Məhkəmə qərarları › İş №2(103)-5701/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5701/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5701/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2nə qarşı iş üzrə (Açar sözlər: “mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı “mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2765/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə binalarının 8-ci korpusundakı ümumi sahəsi 77,21 kv.m olan 111 nömrəli mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyəri olan 31.000 ABŞ dollarının manat kursunu ödənilməsini öhdəsinə götürmüşdür.

2. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli və xx.xx.2005-ci il tarixli kassa mədaxil orderlərinə əsasən İddiaçı tərəfindən müvafiq olaraq 74.176.000 manat və 68.895.000 manat (31.000 ABŞ dolları məbləğində pul həmin dövr üzrə manat kursu ilə) Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ödənilmişdir.

3. Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 45 saylı arayışa əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, 1061-ci məhəllədə inşa edilən yaşayış binalarının 8-ci korpusundakı 111 nömrəli, 2 otaqlı mənzilin tam haqqını ödəmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 1061-ci məhəllə, 8 saylı binada yerləşən mənzillər ilkin olaraq vətəndaşlar tərəfindən təqdim edilmiş Cavabdeh2 MTK-nın ümumi iclasının protokolundan çıxarışına, Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən fiziki şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)- 2066/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 MTK-nın iddiasının təmin edilməsi, 20 sentyabr 2017-ci il tarixdə bağlanmış razılaşmaya əsasən Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, 1061-ci məhəllədə 1.437 ha və 0,33 ha və Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 131 saylı, 04 may 2005-ci il tarixli sərəncamı ilə Cavabdeh1 MTK tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektinin Heydər Əliyev prospekti ilə Miçurin küçəsi arasındakı hissəsində (“Gəncə” bazar-yarmarkasının və avtomobil dayanacağının yerində) 80,0 x 120,0 metr ölçüdə torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının və bütün qeyri-yaşayış sahələrinin Cavabdeh2 MTK-ya verilməsi, müvafiq tikililərlə bağlı vətəndaşlara veriləcək sənədlərdə Cavabdeh1 MMC-nin Cavabdeh2 MTK kimi qeyd edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X11” MMC-nin üzərinə çıxarışın alınması ücün lazım olan sənədləri təqdim etmək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK-nın cavabdeh qismində işə cəlb edilməsini (bundan sonra cavabdeh) və Cavabdeh2 MTK-nın üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının 3-cü girişində 3-cü mərtəbəsində yerləşən 111 nömrəli, 2 otaqlı mənzilə dair çıxarışın alınması ücün lazım olan sənədləri təqdim etmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş və nəticə etibarı ilə Cavabdeh1 MMC əsl Cavabdeh2 MTK ilə əvəz edilmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 MTK ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş yaşayış binasının 08 korpusundakı 111 nömrəli, 2 otaqlı mənzili nəzərdə tutulmuş 31.000 ABŞ dolları məbləğində pulu tam ödəyərək almışdır. Lakin şirkət mənzilin çıxarış aktının alınması üçün üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, lazım olan sənədləri təqdim etməkdən yayınır, əsassız pul tələb edir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-nin vəzifəli şəxslərinə onun etdiyi müraciəti nəticəsiz qalmışdır. xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilin çıxarışının alınması üçün Bakı 1 saylı ASAN Xidmət Mərkəzinə müraciət edərkən məlum olmuşdur ki, cavabdeh qeydiyyat üçün sənədlərin verilməsi ilə əlaqəli hüquq və vəzifələrini başqa bir hüquqi şəxsə Cavabdeh2 MTK-ya devr etmişdir. Araşdırmalar və təqdim edilmiş sənədlərə əsasən eyni bir şəxsin müxtəlif hüquqi şəxs yaratmaqla niyyəti insanların halal qazancları ilə əldə etiyi mənzillərdən əlavə ödənişlər əldə etmək və vergidən yayınmaqdır. Cavabdeh2 MTK-nın hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, X5, ev 9, mənzil 13 göstərilməsinə baxmayaraq, göndərilən məktubların qəbul edilməməsi, poçt xidmətinin qapının daimi bağlı olduğunu göstərməsi qeyd edilənlərin təsdiqidir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2765/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 1061-ci məhəllədə inşa edilən yaşayış binasının 8-ci korpusunda yerləşən 2 otaqlı (ümumi sahəsi 77.21 kv.m olan) 111 nömrəli mənzilinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin (ümumi yığıncağın qərarı, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzilin plan cizgisi) İddiaçı verilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X4)

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində Cavabdeh1 MTK öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıya mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrində çıxarış alınması üçün qanunla məcburi olan sənədləri verməmişdir. İddiaçı pay haqqını tam verməklə əmlaka mülkiyyət hüququ əldə etmişdir. Lakin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb edilən sənədlər cavabdeh tərəfindən təqdim edilmədiyindən, iddiaçının bu hüququ səlahiyyətli dövlət orqanında qeydiyyata alına bilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 1061-ci məhəllə, 8 saylı binada yerləşən mənzillər ilkin olaraq vətəndaşlar tərəfindən təqdim edilmiş Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən fiziki şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən, iddiaçı mənzilə dair çıxarışın alınması üçün lazım olan sənədləri təqdim etmək öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə, maliyyə arayışının verilməsi vəzifəsi müqavilə şərti kimi nəzərdə tutulmasa belə, qeyd edilən sənəd forma olaraq qəbul edilmiş işgüzar adətlərə əsasən pay haqqının tam verilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən, üzərinə düşən öhdəliyin tam icrasına dair sənədin verilməsini MTK-dan tələb etmək iddiaçının hüququdur.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci, 178.8-ci, 385.1-ci, 399.1-ci, 442-ci, 752-ci, Azərbaycan Respublikası Mülki Prosseaul Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 MTK qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 MTK apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflər arasında hər hansı bir müqavilənin mövcud olub-olmamasını araşdırmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə mövcud deyildir. Cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə olan təqdirdə cavabdehin nəyi icra etməli olduğu qeyri-müəyyəndir. Məhkəmə iddiaçının təqdim etdiyi sübuta düzgün qiymət verməmişdir. Belə ki, məhkəmənin hansı sübuta istinad etməsi qətnamədə müəyyən edilməmişdir. Qətnamədən də görünür ki, iddiaçı tərəf tələbini sübut edən sənədi təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə tərəflərin lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

18. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun: 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir; 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə inşa edilən binaların 8ci korpusundakı ümumi sahəsi 77,21 kv.m olan 111 nömrəli mənzili (bundan sonra mənzil) inşa edib iddiaçıya verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyəri olan 31.000 ABŞ dollarının manat kursunu ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyəri Cavabdeh1 MTK-ya ödənilmiş, sonuncu da mənzili inşa edərək, iddiaçıya təhvil vermişdir.

25. Hazırda iddiaçı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bu qeydiyyatı həyata keçirən müvafiq dövlət orqanına aidiyyəti sənədlərin təqdim edilməsinin zəruri olduğunu, lakin müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən bu sənədlərin ona təqdim edilmədiyini iddia edir və onların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

26. Cavabdeh iddiaçı ilə onun arasında hər hansı müqavilənin bağlanmadığını, bu baxımdan iddiaçı qarşısında hər hansı, o cümlədən sənədlərin verilməsi öhdəliyinin yaranmadığını, bundan irəli gələrək, hər hansı öhdəliyin də pozulması halının olmadığını bildirir və iddianı qəbul etmir.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi mənzilə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldırması üçün bu səlahiyyətə malik olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə aidiyyəti sənədləri, o cümlədən mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən sənədi (maliyyə arayışını) təqdim etməlidir. Həmin sənədlərin təqdim edilməsi də xx.xx.2005-ci il tarixli müqavilənin digər tərəfi olan Cavabdeh1 MTK tərəfindən həyata keçirilməli idi.

28. Nəzərə alınmalıdır ki, iddiaçıda mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli maliyyə arayışı və mənzilin plan sxemi var. Lakin bu sənədlər ona xx.xx.2005-ci il tarixli müqavilənin tərəfi olan Cavabdeh1 MTK tərəfindən deyil, onun hüquqi varisi Cavabdeh1 MMC tərəfindən verilmişdir. Lakin həmin sənədlər əsasında iddiaçının mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyil.

29. Belə ki, Cavabdeh1 MMC ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 04 saylı Razılaşma bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)-2066/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin Cavabdeh1 MMC-yə qarşı iddiası təmin edilərək, həmin razılaşmaya əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, xx.xx.2004-cü il tarixli və 107 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, 1061-ci məhəllədə 1.437 ha və 0,33 ha torpaq sahəsində və Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 131 saylı, 04 may 2005ci il tarixli sərəncamı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospektinin Heydər Əliyev prospekti ilə Miçurin küçəsi arasındakı hissəsində (“Gəncə” bazar-yarmarkasının və avtomobil dayanacağının yerində) 80,0 x 120,0 metr ölçüdə torpaq sahəsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının və bütün qeyri-yaşayış sahələrinin Cavabdeh2 MTK-ya verilməsi, müvafiq tikililərlə bağlı vətəndaşlara veriləcək sənədlərdə Cavabdeh1 MMC-nin Cavabdeh2 MTK kimi qeyd edilməsi qət edilmişdir.

30. Bununla belə, müvafiq tikililərlə bağlı vətəndaşlara veriləcək sənədlərdə Cavabdeh1 MTK-nın hüquqi varisi olan Cavabdeh1 MMC-nin Cavabdeh2 MTK kimi qeyd edilməsini məhz hazırki iş üzrə cavabdeh tələb etmiş və onun bu barədə tələbi təmin edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının mənzilinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 1061-ci məhəllə, 8 saylı binada yerləşən digər mənzillərin fiziki şəxslər tərəfindən təqdim edilmiş Cavabdeh2 MTK-nın ümumi iclasının protokolundan çıxarışa və bu kooperativ tərəfindən verilmiş maliyyə arayışına əsasən onların adlarına dövlət reyestrində qeydiyyata alındığı bildirilmişdir.

31. Bu səbəbdən ümumi yığıncağın qərarının, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışının və mənzilin plan cizgisinin iddiaçıya təqdim edilməsi məhz cavabdeh tərəfindən təmin edilməlidir. Məhkəmə kollegiyası ümumiyyətlə vurğulayır ki, mənzilə dair hüquqların qeydiyyata alınması və ya hər hansı başqa məqsədlərlə lazım olmasından asılı olmayaraq, cavabdeh mənzillə bağlı sənədlərin mənzil sahiblərinə verilməsini təmin etməlidir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2765/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2nə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar