Məhkəmə qərarları › İş №2(103)-5705/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5705/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5705/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh, Cavabdehin vəkilinin X2 iştirakları ilə, İddiaçı Mənzil İnşaat Kooperativinin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil İnşaat Kooperativinin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili X4 29 aprel 2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Mənzil İnşaat Kooperativi və Cavabdeh arasında Kooperativə məxsus Bakı şəhəri, Yeni Yasamal 2, Kənar Dairəvi küçəsi, 11 saylı evin ümumi sahəsi 81 kv.m olan 3 otaqdan ibarət, 204 saylı mənzilinə pay haqqının ödənilməsinə dair “Kooperativ Mənzil İstehlak Haqqında” müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı idda ərizəsinin icraata qəbul edilməsindən imtina olunması qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən istinad edilən hüquq norması qarşılıqlı iddianın cavabdeh tərəfindən iddiaçıya verilməli olduğunu nəzərdə tutsa da, bu norma qarşılıqlı iddianın cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilməsi halını istisna etmir. Digər tərəfdən, qanunvericilik qarşılıqlı iddianın məhkəmə baxışı zamanı da verilə biləcəyi halı da müəyyənləşdirmiş və onu bu iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması ilə şərtləndirmişdir. Qarşılıqlı iddia tələbi bu iddianın qəbul edilməsi şərtlərinə tam cavab verməsinə, eləcə də hazırki iş üzrə məhkəmə baxışının qanunla müəyyən edilmiş müddətinin bitməsinə hələ 20 gün qalmasına baxmayaraq, məhkəmənin qarşılıqlı iddianın qəbulundan imtina etməsi qanunsuz və əsassız olmaqla, məhkəmə müdafiəsi hüququndan səmərəli istifadənin məhdudlaşdırılması kimi qiymətləndirilməlidr. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2021 saylı, 08.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili X4 şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Göründüyü kimi, qarşılıqlı iddia mülki işin məhkəmə icraatının iki mərhələsində verilə bilər: a) işin məhkəmədə baxılmasına başlanana qədər; b) məhkəmə baxışı zamanı. Məhkəmə baxışının səmərəli təşkili baxımından, işin baxılmasının lüzumsuz təxirə salınmaması və qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində baxılıb həll edilməsi üçün qarşılıqlı iddia bir qayda olaraq, işin məhkəmədə baxılmasına başlanana qədər verilməlidir. Bu müddət iddia ərizəsinin icraata qəbul edilməsindən başlayaraq işə mahiyyəti üzrə baxılması üçün ilk məhkəmə iclasının başlanmasına qədər olan dövrü əhatə edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.2-ci maddəsində qarşılıqlı iddianın işin məhkəmədə baxılmasına başlandıqdan sonra, yəni məhkəmə baxışı mərhələsində də verilməsinin mümkünlüyü nəzərdə tutulur. Qanunvericilikdə belə bir müddəanın müəyyən edilməsinin zəruriliyi ondan ibarətdir ki, bəzi hallarda qarşılıqlı iddianın verilməsi üçün əsaslar işin məhkəmədə baxılması başlanana qədər mövcud olmur və həmin əsaslar işin məhkəmədə baxılmasına başlandıqdan sonra yaranır. Kollegiya qeyd edir ki, mülki iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə iddia ərizəsinə mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra müraciət edilmiş, lakin, qarşılıqlı iddianın verilməsi üçün əsasların işin məhkəmədə baxılmasına başlandıqdan sonra yaranmasını qarşılıqlı iddia ərizəsində əsaslandırmamış və buna dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hallar müəyyən edilmişdir. Hazırkı iş üzrə isə qeyd olunan hallar müəyyən edilmir və bu cür halların olması sübut edilmir. Belə olan halda işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyn tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaq barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmənin qərardadı prosessual qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar