Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5694/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5694/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndələri X2 və X3, Cavabdeh3 nümayəndə- vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2188/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 20 oktyabr 2023-cü il tarixdə bağlanmış 7 saylı “beh” müqaviləsindən görünür ki, Cavabdeh3 satıcı Cavabdeh2 adından çıxış edərək, vasitəçi "xxxx" MMC və alıcı Cavabdeh1 ilə “beh” müqaviləsi bağlamış, tərəflər arasında satılan mənzilin (Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 13 mənzil 12 (Yeni qaydalarla: AZ1010 ünvan 2)) dəyəri 139.000 manat razılaşdırılmış, satıcını təmsil edən Cavabdeh3 2.000 manat, alıcı Cavabdeh1 isə 1.000 manat pul vəsaitini vasitəçi kimi çıxış edən "xxxx" MMC-yə ödəməyi öhdələrinə götürmüşlər.
2. Daha sonra Bakı "xxxx" MMC ilə Cavabdeh1 arasında notarial qaydada 4 noyabr 2023-cü il tarixli daxili lizinq müqaviləsindən müəyyən olunur ki, sözügedən mənzili lizinq verən "xxxx" MMC satıcıdan əldə edərək lizinq alan Cavabdeh1 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür.
3. Hazırda iddiaçı mənzilin alğı-satqısının onun vasitəçiliyi ilə baş tutduğunu, buna baxmayaraq, cavabdehlər tərəfindən müqavilə ilə şərtləşdirilmiş xidmət haqlarının ona ödənilmədiyini iddia edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 1.500 manat xidmət haqqı, Cavabdeh1 1.000 manat xidmət haqqı, eləcə də əldən çıxmış fayda qismində 3.000 manat pul vəsaitinin və 75 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC daşınmaz əmlakın alğısı və satqısı ilə məşğul olan, eyni zamanda ona müraciət etmiş şəxslərə daşınmaz əmlakın satılmasında və alınmasında xidmət göstərən hüquqi şəxsdir və uzun müddətdir ki, bu sahədə fəaliyyət göstərir. Həmin xidmətlərdən yararlanmaq istəyən şəxslərdən biri də Cavabdeh2 olmuşdur. Belə ki, Cavabdeh2 şirkətə müracət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı (yeni qaydalarla ünvan 2) mənzilin satılmasında xidmət göstərilməsini xahiş etmiş və göstərilən xidmətin müqabilində 2.000 manat xidmət haqqını ödəyəcəyini bildirmişdir. Tərəflər arasında olan razılaşma 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi» ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əlavə edilmiş «Əlavə şərtlər»ə əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən mənzilin "xxxx" MMC tərəfindən göstərilən xidmət nəticəsində 139.000 manat dəyərində satılması məqsədilə qarşılıqlı öhdəlik götürülmüşdür. Eyni zamanda «satıcı» kimi ünvan 4 ünvanda yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh2 adından onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 tərəfindən və «alıcı» qismində isə Cavabdeh1 tərəfindən imzalanmışdır. İddiaçı "xxxx" MMC-nin əməkdaşı X5 tərəfindən Cavabdeh1 və həyat yoldaşına ünvan 5 ünvanda yerləşən mənzil göstərilərək xidmət olunmuşdur. "xxxx" MMCnin fəaliyyəti nəticəsində, 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi» və müqaviləyə «Əlavə şərtlər» imzalandıqdan sonra qeyd olunan daşınmaz əmlak olan ünvan 5 ünvanda yerləşən mənzilin satışı təmin olunmuşdur. Qeyd olunan 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi»nin 1.5-ci bəndində «satıcı»nın öhdəliklərindən biri kimi, «Agentliyin təqdim etdiyi daşınmaz əmlakı satdığı halda, əmlakın ümumi dəyərinin 2 % agentliyə ödəməsi» birbaşa qeyd olunmuşdur. Cavabdeh2 məxsus ünvan 6 ünvanda yerləşən mənzilin müqavilədəki dəyərinin 139.000 manat müəyyən edildiyini, həmin məbləğin 2 % isə 2.780 manat təşkil etməsinə baxmayaraq razılıq əsasında satıcının ağentliyə ödəyəcəyi məbləğ 2.000 manat şərtləndirilmişdir. Həmçinin alıcı tərəfindən göstərilən xidmət müqabilində 1.000 manat xidmət haqqının şirkətə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin müqavilənin 2.1-ci bəndində «alıcı»nın öhdəliklərindən biri kimi, «qalıq məbləği ödəməsi» birbaşa qeyd olunmuşdur. İddiaçı tərəfindən cavabdehlərə xidmət göstərilmiş və vasitəçilik etməklə daşınmaz əmlakın alqısı və satqısına köməklik göstərilmişdir. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və xidmət haqqını ödəməkdən yayınmışlar. Cavabdehlərə xidmət haqqının ödənilməsi barədə bildiriş göndərilsə də, həmin bildirişə məhəl qoymamış və xidmət haqqını ödəməmişlər. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən 500 manat xidmət haqqı ödənilmiş, 1.500 manat xidmət haqqı ödənilməmiş qalmışdır. Digər Cavabdeh1 tərəfindən 1.000 manat xidmət haqqı ümumilikdə ödənilməmişdir.
6. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, izahatında bildirdi ki, onların razılaşmalarına əsasən mənzili alan evin dəyərinin 1 faizi, satan isə 2 faizi məbləğində xidmət haqqı ödəməlidir. Lakin hazırki halda Fərid onlardan evin satılmasına görə 2000 manat verə biləcəyini, Elnur isə 1000 manat verə biləcəyini bildirmiş, onlar da bu təklifi qəbul etmişlər. Beh müqaviləsi bağlanan zaman Elnurun beh kimi verdiyi 500 manatı xidmət haqqına hesablayaraq özlərində saxlamışlar. Lakin Elnur və Fərid onların xidmət haqlarını tam şəkildə ödəməmişlər. məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, izahatında bildirdi ki, hazırki iddia tələbində cavabdeh olan Fərid onlara şirkət olaraq müraciət edərək yaşadığı mənzilin satılmasını təklif etmişdir. Tərəflərindən bir neçə dəfə həmin evə müştəri tapılmış, lakin satış baş tutmamışdır. Sonuncu dəfə isə Elnur adlı şəxs onlara müraciət edərək mənzil almaq istədiyini bildirmiş, o da Elnura Fəridin mənzilini təklif etmişdir. Danışıqlara əsasən Elnur müştəri qismində onunla birlikdə gedərək Fəridin evinə baxmışlar. Tərəflər arasında razılıq baş tutmuş, sonra da onların ofislərinə gələrək müqavilə bağlamışlar. Müqavilənin adı beh müqaviləsidir, lakin Fəridə verilən beh əslində onlara verilən xidmət haqqına hesablandığı üçün onlarda qalmışdır. Sonradan Elnur onlara pul barədə bir az sıxıntısı olduğunu bildirmiş və behinin batmamasını xahiş etmişdir. O özü Elnura demişdir ki, narahat olmasın məsələni yoluna qoyacaq. Fərid isə onlara başqa bir halla müraciət etməmişdir. Razılaşmalarına əsasən evin alqı-satqı müqaviləsi bağlanandan sonra qalan xidmət haqqını da tərəflər ödəməli idilər. Lakin sonradan onlar bilmişlər ki, Elnur evi alsa da, nə Fərid, nə də Elnur onların xidmət haqqını ödəməmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsassızdır və mötəbər sübut deyil. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh2 məhkəməyə teleqram vuraraq, iddianı qəbul etmədiyini, iddiaçı şirkət, nə həmin şirkətin əməkdaşları tərəfindən mənzilin satılması üçün heç bir xidmət göstərilmədiyini, iddiaçı təşkilata adından beh müqaviləsi tərtib olunması ilə bağlı iddiaçı şirkətə nə göstəriş vermədiyini, nə də tapşırıq vermədiyini bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, şirkətə ev almaq üçün müraciət etmiş, təklif olunan evə baxmışdır. Beh olaraq Fəridə verdiyi 500 manat pul iddiaçı şirkətdə qalmışdır. Lakin mənzilin dəyərini tam şəkildə düzəldə bilmədiyi üçün məsələ yarımçıq qalmışdır. Sonradan həmin mənzili iddiaçı şirkətin vasitəsilə almamış, sonradan lizinq şirkətinə müraciət etmiş, evi lizinq şirkətindən almışdır. Odur ki, hazırki iddia tələbini qəbul etmir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2188/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın qismən təmin edilməsi, Cavabdeh3 1.500 manat, Cavabdeh1 1.000 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə 127-ci maddəsinin İV hissəsinə Mülki Məcəllənin 6.2, 10.1, 10.2, 11.1, 11.2, 16.1, 385.1, 386.1, 425.1, 390.1, 390.7, 404.1, 404.2, 442, 445, 448.1, 491.1, 491.2, 560.2, 777.1, 777.2, 783.1, 783.2, 783.3 və 786.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli və «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarlarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, guya 2023-cü ilin 20 oktyabrında Cavabdeh2 nmüayəndəsi kimi, Cavabdeh3 ilə Cavabdeh1n Rasim oğlu arasında “Beh” müqaviləsi bağlanmışdır. Həmin müqavilədən göründüyü kimi mənzilin mülkiyyətçisi Cavabdeh2 adı qeyd olunsa da, onun əvəzinə Cavabdeh3 imza etdirilmişdir. Lakin onun belə bir müqavilə bağlamağa və ya öhdəlik götürmək səlahiyyəti olmamışdır. Şirkətdən ona bunun beh və ya xidmət müqaviləsi olması barədə məlumat verilməmişdir. Xüsusilə vurğulayır ki, tərəflər arasında mənzilin satılması xidmətinin göstərilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Bu halda nəyə əsasən demək olar ki, iddiaçı "xxxx" MMC şirkəti ona xidmət göstərib, cavabdeh olaraq onlar göstərilən xidmətin qarşılığını ödəməmişik? Mülki işin materiallarının içərsində bunu təsdiq edən hər hansı bir sənəd və ya sübut mövcud deyil. Məhkəmə prosesində hansı xidmətlərin göstərilməsinə dair sual verildikdə yalnız Cavabdeh3 ilə Cavabdeh1 arasında görüşün keçirilməsi bildirilmişdir. Budurmu xidmət və ya xidmət bu olmalı idimi?! Həmin müqavilənin müddəti isə 1.2-ci bəndində göstərilir ki, beh 10 gün müddətində, tərəflərin bu sənədi imzaladığı gündən etibarlı sayılır. Qeyd olunan müddətdə isə heç bir alqı-satqı müqaviləsi bağlanmamış və 30 oktyabr 2023-cü il tarixdə müqavilənin müddəti bitmişdir. Digər tərəfdən sözügedən mənzil MamedovaHava Mustafa qızı tərəfindən lizinq şirkətinə satılmış və Cavabdeh1 04 noyabr 2023-cü il tarixində daxili lizinq müqaviləsinə əsasən həmin mənzili almışdır. Bununla da Fortuna-N” MMC ilə aralarında hər hansı alqı-satqı və ya xidmət müqaviləsi bağlanmamışdır. Həmin müqavilələrin bağlanmasında, sənədlərin yığılmasında iddiaçı tərəfin heç biri iştirakı olmamışdır. Bununla da Cavabdeh3 hazırki müqavilə üzrə hər hansı bir öhdəliyi yaranmamışdır. Həmçinin Tərəflər arasında bağlanmış beh müqaviləsinin 1.2-ci bəndində qeyd olunur ki, “beh 10 gün müddətində, tərəflərin bu sənədi imzalandığıgündən etibarlıdır”. Sözügedən beh müqaviləsi isə 20 oktyabr 2023-cü il tarixində imzalanmışdır. Yəni göstərilən müddət ötürüldüyü üçün həmin müqavilə etibarsızdır. Həmçinin Mülki Məcəllənin 491.2-ci maddəsinə əsasən beh müqaviləsi notariat qaydada təsdiq edilməli idi. Lakin edilməyib. Qeyd olunan hal bir daha təsdiq edir ki, tərəflər arasında bağlanmış beh müqavilsənin etibarlılığından söhbət gedə bilməz. Həmin müqavilənin sübut kimi qiymətləndirilməyi qanunvericiliyə və tərəflər arasında bağlanmış beh müqaviləsinə uyğun deyildir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05 aprel 2024-cü il tarixli məktubundan görünür ki, «Elektron notariat» informasiya sistemində aparılmış yoxlama nəticəsində Cavabdeh2 adından Cavabdeh3 adına etibarnamə rəsmiləşdirilməsi aşkar olunmamışdır. Nəticədə, Cavabdeh3 Cavabdeh2 adından onun mülkiyyətində olan mənzil ilə bağlı beh müqaviləsi bağlamaq iqtidarı yox idi. Onu da qeyd edir ki, Mülki Məcəllənin 491.2-ci maddəsinə əsasən “beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir”. Hazırki işdə nə beh müqaviləsi notarial qaydada təsdiq edilmişdir, nə də ki MamedovaHava Mustafa qızının adından Cavabdeh3 adına etibarnamə verilmişdir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən işdə iştirak edən şəxs kimi onun və digər cavabdehlərin iş üçün əhəmiyyətli olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı düzgün yoxlanılmamış və qiymətləndirilməmişdir. İddiaçı tərəfindən mənzilin satılmasına dair xidmət göstərildiyi bildirilsə də, işin materialları içərisində bunu təsdiq edəcək sübut yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlər əsassızdır və mötəbər sübut hesab edilə bilməz. Çünki, sübut kimi istinad edilən beh müqaviləsi yuxarıda qeyd etdiyi kimi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notariusda təsdiq edilməli olduğu halda, buna əməl edilməmiş, həmçinin etibarlılıq müddəti ötürülmüşdür.Həmçinin Cavabdeh2adından Cavabdeh3 etibarnamə verilməmiş, bununla da HəsənovFərid Ədalət oğlu Cavabdeh2 adından onun mülkiyyətində olan daşınmaz əmlakla bağlı əqd bağlamaq iqtidarında olmamışdır. Beləliklə, həmin sənədlərin sübut kimi qəbuledilməsi yolverilməzdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndə-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
17. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya MPM-nin 376.2-ci maddəsinə uyğun olaraq, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
18. Maddə 125-in 7-ci hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
19. Maddə 127-nin İV hissəsi. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
21. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
22. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
23. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
24. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
26. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
27. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
34. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 491.1.Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
39. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
40. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
41. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
42. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
43. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
44. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
45. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.
46. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.
47. Maddə 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir.
48. Maddə 787.2. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.
49. Maddə 788.1. Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.
50. Maddə 788.2. Brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 52.. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
58. Qətnamədən iş üzrə Cavabdeh3 Ədalət oğlu tərəfindən apellyasiya şikayəti verildiyindən, yalnız ona aid hissədə qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
61. Belə ki, iş materiallarında olan 20 oktyabr 2023-cü il tarixdə bağlanmış 7 saylı beh müqaviləsindən görünür ki, Cavabdeh3 satıcı Cavabdeh2 adından çıxış edərək, vasitəçi "xxxx" MMC və alıcı Cavabdeh1 ilə beh müqaviləsi bağlamış, tərəflər arasında satılan mənzilin (Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 13 mənzil 12 (Yeni qaydalarla: AZ1010 ünvan 2)) dəyəri 139.000 manat, satıcını təmsil edən Cavabdeh3 2.000 manat, alıcı Cavabdeh1 isə 1.000 manat pul vəsaitini vasitəçi kimi çıxış edən "xxxx" MMC-yə ödəməyi öhdələrinə götürmüşlər.
62. 16 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC cavabdehlərə müraciət etmişdir. Qeyd olunmuşdur ki, 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi» və müqaviləyə «Əlavə şərtlər»ə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri 28 May kuçəsi 13, 12 ünvanda yerləşən mənzilin "xxxx" MMC tərəfindən göstərilən xidmət nəticəsində 139.000 manat dəyərində satılması məqsədilə qarşılıqlı öhdəlik götürülmüşdür. Həmin öhdəliklər «satıcı» kimi ünvan 8 ünvanda yerləşər mənzilin mülkiyyətçisi Cavabdeh2 adından, onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 tərəfindən, «alıcı» kimi Cavabdeh1 tərəfindən imzalanmışdır. "xxxx" MMC-nin fəaliyyəti nəticəsində, 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi» və müqaviləyə «Əlavə şərtlər» imzalandıqdan sonra qeyd olunan ünvan 8 ünvanda yerləşən mənzilin satışı təmin olunmuşdur. «Beh Müqaviləsi»nin 1.5-ci bəndində «sıtıcı»-nın öhdəliklərindən biri kimi, «Ağentliyin təqdim etdiyi daşınmaz əmlakı satdığı halda, əmlakın ümumi dəyərinin 2% agentliyə ödəməsi» birbaşa qeyd olunmuşdur. Cavabdeh2 məxsus ünvan 8 ünvanda yerləşən mənzilin müqavilədəki dəyərinin 139.000 manat müəyyən edildiyini, həmin məbləğin 2 % isə 2.780 manat təşkil etməsinə baxmayaraq razılıq əsasında satıcının agentliyə ödəyəcəyi məbləğ 2.000 manat şətləndirilmişdir. 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi»nin 2.1-ci bəndində «alıcının»-nın öhdəliklərindən biri kimi, «qalıq məbləği ödəməsi» bir başa qeyd olunmuşdur. Cavabdehlərdən üzərlərində olan öhdəlik əsasında «satıcı» Cavabdeh2 adından, etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 tərəfindən 1.500 manatın və «alıcı» Cavabdeh1 tərəfindən 1.000 manatın, 5 (beş) gün ərzində "xxxx" MMC-yə ödənilməsi tələb edilmişdir. Əks təqdirdə qeyd edilən məbləğlər, həmçinin əldən çıxmış fayda 3000 manat həcmində mənəvi zərər tələbi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır
63. Bakı şəhəri 9 saylı notariat ofisində təsdiqlənmiş "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 4 noyabr 2023-cü il tarixli D147 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin birinci tərəfi olan lizinq verən "xxxx" MMC satıcıdan əldə edəcəyi ünvan 1 mənzil 12 (Yeni qaydalarla: AZ1010 ünvan 2) ünvanında yerləşən daşınmaz əmlakı (lizinq obyektini) müqavilənin ikinci tərəfi olan lizinq alan Cavabdeh1 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin maliyyə öhdəliyi 44.300 manat, müddəti 24 ay müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05 aprel 2024-cü il tarixli məktubundan görünür ki, «Elektron notariat» informasiya sistemində aparılmış yoxlama nəticəsində Cavabdeh2 adından Cavabdeh3 adına etibarnamə rəsmiləşdirilməsi aşkar olunmamışdır.
64. ********** nömrəli,xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı 75 manat dövlət rüsumu ödəmişdir.
65. İşdən göründüyü kimi iddiaçı tərəf daşınmaz əmlakın alqı-satqısında müştərilərə vasitəçilik və köməklik göstərilməsi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətdir. O,hazırki iddia tələbini irəli sürərək cavabdehlərin adıçəkilən mənzilin alğısatqısında onun xidmətlərindən yararlandığını, buna baxmayaraq razılaşdırılmış xidmət haqqının cavabdehlər tərəfindən ona ödənilmədiyini iddia edir, İddiaçı sübut qismində "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış “beh müqaviləsi” adlanan xx.xx.2023-cü il tarixli üçtərəfli razılaşmaya istinad edir.
66. Cavabdeh3 isə iddianı qəbul etmir. O,apellyasiya şikayətində ilk növbədə xx.xx.2023-cü il tarixində tərəflər arasında daşınmaz əmlakla əlaqədar bağlanmış “beh” müqaviləsinin mülki qanunvericilikdə tələb olunan notarial formada bağlanmamasına, mənzilin mülkiyyətçisi -satıcı olan Cavabdeh2 adından onun belə bir müqavilə bağlamaq səlahiyyətinin olmamasına və həmin müqavilənin “beh” müqaviləsi adlanaraq Şirkətə xidmət haqqının ödənilməsi ilə bağlı münasibətləri tənzimləməsindən xəbərsiz olmasına istinad edərək xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız olmasına dair dəlil irəli sürmüşdür.
67. Kollegiya hesab edir ki, həm apellyasiya şikayətində irəli sürülmüş dəlilə qiymət verilməsi, həm də qanunvericiliyin tələbindən irəli gələrək əqdə söykənən iddia tələbinin əsaslı olub-olmamasını araşdırmaq üçün əvvəlcə iddiaçı -"xxxx" MMC, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “beh” müqaviləsinin etibarlılığı yoxlanmalıdır.
68. Mülki Məcəllənin yuxarıda qeyd edilmiş normasından görünür ki, beh müqaviləsi daşınmaz əmlakla bağlı olduqda notarial formada bağlanmalıdır. Lakin tərəflər arasında bağlanmış müqavilənin məzmununa nəzər yetirdikdə aydın olur ki, həmin müqavilə qarışıq tipli müqavilə olmaqla özündə həm beh, həm də broker müqaviləsinin əlamətlərini daşımaqla üç tərəfin iradə ifadəsini əks etdirən razılaşma olmuş, bir tərəfdən satıcı Cavabdeh3 və alıcı Cavabdeh1 arasında mənzilin alqı-satqısının reallaşdırılması məqsədilə behin şərtlərini müəyyənləşdirmiş, digər tərəfdən mənzilin satılması və alınmasına vasitəçilik edən Şirkətə bu xidməti müqabilində ödənilməli olan haqqın məbləği razılaşdırılmışdır. Digər tərəfdən apellyatorun sözügedən müqavilənin xidmətlə bağlı münasibətləri tənzimləməsindən məlumatsız olması ilə bağlı dəlili də ağlabatan deyildir. Çünki müqavilənin şərtlərindən biri də Cavabdeh1 beh adı ilə Cavabdeh3 ödədiyi pulun müəyyən hissəsinin şirkətin xidmət haqqının ödənilməsini təmin etmək məqsədilə şirkətdə saxlanması olmuşdur ki, Cavabdeh3 müqaviləni imzalamaqla bu şərtə razılığını bəyan etmişdir. Həmçinin burdan irəli gələrək qeyd edilməlidir ki, tərəflər xidmət haqqının məbləğini də əmlakın satış qiymətinə uyğun olaraq razılaşdırmışlar. Digər dəlil, yəni Cavabdeh3 anası, hazırki iş üzrə Cavabdeh2 mülkiyyətində olan mənzilin satılması ilə bağlı səlahiyyətinin olmaması ilə bağlı kollegiya qeyd edir ki, işin mübahisə olunmayan hallarından görünür ki, Cavabdeh3 özü mənzilin satışı ilə bağlı şirkətə müraciət etmiş, alıcı olmaq istəyən müştərilərlə, o cümlədən Cavabdeh1lə danışıqlar aparmış, nəticədə mənzil dolayı yolla olsa da, Cavabdeh1 tərəfindən əldə edilmişdir. Kollegiya bildirir ki, müqavilədə satıcı qismində Cavabdeh2 adından onun oğlu Cavabdeh3 etibarnamə olmadan belə müqaviləni bağlaması sahibkarlıq fəaliyyətinin bu tip sahəsində təşəkkül tapmış praktika və işgüzar adətlərə zidd olmamış və qanunvericiyin işgüzar adətlərin nəzərə alınması ilə bağlı göstərişini rəhbər tutan kollegiya bu halın müqavilə tərəflərinin həqiqi iradəsini şübhə altına almadığı qənaətinə gəlir. Belə ki, bu tip işgüzar münasibətlərdə tərəflər daha çox şifahi razılaşdırılmalara əsasən hərəkət edirlər, hazırki halda da tərəflər arasında münasibətlər yalnız formal tələblərə cavab verməsə də, tərəflərin faktiki davranışları qanunazidd olmamışdır. Beləliklə, kollegiya hesab edir ki, apellyatorun müqavilənin etibarsızlığı ilə bağlı göstərdiyi dəlillər əsaslı deyil.
69. Cavabdeh3 iddia tələbi ilə həmçinin ona görə razılaşmır ki, mənzil Cavabdeh1 deyil, lizinq şirkətinə satılmış və həmin alıcının tapılmasında iddiaçının hər hansı xidməti olmamışdır. Beləliklə, alğı-satqı müqaviləsi Şirkətin “tapdığı” müştəri ilə deyil, onun iştirakından kənar digər alıcı ilə, yəni lizinq şirkəti ilə bağlanmışdır, bununla da, xx.xx.2023-cü il tarixli “Beh” müqaviləsinin şərtləri baş tutmadığından, xidmət haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh həmçinin qeyd edir ki, üçtərəfli razılaşmanın şərtlərinə görə müqavilənin qüvvədə olduğu 10 gün ərzində alıcı Cavabdeh1 tərəfindən mənzilin alışının həyata keçirilməsinə dair Şirkətin öhdəlik götürməsinə baxmayaraq, nə bu müddət ərzində alğı-satqı baş vermiş, nə də ki mənzil Cavabdeh1 satılmışdır. Qeyd olunan hallar Şirkət tərəfindən öhdəliklərinin yerinə yetirilmədiyinə dəlalət etməklə ona xidmət haqqının ödənilməsini istisna edir.
70. Kollegiya Cavabdeh3 yuxarıda qeyd edilən dəlillərinə münasibətdə isə bildirir ki, mənzilin alğı-satqısının birbaşa Cavabdeh1lə baş tutmasına səbəb sonuncunun da məhkəmədə verdiyi izahatlarından göründüyü kimi maddi durumundakı çətinlik olmuşdur və sonradan dolayı yolla da olsa, həmin mənzil Cavabdeh1, yəni Şirkətin köməyi sayəsində tapılmış alıcı müştəri tərəfindən əldə edilmişdir. Göründüyü kimi Şirkət üzərinə düşən öhdəliyini yerinə yetirməsinə səy göstərmiş və sonda mənzilin Cavabdeh1 tərəfindən alınmasına nail olmuşdur. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olduğu müddət ərzində mənzilin alğı-satqısının baş tutmaması da vəziyyəti dəyişmir. Belə ki, müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində bitmiş və bundan 5 gün sonra xx.xx.2023-cü il tarixində lizinq şirkəti Cavabdeh1lə müqavilə bağlamışdır. Qısa zaman ərzində mənzilin ilk öncə lizinq şirkəti, sonradan Cavabdeh1 tərəfindən əldə edilməsi bu hüquqi prosedur vasitəsilə mənzilin Cavabdeh1 mülkiyyətinə keçməsinə nail olmaq məqsədi güddüyünə dair ciddi təəssürat yaradır. Üstəlik Cavabdeh3 müddətin bitməsindən sonra Şirkətə narazılığını ifadə etdiyinə dair hər hansı sübut təqdim etməmişdir, bu da özlüyündə Cavabdeh3 yaranmış vəziyyətdən və lizinq şirkəti vasitəsilə mənzilin Cavabdeh1 tərəfindən əldə ediləcəyindən məlumatlı olduğuna dair ağlabatan ehtimal yaradır.
71. Beləliklə, məlum olur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, iddiaçı müqavilə öhdəliklərinə sadiq qalaraq öz üzərinə düşən vəzifələrini yerinə yetirmiş, lakin Cavabdeh3 iddiaçının xidmətlərindən yararlanmasına baxmayaraq, mülki dövriyyə iştirakçılarının gözləməli olduğu vicdanlılığın tələb etdiyi tərzdə davranmamış və müqavilə öhdəliklərinin icrasından yayınmışdır.
72. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmə Cavabdeh3 iddiaçının xeyrinə 1500 manat pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
74. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
75. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
76. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
77. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2188/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova