Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5695/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qaraj sahəsinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2306/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından cavabeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2306/2024 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qaraj sahəsinin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddiasının təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2306/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2306/2024 saylı qərardadına əsasən cavabdehin apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdeh "xxxx" MTK Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti təqdim etmiş və şikayətinə müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, qətnaməsi 10 iyul 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Sonuncu gün, yəni 10 avqust 2024-cü il qeyri-iş gününüə, yəni şənbə və bazar günün təsadüf etdiyindən, bazar ertəsi apellyasiya şikayəti verilməsinin son günü idi. Lakin həmin gün cavabdehin elektron kabinetinə daxil olmasında problemlər olmuş, belə ki, Cavabdeh MTK-ya kod gəlməli idi, Cavabdeh MTK-dan kənarda olduğuna görə həmin kodu yaza bilməmiş, ona görə də apellyasiya şikayətinin verilməsi müddətini 1 gün ötürmüşdür. Bu səbəbdən ərizənin təmin edilməsini və mülki işin apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etsə də, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Həmin Məcəllənin 135.6-cı maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İşdən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2306/2024 saylı qətnaməsi 10 iyul 2024-cü il tarixdə Cavabdeh MTK-ya məxsus elektron kabinetə yerləşdirilmiş, Cavabdeh MTK tərəfindən isə apellyasiya şikayəti 13 avqust 2024cü il tarixdə verilmişdir. Göründüyü kimi qanunvericiliyin yuxarıda sadalanmış normalarının tələbindən irəli gələrək mübahisələndirilən qətnamə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada əldə edilmiş, apellyasiya şikayəti isə 1 ay prosessual müddət ötürülməklə verilmişdir. Müddətin bərpasına dair ərizənin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, onlar müddətin ötürülməsinin üzrlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasından imtina etməklə düzgün nəticəyə gəlmişdir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2306/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5695/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5695/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver