Məhkəmə qərarları › İş №2(103)-5712/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5712/2020

13.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5712/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü övladı X2 ilə birlikdə ünvan 1 10 ünvanında yerləşən 20 saylı evə köçürülmələri və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X4 ilə xx.xx.2014-cü il tarixdə faktiki ailə qurmuş, həmin vaxtdan cehizləri ilə birlikdə ərinə məxsus Binəqədi rayonu, Gülüstan küçəsi döngə 10 ünvanında yerləşən 20 saylı evə köçərək əri ilə birlikdə orada yaşamış, xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmiş, nikahlarından xx.xx.2015-ci il tarixdə Dilbər adını verdikləri qızları anadan olmuşdur. ünvan 2 ünvanında yerləşən 20 saylı ev özbaşına tikili olmaqla onun nikaha daxil olmasından iki il əvvəl alınmış, evin alınmasını gözləmək üçün iki il nişanlı qalmış, Cavabdeh heç vaxt həmin evdə yaşamamış, Lerik rayonunda işləyərək Şəmkir rayonunda yaşamış, yalnız qonaq kimi oğlunun evinə gəlibgetmişdir. xx.xx.2018-ci il tarixdə əri İrşad Məmmədov elektrik cərəyanının vurması nəticəsində iş başında həlak olmuş, ərinin dəfn mərasimi Şəmkir rayonunda yerləşən ata evində təşkil olunduğundan Şəmkirə gedərək dəfn mərasimində iştirak etmişlər. Dəfndən sonra yaşadıqları Binəqədi rayonu, Gülüstan küçəsi 10 ünvanında yerləşən 20 saylı fərdi yaşayış evlərinə qayıdanda qayınanası Cavabdeh onu azyaşlı qızı ilə birlikdə yaşadıqları evdən qovmuş və bir daha həmin evə buraxmamışdır. Başqa yaşayış yerləri yoxdur və hesab edir ki, evə köçürülməli, qayınanasının ona yaratdığı maneələr aradan qaldırılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, mübahisəsi gedən evin yerləşdiyi torpaq sahəsinin 2006-cı ildən onun mülkiyyətində olmasını, evin isə 2004-2006cı illərdə həyat yoldaşı ilə birlikdə tərəfindən inşa edildiyini nəzərə almadığı, iddiaçının İmişli şəhərində yaşamaqla evə heç bir hüququnun yaranmadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə İddiaçı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı verdiyi kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxıldığı zaman məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını; İddiaçı və onun nümayəndəsi (vəkili) X3 isə Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla şikayətin təmin olunmamasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı tərəflər arasında münasibət 2015-ci ildə, yəni iddiaçının cavabdehin oğlu ilə nikaha daxil olub evə köçdüyü vaxtdan yaranmışdır. İddiaçı mübahisəli evə köçərkən ev özbaşına tikili olduğu üçün birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Həmin evin cavabdehin mülkiyyətində olması barədə onun tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Lakin işə apellyasiya qaydasında baxılarkən cavabdeh evin onun mülkiyyətində olmasına dair məhkəmə kollegiyasına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış təqdim etmiş və məhkəmə kollegiyası başlıca sübut kimi həmin Reyestrdən Çıxarışa əsaslanaraq iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Halbuki göstərilən vəziyyətdə həmin sübutun birinci instansiya məhkəməsinə təqdim olunmamasının səbəbləri araşdırılmalı və evə dair Reyestrdən Çıxarışın sübut kimi qəbul edilməsinin mümkünlüyünə qiymət verilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-nin 371-ci maddəsinin tələbini pozmaqla mübahisə predmeti olan evin cavabdehin mülkiyyətində olmasına əsaslanaraq iddianı rədd etmişdir. Evdən istifadəyə dair mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, məhkəmə kollegiyası tərəfindən müəyyən olunduğu kimi, ev özbaşına tikili olduğundan və belə tikililərdən istifadə ilə bağlı hüquq münasibətləri qüvvədə olan mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, kollegiya hesab edir ki, qanunun analogiyasından istifadə olunmaqla mübahisənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəalarına uyğun həlli imkanı müzakirə olunmalı idi. İddiaçı tərəfindən evin əldə edilməsinə və yaxud təmir-tikinti işlərinin aparılmasına vəsait qoyulmaması tələbin rədd edilməsi üçün əsas vermədiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin bu barədə olan nəticəsini əsassız sayır. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Belə olduqda, mübahisə iddiaçının 68.1-ci maddədə müəyyən olunmuş qaydada cavabdehin ailə üzvü hüququnu əldə edib-etməməsi baxımından həll oluna bilərdi. Bu zaman ailə üzvünün iddia etdiyi evə vəsait qoyubqoymaması mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Kollegiya qətnaməni ləğv edərkən həmçinin nəzərə alır ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh adına ayrılmasına dair Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli sərəncamı İddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və həmin iş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə sərəncam qəbul edilmişdir”. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da əsas götürməklə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, iddiaçı, xx.xx.2014-cü il tarixdə cavabdehin oğlu İrşad Məmmədovla faktiki ailə qurmuş,həmin vaxtdan cehizləri ilə birlikdə Binəqədi rayonu, Gülüstan küçəsi döngə 10 ünvanında yerləşən 20 saylı evə köçərək əri ilə birlikdə orada yaşamış, xx.xx.2015-ci il tarixdə onların nikahları rəsmi qeydə alınmış, nikahlarından xx.xx.2015-ci il tarixdə Dilbər adını verdikləri qızları anadan olmuş, xx.xx.2018-ci il tarixdə İrşad Məmmədov bədbəxt hadisə nəticəsində vəfat etmiş, bundan sonra cavabdeh iddiaçını həmin evə buraxmamışdır. İşin müəyyən olunan və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, Binəqədi rayonu, Gülüstan küçəsi döngə 10 ünvanında yerləşən 20 saylı ev hazırkı apellyasiya baxışının predmeti olan iddia irəli sürüldüyü vaxta qədər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə cavabdeh bunu təkzib edəcək heç bir sübut təqdim etməyərək əksini də irəli sürməmiş, bununla belə, əvvəlki apellyasiya baxışı zamanı Binəqədi rayonu, Gülüstan küçəsi döngə 10 ünvanında yerləşən 18B saylı evin xx.xx.2018-ci il tarixdə onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alındığına dair sənədlər təqdim etməklə evin mülkiyyətində olduğunu bildirmişdir. Bununla əlaqədar kollegiya ilk növbədə qeyd edir ki, birincisi, iddiaçının köçürülməsini istədiyi ev Binəqədi rayonu, Gülüstan küçəsi döngə 10 ünvanında yerləşən 20 saylı ev olduğu halda, cavabdehin adına xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə qeydə alınmış ev həmin ünvandakı 18B saylı evdir; ikincisi isə, cavabdeh, əgər bu evlər eyni evlərdirsə, o zaman müvafiq sübutu hansı səbəblə birinci instansiya məhkəməsinə təqdim etməmiş olduğunu ümumiyyətlə əsaslandırmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 371-ci maddəsinə görə isə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Həmçinin nəzərə alınmalıdır ki, işin hallarından sözügedən reyestr qeydiyyatının Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Cavabdeh mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə həmin Bələdiyyənin xx.xx.2005-ci il tarixli sərəncamı əsasında aparıldığı aydın olur; iş materiallarından isə görünür ki, iddiaçının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə ünvanladığı şikayətə cavab olaraq bu sərəncamın qanunsuz verildiyi və Binəqədi qəsəbə Bələdiyyəsinə həmin sərəncamın etibarsız hesab edilməsi barədə təklif göndərildiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqləri nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin mübahisəsi gedən ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetməni (evə buraxmama) qanunsuz sayan birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yəni, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Kollegiya həmçinin qeyd edir ki, hətta mübahisəsi gedən ev üzərində 2018-ci ilin dekabr ayında cavabdehin mülkiyyət hüququnun qeydə alınmış olduğu qəbul edilsə belə, bu hal tərəflər arasında 2015-ci ildən yaranmış hüquq münasibətlərinə tətbiq olunacaq normanın dəyişməsinə əsas verə bilməz. Ali Məhkəmənin də vurğuladığı kimi, hazırkı mübahisəyə qanunun analogiyasından istifadə olunmaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəaları tətbiq oluna bilər – bu maddəyə görə isə, “...sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar”. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də şikayət təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-825/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar