Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5701/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “çoxmənzilli binanın saxlanılmasına və kommunal xidmətlərin göstərilməsinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çoxmənzilli binanın saxlanılması və kommunal xidmətlərin göstərilməsinə görə 1351,59 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 19 oktyabr 2017-ci il tarixdə X5 ilə MMC arasında kommunal xidmətlərin strukturunu, təhlükəsizliyini və digər xidmətlərin göstərilməsini, eləcə də tərəflərin vəzifə və öhdəliklərini müəyyən edən müqavilə bağlanmış, Adil Səlimov vəfat etdikdən sonra mənzil cavabdehin adına çıxarışla rəsmiləşdirilmişdir. Çoxmənzilli binanın saxlanması üçün kommunal xərclər nəzərdə tutulsa da, kommunal xidmətlərin göstərilməsi və göstərilən xidmətlərə görə, eyni zamanda müqavilədən irəli gələn şərtlər üzrə cavabdeh ödənişlər edilməsini öz üzərinə öhdəlik (vəzifə) kimi götürmüşdür. Dəfələrlə cavabdehin ailəsinin yaşadığı M.Hadi küçəsi, 2945-ci məhəllə, ev 68A, mənzil 22 ünvanına rəsmi müraciətlər olsa da, cavabdeh müqavilə öhdəliyini yerinə yetirməkdən yayınır. Hal-hazırda mənzil tam təmirlidir və su, işiq, qazdan sakin təfindən istifadə edilir, yaşayış vardır. Mənzil qanunvericiliyinin tələbinə uyğun olaraq, mənzil münasibətlərinin iştirakçıları, yəni fiziki və hüququ şəxslər binanın saxlanmasına görə hüquq və vəzifələr yerinə yetirməlidirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 119,29 manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işi hərtərəfli, tam və obyektiv araşdırmadığı, Mənzil Məcəlləsinin müddəalarını yanlış təfsir etdiyi, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı arqumentləri ilə əsaslandırmışdır. "xxxx" MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi (qanuni təmsilçisi) X2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə iddia tələbini hərtərəfli araşdırmamış, ona hüquqi qiymət verməmiş, maddi hüquq normalarına istinad etsə də, normaları düzgün tövsüf etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə, iddia tələbini 1232,28 manat hissəsində təmin etmədiyi zaman cavabdehlə MMC arasında müqavilə bağlanmadığına əsaslanmış, lakin bu zaman cavabdehin mənzilin mülkiyyətçisi olmaqla həmin mənzildə yaşadığını, kommunal xidmətlərdən yararlandığını, Mənzil Məcəlləsinin müddəalarına görə kommunal xərcləri ödəmək vəzifəsi daşıdığını nəzərə almamışdır. İşə baxılmasının vaxtı (yeri) barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən cavabdeh apellyasiya şikayəti verməmişdir və bu o deməkdir ki, iddia tələbinin qismən təmin olunması ilə bağlı hissə apellyasiya baxışının predmeti deyildir. Qeyd olunan kontekstdə kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddianın həmin hissədə də qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan hallarına görə, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmış, onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə “Mənzilə kommunal xidmətlərin göstərilməsi, mənzilin saxlanılması” barədə müqavilə bağlanmış, Adil Salmanovun ölümündən sonra mənzil vərəsə kimi arvadı Cavabdeh mülkiyyətinə keçmiş, xx.xx.2018-ci il tarixdə ona müvafiq çıxarış verilmişdir. İş materiallarından aydın olur ki, MMC-nin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə binanın saxlanılması, istismarı və digər kommunal xidmətlərin görülməsi üçün “ASAN” Xidmət tərəfindən mənzillərə çıxarışlar verildikdən sonra istifadə olunan mənzilin ümumi sahənin, çıxarış almayan sakinlər üçün isə alqı-satqı müqaviləsində göstərilən brutto sahənin hər 1 kv/m-nə görə 0,30 manat məbləğində haqq müəyyənləşdirilmiş, payçılara xidmət haqqı ödənilməsi vəzifəsinin onların bu paya sahib olduğu andan şamil edilməsi qərara alınmışdır. İddiaçının təqdim etdiyi arayışdan aydın olur ki, mərhum X4 (cavabdehin əri) kommunal xidmətlərə görə qalıq borcu 119,29 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixədək isə Cavabdeh kommunal xidmətlərə görə yaranmış borcu 1232,28 manat təşkil edir. Cavabdeh, ünvan 1 ünvanında yerləşən mənzildə özünün (yaxud oğlunun ailəsinin) yaşadığını və kommunal xidmətlərdən istifadə etdiyini mübahisələndirməməkdədir; onun irəli sürdüyü hal ondan ibarətdir ki, kommunal xidmətlərin göstərilməsinə görə MMC ilə müqavilə bağlamamışdır və eyni zamanda göstərilən xidmətlərdən razı olmadıqlarından hər hansı haqq ödəməməlidirlər. İddiaçının (MMC-nin) irəli sürdüyü arqumentə görə isə, mənzil vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçdiyindən o, həmin dövrdən etibarən istifadə etdiyi xidmətlərin əvəzini ödəməlidir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hal, onun tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə əsassız olmaqla işin hallarına uyğun olmamışdır. Belə ki, Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə isə, çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir”. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə isə, “...yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının “Cavabdeh kommunal xidmətlərə görə yaranmış 1232,28 manatın tutulması” tələbi əsaslı olmaqla təmin edilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir və buna görə də kollegiya hesab edir ki, iddia ərizəsini və apellyasiya şikayətini verərkən MMC-nin ödədiyi dövlət rüsumlarının əvəzi qismində 49 (qırx doqquz) manat Cavabdeh alınaraq MMC-nə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1892/2022 saylı iş üzrə 10 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin. "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi həmin hissədə də qismən təmin olunsun. Cavabdeh kommunal xidmətlərə görə xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixədək yaranmış 1232,28 (min iki yüz otuz iki manat 28 qəpik) manat borc mələği və 49 (qırx doqquz) manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 1281,28 (min iki yüz səksən bir manat 28 qəpik) manat alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5701/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5701/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver