildirsə də, qeyd edilənləri təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin bu hissəsində birinci instansiya məhkəməsinın gəldiyi nəticə ilə razılaşır və bu nəticəni əsaslı hesab edir. Bundan başqa işə birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Mərkəzi X8 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi 1 aylıq müddəti ötürülməklə verildiyinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi İddiaçı işə bərpa olunması barədə iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Belə ki, iş materiallarında olan sübutlarla və iddiaçı tərəfindən verilmiş izahatla müəyyən olunur ki, iddiaçı cavabdehin 28 aprel 2017-ci il tarixli, 514 saylı əmrini və son haqq hesabını 05 may 2017-ci il tarixdə almış, lakin hazırki iddia tələbini 23 fevral 2021-ci il tarixdə irəli sürmüş, bununla da əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hətta iddia tələbi əsaslı olsada belə, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyünə təmin edilə bilməzdi. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddia müddətini tətbiq edilməsi barədə ərizəsini nəzərə almaqla tələb üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2838/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2838/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar