Məhkəmə qərarları › İş №2(103)-571/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-571/2023

10.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-571/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, iddiaçının onun vəkilləri (nümayəndələri) Vəkil3 və X2, Cavabdeh, iş üzrə üçüncü şəxs olan "xxxx" Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi X3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla (iş üzrə üçüncü şəxs) "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – MTK) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 013 saylı “Kooperativ binada mənzilin tikintisi haqqında müqavilənin” predmeti olan və ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, yaşayış sahəsi 90 kv.metr, ümumi sahəsi 97 kv.metrdən ibarət 2 otaqlı mənzilin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, iş üzrə cavabdeh iddiaçıya məxsus (mübahisəli) mənzili zəbt etmiş, mənzilə köçərək yaşayır. Cavabdeh bu hərəkətini onunla əsaslandırır ki, o, həmin mənzili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC) ilə onun arasında xx.xx.2017-ci il tarixdə bağlanmış "xxxx" əsasən həmin MMC-dən almışdır. Halbuki, həmin mənzil iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən iddiaçıya məxsusdur və xx.xx.2018-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Buna baxmayaraq cavabdeh həmin mənzili zəbt etmişdir. İddiaçı bildirir ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1119 saylı sərəncamı əsasında Bakı şəhəri, ünvan 2 ünvanda 5 bloklu 18 mərtəbəli çoxmənzilli yaşayış bina kompleksinin tikintisinə dair "xxxx" MTK-ya icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında binaların tikintisinə həmin MTK tərəfindən başlanmış, binanın 4 bloku tikilib başa çatdırılmış, 5-ci blokun inşası ilə "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli birgə "xxxx" əsasında MMC tərəfindən davam etdirilmişdir. MTK ilə MMC arasında bağlanmış həmin müqaviləyə əsasən tikilən binadan 1.400 kv.metr MTK-ya aid edilmişdir. Adı çəkilən əməkdaşlıq müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanılan zaman iddiaçıya aid olan müqavilə ilə yanaşı, MTK ilə başqa şəxslər arasında artıq bağlanmış daha 5 müqavilə mövcud idi. Əməkdaşlıq müqaviləsi bağlanılan ərəfədə də həmin müqavilələr MMC-yə təqdim edilmiş və MTK-ya ayrılmış 1.400 kv.metr aid edilməklə, iradsız qəbul edilmişdir. Bu razılaşma gizli deyil, şəxsən müqavilə tərəflərin, iddiaçının və hüquqşünasların iştirakı ilə baş tutmuşdur. İddiaçı həmin mənzildən imtina etməmişdir. Bina tikintisinə "xxxx" MMC-yə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 288 saylı sərəncamı xx.xx.2016-cı il tarixdə verilmişdir. İddiaçı onu da bildirir ki, onunla MTK arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmazdan əvvəl, yəni xx.xx.2004-cü il tarixdə onların arasında ilk dəfə müqavilə bağlanmışdır ki, MTK, 5 bloklu bina kompleksinin 4-cü blokunda sahəsi 117 kv.metr olan 3 otaqlı mənzil ona verilməli idi. Lakin MTK-nın günahı üzündən həmin mənzil MTK tərəfindən başqasına satılmış və sonradan onunla MTK arasında bina kompleksinin davamı olan 5-ci blokdan, yuxarıda qeyd edilən (mübahisəli) 2 otaqlı mənzilin ona verilməsi barədə xx.xx.2014-cü il tarixli “Qarşılıqlı razılaşma müqaviləsi”, daha sonra isə yuxarıda qeyd edilən xx.xx.2014-cü il tarixli “Kooperativ binada mənzilin tikintisi haqqında müqavilə” bağlanmışdır. İddiaçının sahəsi da az olan mənzilin ona verilməsi ilə razılaşmasına səbəb də həmin (5-ci) blokun yola yaxın və ayrı tikilidə yerləşməsi olmuşdur. Müqavilə bağlanılan vaxtı 5-ci blokun özülü qazılmış, inşasına artıq başlanmışdır. Həmin müqavilənin iddiaçı ilə bağlanması zamanı "xxxx" MMC-nin tikintidə rəsmi iştirakı olmasa da bütün məsələlərdə MMC-nin rəhbəri olan Xanlar Cəfərovun və onunla birgə işləyən şəriki Elxan Babayevin iştirakı olmuşdur. İddiaçı bildirir ki, "xxxx" MMC, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş və yuxarıda qeyd edilən 288 saylı sərəncamın mövcudluğundan suiistifadə edərək mübahisəli mənzilin yerləşdiyi blokun "xxxx" MTK tərəfindən inşa edilən çoxmənzilli yaşayış bina kompleksinin 5-ci blokunun olmasını inkar edir və bildirir ki, həmin blok MMC tərəfindən inşa edilmiş 1 girişli binanın (yeganə) blokudur. "xxxx" MTK-nın sədri Müslət Nəcəfovun ölümündən sonra "xxxx" MMC-nin sədri Xanlar Cəfərov MTK-ya çatan 1.400 kv.metr yaşayış sahəsini ələ keçirmək üçün arxa tarixlərə ayrı-ayrı şəxslərin adına müqavilələr təsdiqləmişdir ki, bunlardan biri də cavabdehin adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli müqavilədir. İddiaçı bildirir ki, cavabdeh bunu bilərəkdən və MMC-nin sədri Xanlar Cəfərov ilə birgə hərəkət edir. Həmin müqavilənin özü heç də 2017-ci ildə deyil, sonrakı illərdə tərtib edilmişdir. Belə ki, yuxarıda qeyd edilən "xxxx" əsasında "xxxx" MTK-nı təmsil edən Müslət Nəcəfovun vəfatından sonra "xxxx" MMC tərəfindən çıxış edən rəhbəri Xanlar Cəfərov iddiaçıya məxsus (mübahisəli) mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırmış və iddiaçı məcburiyyət qarşısında qalaraq "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsi həmin iddiaya əsasən mülki işə baxaraq, iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, (mübahisəli) mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-nın üzərinə qoyulmasını qət etmişdir. Qətnamə icra edilmiş və mənzil iddiaçıya xx.xx.2018-ci il tarixdə təhvil verilmişdir. Həmin vaxta qədər də mübahisəli mənzillə bağlı ikinci müqavilənin olması deyilməmiş və bu kimi fakt müəyyən edilməmişdir. Yalnız bundan təxminən bir il keçdikdən sonra həmin mənzilin "xxxx" MMC tərəfindən cavabdehə satılması məsələsi və onlar arasında mənzilə dair müqavilənin bağlanması ortaya çıxmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar yolla həll edilməsini həm "xxxx" MMC-yə həm də cavabdehə təklif etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh öz qanunsuz hərəkətlərini davam edir.

b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. Rayon Məhkəməsi iş üzrə xx.xx.2021-ci il tarixdə keçirtdiyi iclasda "xxxx" MMCnin iş üçüncü şəxs qismində cəlb edilməsini qərara almışdır.

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 77 və 119-cu maddələrinə istinad edərək iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MTK tərəfindən hazırki iş üzrə iddiaçıya təhvil verilməli olan (mübahisəli) mənzilin hazırki iş üzrə cavabdehə "xxxx" MMC tərəfindən satılan və ünvan 5-da inşa edilmiş binasının 9-cu mərtəbəsində yerləşən 60 saylı, 2 otaqlı, ümumi sahəsi 97,5 kv.metr olan mənzil ilə eyni deyil – cavabdehə məxsus mənzil "xxxx" MMC tərəfindən inşa edilmiş bir girişli binada yerləşir və həmin binanın "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinə aidiyyəti yoxdur. Buna görə də, hesab edilməlidir ki, iddiaçı cavabdehə qarşı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil.

c) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün nəticəyə gəlməmişdir. Belə ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməyə (İş № 2(001)-747/2018) əsasən, ünvan 3 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişində, 10-cu mərtəbəsində, ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi həmin iş üzrə cavabdeh olan "xxxx" MTK-nin üzərinə qoyulmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və Binəqədi Rayon İcra və Probasiya Şöbəsi həmin qətnamə əsasında verilmiş icra sənədini icra edərək mənzilin MTK-dan alaraq iddiaçıya təhvil vermişdir. Bu hal həmin İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarında öz əksini tapmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, əsaslı olan iddianı təmin etməmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Rayon Məhkəməsi "xxxx" MMC tərəfindən inşa edilən ayrıca müstəqil binanın "xxxx" MTK-nın inşa etdiyi binaya aidiyyəti olmamasına əsaslanır. Lakin Rayon Məhkəməsi (yuxarıda qeyd edilmiş və) "xxxx" MMC ilə "xxxx" MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Əməkdaşlıq müqaviləsini” və müqavilənin şərtlərini nəzərə almamışdır.

İİ. APELLYASİA VƏ KASSASİYA İNSTANSİYA MƏHKƏMƏLƏRİNDƏ İCRAAT

d) apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(103)-1807/2022) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

e) kassasiya instansiyasında icraat barədə məlumat

9. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-4677/2022) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.

10. Kassasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxmış apellyasiya instansiya məhkəməsi təqdim edilmiş bütün sübutları dəqiq və ətraflı qiymətləndirməmişdir. Belə ki, cavabdeh iddiaçıya verilən mənzilin "xxxx" MTK-nın layihəsinə əsasən 5-ci girişdə olduğunu, "xxxx" MMC tərəfindən tikilmiş binada iddiaçının mənzilinin olmadığını, binada olan 126 mənzilin hamısının "xxxx" MMC-yə aid olduğunu bildirsə də, MMC ilə MTK arasında bağlanmış "xxxx" MTK-ya 1.400 kv.metr yaşayış sahəsinin ayrılması təsbit edilmişdir. Məhkəmələr tərəfindən isə MTK-ya ayrılmış 1.400 kv.metr yaşayış sahəsinə hansı sahələrin, mənzillərin daxil olduğu, ayrılmış sahədə iddiaçının mənzilin mövcud olub-olmaması barədə ümumiyyətlə, araşdırılma aparmamışlar. Həmçinin, mübahisənin əsas mahiyyətini təşkil edən “binanın mərtəbəliliyinin müəyyən edilməsi” məsələsində həlledici ola biləcək sübutlara, o cümlədən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, 1080 nömrəli rəyi nəzərə alınmamışdır. Belə ki, həmin rəydə qeyd edilir ki, binanın 4 girişi inşa edilmişdir. Lakin, binanın 5-ci girişi yeni normativlərə uyğun işlənərək baxılması üçün ekspertizaya təqdim olunmuşdur. Təqdim olunan baş plana əsasən bina 18 mərtəbəlidir. Binanın planında yeraltı avtodayanacaqlar, texniki otaqlar, panduslar, 1-ci və 2-ci mərtəbələrində ticarət sahələri, giriş meydançaları, 3-17-ci mərtəbələrdə 1,2 və 3 otaqlı mənzillər, eyvanlar, texniki mərtəbəsi isə liftin maşın şöbəsi, texniki sahə və eyvan nəzərdə tutulmuşdur. Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-18+mansard mərtəbələri isə yaşayış mənzilləri kimi inşa edilmişdir Bundan başqa nəzərə alınmalıdır ki, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış müqavilədə iddiaçıya veriləcək mənzilin binanın 5-ci girişinin 10-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 90 kv.metr (şərti olaraq 1-ci mənzil) olduğu qeyd edilmiş, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilədə isə cavabdehə veriləcək mənzilin binanın 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 kv.metr (şərti olaraq 2-ci mənzil) olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/2977 saylı rəyində qeyd olunmuşdur ki, faktiki vəziyyətdə mövcud olan bina ilə "xxxx" MTK-nın eskiz layihəsi arasında uyğunsuzluğun mövcud olduğu, həmçinin çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Eləcə də, eskiz layihəsi faktiki mövcud olan binaya uyğun gələn "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilədə cavabdehə satılan mənzilin mərtəbəliliyinin hansı qaydada müəyyən olunması (0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış sahəsinin mərtəbə olaraq nəzərə alınıbalınmaması) barədə məlumat təqdim edilmədiyinə bu barədə də tədqiqat mümkün olmamışdır. Həmçinin, ekspert 1-ci mənzillə 2-ci mənzilin eyni olmasını da tədqiq edə bilməmişdir. Həmin rəyin tədqiqat hissəsində qeyd olunmuşdur ki, ekspert tədqiqatına təqdim edilən "xxxx" MTK-nın və "xxxx" MMC-nin eskiz layihələri müqayisə olunan zaman hər iki eskiz layihənin “Baş plan” bölməsində binanın yerləşmə vəziyyətinin, eyni zamanda “Təkrarlanan mərtəbənin planı” bölməsində mənzillərin və mənzillərin otaqlarının yerləşmə vəziyyətinin eynilik təşkil etdiyi müəyyən olundu. Lakin layihələrin “kəsik hissəsinə” baxılan zaman "xxxx" MTK-nın eskiz layihəsində ilk 4 mərtəbənin qeyri-yaşayış sahəsi, növbəti 15 mərtəbənin yaşayış mərtəbəsi olduğu, "xxxx" MMC-nin eskiz layihəsində isə ilk 3 mərtəbənin qeyri-yaşayış sahəsi, növbəti 17 mərtəbənin yaşayış mərtəbəsi müəyyən olundu. Yuxarıda qeyd edilən sübutları müqayisəli şəkildə tədqiq edilərkən müəyyən edilir ki, iddiaçıya verilməsi nəzərdə tutulan mənzil binanın 5-ci girişində, 10-cu mərtəbədə yerləşən, nömrəsiz, 90 kv.metr ümumi sahəsi olan mənzildir. Bu mənzilin konkret hansı mənzil olması qeyri-müəyyəndir. İddiaçı cavabdehin həmin mənzili zəbt etdiyini qeyd etsə də, məhkəmələr bu qeyri-müəyyənliyi aydınlaşdıra bilməmişlər. Bundan başqa yuxarıda qeyd olunan sübutlardakı təzadlı hallar məhkəmələr tərəfindən aydınlaşdırılmamış, natamam ekspertiza rəyi üzrə əlavə ekspertiza təyin edilməmiş, mübahisəli əmlakın yerində yoxlanılması üçün müvafiq yerli baxış araşdırılması mümkün olsa da, buna cəhd edilməmiş, işdə olan sübutları hansı səbəbdən mötəbər hesab etməməsini qətnamədə əsaslandırmamışdır.

İİİ. APELLYASİA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İKİNCİ İCRAAT f) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və verdikləri izahatlar barədə məlumat

11. İddiaçı və onun vəkilləri (nümayəndələri) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən keçirilmiş apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa və əsaslarına uyğun izahat verdilər. İddiaçının vəkilləri (nümayəndələri) əlavə olaraq bildirdilər ki, iddiaçının (mübahisəli) mənzilə dair bu iddia tələbini irəli sürməyə subyektiv hüququ var. Çünki cavabdehlə MMC arasında bağlanmış müqavilədə göstərilən mənzil iddiaçıya məxsus mənzildir. Müqavilələrdə mənzillərin sahələri arasında fərqin mövcud olmasının səbəbi ona görədir ki, müqavilə bağlanılan zaman mənzil tikilməmişdir, ölçülər şərti olaraq qeyd edilmişdir.

12. Cavabdeh apellyasiya baxışının iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi.

13. İş üzrə üçüncü şəxs olan "xxxx" MTK-nın qanuni təmsilçisi N.İsmayılov apellyasiya baxışı iclasında iştirak edərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razı olduğunu, mübahisəli mənzilin iddiaçıya məxsus olduğunu, həmin mənzilin yerləşdiyi binanın ayrıca və "xxxx" MMC-ya məxsus bina olmadığını, həmin binanın "xxxx" MTK tərəfindən inşa edilmiş 5 girişli binanın 5-ci girişi olmasını bildirdi.

14. İş üzrə üçüncü şəxs olan "xxxx" MMC apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

h) hazırki işdə olan sübutlar barədə məlumat

15. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 001/013 saylı “Qarşılıqlı razılaşmadan” və xx.xx.2014-cü il tarixli, 013 saylı "xxxx" görünür ki, MTK-ya ayrılmış və ünvan 4 ünvanında inşa ediləcək yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində, ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı mənzili MTK tərəfindən Kooperativin payçısı olan iddiaçıya təhvil verilməli, iddiaçı isə mənzilin ilkin dəyərini – 27.000 manatı MTK-ya ödəməlidir.

16. X9, "xxxx" MTK və "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Çoxmərtəbəli yaşayış binasının tikintisinə dair əməkdaşlıq müqaviləsindən” görünür ki, X9 ünvan 4 ünvanında yerləşən mülkiyyət hüquq tanınmış yarımçıq tikilinin inşasını başa çatdırmaq üçün tikilini MTK-ya və MMC-yə təhvil verir *bənd 1.1.). MMC 18 ay müddətində yarımçıq qalmış 5 bloklu yaşayış binasını (4 bloku əvvəlcədən inşa edilmiş) 5-ci bloku yenidən inşa edərək tikinti-quraşdırma işlərinin görülməsi üçün tələb olunan xərclərin görülməsini, MTK-nın adından dövlət qurumlarına təhvil verilməsini, istismara qəbul edilməsini öz üzərinə götürür (bənd 1.2.). Tikintisi başa satdırılacaq yaşayış binasının ümumi sahəsi 14.700 kv.metr, yəni yaşayış sahəsi 12.000 kv.metr, qeyri-yaşayış sahəsi 2.000 kv.metr, mansard sahəsi 700 kv.metr təşkil edir (bənd 1.3.). Tərəflərin hazır binanın yaşayış və qeyri-yaşayış sahələrində payı aşağıdakı qaydada müəyyən edilir: X9 – 3.600 kv.metr yaşayış sahəsi; "xxxx" MTK – 1.400 kv.metr; "xxxx" MMC – 7.000 kv.metr yaşayış sahəsi, 2.000 kv.metr qeyri-yaşayış sahəsi və 700 kv.metr mansard sahəsi (bənd 2.1.).

17. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 288 saylı sərəncamından görünür ki, Binəqədi rayonu, Binəqədi şosesi, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 18/03-8/2210 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş, "xxxx" MMCnin xx.xx.2016-cı il tarixli 20 saylı müraciəti nəzərə alınaraq həmin küçələrin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir.

18. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli "xxxx" görünür ki, MMC, ünvan 5 ünvanında onun tərəfindən inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 60 saylı, 2 otaqlı, ümumi sahəsi 97,5 kv.metr olan mənzili iddiaçıya satmışdır.

19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Maliyyə arayışından” görünür ki, cavabdeh həmin mənzilin dəyəri olan 97.500 manatı tam həcmdə MMC-yə ödəmişdir.

20. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən (İş № 2(001)-747/2018) görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə də iddiaçı) İddiaçı cavabdeh (hazırki iş üzrə üçüncü şəxslərdən biri olan) "xxxx" MTKya qarşı irəli sürdüyü iddianın təmin edilməsi, ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı mənzilin iddiaçıya verilməsi vəzifəsi cavabdeh MTK-nın üzərinə qoyulmuşdur.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadından (İş № 2(103)-5608/2020) görünür ki, həmin qərardadla (hazırki iş üzrə cavabdeh) Cavabdeh Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.

22. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən (İş № 1(101)-585/2014) görünür ki, həmin hökmlə "xxxx" MTK-nın sədri olmuş X6 və həmin MTK-nın təsisçisi olmuş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək müvafiq cəzala məhkum edilmişlər.

23. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən (İş № 1(101)-960/2018) görünür ki, həmin hökmlə "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək müvafiq cəzaya məhkum edilmişdir.

i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

24. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(001)-747/2018) ilə ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı mənzilin (hazırki iş üzrə də iddiaçı) İddiaçı verilməsi qət edilsə də, həmin qətnamə hazırki iş üzrə məcburi və preyudisial xarakter daşımır. Çünki MPM-nin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.). Lakin işin hallarından müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh 2(001)-747/2018 saylı iş üzrə tərəf olmamışdır. O, hətta həmin iş üzrə üçüncü şəxs qismində belə işin baxılmasına cəlb edilməmişdir.

25. Cavabdeh qeyd edilən qətnamənin onun maraqlarına toxunmasını bildirərək qətnamədən apellyasiya şikayəti vermiş, lakin yuxarıda qeyd edildiyi kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad (İş № 2(103)-5608/2020) ilə onun apellyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı təhvil verilməli mənzil ilə Cavabdeh yaşadığı mənzil ayrı-ayrı binalarda yerləşir. Cavabdeh yaşadığı mənzilin yerləşdiyi binanın "xxxx" MTK-ya aid binanın 5-ci girişi kimi qiymətləndirilməsi mümkün deyil, həmin bina "xxxx" MTK-ya aid olmayan müstəqil binadır.

22. Məhkəmə qeyd edir ki, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməyib və hazırda qüvvədədir. Buna görə də, Məhkəmə həmin qərardadı hazırki iş üzrə sübut kimi qəbul edir.

23. Digər tərəfdən Məhkəmə bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilən xx.xx.2014-cü il tarixli hökmündən (İş № 1(101)- 585/2014) görünür ki, həmin hökmlə Natiq İsmayılov və Müslət Nəcəfov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində ona görə təqsirli bilinmişlər ki, onlar, "xxxx" MTK-nın vəzifəli şəxsləri olaraq öz qulluq mövqeyindən sui-istifadə edərək MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 4 girişli yaşayış binasının, 4-cü girişinin ikinci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin (hazırki iş üzrə iddiaçı) İddiaçı satılmasına baxmayaraq həmin mənzilləri təkrarən başqa şəxsə satmışlar.

24. Hökmdən görünür ki, hazırki iş üzrə iddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs olmuşdur.

25. Hökmlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binası 4 girişlidir və "xxxx" MTK tərəfindən inşa edilmişdir.

26. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixli hökmdən (İş № 1(101)-960/2018) görünür ki, həmin hökmlə Xanlar Cəfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində ona görə təqsirli bilinmişdir ki, o, "xxxx" MMC-nin təsisçisi və direktoru olaraq öz qulluq mövqeyindən sui-istifadə edərək MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 1 girişli yaşayış binasında yerləşən bir neçə mənzilin satılmasına baxmayaraq həmin mənzilləri təkrarən başqa şəxslərə satmışdır.

27. Hökmdən görünür ki, hazırki iş üzrə iddiaçı və cavabdeh, o cümlədən hazırki iş üzrə üçüncü şəxs olan "xxxx" MTK həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olmamışlar.

28. Hökmlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmişdir və bina 1 girişlidir.

29. MPM-nin 82.4-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

30. Qeyd edilən prosessual normanın tələbini nəzərə alan Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hökmlər ilə müəyyən edilmiş hallar hazırki iş üzrə məcburi xarakter daşıyır.

31. Bu baxımdan da, hazırki işin araşdırılmış halı kimi qəbul edilməlidir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı təhvil verilməli mənzil ilə Cavabdeh yaşadığı mənzil ayrı-ayrı binalarda yerləşir. Cavabdeh yaşadığı mənzilin yerləşdiyi binanın "xxxx" MTK-ya aid binanın 5-ci girişi kimi qiymətləndirilməsi mümkün deyil, həmin bina "xxxx" MTK-ya aid olmayan müstəqil və 1 girişli binadır.

32. Qeyd edilən hal qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən Məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertizaların (o cümlədən əlavə və təkrar ekspertizaların) təyin edilməsi, sübutların toplanması və onların əlavə təhlil edilməsi qeyrimümkündür.

33. Məhkəmə işin müəyyən edilmiş halını nəzərə alaraq qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

35. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.

36. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı, cavabdehə məxsus və başqa binada yerləşən mənzilin cavabdehdən alınaraq ona qaytarılması, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunması barədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur.

j) apellyasiya baxışının nəticəsi

37. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən əsasla iddianı təmin etməmkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

41. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar