Məhkəmə qərarları › İş №2(103)-5717/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5717/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5717/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-886/2021 saylı 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətlərə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, birbaşa maddi zərərə görə isə 5.000 (beş min) manat, cəmi 105.000 (yüz beş min) manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Hacıyev Asim Hacımirzə oğlunun sədrliyi ilə o, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 21 noyabr 2017-ci il tarixli hökm ilə 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 07.12.2016-cı il tarixdə isə ibtidai istintaq orqanı tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, 09.12.2016-cı il tarixdə həbs qətimkan tədbiri ev dustağlığı qətimkan tədbirinə dəyişdirilmişdir. İstintaqın və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə o, ittiham olunurdu ondan ötrü ki, özünə məxsus «Mersedes-Benz E-220 CDİ» minik markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomobil ilə 10 sentyabr 2016-cı il tarixdə saat, saat 06 radələrində tikintisi davm etdirilən və istifadəyə buraxılmamış Astara-Ələt-İran avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını, yəni ”X27” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanmaq həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etmədən onun hərəkətdə olduğu yolun əks istiqamətində hərəkətdə olan, Lənkəran rayonu, Boladi kənd sakini X2 idarə etdiyi “VAZ-21063” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobil arasında toqquşma baş vermiş və toqquşma zamanı ehtiyatsızlıqdan “VAZ-21063” markalı, **-BU- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü - 1963-cü il təvəllüdlü X11 və sonuncunun avtomaşınında olmuş sərnişinlər 1967-ci il təvəllüdlü X7, 1965- ci il təvəllüdlü X12, 1977-ci il təvəllüdlü X8, yəni 5 nəfər şəxsin ölümünə, öz avtomobilində olan sərnişinlər 1979-cu il təvəllüdlü X3 ağır bədən xəsarəti, X9 az ağır bədən xəsarəti, X15 ilə X10 isə hər birinə yüngül dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan, habelə X4 məxsus “VAZ-21063” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilə 1.500 (bir min beş yüz) manat maddi zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İstintaqın gəldiyi nəticəyə görə, bu hərəkətləri ilə o, Azərbaycan Respublikası CM-nin 263.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən onun müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilmiş və müdafiəçisinin apelyasiya şikayəti əsasında Şirvan Apelyasiya Məhkəməsinin 07 mart 2018-ci il tarixli 1(106)-125/2018 saylı hökmü ilə (sədrlik edən X1, hakimlər X21 və X22) ona bəraət verilərək, dərhal, yəni 07 mart 2018-ci il tarixdə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Zəfər Ramazanov tərəfindən kassasiya protesti verilərək, Şirvan Apelyasiya Məhkəməsinin 07 mart 2018-ci il tarixli 1(106)- 125/2018 saylı hökmünün ləğ edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli Qərarı ilə kassasiya protesti təmin edilmiş və ona bəraət verilməsi barədə hökm ləğv edilərək, iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə təkrar apelyasiya baxışının nəticəsi olaraq Şirvan Apelyasiya Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 1(106)-21/2019 saylı hökmü ilə (sədrlik edən X13) ona təkrarən bəraət verilmişdir. Hökmdən narazı qalan ittiham tərəfi yenə də bəraət hökmündən kassasiya protesti vermiş, lakin bu dəfə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 avqust 2019-cu il tarixli Qərarı ilə kassasiya protesti təmin edilməmiş və ona verilmiş bəraət Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən öz qüvvəsində saxlanmışdır. Yuxarıda qeyd etdiyi kimi o, qanunsuz olaraq 07.12.2016-cı il tarixdən 09.12.2016-cı il tarixədək, sonra isə 21 noyabr 2017-ci il tarixdən 07 mart 2018-ci il tarixədək faktiki həbsdə, bir müddət də ev dustağlığı şəraitində saxlanmışdır. Bu müddət ərzində mənəvi, psixi və fiziki iztirablar çəkmişdir. Belə ki, ən dəhşətli sarsıntı və iztirab onun azadlığının əlindən alınmasıdır. Təbii ki, dünyada azadlıqdan qiymətli və dəyərli hər hansı bir anlayış yoxdur. Hüquq-mühafizə orqanlarının təqsiri üzündən o, azadlığını uzun müddətə itirmişdir. Azərbaycan Dövləti olaraq, normal ədalət mühakiməsi yaratmalı olduğu halda bunu etməmişdir. Təhqiqat və istintaq orqanının, prokurorluğun və məhkəmənin yol verdiyi kobud səhvlərə görə məhz dövlət məsuliyyət daşıyır. O, bütün ömrü boyu vicdanla yaşamış və fəaliyyət göstərmişdir. Ətrafda olanlar və onu tanıyanlar, qohumların onu vicdanlı bir şəxs kimi tanımışlar. Onun barəsində cinayət işinin başlanması və həbs qətimkan tədbiri seçilməsi, ittihamedici hökm qəbul edilməsi cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir. Cəmiyyətdə hamı onu bir cinayətkar kimi qəbul etmişdir. Əvvəlki vəziyyətinin bərpa edilməsi mümkün deyil və bütün ömrü boyu cinaəytkar damğası altında yaşayacaq. Ona vurulan mənfi sarsıntılardan biri də səhv etmiş hüquq-mühafizə əməkdaşlarının yol verdiyi səhvlərə görə heç kəsin məsuliyyətə cəlb edilməməsi, ondan bir zərər çəkən şəxs kimi üzr istənilməməsidir. Keçirdiyi mənfi sarsıntıları heç bir pulla ödəmək mümkün deyildir. Lakin mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi sarsıntılar, iztirablar maddiləşdirilməlidir. Ona vurulan mənəvi sarsıntıları 100.000 (yüz min) manat həcmində dəyərləndirir. 4 aydan artıq həbsdə qalmağı ilə əlaqədar 5.000 (beş min) manat real qazancı əldən çıxmış və ailəsinə, ayzaşlı uşaqlarına heç bir maddi yardım göstərə bilməmişdir. Ailəsini, uşaqlarını həbsdə olduğu müddət ərzində qohum-əqrəba saxlamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq ona vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, birbaşa maddi zərərə görə isə 5.000 (beş min) manat, cəmi 105.000 (yüz beş min) manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-886/2021 saylı 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin nəticə hissəsindən məlum olur ki, məhkəmə mənəvi ziyana görə iddiaçıya 3000 manat kompensasiya müəyyən etmişdir. Lakin məhkəmə bununla bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı da sübut olunmur. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini iddia tələbinin zaminlərə qarşı yönəlmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisələndirmiş, iddiaçı isə apelyasiya şikayəti verməmişdir. Kolegiya hesab edir ki, , hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-886/2021 saylı 18 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21.11.2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi də nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı məhkəmə baxışınadək 07 dekabr 2016-cı il tarixdən 10 yanvar 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı cəmi 1 (bir) ay 3 (üç) günün ona cəzaya hesablanmaqla cəzaçəkmə müddətindən çıxılması, üzərində qəti olaraq 7 (yeddi) il 10 (on) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasının saxlanması, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 noyabr2017-ci il tarixdən hesablanması, İddiaçı saxlanılması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilməsi, oradan da Bakı İstintaq Təcridxanasına etap olunması hökm edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin CK-nın 07.03.2018-ci il tarixli, 1(106)-125/2018 saylı hökmündən görünür ki, İddiaçı və ölmüş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017- ci il tarixli, 1 (089)- 141/2017 saylı hökmündən məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı X17 tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsi, müdafiəçi Vəkil apelyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmünün İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın 04.09.2018ci il tarixli, 1(102)- 977/2018 saylı qərarından görünür ki, kassasiya protesti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2018-ci il tarixli hökmü ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin CK-nın 11.04.2019-cu il tarixli, 1(106)-21/2019 saylı hökmündən görünür ki, İddiaçı və ölmüş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017- ci il tarixli, 1 (089)- 141/2017 saylı hökmündən məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı X17 tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsi, müdafiəçi Vəkil apelyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmünün İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunmasının nəzərə alınması, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın 21.08.2019cu il tarixli, 1(102)- 1189/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CMnın 263.3-cü maddəsi ilə bəraət almış İddiaçı barəsində Şırvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, kassasıya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ vardır. Azərbaycan Respublikası Konstitutsiyasının 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Qeyd edilən Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Göstərilən Məcəllənin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsini tələb etmək hüququ bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxs öldüyü, yaxud fəaliyyət qabiliyyətini itirdiyi hallarda onun hər hansı qohumuna məxsusdur. Göstərilən halda kütləvi informasiya vasitəsi tərəfindən icrası məcburi olan müvafiq tələbi həmçinin ərazi və ya ixtisaslaşdırılmış prokuror verməyə haqlıdır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin CK-nın 11.04.2019-cu il tarixli, 1(106)-21/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə kollegiyası İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasla, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ona 50.000 manat ziyan vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, X16 iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə kollegiyası iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququni bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşül İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq iddianın 3000 (üç min) manat mənəvi zərər həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-886/2021 saylı 18 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və iddiaçı X23 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-886/2021 saylı 18 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar