Məhkəmə qərarları › İş №2(103)-5705/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5705/2023

10.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5705/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 vəkili (nümayəndəsi) X8 və iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanda yerləşən mənzildən Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2 isə həmin mənzildən istifadə hüququnun yaranmamasının müəyyən edilməsi və hər iki cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan mübahisəli mənzildə iddiaçı, iddiaçının qardaşı (cavabdeh) Cavabdeh1 və Cavabdeh1 övladları- yetkinlik yaşına çatmış (cavabdeh) Cavabdeh2 və yetkinlik yaşına çatmamış Məhəmməd Əsədullayev və Cavabdeh2 birgə yaşayırlar. Mənzil iddiaçı ilə Cavabdeh1 atası X1 məxsus olmuşdur. Cavabdeh1 mənzildə qeydiyyatda olmaqla iddiaçı ilə birgə orada yaşamışdır. Cavabdeh1 2000-ci ildə Abşeron rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsi, ev 2 “A”-da yerləşən 26 saylı mənzili almışdır. 2000-2002-ci illər ərzində ara-sıra həm aldığı mənzildə, həm də mübahisəli mənzildə yaşamışdır. 2002-ci ilin əvvəlindən etibarən isə mübahisəli mənzili birdəfəlik tərk edərək arvadı ilə birgə Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsinə köçmüş və arada yaşamağa başlamışdır. Cavabdeh1 övladları Nərgiz və Məhəmməd də Buzovna qəsəbəsində yerləşən mənzildə yaşadıqları müddətdə doğulmuşlar. Uzun müddət ərzində Cavabdeh1 və onun ailəsi mübahisəli mənzilə gəlməmişlər. Onların özlərinə məxsus daimi yaşayış evləri olmuş və orada uzun müddət birlikdə yaşamışlar. xx.xx.2016-cı il tarixdə ataları mübahisəli mənzili iddiaçıya bağışlamışdır. Bununla bağlı olaraq aralarında notarial qaydada müqavilə bağlanmışdır. Həmin ərəfədə, yəni xx.xx.2016-cı il tarixdə Cavabdeh1 notarial qaydada verdiyi ərizə ilə mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Həmin vaxtdan iddiaçı mənzilin yeganə mülkiyyətçisi, sahibi və istifadəçisidir. 2017-ci ildə ataları rəhmətə getmiş və iddiaçı mənzildə tək yaşamağa davam etmişdir. 2021-ci ildə Cavabdeh1 iddiaçıya müraciət edərək arvadından ayrıldığını bildirmiş və övladları ilə birlikdə yeni ev tapana qədər iddiaçının mənzilində müvəqqəti yaşamalarını xahiş etmişdir. İddiaçı Cavabdeh1 təklif etmişdir ki, o, mənzilə müvəqqəti köçməsi ilə bağlı ərizə yazsın. Cavabdeh1 bu kimi ərizəni yazdıqdan sonra iddiaçı Cavabdeh1 və onun övladlarını müvəqqəti yaşamaq üçün mənzilə buraxmışdır. Göründüyü kimi, Cavabdeh1 20 il müddət ərzində mübahisəli mənzildə yaşamamış, mənzildən istifadə etməmiş və istifadə etmək hüququnu itirmişdir. Cavabdeh1 yalnız 2021ci il tarixdə sözügedən və notarial qaydada rəsmiləşdirilmiş ərizəni verdikdən sonra iddiaçının mənzilində müvəqqəti qalmağa başlamışdır. Əgər əvvəldən həmin mənzildə yaşasaydı müvəqqəti yaşamaq üçün köçməsi barədə ərizəni verməyin anlamı olmazdı. Odur ki, bu ərizə bir daha onu sübut edir ki, Cavabdeh1 və onun övladları sözügedən mənzildə yaşamamışlar, yalnız başqa yaşayış yeri tapana kimi iddiaçıya məxsus mənzildə müvəqqəti qalmışlar. Hazırda iddiaçı mülkiyyətçi olaraq öz mənzilindən istədiyi kimi istifadə edə, mənzilə sahiblik edə bilmir. Belə ki, cavabdehlər iddiaçının mülkiyyətçi hüquqlarını məhdudlaşdırır, ona qarşı aqressiv münasibət göstərərək, münaqişələr yaradır, iddiaçını təhqir edirlər. Hazırda cavabdehlərlə bir evdə yaşamaqları mümkünsüz hala çevrilmişdir. İddiaçı hətta Daxili İşlər Nazirliyinin “102” xidmətinə də müraciət edərək cavabdehlər tərəfindən hədələndiyini, təhqir olunduğunu da bildirmişdir. Belə olan halda, cavabdehlərin onun mənzilindən çıxarılması zərurəti yaranmışdır. Mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasının qarşısı alınmalıdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat

3. İddiaçı və onun vəkili (nümayəndəsi) iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.

4. Cavabdeh1 iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, doğulduğu vaxtdan etibarən mübahisəli mənzildə yaşamışdır. 2001-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Qaynanası özünə məxsus və Buzovna kəndində yerləşən, lakin yaşamadığı evini müvəqqəti yaşamaq üçün onlara vermişdir. Onlar Buzovnadakı evdə 2005-ci ilin axırına qədər yaşamış, sonra isə o, Bakı şəhəri, 8-ci mikrorayonda, işlədiyi çörəkbişirmə sexinə yaxın kirayə ev tutaraq ailə isə ilə birlikdə həmin evə köçmüşdür. Bunlara baxmayaraq o, ata evinə də gedib orada qalırdı. O, kirayə ev tutub ailəsini həmin evə köçürən zaman, atası ona demişdir ki, ailəsi ilə birlikdə onların mənzilinə köçsün, lakin bacısı olan iddiaçı buna icazə vermirdi. Mənzilin iddiaçıya bağışlanması zamanı isə, o, bunun üçün atasına razılıq vermişdir və bunu atasına onunla izaha etmişdir iddiaçı olan bacısı hər bir halda onu çöldə qoymaz. Atasını insult vurandan sonra iddiaçının ona qarşı hərəkətləri dəyişdi, hətta o, xəstə atasına baş çəkməyə gələndə belə iddiaçı onun üzünə qapını açmırdı. Sonradan iddiaçı onu 2-3 il aldatdı ki, onlara məxsus bağı ABŞ-da yaşayan rəfiqəsinə yaxşı qiymətə satacaq və onun da payını verəcək. Hər dəfə vəziyyətin nə yerdə olduğunu soruşanda iddiaçı deyirdi ki, rəfiqəsi hələ Azərbaycana gəlməyib, buna görə məsələ uzanır. Sonradan o, öz arvadı ilə ayrılmış və 2 uşağı ilə birlikdə evdən çıxmışdır. Qalamağa yerlə yox idi. Onun dostları iddiaçıya müraciət edərək onu və 2 uşağı heç olmasa 3-4 ay müddətinə mənzilə buraxmağı xahiş etmişlər. İddiaçı da şərt qoymuşdur ki, o, gedib notariusda ərizə yazsa ki, mənzilə müvəqqəti köçmək istəyir onda onu və uşaqları mənzilə buraxacaq. İddiaçı notariusun yanına gedib iddiaçının hazırlatdığı ərizəni oxumadan imzalamışdır. Bundan sonra iddiaçı onu və uşaqları evə buraxmışdır. Hazırda isə onlara qarşı bu iddianı qaldırıb. O, hesab edir ki, göstərdiyi hallara görə iddia əsassız hesab edilərək, rədd edilməlidir.

5. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 Rayon Məhkəməsinə verdiyi izahatda eyni xüsusatlara toxunaraq iddianın əsassız olduğunu bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

6. İş üzrə digər Cavabdeh2 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar olunsa da, məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.

7. Rayon Məhkəməsi işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia ərizəsinin qismən təmin edilməsini, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini və hər iki cavabdehin mübahisəli mənzildən çıxarılmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 hüquqları prizmasından mübahisəli mənzilin statusu iki dövrü əhatə edir: mənzilin Qəzənfər Əsədullayevə məxsus olan dövrü və iddiaçıya məxsus olan dövrü. İşin halları nəzərə alınarsa, Cavabdeh1 mənzil atası Qəzənfər Əsədullayevə məxsus olan dövrdə mənzildən çıxaraq, daimi yaşayış yerini dəyişmiş, bununla da mənzildə yerləşən yaşayış sahəsindən istifadə etmək hüququnu itirmişdir. Mənzil Qəzənfər Əsədullayev tərəfindən övladına – hazırki iş üzrə iddiaçıya bağışlanandan sonra isə Cavabdeh1 mənzilə istifadə hüququ yaranmamışdır. İddianın Cavabdeh2 aid hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, onun həmin mənzilə istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Belə ki, o, d) apellyasiya şikayəti barədə məlumat

10. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 doğulduğu vaxtdan etibarən mübahisəli mənzildə yaşamış, yaşayış yeri üzrə qeydiyyatda olmuş və hazırda da mənzildə yaşayır, yaşayış yeri üzrə qeydiyyatdadır. O, həmin mənzili könüllü deyil, iddiaçının təsiri nəticəsində 2005-ci ildə tərk etmək məcburiyyətində qalmışdır. Odur ki, mübahisəyə Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq normaları əsasında baxılmalı və onun mənzildə yaşaya bilməməsinin səbəblərini araşdırmalı idi. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışının hədləri barədə məlumat

12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamə ilə Cavabdeh2 də mübahisəli mənzildən çıxarılması qət edilsə də, o qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 isə qətnamənin tam ləğv edilməsini xahiş etsə də, Məhkəmə bildirir ki, apellyator Cavabdeh1 artıq yetkinlik yaşına çatmış övladı (xx.xx.2002-ci il təvəllüdlü) Cavabdeh2 adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, Cavabdeh2 nə qanuni, nə də ki səlahiyyətli nümayəndəsi deyil.

13. Odur ki, göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin Cavabdeh2 aid olan hissəsinin əsaslılığını yoxlamamışdır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

14. Apellyatorun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.

15. İş üzrə iddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

16. Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, mübahisəli mənzil iddiaçı ilə Cavabdeh1 atası X2 məxsus olmuşdur. İş üzrə tərəflər mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla mənzildə birgə yaşamışlar.

19. Qəzənfər Əsədullayev ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 4Ə-110 saylı “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, Qəzənfər Əsədullayev mənzili qız övladına – iddiaçıya bağışlamışdır.

20. Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 7E-1567 saylı ərizəsindən görünür ki, o, həmin ərizə ilə mənzilin atası tərəfindən iddiaçıya bağışlanmasına etiraz etmədiyini bildirmişdir.

21. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2016cı il tarixdə iddiaçının adına reyestrdə qeydə alınmışdır.

22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışından görünür ki, iddiaçı mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda başqa şəxs yoxdur.

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iş üzrə Cavabdeh1 xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək mübahisəli mənzildə, həmin tarixdən hazırkı vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır.

24. Cavabdeh1 tərəfindən yazılmış və Bakı Şəhəri 27 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 8İ-1903 № ilə reyestrdə qeydə alınmış ərizədən görünür ki, Cavabdeh1 həmin ərizədə bildirmişdir ki, o, bacısının mülkiyyətində olan mübahisəli mənzilə təmənnasız və müvəqqəti olaraq yaşamaq üçün köçür.

25. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Vəkilova Naidə Paşa qızı öz ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur və iddiaçının yaşadığı binanın 61 saylı mənzilində yaşayır. Cavabdeh1 uşaqlıqdan tanıyır. Amma Cavabdeh1 anası rəhmətə gedəndən sonra mübahisəli mənzildə yaşamamışdır. 1 ilə yaxındır ki, Cavabdeh1 mənzilə qayıdıb.

26. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, ona məxsus və Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsində yerləşən 40 saylı evi 2007-ci ildə Cavabdeh1 kirayəyə vermişdir. Lakin bununla bağlı hər hansı sənəd mövcud deyil. Cavabdeh1 öz ailəsi ilə orada 15 il müddətində yaşamışdır. Cavabdeh1 arvadı son 5 ayda orada yaşamamışdır.

27. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 və iddiaçının bibisi qızıdır. Cavabdeh1 təxminən 20 ildir ki, mübahisəli mənzildə yaşamayıb. Təxminən 2000-ci ildə Cavabdeh1 bir qadınla ailə qurmuş və öz atasının pulu ilə həmin qadının adına Buzovnada 2 otaqlı mənzil almışdır. Cavabdeh1 5 il orada ailəsi ilə birlikdə yaşadıqdan sonra, işlədiyi yerə yaxın ünvanda 8-ci mikrorayonda kirayə ev tutmuşdur. Cavabdeh1 valideynləri xəstə olanda və rəhmətə gedəndə Cavabdeh1 öz bacısına (iddiaçıya) nə maddi nə də mənəvi dəstək göstərməmişdir.

28. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, Cavabdeh1 ilə uşaqlıqdan dostdur. Rüfətin ailəsində problemlər yarandıqda Rüfətin vəziyyəti yaxşı deyil, yaşamağa yeri yox idi. O, Rüfətin vəziyyətini nəzərə alaraq iddiaçıdan xahiş etmişdir ki, yaşamaq üçün Rüfəti və Rüfətin uşaqlarını mübahisəli mənzilə buraxsın. İddiaçıda onunla razılaşaraq şərt qoydu ki, Rüfətin arvadı mənzilə gəlməsə, Rüfətin və uşaqların mənzilə köçməsinə etiraz etməyəcək.

29. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 və iddiaçının bibisi qızıdır. Uşaqlıqdan bunların evində daim o olmuşdur. Rüfəti o böyüdüb. Dayısı son zamanlar xəstə olanda gedib uzun müddət qaldı. Mətanət ona hətta təklif etdi ki, daimi onlarda qalsın. O da dedi ki, bəs mən sizdə qalım, bəs Rüfət? Dayısı Rüfətin oğlunu bir gün görməsə halı pis olurdu, Mətanət özü də Rüfətin oğlu Məhəmmədi çox istəyib. Rüfət dayısı xəstə olanda atasını qucağında saxlayırdı, altını belə təmizləyirdi. Dayısı Rüfəti görəndə kefi açılırdı. Rüfət ailə qurduqdan sonra atasının evində mütəmadi yaşayıb. Arada gedib yoldaşının yanında 3-4 gün qalırdı, sonra qayıdıb gəlirdi. Rüfət ailə qurmazdan əvvəl də həmin mənzildə yaşayıb. Sadəcə nikahdan sonra Mətanət Rüfətin həyat yoldaşını evə buraxmırdı. Hətta böyük qardaşının arvadı ilə belə Mətanət yola getmirdi. Özü 1 ay, 1 ay yarım aralıqdan bir gedib gəlirdi onlara. Dayısı xəstə olanda mütəmadi qalıb. Rüfət də həmin vaxt onlarla qalırdı. İlkin olaraq 1-2 gün aralıqla gəlib qalırdı. Amma dayısı rəhmətə getdikdən sonra uzun müddət, 40 mərasimi çıxana kimi qalıb. Sonra Mətanət onu qovdu. Cavabdehin həmin evdə gecələdiyini, əşyalarının orda olmasını görüb. Kondisioner olan otaqda qalırdı. Ataları öldükdən sonra Mətanətin davranışına görə həmin evə gedib-gəlməyib. Həmin vaxt Rüfətin orada qaldığını gözü ilə görməsə də, bunu təxmini bilir, həm də Rüfətlə əlaqə yaradan zaman bunu ona deyirdi.

30. İşin Məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisəli mənzil 1980-ci illərdən iddiaçının və cavabdehin atası Qəzənfər Əsədullayevə məxsus olmuş, tərəflər həmin mənzildə yaşayıb, böyümüşlər. 2001-ci ildə Cavabdeh1 ailə quraraq başqa ünvana köçmüş, lakin özünün sözlərinə görə, atasının evi ilə əlaqəsi kəsilməmiş, mütəmadi olaraq gəlib ata evində qalmışdır. Arvadı və uşaqları mübahisəli mənzildə yaşamamışlar. 2016-cı ildə Cavabdeh1 mübahisəli mənzilin bağışlanmasına dair razılığını vermiş və mənzil atası tərəfindən iddiaçıya bağışlanmışdır. Cavabdeh1 sözlərinə görə, atası 2017-ci ildə xəstələnəndən sonra bacısı olan iddiaçı onu və uşaqlarını atasına dəyməyə belə evə buraxmamış, qapını onlara açmamışdır. Həmçinin işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 2021-ci ildə Cavabdeh1 uşaqları ilə birlikdə bacısının evinə müvəqqəti köçmüş və məhz müvəqqəti köçməsi barədə notariat qaydasında ərizə imzalamışdır.

31. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Cavabdeh1 aid hissədə iş üzrə düzgün nəticəyə gələrək öz qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 hüquqları prizmasından mübahisəli mənzilin statusu iki dövrü əhatə edir: mənzilin atasına və bacısına məxsus olduğu dövrlər. İşin halları nəzərə alınarsa, Cavabdeh1 atasına məxsus olan mənzilə istifadə hüququnu itirmiş, bacısının mülkiyyətində olan mənzilə isə istifadə hüququnu əldə etməmişdir.

32. Belə ki, Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə isə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası əsasında məhkəmə qaydasında həyata kecirilir.

33. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

34. Məhkəmə bildirir ki, xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir.

35. Hazırda qüvvədə olan Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

36. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (maddə 30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (maddə 30.2.).

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumları” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

38. Məhkəmə tərəfindən müəyyən edilir ki, qohumluq əlaqələri nəzərə alınarsa, Cavabdeh1 özünün saxlanılmasını iddiaçıdan tələb etmək hüququ olan şəxslər dairəsinə aid deyil. Cavabdeh1 mübahisəli mənzildən istifadə etməsinin qanuni əsası olmadığından, iddiaçı isə mənzilin mülkiyyətçisi olmaqla Cavabdeh1 qarşı bu kimi tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğundan qəbul edilməlidir ki, Rayon Məhkəməsi cavabdeh iddianın Cavabdeh1 münasibətdə təmin etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiyanın nəticəsi

39. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə apellyasiya baxışının predmeti olan hissədə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

43. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar