Məhkəmə qərarları › İş №2(103)-5696/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5696/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5696/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1740/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrarayon, Mir Cəlal küçəsi 143a saylı evin 71 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin cavabdehlərin hesabına boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 30 noyabr 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1740/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilinin Cavabdeh1 və Cavabdeh2 hesabına boşaldılmaqla İddiaçı təhvil verilməsi, Cavabdeh1 İddiaçı qarşı 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan mübahisəli mənzilini 100.000 manata İddiaçı satmışdır. Lakin bu alqısatqı müqaviləsi formal olaraq bağlandığından heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı sələmə pul verməklə məşğuldur, tərəflər arasında olan borcun qaytarılmasının təminatı olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh1 mülkiyyətində olan mənzil faktiki qiymətindən aşağı qiymətə İddiaçı satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bu halı İddiaçı mərhum qardaşı H.Hüseynovun verdiyi qəbzlər təsdiq edir. Hal-hazırda Cavabdeh1 barəsində Ağcabədi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinə baxılır. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1740/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və ilk iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1740/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə yoxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1740/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Cavabdeh1 və İddiaçı ünvan ünvanladıqları ərizənin surətindən müəyyən olunur ki, onlar Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilini 100000 manata satılması barədə razılığa gəldiklərindən alqı-satqı müqaviləsinin notarial qaydad təsdiq edilməsini, müqavilə üzrə məbləğin depozit hesabına qəbul edilməsini xahiş etmişlər.(İş.vər.26). İş materiallarında olan, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış AN - İ № ******* saylı 30 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Bakı şəhəri Binəqədi rayonu 9-cu MKR Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzilini alıcıya 100.000 manata satmışdır. Həmin Müqavilənin 11-ci bəndinə əsasən satıcı Cavabdeh1 29.12.2019cu il tarixədək mənzili alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür.(İş.vər.8- 10). İş materiallarında olan, Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu H.Hacızadənin 29.11.2019-cu il tarixli 442 reyestr nömrəli kassa məxaric çekinin surətindən müəyyən olunur ki, Cavabdeh1 məxaric olunan 100000 manatı almağa vəkil edilmişdir.(İş.vər.34). İş materiallarında olan, X1 29.11.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, əri Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzilinin satılmasına razı olmasını bildirmişdir.(İş.vər.32). İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.12.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 9-cu mkr 143a saylı evin 71 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Göründüyü kimi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu 9-cu MKR Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzili alqı-satqı müqaviləsi əsasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satması iş materialları ilə tam təsdiq olunur. Belə ki, tərəflər notariat kontoruna müraciət edərək məhz alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəldiklərini, daşınmaz əmlakın dəyərinin qarşılıqlı razılığa əsasən 100.000 manat məbləğində müəyyən etmələrini bildirmiş, Cavabdeh1 mənzilin satılmasına dair öz həyat yoldaşının razılıq ərizəsini notariat kontoruna təqdim etməklə şəxsən müqaviləni imzalamaqla müqavilənin təsdiq olunmasında iştirak etmiş, alıcı mənzilin dəyərini notariusun depozitinə ödəmiş, daha sonra həmin vəsaitin satıcı tərəfindən depozitdən çıxarılması barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 339.6-ci maddəsinə görə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu 9-cu MKR Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzili iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satmasını və alqı-satqı müqaviləsinin Mülki Məcəllənin tələblərinə uyğun aparılmasını nəzərə alaraq, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində tərəflər arasında olan borcun qaytarılmasının təminatı olaraq alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını, mənzilin faktiki qiymətindən aşağı qiymətə satılmasını bildirsələr də, qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən hər hansı bir mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kоllеgiyası, Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-1740/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1740/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar