Məhkəmə qərarları › İş №2(103)-5710/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5710/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5710/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin səhmdarı olaraq 15.10.2020-ci il tarixdə ASC-nə ünvanladığı məktubda ASC-nin 2017, 2018, 2019, 2020-ci illərdə keçirilmiş ümumi yığıncaqlarının protokollarının surətlərinin, ASC-nin nizamnaməsinin surətinin, ASC-nin 2017, 2018, 2019, 2020-ci illərinin reyestrlərinin surətinin, ASC-nin ümumi yığıncağında iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısının (2017, 2018, 2019, 2020-ci illər), ASC-nin Emissiya prospektinin surətinin; ASC-nin 2017, 2018, 2019-cu illərə dair maliyyə nəticələri haqqında hesablamalarının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin surətin, ASC-nin 2017, 2018, 2019, 2020-ci illərə dair fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətinin, ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin Daşınmaz Əmlakının Dövlət Reyestrindən çıxarışının və sahənin texniki pasportunun surətinin, 2017, 2018, 2019-cu illərdə görülmüş işlər haqqında hesabatların, ASC-nin səhmdarlara göndərilən 2017, 2018, 2019, 2020-ci illərin iclaslarının keçirilməsinə dair məktubların çatdırılmasına və alınmasına dair qəbzlərin əslinin və surətinin ona göndərilməsini ASCdən tələb etdiyini, lakin müraciətinə cavab verilmədiyini irəli sürmüş, sadalanan sənədlərin ona təqdim edilməsi vəzifəsinin ASC-nə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçının öz hüquqlarından sui-istifadə etdiyi, bu cür iddialarla ASC-nə olan qeyri-rəsmi divedend tələblərinin təmin olunmasına nail olmaq istədiyi, ASC-nin nizamnaməsinin, səhmdarlarının 2017-2020-ci illər üçün reyestrinin, ümumi yığıncaqların protokollarının surətlərinin ona göndərilməsinə baxmayaraq, onun müvafiq sənədləri qəbul etmədiyi, Emissiya prospektinin Əmlak Komitəsində olduğu və hazırkı dövrədək ASC tərəfindən götürülmədiyi, tələb etdiyi digər sənədlərlə səhmdarın yalnız tanış olmaq hüququnun olduğu və qanunvercilikdə həmin sənədlərin ona verilməli olmasının nəzərdə tutulmadığı, ASC-nin bağladığı icarə müqavilələri kommersiya xarakterli olduğundan onların iddiaçıya verilməsinin mümkün olmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən İddiaçı isə iddia tələbindən imtina etdiyini bildirməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddia tələblərindən imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-616/2021 saylı iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar