Məhkəmə qərarları › İş №2(103)-5697/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5697/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5697/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin pozulması, qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-235/2021 saylı 23 fevral 2021-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin pozulması, qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış 01 mart 2019-cu il tarixli müqaviləsinin pozulması, qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması, 17400 manat icarə haqqı üzrə borcunun, vəkilə ödənilmiş 500 manat və 31 manat ödənilmiş dövlət rüsumu, cəmi 17931 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, onunla cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 mart 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 84.0 kv.m və 2-ci mərtəbəsində 141.9 kv.m, cəmi 225.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə "İcarəçi” icazə obyektindən istifadəyə görə "İcarəyə verənə” hər ay 2900 manat icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Lakin «İcarəçi» cavabdeh "xxxx” MMC tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq 17.09.2020ci il tarixə qədər 17400 manat icarə haqqı üzrə borcu yaranmışdır. Bununla əlaqədar cavabdeh “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinə müqavilənin pozulması, qeyri-yaşayış sahəsindən çıxarılması və vurulmuş zərərin əvəzinin tələb edilməsi barədə pretenziya göndərilmişdir. Bu barədə cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh bu günədək borcu ödəməmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən aralarında bağlanmış 01 mart 2019-cu il tarixli müqaviləsinin pozulması, onun qeyri-yaşayış sahəsindən çıxarılması, 29000 manat icarə haqqı üzrə borcun, vəkilə ödənilmiş 500 manat və 31 manat ödənilmiş dövlət rüsumu, cəmi 29531 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-235/2021 saylı 23 fevral 2021-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə "xxxx” MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 mart 2019-cu il tarixli müqavilə ləğv edilmiş, cavabdeh “xxxx” MMC Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı binanın 1 -ci mərtəbəsində 84,0 kv.m. və 2-ci mərtəbəsində 141,9 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdeh "xxxx” MMC-dən İddiaçı xeyrinə icarə haqqı üzrə 29000 (iyirmi doqquz min) manat məbləğində borc, vəkilə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin materiallarında olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 mart 2019-cu il tarixli müqavilənin (sonrakı mətndə “Müqavilə") preambula hissəsindən görünür ki, icarəyə verilən daşınmaz əmlakın mülkiyyətçisi İddiaçı deyil, X4r. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, **********88-05301-083015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 225.9 kv/metr ümumi sahəyə malik qeyri-yaşayış sahəsi X2 xüsusi mülkiyyətindədir. İddiaçı etibarnaməli nümayəndə kimi çıxış edərək müqaviləni mülkiyyətçi (əslində isə icarəyə verən) Rakif Kərimovun əvəzinə imzalamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri birinci instansiya məhkəməsinin qanuniliyinin və əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müyyən edilmişdir ki, X6 adından Fadilon Dinar oğlu (“İcarəyə verən”) ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ("İcarəçi”) arasında bağlanmış 01 mart 2019- cu il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 84.0 kv.m və 2-ci mərtəbəsində 141.9 kv.m, cəmi 225.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə “İcarəçi” icazə obyektindən istifadəyə görə “İcarəyə verən”ə hər ay 2900 manat icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. 01.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinə müqavilənin pozulması, mülkdən çıxarılması və vurulmuş zərərin əvəzinin tələb edilməsi barədə pretenziya göndərilmişdir. ünvan 2 ünvanda 1-ci və 2-ci mərtəbədə ümumi sahəsi 225.9 kv.m. olan qeyri- yaşaşyış sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. 27 mart 2019-cu il tarixli AR-İ 724132 nömrəli etibarnamədən görünür ki, X1 Dinar Nasir oğluna xüsusi mülkiyyətində olan bütün əmlakını idarə etmək, icarəyə vermək və s. səlahiyyətlər vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 01.09.2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulduğu bildirilmiş və öhdəliyi yerinə yetirməsi tövsiyə olunmuşdur. Əks halda müqavilənin pozulması, cavabdehin mülkdən çıxarılması və vurulmuş zərərin tələb edilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçının bu təklifinə hər hansı cavab verilmədiyindən, iddiaçı 16.10.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə ümumiyyətlə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, ünvan 2 ünvanda 1 -ci və 2-ci mərtəbədə ümumi sahəsi 225.9 kv.m. olan qeyriyaşaşyış sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. 01 mart 2019- cu il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanan zaman hazırkı iş üzrə İddiaçı mülkiyyətçi R.Kərimovun əvəzindən etibarnamə əsasında müqaviləni imzalamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təstiq edən hüquqmüəyyənedici sənədi olmadığından, onun müvafiq subyektiv hüquqa, yəni müqavilənin ləğv edilməsi və pul vəsaitini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-235/2021 saylı 23 fevral 2021-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-235/2021 saylı 23 fevral 2021-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar