Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5689/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinə və Bakı Şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil1, Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Musiqi Məktəbində xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiyanın qərarının ona aid hissədə əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında həmin Məktəb üzrə verilmiş xx.xx.2025-ci il tarixli, 65 saylı əmrin əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, onun əvvəlki işinə musiqi müəllimi vəzifəsinə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa edilən tarixədək ona ödənilməli olan əmək haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüququ yardıma görə vəkillə müqavilə bağlanması üçün çəkdiyi xərcin əvəzi olaraq 326 manat, mediasiyaya sessiyasının keçirilməsinə görə etdiyi ödənişin əvəzi olaraq 60 manat, digər məhkəmə xərclərinin əvəzinin və onun bir pedaqoq olaraq işgüzar nüfuzuna, şərəf və ləyaqətinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 21 ildir ki, cavabdeh Musiqi Məktəbində ixtisası üzrə fortepiano müəllimi işləmişdir. Əvvəlki dövrdə testlə keçirilən attestasiyada ən yüksək nəticə göstərərək 5 bal almışdır. Məktəbdə xx.xx.2025-ci il tarixdə növbəti attestasiyanın keçiriləcəyi barədə xx.xx.2025-ci il tarixində elan verilmişdir. Həmin tarixdə Məktəbdə keçirilən attestasiyada iddiaçı 1 saata yaxın iştirak etmiş və ən yüksək səviyyədə bilik və bacarıqlarını nümayiş etdirmişdir. Lakin Məktəbin icraçı direktoru Gülnarə Səfərovanın tapşırığını yetirən attestasiya komissiyasının üzvləri qərəzli və qanunsuz qərara qəbul etmişlər ki, iddiaçı tutduğu vəzifəyə uyğun deyil (3 əleyhinə, 2 lehinə səs verərək təkmilləşdirməyə tövsiyə etməklə), baxmayaraq iddiaçı ona verilmiş bütün sualları düzgün və dolğun cavablandırmış, ifası tapşırılmış əsərləri ixtisası üzrə musiqi alətində yüksək səviyyədə ifa etmişdir. Burada nəzərə alınmalıdır ki, iddiaçı, peşə fəaliyyətinə görə onlarla diplom və digər təltiflərə layiq görülmüş, keçirilən rəsmi tədbirlərdə dəfələrlə iştirak edərək, peşə bacarığını nümayiş etdirmişdir. Bunlara baxmayaraq həmin qanunsuz qərar əsasında, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli əmr verilmişdir. Bunla hamısı Məktəbin icraçı direktoru Gülnarə Səfərovanın iddiaçıya qarşı tutduğu və səbəbi iddiaçıya məlum olmayan qərəzli mövqedən irəli gəlir. Çünki, Gülnarə Səfərova əvvəllər də iddiaçının məktəbin müəllimlərinin, şagirdlərin özlərinin və şagirdlərin valideynlərinin yanında dəfələrlə təhqir etmiş (məsələn: “sən adam deyilsən”, “sən müəllim deyilsən” və sair bu kimi sözlər demiş), alçatmışdır. Sonuncu dəfə isə Gülnarə Səfərovanın bu kimi hərəkətləri nəticəsində iddiaçının halı pisləşmiş və müəllimlər məktəbə təcili tibbi yardım xidmətini çağırmışlar. Gülnarə Səfərova isə çağırışa gəlmiş həkimləri məktəbdən qovmağa çalışmış, iddiaçının valideynləri gəldikdən sonra isə həkimlər iddiaçını xəstəxanaya apara bilmişlər. Nəticədə iddiaçı 2 həftə ərzində müalicə qəbul etmək məcburiyyətində qalmışdır. İddiaçı, Gülnarə Səfərovanın hərəkətləri haqqında Bakı Şəhər Mədəniyyət İdarəsinə məlumat verdikdən sonra isə, Gülnarə Səfərova iddiaçıya qarşı təhqirlərini daha da artırmış iddiaçını yanına çağıraraq demişdir ki, “hara istəyirsən get de, mən heç kimdən qorxmuram”. Göstərilənlərə əsasən iddiaçı yuxarıda qeyd edilən həmin qərarı və əmri qanunsuz hesab edir və bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. b) cavabdeh tərəfin iddia tələbinə münasibəti barədə məlumat
3. Cavabdehlərin vəkili (nümayəndəsi) Vəkil2 işə baxmış Rayon Məhkəməsinə “iddia tələbinə qarşı yazılı etiraz” verərək, etirazda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənədinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olubolmamasının yoxlanılması, işçilərin həvəsləndirilmək ixtisasının və əməyinin ödənilmə dərəcələrinin verilməsi, artırılması və ya azaldılması işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli, 102 nömrəli əmrlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi həmin Musiqi Məktəbinin Attestasiya Komitəsinin Əsasnaməsini təsdiq etmişdir. Əmrlə hər biri 5 nəfərdən ibarət olmaqla 2 Attestasiya Komissiyası yaradılmış və tərkibləri təsdiq edilib. xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr attestasiyanın keçirilməsi müddəti təyin edilmişdir. Attestasiya yalnız təqdim edilmiş proqram, müvafiq yaradıcılıq tapşırıqları və işçinin gördüyü işlər haqqında məlumat əsasında keçirilməsini təmin edilir. Attestasiyadan keçən işçilərə yalnız tutduqları vəzifələr, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquq və vəzifələr dairəsinə aid olan məsələlər ilə bağlı suallar verilir. İddiaçının iddia ərizəsində Attestasiya Komissiyasının üzvlərinin ona qarşı qərəzli olmalarını bildirsə də, bu, həqiqətə uyğun deyil. Belə ki, iddiaçı, Attestasiya Komissiyasının üzvləri tərəfindən ona verilmiş sualları səhv və natamam cavablandırmış, ifası ona tapşırılmış əsərləri isə qənaətbəxş səviyyədə ifa edə bilməmişdir. Buna görə Komissiyanın qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 7 nömrəli qərarında qeyd etmişdir ki, tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün iddiaçıya onunla bağlanmış “Əmək müqaviləsi” ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə bağlı suallar verilmiş, iddiaçı 4 suala cavab verə bilməmiş, 1 suala qismən cavab vermiş, yalnız 3 suala tam cavab verə bilmişdir. İddiaçının praktiki biliklərinin yoxlanılması üçün piano alətində öncədən hazırladığı L.V.Bethoven 25 №-li sonatasının İ hissəsini olduqca zəif ifa və təhlil etmişdir. İddiaçı, “cis moll” qammasını zəif ifa etmişdir. Üzdən oxu üçün iddiaçıya F.Şopenin 46 №-li mazurka əsərinin ifa olunması təklif edilmiş, lakin o, həmin əsəri zəif ifa etmişdir. Buna görə də, Komissiya qərara gəlir ki, iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməlidir. Qərar 1 həftə ərzində Məktəbinin direktoruna təqdim edilsin. İddiaçı bildirir ki, o vaxtikən attestasiyadan keçərək yüksək bal toplamışdır. Belə olan halda müəyyən edilir ki, iddiaçı özündən arxayın olaraq, təyin olunma vaxtı ona 2 ay əvvəlcə məlum olan sonuncu attestasiyaya hazırlaşmamış, hətta, vaxtikən hazırlaşdığı əsər üstündə təkrar işləməyidindən əvvəllər yaxşı bildiyi əsəri, qammaları sonuncu attestasiya zamanı zəif ifa etmişdir. İddiaçı, Attestasiya Komissiyasının üzvlərinin ona qarşı qərəzli olduqlarını bildirsə də, bu da həqiqətə uyğun deyil. Çünki Məktəbdə attestasiyada 20 nəfər fortepiano, 7 nəfər xalq çalğı alətləri (tar, kaman, xanəndə və digər) üzrə müəllim, 6 nəfər musiqi nəzəriyyəsi fənni üzrə müəllim imtahan vermiş, onlardan 8 nəfər, o cümlədən iddiaçı, fortepiano müəllimi, 2 nəfər nəzəriyyə müəllimi attestasiya imtahanından kəsilmişlər. Həmçinin nəzərə alınmalıdır ki, Komissiya üzvləri digər musiqi məktəblərində musiqi sahəsində ixtisas üzrə çalışan müəllimlər olub, onlardan biri – Ülviyyə Hacıyeva isə həm də Azərbaycan Respublikası Həmkarlar İttifaqının üzvüdür. Komissiya üzvləri iddiaçıya birbaşa və ya dolayı təsir edən və ya iddiaçının onların nəzarəti altında, tabeçiliyndə işlədiyi şəxslər deyildir. Bu hal onu sübut edir ki, Komissiyası üzvləri Məktəb tərəfindən deyil, Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi tərəfindən seçilib. Bu isə qanunun tələblərinə tam uyğundur. Heç bir qanun pozuntusuna yol verilməyib. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddia tələbi əsassızdır. Bundan başqa nəzərə alınmalıdır ki, tələbələrin imtahanları ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 25 nömrəli rəsmi müraciəti və xx.xx.2025-ci il tarixli AKT-ı təqdim edilmişdir. Akta qeyd edilmişdir ki, təkrar yarımillik qapalı imtahanlarda iştirak edən (iddiaçı) İddiaçı sinfində təhsil alan şagirdlərin ilk növbədə proqramlarının siniflərinə uyğun olmadığını, bəzi əsərlərin ümumiyyətlə tədris proqramına aid olmadığı aşkar edilib. Şagirdlərin əl qoyuluşu düz deyil, ümumi fortepiano fənni üzrə təhsil alan şagirdlər ümumiyyətlə bir barmaqla ifa edirdilər ki, bu musiqi tədris metodikasına uyğun deyil. Rəsmi müraciətdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Təqvim planına” əsasən keçirilən “Texniki dinləyişlərdə İddiaçı heç kəsi xəbərdar etmədən iştirak etməmiş və onun şagirdləri də dinləyişə qatılmamışlar. xx.xx.2025-ci, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə həmin musiqi məktəbində direktor vəzifəsini icra edən Gülnarə Səfərovaya 9 nəfər müəllimi yazılı müraciət ediblər. Ümumi müraciətlərin məzmunu odur ki, iddiaçının sinfində təhsil alan şagirdlər xx.xx.2025 tarixindən həmin müəllimlərin siniflərinə keçirilib. Həmin şagirdlər bilik və bacarıqları çox zəifdir, bəziləri dərslərə gec gəlir, tapşırıqları çalışmırlar, hazırlıqlı gəlmirlər, hətta not tanımayan tələbə var. Gələcək imtahanlarda uşaqların məsuliyyətini daşımırlar. X3 və Xədicə Rəşidlinin dərs proqramları yox idi. Lakin, qısa zamanda dərs proqramına uyğun yeni əsərlər seçildikdən sonra şagirdlər mütəmadi dərslərə gəlir və qənaətbəxş öyrənirlər. Bundan başqa məhkəmənin diqqətinə çatdırılır ki, həmin Məktəbin 3 şagirdinin valideynləri Məktəbin əvvəlki direktoru olmuş Sevda Rəhimovaya xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində şikayət etmişlər ki, iddiaçı, onların övladlarına musiqi dərsini mütəmadi keçməmiş, tez-tez dərs buraxmış, buraxılmış dərslərinin əvəzini keçməmiş, dərslərdə telefonla məşğul olmuşdur. Nəticədə onların övladları heç nə öyrənə bilməmiş, bilik səviyyələri aşağı düşmüş, dərsə həvəsləri itmişdir. Tələbələrdən biri, yəni Cəmilə Əliyevanın valideyni İbrahim Əliyev isə bildirmişdir ki, onun övladı rus dilli olduğundan iddiaçının dərslərdə nə dediyini ümumiyyətlə başa düşmədiyindən onun bilik səviyyəsi çox aşağı olmuşdur. O, iddiaçının “Tik-tok”da yerləşdirdiyi videolarını gördükdən sonra övladının iddiaçının sinfindən çıxarılmasını tələb edib. İddiaçı bildirir ki, Məktəbin hazırkı direktoru Gülnarə Səfərova ona qarşı qərəzlidir, onu dəfələrlə təhqir etmişdir. Əslində bu belə deyil. İddiaçı yalan məlumat verir. O, özü Gülnarə Səfərovaya qarşı qərəzlidir. Belə ki, iddiaçı Məktəbin əvvəlki direktoru olmuş Sevda Rəhimovaya qarşı da, qərəzli mövqedə olmuş, hətta Sevda Rəhimovanın barəsində 2023-cü ildə Bakı Şəhəri Yasamal Rayon Prokurorluğuna əsassız olaraq şikayət edərək, bildirmişdir ki, guya Sevda Rəhimova Məktəbdə qanunsuz hərəkətlərə yol, rüşvət alır, işçilərdən məcburi qaydada “məktəbin fondu” üçün pul yığır. İddiaçının həmin şikayəti Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırılsa da, şikayətdə qeyd edilənlər öz təsdiqini tapmamış, buna görə də, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılmasından imtina edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, attestasiyanın keçirilməsi ilə bağlı qərarı Məktəbin direktoru Gülnarə Səfərova deyil, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi verib. İddiaçı vaxtında hazırlaşsa idi attestasiyandan keçə bilərdi. Hazırlaşmadığı üçün attestasiyadan keçməyib, buna görə də məsuliyyət onun özünün üzərində qalmalıdır. c) iş üzrə tərəflərin məhkəmə baxışı iclasında iştirakları və iclasda iştirak etmiş şəxslərin iddia tələbinə münasibəti barədə məlumat
4. İddiaçı və onun vəkili (nümayəndəsi) məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.
5. Cavabdehlərin vəkili (nümayəndəsi) məhkəmə iclaslarında iştirak edərək, iddia tələbinə etiraz etdi və Rayon Məhkəməsinə iddiaya qarşı verilmiş yazılı etirazın məzmununa uyğun izahat vermişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15 avqust 2025-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iddia tələbinin “Attestasiya Komissiyasının qərarının etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı barəsində keçirilmiş attestasiyanın video qeydiyyatını özündə əks etdirən video görüntü məhkəmə tərəfində sorğu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən əldə edilmiş və məhkəmə tərəfindən həmin görüntü nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, Attestasiya Komissiyasının qərarının etibarsızlığı üçün heç bir əsas yoxdur. İddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir. İddiaçı, Attestasiya Komissiyasının üzvlərinin ona qarşı qərəzli olduqlarını bildirsə də, videodan görünür ki, bu kimi hal olmamış, Komissiyanın üzvləri iddiaçıya qarşı ayrıseçkiliyə yol verməmiş, ona təzyiq etməmişlər. Rayon Məhkəməsi iddia tələbinin “xx.xx.2025-ci il tarixli əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Attestasiya Komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur. İddia tələbinin “mənəvi zərərlə bağlı olan hissəsinə” münasibətdə Rayon Məhkəməsi qeyd etmişdir ki, “attestasiya qərarının etibarsızlığı və işdən çıxarma barədə əmrin ləğvi” barədə hissəsindən törəmə tələb olduğundan və həmin tələblər təmin edilmədiyindən iddianın cavabdehdən mənəvi zərərin tutulması hissəsi də əsassız hesab edilməlidir. İddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi xərclər iddiaçının özünə aid edilməlidir. e) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd edir ki, o (məhkəmə), iddiaçı barəsində keçirilmiş attestasiyanın video qeydiyyatını özündə əks etdirən video görüntülərə baxmış və müəyyən etmişdir ki, Attestasiya Komissiyasının qərarının etibarsızlığı üçün heç bir əsas yoxdur. İddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir. İddiaçı, Attestasiya Komissiyasının üzvlərinin ona qarşı qərəzli olduqlarını bildirsə də, videodan görünür ki, bu kimi hal olmamış, Komissiyanın üzvləri iddiaçıya qarşı ayrı-seçkiliyə yol verməmiş, ona təzyiq etməmişlər. Əslində isə Rayon Məhkəməsi məhkəmə iclaslarında həmin video görüntüyə iş üzrə tərəflərin iştirakı ilə baxmamışdır. Həmin video görüntüyə baxdıqda isə müəyyən edilir ki, iddiaçı, attestasiyanın keçirildiyi otaqdan çıxdıqdan sonra Attestasiya Komissiyasının 5 nəfər üzvü iddiaçının onun qarşısında qoyulmuş suallara verdiyi cavabları və ona ifası tapşırılmış əsərləri ixtisası üzrə musiqi alətində etdiyi ifanı müzakirə etdikdən sonra səs verərkən Komissiyanın 3 nəfər üzvü iddiaçının lehinə, 2 nəfər üzvü isə əleyhinə səs vermişlər. Belə olan halda Komissiya iddiaçının barəsində müsbət qərar verməli idi. Lakin video görüntüdən daha sonra görünür ki, səsvermədən sonra Komissiyaya sədrlik edən Nigar Məlikova səsvermənin nəticəsindən narazı qalaraq Komissiyanın üzvlərinə müraciət edərək, iddiaçının barəsində aşağılayıcı çıxış edir, iddiaçının ünvanına “bazar adamı”, “mədəniyyətsiz” adlandırır və qeyd edir ki, “mən buməktəbi təmizləməliyəm”. Bundan sonra ifadə etdiyi ədalətsiz və qeyri-obyektiv, cinayət xarakterli fikirlərini təsdiqləmək üçün Komissiyanın üzvü Ülviyyə Hacıyevaya müraciət edir. Ülviyyə Hacıyeva isə öncə Nigar Məlikova ilə razılaşmır, “yox” deyərək etiraz edir, lakin sonra anidən nə fikirləşirsə (böyük ehtimal ki, icraçı direktor Gülnarə Səfərovdan qorxduğu, öz işini itirməsin deyə, çünki Ülviyyə Hacıyeva özü də attestasiyadan keçəcək əməkdaş idi, məntiqlə isə komissiya üzvü isə belə statusda olmamalı idi) mövqeyini dəyişir və sədrin sözlərini, mövqeyini təsdiqləməli olur. Komissiya üzvlərinə təsir etdikdən sonra Nigar Məlikova ikinci dəfə səsvermə keçirir və Komissiyanın həmin 3 nəfər üzvünün də iddiaçının əleyhinə səs verməsinə nail olur. Göründüyü kimi, Komissiya iddiaçı ilə bağlı qərəzli və qanunsuz qərar qəbul etmiş, həmin qərar əsasında isə iddiaçı tutduğu vəzifədən qanunsuz olaraq azad edilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bu kimi halla obyektiv hüquqi qiymət verməmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
10. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin eləcə də iddia tələbinin məzmununa uyğun izahat verdilər, iddia tələbinin və şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı, Bakı Şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin digər müəllimim attestasiyadan keçirilməsi ilə bağlı video görüntünü Məhkəməyə təqdim edərək, Məhkəmənin diqqətinə çatdırdı ki, Attestasiya Komissiyasının üzvləri həmin müəllimin müzakirəsi gedə-gedə onun (iddiaçının) müzakirəsini davam edirlər və ona (iddiaçıya) aid “Attestasiya vərəqəsini” imzalayırlar.
11. Cavabdehlərin vəkili (nümayəndə) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verərək, tələbin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir.
13. Belə ki, işdə olan sənədlərdən, o cümlədən işdə olan video görüntüdən və iş üzrə tərəflərin Məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iş iddiaçı, cavabdeh Musiqi Məktəbində ixtisası üzrə fortepiano müəllimi işləmişdir. Əvvəlki dövrdə keçirilmiş attestasiyada yüksək nəticə göstərmişdir. Məktəbdə növbəti attestasiyanın keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə 2 ay əvvəl, yəni xx.xx.2025-ci il tarixdə Məktəb üzrə elan verilmişdir. Həmin tarixdə Məktəbdə keçirilən attestasiyada iddiaçı iştirak etmişdir. İddiaçının attestasiyası 5 nəfər Komissiya üzvü tərəfindən keçirilmiş, həmin Komissiyanın sədri Nigar Məlikova olmuşdur. Attestasiya zamanı Komissiyanın üzvləri tərəfindən iddiaçıya müvafiq suallar verilmiş və ifası ona tapşırılmış əsərləri ixtisası üzrə musiqi alətində ifa etmişdir.
14. Keçirilmiş attestasiyanın nəticəsi ilə Komissiya üzvlər tərəfindən imzalanmış “Attestasiya vərəqəsində” qeyd edilmişdir ki, iddiaçı, ona verilmiş 4 suala cavab verə bilməmiş, 1 suala qismən cavab vermiş, 3 suala isə tam cavab vermişdir. İddiaçının praktiki biliklərinin yoxlanılması üçün piano alətində öncədən hazırladığı L.V.Bethoven 25 №-li sonatasının İ hissəsini olduqca zəif ifa və təhlil etmişdir. İddiaçı, “cis moll” qammasını zəif ifa etmişdir. Üzdən oxu üçün iddiaçıya F.Şopenin 46 №-li mazurka əsərinin ifa olunması təklif edilmiş, lakin o, həmin əsəri zəif ifa etmişdir. Buna görə də, Komissiya qərara gəlir ki, iddiaçı tutduğu vəzifəyə uyğun deyil.
15. Keçirilmiş attestasiyaya və onun nəticəsi olaraq tərtib edilmiş “Attestasiya vərəqəsinə” iş üzrə tərəflərin mövqeyi yuxarıda artıq ətraflı olaraq qeyd edilmişdir. Buna görə də Məhkəmə qısa olaraq bildirir ki, iddiaçının mövqeyi ondan ibarətdir ki, attestasiya düzgün keçirilməmiş, Komissiyanın gəldiyi nəticə qanunsuzdur, Komissiya ona qarşı qərəzli olmuşdur. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, attestasiya düzgün keçirilmiş, Komissiyanın iddiaçının barəsində obyektiv nəticəyə gəlmiş, iddiaçıya qarşı qərəz olmamışdır.
16. Attestasiya Komissiyası üzvlərinin hərəkətlərin əsaslı olub-olmamasını, onların iddiaçıya qarşı qərəzli olub-olmamalarını yoxlamaq üçün Məhkəmə, Mədəniyyət Nazirliyi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və özündə iddiaçı ilə bağlı keçirilmiş attestasiyanın video qeydiyyatına apellyasiya icraatı zamanı baxış keçirmiş və müəyyən etmişdir ki, iddiaçı, attestasiyanın keçirildiyi otaqdan çıxdıqdan sonra Attestasiya Komissiyasının 5 nəfər üzvü iddiaçının onun qarşısında qoyulmuş suallara verdiyi cavabları və ona ifası tapşırılmış əsərləri ixtisası üzrə musiqi alətində etdiyi ifanı müzakirə etməyə başlamışlar. Müzakirənin nəticəsi olaraq keçirilmiş səs vermədə Komissiyanın 3 nəfər üzvü iddiaçının lehinə, 2 nəfər üzvü isə əleyhinə səs vermişlər. Bu müzakirələr gedişatında iddiaçının barəsində “она базарная немножко” (“o bir az bazar adamıdır”) ifadəsi də eşidilir. Səsvermədən sonra isə Komissiyaya sədrlik edən şəxs (Nigar Məlikova) Komissiyaya üzvlərinə “keçirtməyin, keçirtməyin, yox, yox, mən yox deyirəm, bununla işləmək olmaz” demişdir. Daha sonra iddiaçının barəsində yenidən müzakirələr başlamış, lakin əvvəlki müzakirədən fərqli olaraq bu müzakirədə sədrlik edən daha aktiv iştirak edərək, iddiaçının peşəkarlığını daha çox pisləmişdir. Nəticədə ikinci dəfə keçirilmiş səs vermədə Komissiyanın 2 nəfər üzvü iddiaçının lehinə, 3 nəfər üzvü isə əleyhinə səs vermişlər.
17. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təsdiq edilmiş Bakı Şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının əsasnaməsindən görünür ki, Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qüvvədə olan aidiyyəti normativ aktları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarını” rəhbər tutmalıdır (maddə 1.3.).
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.2-ci maddəsinin tələbinin mənasına görə, attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır.
19. Göründüyü kimi, iddiaçı ilə bağlı attestasiya obyektiv şəraitdə aparılmamış, qərəzli şəraitdə aparılmışdır. Səsvermə iki dəfə keçirilmişdir. Səsvermənin iki dəfə keçirilməsi üzürlü səbəbdən (məsələn: komissiyanın üzvlərindən birinin və ya bir neçəsinin “kim lehinə?”, “kim əleyhinə?” suallarını səhv eşidərək, səhv səs verdikdə) baş verməmiş, Komissiya üzvlərinin razılığı olmadan Komissiyaya sədrlik edən şəxsin təşəbbüsü ilə həyata keçirilmişdir. Nəticədə isə ikinci dəfə keçirilmiş səsvermə, birinci səsvermədən fərqli olaraq iddiaçının ziyanına olmuşdur.
20. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlı attestasiya qərəzli şəraitdə aparıldığından cavabdeh Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiyanın qərarı iddiaçıya aid hissədə əsassız hesab edilməli və bu səbəbdən də qərar həmin hissədə ləğv edilməlidir.
21. Məktəb üzrə verilmiş xx.xx.2025-ci il tarixli, 65 saylı əmrdən görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
22. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinin mənasına görə, işçinin peşəkarlıq səviyyəsi kifayət dərəcədə olmadıqda işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini ləğv edilə bilər (bənd “c”).
23. Nəzərə alınsa ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında həmin əmrdə, əmrin verilməsinə əsas kimi Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, “Attestasiya vərəqəsi” və protokol göstərilmişdir, onda müəyyən edilir ki, Məhkəmə tərəfindən artıq əsassız hesab edilmiş həmin qərar və “Attestasiya vərəqəsi” əsasında verilmiş əmr əsaslı hesab edilə bilməz.
24. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin birinci cümləsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
25. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında cavabdeh Məktəb üzrə verilmiş xx.xx.2025-ci il tarixli, 65 saylı əmr ləğv edilməli, iddiaçı əvvəlki işinə - həmin Məktəbin musiqi müəllimi vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa edilən tarixədək iddiaçıya ödənilməli olan əmək haqqı cavabdeh Məktəbdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Göstərilənlər ilə yanaşı Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin Rayon Məhkəməsinə yazılı qaydada təqdim etdiyi “iddia tələbinə etirazda” qeyd edilən əsaslar (iddiaçının sinfində təhsil alan şagirdlər ilə bağlı qeyd edilmiş hallar (daha ətraflı məlumat hazırkı qətnamənin 3-cü bəndində qeyd edilib)) əsaslılığı yuxarıda müzakirə edilmiş iddia tələblərinin (həmin hallar əsaslı hesab edildiyi təqdirdə belə) rədd edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” həmin hallara görə deyil, yuxarıda qeyd edilən başqa səbəbə görə xitam verilmişdir.
27. Məhkəmə yuxarıda qeyd edilən həmin tələblərin əsaslı olaraq təmin edilməsini nəzərə alır və buna görə də hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün çəkdiyi xərclər cavabdeh Məktəbə aid edilməli və buna görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının aldığı hüququ yardıma görə vəkillə çəkdiyi xərcin əvəzi olaraq 326 manat, mediasiyaya sessiyasının keçirilməsinə görə çəkdiyi xərcin əvəzi olaraq 60 manat məbləğində pulu cavabdeh Məktəbdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Göründüyü kimi yuxarıda qeyd edilən iddia tələbləri əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi həmin tələbləri rədd etməklə, səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
29. İddia ərizəsində ifadə edilmiş “mənəvi zərərin əvəzinin ödənilməsi haqqında” tələblə bağlı Məhkəmə bildirir ki, mənəvi zərərin əvəzinin ödənilməsi - hüququ pozulmuş şəxsin daxili dünyasında yaranmış iztirab, üzüntü və sarsıntının ardan qaldırılmasına, həmçinin şəxsin xarici dünyasındakı normal həyatının iqtisadi və sosial baxımdan daha mənfi istiqamətdə dəyişməsinə yönələn hərəkətdir.
30. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlı Attestasiya Komissiyasının verdiyi qərar, həmin qərar əsasında cavabdeh Məktəbin verdiyi əmr ləğv edildiyindən və Məhkəmə iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə nəticəyə gəldiyindən hesab etmək olar ki, iddiaçı mənəvi rahatlığı artıq tapmışdır.
31. Buna görə də, Məhkəmə hesab edir ki, “mənəvi zərərin əvəzinin ödənilməsi haqqında” iddiaçının tələbi təmin edilməməlidir.
32. Bu tələblə bağlı Məhkəmə həmçinin onu da qeyd edir ki, Rayon Məhkəməsi də bu tələbi təmin etməsə də, bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, bu tələb yuxarıda qeyd edilən tələblərdən törəmədir və həmin tələblər təmin edilmədiyindən, bu tələb də təmin edilməməlidir. Göründüyü kimi, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi də səhvdir.
33. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi cavabdeh Məktəblə yanaşı, həm də Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı yönəldilmişdir.
34. Apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, həmin İdarə tərəfindən iddiaçıya qarşı iddiaçının hüququnu poza biləcək hər hansı bir hərəkət edilməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, iddiaçının həmin İdarəyə qarşı iddiası təmin edilməməlidir.
35. İşə baxmış Rayon Məhkəməsi isə iddia tələbini həmin İdarəyə qarşı yönəlmiş hissəsini qeyd edilən bu əsasla deyil, iddia tələbinin ümumiyyətlə əsassız olması əsası ilə təmin etməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi də səhvdir. h) apellyasiya baxışının nəticəsi
36. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinə və Bakı Şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi və sair tələbi barədə” iddiası qismən təmin edilsin. Bakı Şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiyanın nəticəsi ilə qəbul edilmiş qərar qismən, yəni İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında Bakı Şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi üzrə verilmiş xx.xx.2025-ci il tarixli, 65 saylı əmr ləğv edilsin. İddiaçı əvvəlki işinə - Bakı Şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin musiqi (fortepiano) müəllimi vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən İddiaçı işə bərpa edilən tarixədək olan müddət üçün əmək haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün onun aldığı hüququ yardıma görə vəkillə müqavilə bağlanması üçün çəkdiyi xərcin əvəzi olaraq 326 (üç yüz iyirmi altı) manat, mediasiya sessiyasının keçirilməsinə görə etdiyi ödənişin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbindən tutularaq İddiaçı ödənilsin. İddia tələbinin qalan hissəsi, o cümlədən, Bakı şəhəri Mədəniyyət Baş İdarəsinə aid hissəsi təmin edilməsin. İş üzrə tərəflər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.