Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5704/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqından tutulmalar, işdənçıxma müavinəti, gəlir vergisindən azad olma, əsassız tutulmuş vergi məbləğinin geri qaytarılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2nə qarşı “müavinətdən tutulmuş pulun qaytarılması və mediasiya xərcinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 57 nömrəli 22 aprel 2009-cu il tarixli əmrinə və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06- 19ə nömrəli 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarının 4-cü bəndinə görə, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də "şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir.
2. Cavabdeh2 Neft və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli əmri ilə, İddiaçı əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir.
3. “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixə orta aylıq əmək haqqıdan vergi tutulmayan hissənin 5 misli 6845,60 manat təşkil edir.
4. SOCAR-ın NQÇİ-nin mühasibat arayışında qeyd edilmişdir ki, İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında verilmiş 6845,6 manat müavinətdən 1186,40 manat gəlir vergisi tutulmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2187 manatın və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 21 yanvar 1974-cü il atrixdən 21 yanvar 2022-ci il tarixədək “Azneft” İB-nin “Neft Daşları” NQÇi-də tornaçı vəzifəsində çalışmış, 21 fevral 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir. Ödənilmiş işdən çıxmaya görə müavinətinin az olması səbəbindən mühasibatlığa müraciət edəndə ona bildirilmişdir ki, ödənilmiş son haqq-hesabdan tutulmalar olmuşdur. Təqdim edilən haqq-hesab vərəqəsindən də görünür ki, ona ödənilməli olan cəmi 9326 manat məbləğdə puldan 2187 manat tutulma aparılmışdır.
7. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək etiraz ərizəsində göstərmişdir ki, iddiaçı ərizə yazaraq öz təşəbbüsləri ilə işdən azad olunmuş, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cp il tarixli 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmişdir. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək, müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-ds işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən, tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin Əmr-Qərarın girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009cu il üçün böhrana qarşı tədbirlər proqramından irəli gələn vəzifələrinin, xüsusilə də, “şirkətin müəssisə təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclarhı azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməlidir. Sözügedən əmrə əsasən ləğv edilən müəssisələrin işçilərinin, qeyd olunan əmr-qərara müvafiq olaraq orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış, iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Vergi Məcəlləsində öz əksini tapmışdır və iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. Bundan əlavə, iddiaçının, ona ödənilməli olan 9326 manat məbləğində puldan 2187 manatın tutulduğunu irəli sürməsi əsassızdır. Belə ki, iddiçıya hesablanmış 9326.45 manat pula həmçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti də daxildir. İddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti olaraq 6845.6 manat pul hesablanmış, həmin puldan 1186.4 manat gəlir vergisi tutulmuşdur.
8. Dövlət Vergi Xidmətinin nümayəndəsi də iddiaya etiraz etmiş, etirazda göstərmişdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə, yəni təqaüdə çıxması ilə əlaqədar əsasən baş vermişdir. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən isə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilmişdir. Göründüyü kimi vergi qanunvericiliyinə görə yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən təminatlar gəlir vergisindən azaddır. Başqa sözlə, işçinin digər əsaslarla işdən azad edilməsi zamanı ona ödənilən hər- hansı məbləğin gəlir vergisindən azad edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, yalnız Əmək Məcəlləsinə müvafiq ödənilən təminatları gəlir vergisindən azad edir. Bu təminatlar həmin Məcəllənin 77.3-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd olunan maddəyə görə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 69-cu maddəsinin 3-cü hissəsi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndində, məbləğlərin tutulmasına yol verilməyən işdənçıxma müavinəti dedikdə məhz həmin Məcəllənin 77-ci maddəsində qeyd olunan təminatlar nəzərdə tutulur. Digər tərəfdən VM-nin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin genişləndirici şəkildə təfsir olunması yolverilməzdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1186,40 manat məbləğində gəlir vergisinin və 25 manat mediasiya xərcinin Cavabdeh2ndən tutularaq ona ödənilməsi, Cavabdeh2ndən 20 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur.
10. Məhkəmə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: ...Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş, bu əmr-qərarın verildiyi gündən sonra iddiaçı təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi işin mübahisəsiz hallarındandır. Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz.
11. Məhkəmə həmçinin Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinadən qeyd etmişdir ki, növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulmasını zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Lakin istinad etdikləri əmr qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Bundan başqa, cavabdeh iddiaçıya ödənilən işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır.
12. Qətnamədən Cavabdeh2 və Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, iddiaya etirazla eyni məzmunda əsaslandırılan şikayətlərdə məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, hüququn tətbiqində səhvə yol verdiyi, iş üçün əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmadığı, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı irəli sürülmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
13. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin olunmasını xahiş etmiş, iddiaçı və digər cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi isə məhkəməyə gəlməmişlər. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
14. Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
15. Maddə 7.1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
16. Maddə 7.3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
17. Maddə 77 (6-cı hissə). Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.
18. Maddə 77 (7-ci hissə). Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.
19. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
20. Maddə 175 (1-ci hissə). Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər
21. Maddə 175 (4-cü hissə). İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
22. Maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101 -ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir.
23. Maddə 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin olunan hissəsi üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü iddiaçı qətnamədən şikayət verməmiş, apellyatorlar isə qətnaməni faktiki olaraq sözügedən hissədə mübahisələndirmişlər. Bu o deməkdir ki, iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissədə qətnamə apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazların dəlilləri ilə eyni olan apellyasiya şikayətlərində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 və Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(0095)-1046/2022 saylı iş üzrə 03 iyun 2002-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 ödədiyi dövlət rüsumunun məbləği həmin Birliyin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov