Məhkəmə qərarları › İş №2(103)-5706/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5706/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5706/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X14 və X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə), “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X15 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(008)-274/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə üçüncü şəxs X14 2013-cü ildən 2018-ci il tarixədək rəsmi nikah münasibətlərində olmuşlar. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini qüvvədə olan məhkəmə qətnaməsinə əsasən birgə nikah dövründə əldə etmişlər. Ailə münasibətləri və nikahları pozulduqdan sonra ayrı-ayrı vaxtlarda hər iki tərəf sözügedən fərdi yaşayış evinə köçürülmələri barədə məhkəməyə müraciət etmiş, iddiaları təmin edilmişdir. 2.İddiaçı həmin evdə yaşamadığı dövrdə üçüncü şəxs Dinar İlyasova evi digər üçüncü şəxs Murad Tağıyevə, sonuncu isə Cavabdeh1 satmışdır. 3.Qeyd olunan səbəbdən qüvvədən olan məhkəmə qətnaməsi icrasız qalmış, iddiaçı hazırki tələblərlə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X14 və X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsindən çıxarılmaları və cavabdehlər tərəfindən yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı üçüncü şəxs X14 ilə 2013-cü ildə rəsmi nikaha daxil olmuş, 2018-ci il tarixdə isə nikahları pozulmuşdur. İddiaçı əmisi oğlu Elçinin maddi köməkliyi ilə mübahisəsi gedən evi almışdır. Ev alınarkən evin təmir işləri iddiaçı tərəfindən aparılmışdır. Tərəflər rəsmi nikah münasibətində olarkən X14, həmin evdə yaşaya-yaşaya həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə o, həmin evə köçürülmüşdür. Daha sonra iddiaçı özü həmin evə köçürülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının həmin evə köçürülməsi qət edilmişdir. Hər iki tərəfin Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsinə köçürülmələri ilə bağlı məhkəmə qətnamələri var. Qətnamənin icra edilməsi mərhələsində həmin mübahisəli evdə hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 yaşadıqları müəyyən olunmuş, qətnamənin icrası mümkün olmamışdır, hazırda da icra olunmadan qalmaqdadır. Mübahisəli ev özbaşına tikilidir, rəsmi çıxarışı yoxdur, bu səbəbdən həmin evlə bağlı alğı-satqı mümkün deyildir, çünki dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2833/2020 saylı qətnaməsi ilə iddiaçının cavabdeh X8 qarşı “yaşayış sahəsinə köçürülmə” barədə iddia tələbi təmin olunaraq, onun Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsinə köçürülməsi qət olunmuşdur. Qətnamədən razı qalan cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6894/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldilməsinə baxmayaraq, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurlarının hərəkətsizlikləri nəticəsində bu günə qədər qətnamə icra edilməmiş və icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli tarixli qərarla icra işi məhkəməyə qaytarılmışdır. Bu müddətdən istifadə edən qeyd olunan mülki iş üzrə cavabdeh X14 mübahisəsi olunan evə qeyri-qanuni də olsa hazırkı iş üzrə cavabdehi və onun ailə üzvlərini buraxmışdır. Dəfələrlə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmasından ötrü icra məmurları ilə mübahsəli ünvana gedilsə də, hazırkı iş üzrə cavabdeh və onun ailə üzvləri məhkəmə qərarını icra etməyə maneçilik göstərmişlər. İcra məmuru tərəfindən çıxarılmış xx.xx.2023 il tarixli qərarla icra işi məhkəməyə qaytarıldığına görə iddiaçı məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 6.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev özbaşına tikili olmuş, heç kəsin mülkiyyətində olmamışdır. İddiaçı mübahisəli evə mülkiyyət və ya sahiblik hüququnun reyestrdə qeydə alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Mübahisəli ev X14 tərəfindən X16, sonuncu tərəfindən isə xx.xx.2021-ci il tarixdə Cavabdeh1 satılmışdır. Evin faktiki və vicdanlı sahibi hazırda Cavabdeh1dır və hazırda həmin evdə yaşayır. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. 7.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında bildirmişdir ki, mübahisəsi gedən ev 2013-cü ildə alınmış, o, həmin evdə 9 il yaşamışdır. Həmin evi onun atası almışdır. İddiaçı həmin evdə cəmi 1 il 3 ay yaşamışdır. O, həmin evdən çıxarılmamışdır. İddiaçının qonşulara və digər şəxslərə borcları olmuş, həmin şəxslər də onlardan borclarını tələb etmişlər. Bu səbəbdən, o, özü həmin evdən çıxıb getmişdir. Həmin evi öz aralarında çəkiliş apararaq 2021-ci ildə 25.800 manata X2, vasitəçinin pulu veriləndən sonra ona 24.000 manat pul qalmışdır. Evi satanda iddiaçının xəbəri olmamışdır. Ev iddiaçı ilə birgə nikah dövrlərində əldə edilmişdir. Onlar 2017-ci ildə 1 il yarıma yaxın Bakıxanov qəsbəsində yaşamış, həmin mübahisəli evi isə kirayə vermişlər. Hazırda kirayədə yaşamağa davam edir. 8.Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən fərdi yaşayış evini 37.500 manata X10 almışlar. İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi barədə məhkəmə qətnaməsinin icrası zamanı evinin mübahisəli vəziyyətindən xəbər tutumuşlar. Hazırda da həmin evdə yaşayır. 9.Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən fərdi yaşayış evini X10 almışlar. İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi barədə məhkəmə qətnaməsinin icrası zamanı evinin mübahisəli vəziyyətindən xəbər tutumuşlar. Hazırda digər cavabdeh olan həyat yoldaşı Cavabdeh1 ilə birlikdə orada yaşayır. 10.Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 izahatında bildirmişdir ki, Cavabdeh1 həmin evi 2021-ci ildə ondan almışdır. O da həmin vaxtdan təxminən 6-7 ay əvvəl həmin evi vasitəçilər vasitəsilə Dinar İlyasovadan 25.800 manata almışdır. Ev alınan zaman təmirə ehtiyacı olmuş, borc-xərc edib evi təmir etdirmişdir. Evin təmirinə 5000 manatdan çox xərc çəkdiyindən, baha qiymətə, yəni 37.500 manata Cavabdeh1 satmışdır. Həmin vaxt evin mübahisəli olmasından xəbəri olmamış, nə qonşular, nə digər şəxslər bu barədə ona bildirmişlər. Evi satdıqdan sonra qonşulardan bu barədə eşitmişdir. Evin mübahisəli olduğunu bilsə idi, əvvəlcədən həmin evi almazdı. 11.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 iyul 2024-cü il tarixli, 2(008)-274/2024 saylı qətnaməsi ilə (hakim-Həqiqət Mahmudova) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 12.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. 13.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır. 14.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 qızı ünvan 3 ünvanında qeydiyyatdadır. 15.Azərbaycan Respublikası Maştağa bələdiyyəsinin xx.xx.2023-cü il tarixli yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 4 ünvanı üzrə vergi ödəyicisi Cavabdeh1dır. 16.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1244/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X6 xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanda 0,02 hektar torpaq sahəsində yerləşən 3 yaşayış otağından, 1 dəhliz, 1 mətbəx və sanitar qovşağından ibarət bir mərtəbəli özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. 17.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8245/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı və üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1244/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 18.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-612/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı və üçüncü şəxs X19 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8245/2018 saylı, qətnaməsi ləğv edələrək, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. 19.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4776/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı və üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1244/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 20.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2833/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ünvan 4nin sonunda yerləşən 3 otaqlı bir mərtəbəli özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. 21.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6894/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2833/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 22.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə üçüncü şəxs X14 rəsmi nikah münasibətlərində olmuşlar. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini birgə nikah dövründə əldə etmişlər. Ailə münasibətləri və nikahları pozulduqdan sonra ayrı-ayrı vaxtlarda hər iki tərəf sözügedən fərdi yaşayış evinə köçürülmələri barədə məhkəməyə müraciət etmiş, iddiaları təmin edilmişdir. İddiaçı həmin evdə yaşamadığı dövrdə üçüncü şəxs Dinar İlyasova evi digər üçüncü şəxs Murad Tağıyevə, sonuncu isə evi təmir etdirdiyindən, aldığından baha qiymətə Cavabdeh1 satmışdır. Hazırda həmin evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. Onların orada yaşamaları səbəbindən, İddiaçı qeyd olunan fərdi yaşayış evinə köçürülməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsindən çıxarılmaları və cavabdehlər tərəfindən yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Həmçinin məhkəmə araşdırması zamanı mübahisə predmeti olan fərdi yaşayış evinə dair hal-hazırda da cavabdehlərin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. 24.Məhkəmə mübahisə ilə bağlı qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunmaqla, faktiki olaraq onların istifadə və sahibliyindədir. 25.Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğısatqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). 26.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsinə münasibətdə vicdanlı əldə edəndir. Belə ki, iş üzrə üçüncü şəxslərin və cavabdehlərin məhkəməyə verdikləri izahatlarına əsasən, mübahisə predmeti olan fərdi yaşayış evi Dinar İlyasova tərəfindən Murad Tağıyevə, sonuncu tərəfindən isə, Cavabdeh1 satılmışdır. İddiaçı tərəfindən bu faktı təkzib edəcək, hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Evin alıcıları evin “problemli” olduğunu bilməmiş, bu halı əvvəlcədən bilsəydilər, onu almayacaqlarını izahatlarında qeyd etmişlər. 27.Məhkəmə, Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsini vicdanlı ədə edən olmasına əsaslanaraq, hazırkı iddianı qanuni və əsaslı hesab etməmiş və rədd edilməli olması qənaətinə gəlmişdir. 28.Məhkəmə, eyni zamanda hesab etmişdir ki, İddiaçı cavabdeh qismində Dinar İlyasovaya qarşı birgə nikah dövründə əldə edilməsinə əsaslanmaqla, sözügedən fərdi yaşayış evinin satılması nəticəsində ona çatmayan vəsaitin tələb edilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. 29.Məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 30.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 148.2, 182.1-ci; Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli qərarına; “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 10 mart 2020-ci il tarixli Plenumum Qərarına;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.2, 88, 217.4 və 216-220-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 31.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 32.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməsində Mülki Məcəllənin 182.1ci maddəsinə istinad etdiyi halda qənunun tələbini pozaraq düzgün tətbib etməmişdir. Qanun birbaşa tələb edir ki, əşya özgəninkiləşdirilmiş olmalı və özgəninkiləşdirən əşyanın mülkiyyətçisi olmalıdır. Mübahisəsi olunan yaşayış sahəsi özəlləşdirilməmiş və iş üzrə 3-cü şəxs kimi işə cəlb olunmuş X13 onun mülkiyyətçisi olmamışdır. Bu fakt iş üzrə cavabdehlərə mübahisəli mənzilə buraxılmamışdan əvvəl, yəni əldə olunana qədər məlum olmuşdur. Belə olan halda vicdanlı alıcılıqdan söhbət gedə bilməz. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə qətnaməsində göstərilir ki, məhkəmə tərəfindən müəyyən olnmuşdür ki, mübahisəsi olunan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi iddiaçı ilə iş üzrə 3-cü şəxs kimi işə cəlb olunmuş X14 tərəfindən nikahda olduqları dövrdə əldə olunmuş, onların ailə münasıbətləri pozulduqdan sonra X14 evi digər 3-cü şəxs Murad Tağıyevə, o isə öz növbəsində Cavabdeh1 satmışdır. Məhkəmənin bu qənaətə gəlməsi belə bir sual doğurur. Real alğı-satqı müqaviləsi varmı. Ümumiyyətlə mübahisəsi olunan yaşayış sahəsi alğısatqı müqaviləsinin predmeti ola bilərmi?. Tərəflər alğı-satqı müqaviləsinin tələblərin riayyət etmişlərmi? Bütün bu sualların cavabını əvvəlcədən cavabdehlər bilirdi. Buna baxmayaraq məhkəmə tərəfindən onların əməlinə qanunsuz da, olsa vicdanlı alıcı kimi qiymət veilməklə qeyriqanuni qətnamə çıxarılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə etdi, onun məznununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, icra mərhələsində qanunsuzluqlara yol verildiyi üçün, qətnamə icrasız qalmışdır. Evin iddiaçı ilə 3-cü şəxs tərəfindən birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qətnaməsi ilə iddiaçının həmin evdə yaşamaq hüququ vardır. Cavabdehlər özbaşına tikiliyə münasibətdə vicdanlı alıcı ola bilməzlər. 35.İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X14 və X18 məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin və 3-cü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

36. 12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

37. 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 38.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 39.Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 40.Maddə 162.Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 41.Maddə 164.1.Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 42.Maddə 164.2.Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 43.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 44.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 47.Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 48.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 49.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri

50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 51.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 53.Belə ki, işin müəyyən edilmiş fakitki halları ondan ibarətdir ki, İddiaçı ilə üçüncü şəxs X14 2013-cü ildən 2018-ci il tarixədək rəsmi nikah münasibətlərində olmuşlar. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi qüvvədə olan məhkəmə qətnamələrinə əsasən birgə nikah dövründə əldə etmişlər. Həmçinin həmin ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ailə münasibətləri və nikahları pozulduqdan sonra ayrı-ayrı vaxtlarda hər iki tərəf sözügedən fərdi yaşayış evinə köçürülmələri barədə məhkəməyə müraciət etmiş, iddiaları təmin edilmişdir. Bunlar işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin evdə yaşamadığı dövrdə üçüncü şəxs Dinar İlyasova evi digər üçüncü şəxs Murad Tağıyevə, sonuncu isə Cavabdeh1 satmışdır. Hazırda həmin evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. 54.İddiaçı qeyd olunan fərdi yaşayış evinə köçürülməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası mümkün olmamışdır. Belə ki, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli tarixli qərarla icra işi məhkəməyə qaytarılmışdır. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 55.Kollegiya hesab edir ki, məhkəmə Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsini vicdanlı ədə edən olmasına əsaslanaraq iddianı rədd edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. 56.Beləki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 57.“S.H.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində cəlb olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqarınnın və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 58.“X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. 59.Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. 60.“N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüquqlarının toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdanlı hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin”. 61.Göründüyü kimi, mübahisəli ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlər o zaman vicdanlı alıcı hesab oluna bilərlər ki, həmin tikili rəsmi reyestrdə qeydə alınmış olsun, onu satmış 3-cü şəxs Dinar İlyasova reyestrdə mülkiyyətçi kimi qeydə alınmış olardı. Göründüyü kimi bu hallar müəyyən olunmur. Buna görə də, cavabdehlər mübahisəli evə münasibətdə vicdanlı alıcı hesab oluna bilməzlər. 62.Qüvvədə olan məhkəmə qətnamələrinə əsasən iddiaçının qeyd olunan özbaşına tikilidə yaşamaq hüququ olmaqla, onun həmin evə köçürülməsi qət olunduğundan, kollegiya iddiaçının həmin mənzilə yenidən yaşamaq hüququnun olması ilə bağlı məsələyə qiymət verilməsinə zərurət görmür.

63. Məhkəmə, iddianı rədd edərkən həmçinin qeyd etmişdir ki, İddiaçı cavabdeh qismində Dinar İlyasovaya qarşı birgə nikah dövründə əldə edilməsinə əsaslanmaqla, sözügedən fərdi yaşayış evinin satılması nəticəsində ona çatmayan vəsaitin tələb edilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Kollegiya məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmır. 64.Beləki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli, 1/2024 saylı Qərarının 4.11-ci bəndinə əsasən mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır 65.Göründüyü kimi, hazırki özbaşına tikili fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərə malik olmaqla, iddiaçının həmin özbaşına tikilidə yaşamaq hüququ vardır. 66.İddiaçının hazırda 3-cü şəxs olan Dinar İlyasovaya qarşı əmlakdakı payına mütənasib olan hissəsinin tutulması ilə bağlı iddiası yoxdur. Əgər iddiaçının belə bir iddiası olduğu təqdirdə, məhkəmə həmin tələbə qiymət verə bilər. Bu o anlama gəlməyə əsas vermir ki, hazırki iş üzrə vicdanlı alıcı olmayan cavabdehlər tərəfindən iddiaçının birgə nikah dövründə əldə etdikləri maddi dəyər təşkil edən evdə yaşamaq hüququndan məhrum olsun. 67.Beləliklə kollegiya hesab edir ki, cavabdehlərin hər hansı bir qanuni əsas olmadan mübahisələndirilən mənzildə yaşaması iddiaçının həmin evə köçürülməsinə dair qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneə olmaqla, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, cavabdeh tərəfə isə izah olunmalıdır ki, həmin əmlakı pul müqabilində əldə etmişlərsə, pulu verdikləri şəxsdən geri tələb etmək hüquqları vardır. 68.Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(008)-274/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsindən çıxarılmalı, həmin yaşayış sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. 69.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(008)-274/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsindən çıxarılsınlar. Həmin yaşayış sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar