Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-570/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maraqlı şəxs2) qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-361/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrəli qeydiyyata alınmışdır.
2. "xxxx" ASC tərəfindən İddiaçı1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, l-Pİ- 0259/19 saylı əmlak sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı - İddiaçı1 mülkiyyətində olan Zaqatala rayonunun, Çobankol kəndində yerləşən fərdi yaşayış evini xx.xx.2020-ci il tarixədək 200000 manat sığorta məbləğində sığortalatmışdır.
3. "xxxx" ASC tərəfindən İddiaçı1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, l-Pİ- 0259/19 saylı əmlak sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı - İddiaçı1 mülkiyyətində olan 23 sayda daşınar əmlakı 28870 manat sığorta məbləğində xx.xx.2020ci il tarixədək sığorta etdirmişdir.
4. xx.xx.2019-cu il tarixli İddiaçı1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, sığortalının xx.xx.2019-cu il tarixdə fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində əmlakının məhv olması səbəbindən sığorta ödənişi ilə təmin edilməsini xahiş etmişdir.
5. Müstəqil sığorta eksperti X7 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, İ-Pİ- 0257/19 nömrəli qüsur aktının surətindən görünür ki, İddiaçı1 məxsus ünvan 1ində yerləşən əmlaka dəyən ziyanın müəyyən edilməsi üçün yerində baxış keçirərək, sihahıda göstərilən bəzi daşınar əmlaklar yanğın zamanı məhv olmuş və onların bazar dəyəri 8310 manat müəyyən edilmişdir. Həmçinin əmlakın dam örtüyü tamami ilə sıradan çıxmış, otaqların döşəmə qatı və divar hissələri tamamilə yararsız hala düşmüş, mənzilin daxilində yerləşən daşınar əmlak isə yanğın zamanı məhv olmuş və zədələnmiş sahələrin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri 77670 manat müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 22 radələrində Zaqatala rayonunun, Çobankol kəndində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evində baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23810 nömrəli ekspert rəyindən görünür ki, Zaqatala rayonunun, Çobankol kəndində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində, tikintinin yenidən bərpası, yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 130561,00 manat məbləğində olduğu müəyyən edilmişdir.
8. xx.xx.2019-cu il tarixli müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən tərtib edilmiş qüsur aktlarından görünür ki, sığortalı zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri kimi hesablanmış 77670 manat, məhv olmuş daşınar əşyaların dəyəri kimi hesablanmış 8310 manat ilə razı olduğunu imzası ilə təsdiq etmişdir.
9. xx.xx.2019-cu il tarixli, PİC-963437/19 saylı sığorta aktından görünür ki, İddiaçı1 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evində yanğın nəticəsində maddi ziyanın ümumi məbləği 77670 manat müəyyən edilmiş və sığorta ödənişi kimi İddiaçı1 14850 manat ödənilmişdir.
10. xx.xx.2019-cu il tarixli, İ-Pİ-0257/19 saylı sığorta aktından görünür ki, İddiaçı1 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evində yanğın nətizəsində maddi ziyanın ümumi məbləği 77670 manat müəyyən edilmiş və sığorta ödənişi kimi İddiaçı1 62670 manat ödənilmişdir.
11. xx.xx.2019-cu il tarixli 001XOH********** nömrəli, 001AZ**********9 nömrəli və 001XOH********** nömrəli çıxarışlardan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı1 bank hesabına müvafiq olaraq 14850 manat, 62670 manat və 7810 manat məbləğlərində sığorta ödənişi köçürülmüşdür.
12. Tələbin güzəşti barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, tələbin ilkin sahibi- İddiaçı1 xx.xx.2019-cu il tarxində ünvan 1i ünvanında baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş zərər görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 38000 manat həddində tələbin yeni sahibinə - X3 güzəşt etmişdir.
13. Vəkil sorğusuna əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020ci il tarixli, 27-00552-2020 saylı cavab məktubundan görünür ki, X1 inşaat-tikinti və əmtəə sahələri üzrə təcrübəsinin olmasına dair məlumatlar Mərkəzi Bankda mövcud deyildir.
14. Azərbaycan Respublikasının Mərkəzi Bankının Sığorta Sahəsində X6 Müstəqil Ekspertlərin Reyestrinə daxil olmuş X2 tərəfindən hazırılanmış xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixində ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə bağlı zədələnmiş, "xxxx" ASC-nin sığorta vasitəçisi X9 və sığortalı İddiaçı1 tərəfindən siyahıya alınmış və ekspertizaya təqdim olunmuş daşınar əşyaların ümumi qiyməti 26920 manat müəyyən edilmişdir.
15. Azərbaycan Respublikasının Mərkəzi Bankının Sığorta Sahəsində X6 Müstəqil Ekspertlərin Reyestrinə daxil olmuş X2 və inşaat sahəsi üzrə 35 il iş təcrübəsi olan, inşaatçı-mühəndis X4 tərəfindən hazırlanmış xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəəsi ilə bağlı məhv olmuş ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə X5 tərəfindən düzgün smeta tərtib olunmamış, Həmin smeta ilə real zərər məbləği 59211 manat məbləğində azaldılmış, həmin evin tikililərinə dəymiş zərərin aradan qaldırılması üçün tikintiyə sərf ediləcək maliyyə xərclərinin məbləği 136881,24 manat müəyyən edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2565 saylı ekspert rəyindən görünür ki, tədqiq olun tikili yanğın hadisəsindən sonra ilkin vəziyyətdə saxlanılmadığından həmin tikiliyə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 38000 manat və İddiaçı2 Əlamdar oğlunun xeyrinə 38000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində vətəndaş İddiaçı1 ilə "xxxx" ASC arasında l-Pİ-0259/19, l-Pİ-0257/19 nömrəli könüllü və RPA********** nömrəli icbari sığorta müqavilələri (şəhadətnamə verilməsi yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən vətəndaş İddiaçı1 sahibliyində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinə 215000 (iki yüz on beş min) manat, daşınar əşyalarına isə 28870 (iyirmi səkkiz min səkkiz yüz yetmiş) manat məbləğində sığorta təminatı (sığorta məbləği müəyyən edilmişdir) verilmişdir. xx.xx.2019-cu il tarixində sözügedən fərdi yaşayış evində irimiqyaslı yanğın hadisəsi baş vermişdir. Hadisə zamanı səlahiyyətli dövlət orqanlarına və sığorta şirkətinə dərhal məlumat verilmişdir. Baş vermiş hadisə Fövqəladə Hallar Nazirliyi və "xxxx" ASC tərəfindən təsdiq edilmişdir. Yanğın hadisəsi ilə bağlı təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23810 saylı tikinti-texniki rəyinə əsasən İddiaçı1 tikinti üzrə 130516 (yüz otuz min beş yüz on altı) manat, daşınar əmlak üzrə 32000 (otuz iki min) manat, ümumilikdə 162516 (yüz altmış iki min beş yüz on altı) manat nəbləğində zərər dəymişdir. Lakin "xxxx" ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək qeyd olunan zərər üzrə sığorta ödənişini sığortalıya tam qaydada ödəməmişdir. Bundan əlavə "xxxx" ASC sığortalı ilə ədalətli rəftar etməmiş, sığorta hadisəsi ilə bağlı zərəri vaxtında və ədalətli qiymətləndirməmiş, sığorta tələbi üzrə sığorta ödənişini mümkün olan ən tez müddət ərzində ödəməmişdir. Nəticədə sığorta müqaviləsinin tərəfi olan İddiaçı1 ağır maddi vəziyyətə düşmüş və bununla da onun külli miqdarda borc öhdəliyi yaranmışdır. İddiaçı1 sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bir hissəsini, yəni 38000 manat məbləği digər İddiaçı2 güzəşt etmişdir. Bu barədə cavabdehə ("xxxx" ASG-yə) bildiriş göndərilmişdir.
19. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-361/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işd olan ekspert rəylərinin qəbul və ya rədd edilməsinə münasibət bildirməmişdir. İddiçı İddiaçı1 ağır maddi vəziyyətə düşməsini əks etdirən borc müqavilələrinin sürətləri birinci instansiya məhkəməsinə təqdim edilmiş, yəni sığortalı sığorta şirkəti ilə hər-hansı razılığa gəlməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
23. Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh "xxxx" ASC-nin, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi və digər üçüncü şəxs Maraqlı şəxs2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
26. Maddə 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflis olma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.
27. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
28. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir):
29. 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
30. 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
31. 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası;
32. 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.
“İcbari sığortalar haqqında” Qanun
33. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
34. Maddə 15.3.1. Zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri Əmlaka dəyən zərərin məbləğidir.
35. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində X6 müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
36. Maddə 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.
37. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.
38. Maddə 24.1.5. Zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüququ var.
39. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. İşin halları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli, l-Pİ- 0259/19 saylı əmlak sığortası şəhadətnaməsinə əsasən İddiaçı1 mülkiyyətində olan Zaqatala rayonunun, Çobankol kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixədək 200000 manat, 23 sayda daşınar əmlakı 28870 manat sığorta məbləğində sığortalatmışdır. İddiaçı1 xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-yə ərizə verərək, xx.xx.2019cu il tarixdə fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində əmlakının məhv olması səbəbindən sığorta ödənişi ilə təmin edilməsini xahiş etmişdir.
50. "xxxx" ASC-nin sifarişi əsasında müstəqil sığorta eksperti X7 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, İ-Pİ-0257/19 nömrəli qüsur aktına əsasən İddiaçı1 məxsus ünvan 1ində yerləşən əmlaka dəyən ziyanın müəyyən edilməsi üçün yerində baxış keçirilərək, yanğın zamanı məhv olmuş daşınar əmlakların bazar dəyəri 8310 manat, fərdi yaşayış evinin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri 77670 manat müəyyən edilmişdir. Sığortalı tərtib edilmiş aktlara imza etməklə həmin zərər məbləği ilə razılaşdığını təsdiq etmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən həmin sığorta hadisəsi nəticəsində dəymiş maddi ziyanla əlaqədar İddiaçı1 bank hesabına müvafiq olaraq 14850 manat, 62670 manat və 7810 manat məbləğlərində sığorta ödənişi köçürülmüşdür.
51. Göründüyü kimi, İddiaçı1 dəyən zərər ilə bağlı sığorta ödənişi edilən zaman iddiaçı tərəfindən sığorta məbləği ilə bağlı hər hansı irad bildirilməmiş, əksinə qüsur aktlarına imza edilməklə dəyən zərərin məbləği ilə razı olduğu qeyd edilmişdir.
52. xx.xx.2020-ci il tarixdə İddiaçı1 tələbin güzəşti barədə müqaviləyə əsasən xx.xx.2019-cu il tarxində ünvan 1i ünvanında baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş zərər görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 38000 manat həddində X3 güzəşt etmişdir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əssən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
54. Həmin Məcəllənin 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində X6 müvafiq şəxs vasitəsilə qiymətləndirir.
55. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
56. Həmin Məcəllənin 925.4-cü maddəsinə görə sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində X6 şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
57. Birinci instansiya məhkəməsi İddiaçı1 iddia tələbinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, işdə olan sübutlara əsasən iddiaçıya vurulmuş real zərərin ödənildiyi, sığorta ödənişi edilən zaman iddiaçı tərəfindən sığorta məbləği ilə bağlı hər hansı iradın bildirilmədiyini müəyyən edilmişdir. Sığorta ödənişinin sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya dəyən real zərərin miqdarından çox olması mülki qanunvericiliyin tələblərinə zidd olduğu üçün İddiaçı1 iddia tələbi təmin edilə bilməz.
58. Birinci instansiya məhkəməsi İddiaçı2 iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsi mümkündür. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Lakin İddiaçı1 “Paşa Sığorta" ASC-yə münasibətdə əlavə sığorta ödənişinin həyata keçirilməsinə dair tələbinin hüquqi əsasının mövcudluğu iş üzrə araşdırma zamanı müəyyən edilmədiyi üçün İddiaçı2 iddiası təmin edilə bilməz.
59. Məkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
61. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
62. Kollegiya hesab edir ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iş materialları ilə təsdiq edilir ki, qeyd edilən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmiş, sığortalının buna dair hər hansı etirazı olmamış, ona dəyən zərərin məbləği ilə razı olmasını təsdiq etdikdən sonra sığorta ödənişi məbləği ona ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Məhkəmə aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
63. Kollegiya hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin olunmamalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-361/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-361/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.