Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5702/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(004)- 3556/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 107.000 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, 2013-cü ildə Yasamal rayonunda yerləşən evinin satılmasını ev alqı-satqısı ilə məşğul olan Rəşid adlı şəxsə həvalə etmiş və ev 110.000 manata satılmışdır. Bundan sonra Rəşid tanışları olan İbrahim və Əli adlı şəxslərin Rusiyada pendir zavodları olduğunu, Abşeron rayonunun Novxanı kəndində pendir istehsalı sexi almaq üçün pul lazım olduğunu, verdiyi pulun hamısını ona qaytaracaqlarını, onu da şərik etməklə həmin sexin gəlirlərinin 50 faizini ona verəcəklərini bildirmiş və iddiaçı onlara ümümilikdə 161.000 manat pul vermişdir. Həmin pulun 55.000 manatını Cavabdeh1lə arasında bağlanmış 04.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona təqdim etmişdir. Bundan sonra İbrahim və Əli onlara yenə pul lazım olduğu üçün Cavabdeh2 yeni şərik kimi pendir sexinə şərik etmişlər və Süleyman, ona borclarını İbrahim və Əlidən deyil, ondan almalı olduğunu bildirmiş və həmin borcdan 49.000 manat qaytarmış, İbrahim və Əli isə cəmi 5.000 manat ödəmiş, ümumilikdə 107.000 manat ödənilməmiş borc qalmışdır. Borcun qaytarılması ilə bağlı cavabdehlərə müraciət etsə də, ona hər ay vədlər verilməklə müxtəlif bəhanələrlə bu günə kimi ödənişdən açıq-aşkar boyun qaçırmışlar. Bu müddət ərzində hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər də nəticəsiz galmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(004)- 3556/2020 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti, iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutların araşdırılması məqsədilə cavabdehlərin məhkəmə iclasında iştirakı barədə vəsatətlərini əsassız olaraq təmin etməmişdir. Cavabdehlərə verdiyi 161.000 manat borcdan yalnız 04.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 54.000 manat ödənilmiş və həmin müqavilə üzrə 1000 manat olmaqla, cəmi 107.000 borc qalmışdır. Apellyasiya şikayətinə etiraz və ona əlavə isə belə əsaslandırılmışdır ki, cavabdeh Əli Nağıyevlə iddiaçı arasında heç bir borc münasibətləri olmamışdır. İddiaçı əvvəlcə 04.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 30.01.2014-cü il tarixədək qaytarılmaq şərtilə 55.000 manat borc vermiş, daha sonra Cavabdeh1lə iddiaçı arasında şifahi borc münasibətləri yaranmış və 2013-cü ilin noyabr ayında 1 il müddətinə qayatrılmaq şərtilə 50.000 manat, 09.04.2014-cü il tarixdə 30.000 manat, 12.12.2014-cü il tarixdə 6.000 manat, 03.02.2014-cü il tarixdə 500 manat, 14.12.2014-cü il tarixdə 19.500 manat verilmiş və həmin məbləğlərin 2015-ci ilin sonunadək qayatrılması barədə razılıq əldə olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş dəftərdə olan yazılardan görünür ki, qeyd olunan məbləğləri alan şəxs Cavabdeh1 olmuş, 2013-cü ilin noyabr ayında verilmiş 50.000 manat borca görə Əli Nağıyevin adının üstündən xətt çəkilmişdir. Əli dəftəri yalnız iddiaçı ilə İbrahim arasında olan borc münasibətlərini təsdiq etmək üçün imza etmişdir. Beləliklə, iddiaçı tərəfindən şifahi razılıq əsasında Cavabdeh1 verilmiş ümumi borc 106.000 manat təşkil etmiş, həmin borc məbləğindən 2014-cü ilin yanvar ayına qədər 18.000 manat, may ayında 5.000 manat və 2015-ci ilin fevral ayında 49.000 manat olmaqla, ümumilikdə 72.000 manat qaytarılmış, 21.02.2015-ci il tarixdə baş vermiş devalvasiyadan sonra isə qalan borcun qaytarılması mümkün olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, tərəflər arasında hər hansı iş birliyi olmamış, iddiaçıdan alınan məbləğlər borc olaraq alınmış və bir hissəsi qaytarılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Yasamal RPİ İŞ-nin cinayət işinin başlanmasının rədd olunması barədə 11.05.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı istintaq zamanı izahatında borclular tərəfindən ona 18.000 manat və 49.000 manat qaytarıldığını bildirmişdir. Bundan sonra iddia ərizəsində isə ona 5.000 manat ödənildiyini təsdiq etmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi, tərəflər arasında mövcud olmuş borc münasibətləri 2013 və 2014-cü illərə təsadüf etməklə, həmin tarixlərdə Cavabdeh1 verilmiş borc məbləğlərinin 1 müddətinə qaytarılması razılaşdırılmış və 2015-ci ilin fevral ayında son ödəniş olunmuşdur. İddiaçı isə, 5 ildən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan pullar cavabdehlərə borc kimi verilmişdir. Onlar Rusiyadakı sexi satıb, iddiaçının borcunu qaytarmalı idilər. İddiaçı, hüquqlarının pozulduğunu Təranə xanım ortaya çıxdıqdan sonra bilmiş və həmin vaxtdan hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. İddiaçı İbrahimlə arasında bağlanmış kredit müqaviləsinə əsasən İbrahim və Əlini məhkəməyə verəcəyini bildirəndə Süleyman onun da sexə şərik olduğunu bildirərək, həmin borcdan 49.000 manat ödəmişdir. Süleymana borc verməsə də, o, borcun qaytarılmasını öz öhdəsinə götürmüşdür. Əli isə, bu işi quran şəxsdir və İbrahimlə şərikdir. İstintaq orqanının qərarındakı rəqəmlər yalnış göstərilməklə, texniki səhvə yol verilmişdir. İddiaçı özü deyir ki, ona 18.000 manat ödənilməyib. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Əli Nağıyevin nümayəndəsi (vəkili) isə, apellyasiya şikayətinə etiraz edərək, tərəfindən verilmiş etiraz və ona əlavədə gösətərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, tərəflər arasındakı münasibətlər borcla bağlı olmuşdur. Cavabdehlər sexin fəaliyyətindən gəlir əldə edib, borcu qaytarmalı idilər. İddiaçı təərfindən təqdim olunmuş dəftərdəki qeydlər borcun alınmasının təyinatı ilə bağlı olmaqla, Ədaləti inandırmaq üçün bu formada qeyd olunmuşdur. Aralarındakı şifahi razılığa görə alınmış borclar 2015-ci ilə kimi qaytarılmalı idi. İbrahim və Əli iddiaçıdan aldıqıları borcu qaytara bilməyəndə bu barədə sexin icarədarı Süleymana bildirmişlər. O, ümumi borcdan 49.000 manat ödəmişdir. Süleymanın iddiaçı ilə İbrahim arasında notarial qaydada bağlanmış kredit müqaviləsindən xəbəri olmamışdır. Həmin müqavilə üzrə İbrahimə verilmiş 55.000 manat borc şəxsi xarakteri olmuşdur (nəvəsinin xəstəliyi ilə bağlı). Qaytarılmış bütün məbləğlər dəftərdə qeyd olunmuş borcdan qaytarılmışdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digrə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, cavabdehlər Cavabdeh1 və Əli Nağıyev şərikli bizness fəaliyyəti ilə məşğul olmuşlar. İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 04.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 30.01.2014-cü il tarixədək qaytarılmaq şərtilə 55.000 manat məbləğində borc verilmişdir. Bundan sonra, aralarındakı sadə yazılı razılığa əsasən iddiaçı tərəfindən Cavabdeh1 2013-cü ildə 50.000 manat, 09.04.2014-cü il tarixdə 30.000 manat, 03.12.2014-cü il tarixdə 500 manat, 12.12.2014-cü il tarixdə 6.000 manat və 14.12.2014-cü il tarixdə 19.500 manat verilmişdir (əsas: səh 30). Cavabdeh2 sonradan digər cavabdelərlə şərik olmuş və iddiaçıya olan borcdan 49.000 manat ödəmişdir. İddiaçının müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ İŞ-nin cinayət işinin balanmasının rədd olunması barədə 11.05.2019-cu il tarixli qərarından görünür ki, araşdırma zamanı iddiaçı izahatında bildirmişdir ki, Əli və İbrahimə pendir sexinin qurulması üçün ilk olaraq 2013-cü ilin iyul ayında 55.000 manat, daha sonra isə müxtəlif vaxtlarda 76.000 manat və 50.000 manat vermişdir. Əli və İbrahim 2014-cü ilin yanvar ayınadək ona cəmi 18.000 manat qaytarmışlar. Sonradan pendir sexini Süleyman adlı şəxsə satmış və sonuncu isə ona 49.000 manat ödəmişdir. Bu vaxta qədər Əli və İbrahimə borc verdiyi 181.000 manatın 114.000 manatı qaytarılmamışdır. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04.07.2013-cü tarixli kredit müqaviləsinin müddəti 30.01.2014-cü tarixdə bitmiş, iddiaçı isə 02.07.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, iddia müddət ötürmüş və iddia müddətinin axımının kəsilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehlərdən İbrahim və Əliyə borc pul verilməsi ilə bağlı təqdim edilmiş sənəd onlar arasında borc münasibətlərini təsdiq edən mötəbər sübut kimi qəbul edilməmişdir. Belə ki, sənddən pulun verilməsi görünsə də, borc olaraq verilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, ilk növbədə bildirir ki, tərəflər arasındakı münasibətlərin borcla bağlı olması və iddiaçı tərəfindən verilmiş bütün məbləğlərin borc kimi verilməsi işin mübahisəsiz halı olmaqla, hər iki tərəfin izahatı ilə təsdiqlənir. Ona görə də, mübahisənin hüquqi həlli ilə bağlı mülki qanunvericiliyin borcla bağlı münasibətləri tənzimləyən aşağıdakı normaları tətbiq edilməlidir. Mülki Məcəllənin (bundan sonra, MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Baxılan işdən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi tələbinə dair hazırkı iddia üzrə Əli Nağıyev, Cavabdeh2 və Cavabdeh1 birgə cavabdehlər kimi qoyulmuşdur. Kollegiya hesab edir ki, Əli Nağıyev və Cavabdeh2 iddiaya cavab verməli olan şəxslər olmadığından iddia onlara münasibətdə təmin oluna bilməz. Belə ki, bu tələbin hüquqi əsası ola biləcək yuxarıda qeyd olunan normanın məzmununa görə, kreditor, pul vəsaitini borcluya verməli, sonuncu isə aldığı pulu qaytarmalıdır. Borclunun pul vəsaitini kreditora qaytarmaq öhdəliyinin yaranması üçün həmin predmetin ona verildiyi sübut olunmalıdır. İddiaçı isə, cavabdehlərdən Əli Nağıyev və Cavabdeh2 borc kimi pul verməsinə dair məhkəməyə mötəbər və kifayətedici sübutlar təqdim edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Əksinə, iddia ərizəsinin, apellyasiya şikayətinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarından açıq şəkildə görünür ki, iddiaçı Cavabdeh2 borc vermədiyini qəbul etməklə, borc tələbini ona qarşı yönəltməsini digər cavabdehlərlə şərik olması, borcun da məhz bizness fəaliyyətinin qurulmasına görə verilməsi ilə əsaslandırmışdır. Lakin məsələyə bu cür yanaşma şirkət, şəriklik kimi anlayışların mahiyyətinə zidd olardı. Ona görə ki, mülki qanunvericiliyin bununla bağlı tənzimləmələrindən də göründüyü kimi, şəriklər şirkətin fəaliyyətində qoyduqları payların həcminə mütənasib şəkildə iştirak etməklə, yalnız şirkətin fəaliyyəti ilə bağlı yaranmış borclara görə kreditorlar qarşısında birgə məsuliyyət daşıyırlar. Şirkətin qurulması prosesində öz paylarını formalaşdırmaq üçün aldıqları borclar isə həmin şirkətin fəaliyyəti ilə bağlı olmadığından ümumi borc hesab edilmir. Belə borclara görə cavabdehliyi yalnız onu alan şəxslər daşıyır. Bu qayda digər cavabdeh Əli Nağıyevə münasibətdə də keçərlidir. İddiaçı ona münasibətdə şərik olmasından əlavə, həm də, dəftərə əsasən verilmiş borcların Cavabdeh1lə birlikdə ona da verilməsinə istinad edir. Lakin həmin dəftərin iş materiallarına əlavə edilmiş əslində müxtəlif vaxtlarda qeyd olunmuş yazıların hamısında pulların Cavabdeh1 verilməsi qeyd olunmaqla, tərəflərin imzası ilə təsdiq olunmuş, 2013-cü ildə 50.000 manat verilməsi barədə qeyddə isə Əlinin adı göstərilsə də, üstündən xətt çəkilmişdir (dəftəri məhz iddiaçı tərəf məhkəməyə təqdim etmişdir). Həmçinin, nəzərə alınmalıdır ki, MM-in 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərdən Əli Nağıyev və Cavabdeh2 borc verilməsi faktı sübuta yetirilmədiyindən, iddia onlara münasibətdə təmin olunmamalıdır. Bu qənaətə gələrkən, Kollegiya, onu da vurğulayır ki, Cavabdeh1 iddiaçı qarşısındakı borcundan Cavabdeh2 tərəfindən 49.000 manat ödənilməsi də, onu borclu halına gətirməməklə, mövcud vəziyyəti dəyişmir. Belə ki, MM-in 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bununla belə, Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı borcun ödənilməsi ilə bağlı hazırkı tələbini Cavabdeh1 (bundan sonra, cavabdeh) qarşı irəli sürməkdə müvafiq subyektiv hüquqlara malikdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehə aralarında notarial qaydada bağlanmış 04.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 55.000 manat, 2013-2014-cü illərdə isə dəftərə əsasən ümumilikdə 106.000 manat borc verilməsi işin mübahisəsiz halıdır. Bu hissədə mübahisə ondan ibarətdir ki, iddiaçı hazırda 04.07.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcdan Cavabdeh2 tərəfindən 49.000 manat, digər cavabdehlər tərəfindən isə cəmi 5000 manat ödənilməklə, həmin borcdan 1000 manatın və dəftərə əsasən verilmiş borcların isə hamsının qaldığını bildirir. Cavabdehlərin nümayəndəsi isə iddiaya etiraz edərək, iddiaçıya 2014-cü ilin yanvar ayına qədər 18.000 manat, may ayında 5.000 manat və 2015-ci ilin fevral ayında 49.000 manat olmaqla, ümumilikdə 72.000 manat qaytarıldığını, devalvasiyaya görə qalan borcun qaytarılmasının mümkün olmadığını və bütün pulların dəftərə əsasən verilmiş borclara görə ödənildiyini bildirir. Belə olan halda, iddaçı özünün xeyrinə olan, istinad etdiyi həmin halları sübut etmək yükünü daşıyır. Lakin iddiaçı bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız izahatı ilə əsaslandırmağa çalışmışdır. Bununla yanaşı, Cavabdeh2 tərəfindən 49000 manat pulun Cavabdeh1 şəxsi borcuna görə ödəməsi də inandırıcı və ağlabatan deyildir. Belə olan halda, Kollegiyanın qənaətinə görə, sözügedən ödənişlər (5000 manat və 49.000 manat) dəftərə əsasən yaranmış öhdəliyin icrası üçün edilmiş hesab olunmalıdır. Cavabdeh tərəfindən dəftər üzrə borca görə 2014-cü ilin yanvar ayına qədər 18.000 manatın ödənilməsi hissəsində də məhkəmə kollegiyası, işin yuxarıda sadalanan halları baxımından cavabdeh tərəfin mövqeyi ilə razılaşır. Belə ki, hazırda iddiaçı bu faktı da təkzib etsə də, müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ İŞ-nin cinayət işinin balanmasının rədd olunması barədə 11.05.2019-cu il tarixli qərarından görünür ki, araşdırma zamanı verdiyi izahatında cavabdeh tərəfindən ona 18.000 manat qaytarıldığını etiraf etmişdir. Beləliklə, Kollegiya, yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında 04.07.2013-cü il tarixli kredit müqaviləsinə görə 55.000 manat, dəftərə əsasən isə 34000 (106.000-49.000-18.000-5.000=34.000) manat icra edilməmiş öhdəliyi qalmışdır. Cavabdeh birinci instansiya məhkməsində iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, qeyd olunan borc məbləğlərini qəbul etsə də, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmişdir. MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kollegiya qeyd edir ki, hazırkı işdə tərəflər arasındakı münasibətlər borc müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, mübahisənin düzgün həlli üçün iddia müddətinin axımının başlanma anının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. MM-in 377.1-ci, 377.2-ci maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. MM-in 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Baxılan işdə tərəflər arasında bağlanmış 04.07.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn tələb üzrə iddia müddətinin axımı müqavilənin müddətinin başa çatdığı 30.01.2014-cü il tarixdən başlanır. İddiaçı isə hazırkı iddianı 02.07.2020-ci il tarixdə qaldırmaqla qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Həmin müddətin kəsilməsinə və ya dayanması halı isə aşkar edilməmişdir. Ona görə də, iddia bu hissədə rədd olunmalıdır. Tərəflər arasında sadə yazılı formada bağlanmış razılaşma (dəftərə əsasən) üzrə isə öhdəliklərin icra müddəti konkret olaraq müəyyənləşdirilməmişdir. Onlar xeyli müddət yaxşı münasibətdə olduqları üçün iddiaçının öhdəliyin icrasını dərhal tələb etməməsi və uzun müddət ərzində cavabdehə güvənməsi ağlabatandır. Eyni zamanda, nəzərə alınmalıdır ki, aralarındakı danışığa əsasən, cavabdeh pendir sexinin fəaliyyəti nəticəsində qazanc əldə etdikcə iddiaçının borcunu hissə-hissə qaytarmalı idi. İddiaçı bildirir ki, Təranə adlı şəxslə tanış olduqdan sonra cavabdehin onu aldatmasını, pendir sexinin işləməməsini bilmiş və mübahisə də bundan yaranmışdır. İşin faktiki hallarından da görünür ki, iddiaçı, sözügedən borc məbləğləri ilə bağlı 2019-cu ilin ilin yanvar ayında fərdi, fevral ayında isə Təranə Əfəndiyeva ilə birlikdə kollektiv formada hüquq mühafizə orqanlarına şikayətlər etmişdir (əsas: DİN Bakı şəhəri Yasamal RPİ tərəfindən 18.09.2021-ci il tarixli, 48483-1221 saylı məktubu ilə göndərilmiş materiallar). Qeyd edilənlər birlikdə qiymətləndirildikdə bu nəticəyə gəlməyə əsas verir ki, mübahisəli pul məbləğləri 2013-2014-cü illərdə verilmiş olsa da, borcun qaytarılmasının tarixi konkret olaraq göstərilməmiş, bununla yanaşı tərəflər arasındakı yaxın münasibətə və cavabdehin verdiyi vədlərə görə iddiaçı, hüququnun pozulduğunu ən tezi 2019-cu ilin yanvar bilmiş və həmin ayın 23-də istintaq orqanına şikayət etmiş, bununla da tələbetmə anı yaranmışdır. Ona görə də iddia müddətinin başlanması məhz həmin tarixdən hesablanmalıdır. Cavabdeh isə iddiaçının hüququnun pozulduğunu həmin tarixdən daha əvvəl bilməsini və ya bilməli olmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlə arasında sadə yazılı formada bağlanmış razılaşmadan (dəftərə əsasən) irəli gələn tələblər üzrə 02.07.2020-ci il tarixdə iddia qaldırmaqla qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürməmişdir. Ona görə də, yuxarıdakı hüquqi mövqelər də nəzərə alınmaqla iddia bu hissədə təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, Cavabdeh1 iddiaçının xeyrinə 34.000 manat pul tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(004)- 3556/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(004)-3556/2020 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdeh1 İddiaçı xeyrinə 34000 (otuz dörd min) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5702/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5702/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver